Dünyanın
bizdən yaxşı tanıdığı azərbaycanlı
alim
Məşhur fizik Həmdulla
Mehrabov
Azərbaycan elmində bir
çox nailiyyətlərə imza atmış alimlər var
ki, onlardan bəziləri indi xarici ölkə universitetlərində
öz fəaliyyətlərini uğurla davam etdirirlər. Bu
alimlər müxtəlif ixtisas sahələrinin peşəkarları,
böyük biliciləridir. Belə nüfuzlu elm
adamlarımızdan biri də Türkiyədəki ingilisdilli
Orta Doğu Texnik Universitetinin professoru Həmdulla Mehrabovdur.
Bioqrafiyasına
nəzər saldıqda, böyük alimin elmi uğurlarının
illər öncə başladığının şahidi
olarıq. H.Mehrabov 1984-cü ildə SSRİ-də keçirilən
ağır imtahan və seçim mərhələlərini
müvəffəqiyyətlə keçərək, Yaponiyada 10 aylıq elmi-tədqiqat
işləri aparmaq və dərs demək haqqı
qazanmışdı. Fəxrlə demək lazımdır ki,
Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam
olunan ilk və tək azərbaycanlı alimdir. Bu səfər
çox uğurlu keçmiş, o, buradakı Tokio, Osaka,
Kioto, Nagoya, Çukubo, Xirosima, Nara və digər şəhər
universitetlərində və elmi-tədqiqat mərkəzlərində
elmi araşdırmalar aparmağa nail olmuşdu. Bundan başqa,
alim master və doktor tələbələri üçün
yüksək səviyyədə dərslər apararaq
yaponiyalı həmkarlarının dərin hörmətini
qazanmışdı.
Qazanılan
uğurlar alimə elmi işlərinin inkişaf etdirilməsində
yeni üfüqlər açdı. “1984-1988-ci illər
arasında, Mehrabov çoxkomponentli metalik sistemlərin
statistik-termodinamik nəzəriyyəsini elektron nəzəriyyəsi
ilə birləşdirərək metalik sistemlərin nəzəriyyəsində
yeni bir istiqamətin açılmasına imkan yaratdı. Sadəcə
metal ərintilərinin nəzəriyyəsinin inkişaf
etdirilməsi ilə kifayətlənməyən Həmdulla
Mehrabov həm də struktur neytronoqrafiyası, rentgen
şüalarının difraktometriyası, kalorimetriya,
dilatometriya və başqa struktur metodlarından istifadə edərək
ikili və çoxkomponentli ərintilərdə çox
önəmli təcrübələr də
aparmışdır”(Vikipedia).
Həmdulla
Oruc oğlu Mehrabov 1952-ci
ildə Gürcüstanın Borçalı mahalındakı
Bolus rayonunun Saraclı kəndində anadan olmuşdur. 1969-cu
ildə Saraçlı orta məktəbini əla qiymətlərlə
bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika
fakültəsinə qəbul olunmuşdur. 1974-cü ildə buradan məzun olan gənc fizik
Lomonosov adına Moskva Dövlət Universitetinin(MDU) fizika
fakültəsində bərk cisimlər fizikası ixtisası
üzrə aspiranturaya girmişdir.
O, MDU-nun professoru, məşhur alim
A.A.Kaçnelsonun rəhbərliyi ilə “İkiqat metal ərintilərində
atomların yaxın nizamlı
düzülüşünün nəzəri və təcrübi
metodlarla tədqiqi” mövzusu üzərində
çalışmağa başlamışdır. 1978-ci ildə
gənc alim MDU-da dissertasiya işini müdafiə edərək,
bərk cisimlər fizikası ixtisası üzrə
fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi
almışdır.
Daha yüksək
uğurlara doğru...
MDU-dan
Azərbaycan Dövlət Universitetinə fizika-riyaziyyat elmləri
namizədi kimi qayıdan alim, o vaxtdan bəri ADU-nun “Optika və
Molekulyar Fizika” kafedrasında əvvəlcə assistent, sonra
baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə
qədər yüksəlmişdir.
1989-cu
ildə H.Mehrabov Tbilisi Dövlət Universitetindəki
doktorluq dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru
alimlik dərəcəsinə layiq
görülmüşdür.
1990-cı
ildə Mehrabov ADU-nun fizika fakültəsində kafedra
müdiri seçildi. 1991-ci ildə şöhrətli alim
ABŞ-ın Kaliforniya əyalətindəki məşhur
Kaliforniya Universitetindən bir semestr dərs demək və birgə
elmi-tədqiqat işləri aparmaq üçün dəvət
aldı. O, Santa Barbara
şəhərindəki Kaliforniya Universitetinin “Nüvə
və Kimya mühəndisliyi” bölümündə 4 ay həm
dərs dedi, həm də elmi-tədqiqat işləri
apardı.
1992-ci ildə böyük alim Türkiyənin Ankara şəhərindəki məşhur
Orta Doğu Teknik Universitetində (ODTÜ) uzunmüddətli
çalışmaq üçün dəvət aldı. O
zamandan həmin universitetin nüfuzlu alimlərindən biri
olaraq qəbul edilən professor həmin elm ocağında
çalışır. O, müəllimlik fəaliyyəti ilə
bərabər, elmi-tədqiqat işlərini də davam etdirir.
Azərbaycanlı professor türkiyəli həmkarları ilə
bərabər “Yüksək Texnologiya Materiallarının
dizaynı və inkişaf etdirilməsi” laboratoriyasını
qurmuşdur. Burada fəaliyyət göstərdiyi 20 ilə
yaxın müddətdə o, bərk cisimlər fizikası, o
cümlədən materiallar bilim və mühəndisliyinin həm
nəzəri, həm də praktiki cəhətdən ən
aktual problemlərinin həlli ilə məşğul olur.
“Apardığı nəzəri və təcrübi tədqiqat
işlərinin həm spektrinə, həm də alınan nəticələrin
səviyyəsinə görə onun rəhbərlik etdiyi
laboratoriya bu gün dünyanın ən məşhur elmi-tədqiqat
mərkəzləri ilə yarışacaq vəziyyətdədir.
İri və həcmli amorf və nanokristal materialın
dizaynı və inkişaf etdirilməsi sahələrində,
professor Həmdulla Mehrabovun laboratoriyası ABŞ və
Avropanın ən qabaqcıl elmi-tədqiqat mərkəzləri
ilə əməkdaşlıq edərək ortaq
çalışmaları müvəffəqiyyətlə
yerinə yetirməkdədir”(Vikipedia).
Dünyada tanınan elm
adamı
Professor
Mehrabov indi dünyanın ən məşhur jurnallarında və
beynəlxalq konfransların materiallarında çap olunmuş
200-ə yaxın sanballı elmi məqalənin müəllifidir.
Eyni zamanda, bu məqalələrə dünyanın ən məşhur
alimləri tərəfindən 500-dən artıq rəy
yazılmışdır. Elmi-tədqiqat işləri ilə
yanaşı, professor Həmdulla Mehrabov, qardaş Türkiyə
Respublikasında yüksək səviyyəli elmi-texniki
kadrların hazırlanmasında da yaxından iştirak edir.
Türkiyədə çalışdığı müddətdə
onun rəhbərliyi altında 20-dən çox master və
doktor dərəcəli tələbələr elmi işlərini
müvəffəqiyyətlə tamamlamışlar. Ölkədə
böyük nüfuz qazanan alim Türkiyənin bir çox
dövlət və özəl şirkətlərində məsləhətçi
olaraq da fəaliyyət göstərmişdir.
Həmdulla
Mehrabov öz fəaliyyəti sahəsində əldə etdiyi
böyük nailiyyətlərə görə gizli səsvermə
yolu ilə 2000-ci ildə dünya müsəlmanlarının
akademiyası sayılan, İslam Dünyası Bilimler
Akademiyasına həqiqi üzv seçilmişdir. Ümumiyyətlə,
dünya müsəlmanlarının ən nüfuzlu
qeyri-dövlət təşkilatı olan Islam Dünyası Bilimler
Akademiyasının, müsəlman mənşəli “Nobel”
mükafatı laureatları da daxil olmaqla, gizli səsvermə
yolu ilə seçilmiş 100 həqiqi üzvü var. Həmdulla
Mehrabov həmçinin ABŞ-da, Türkiyədə və
dünyanın bir çox ölkəsində fəaliyyət
göstərməkdə olan akademiya və cəmiyyətlərə
həqiqi üzv seçilmişdir. Alimin həyat və fəaliyyəti
ABŞ-da çap olunan “Marquis Who’s Who” biblioqrafik
ensiklopediyasının “Bilim və Mühəndislikdə Kim
Kimdir” kitabının 8-ci (2005-2006) çapında yer
almışdır. Qeyd edək ki, bu kitabda dünyanın hər
yerindən bilim və mühəndislikdə böyük
nailiyyətlər qazanmış 25000 elm adamının adı
toplanmışdır.
Dünya
şöhrətli alim Həmdulla Mehrabov hazırda qardaş
Türkiyədəki ingilisdilli Orta Doğu Texnik Universitetindəki
“metallurgiya və materiallar mühəndisliyi”
bölümündə professor və laboratoriya müdiri
olaraq, tədris və elmi-tədqiqat fəaliyyətini davam etdirir.
O, bərk cisimlər fizikası, materiallar bilim və mühəndisliyi
sahələrində Azərbaycan elmini dünyanın hər
yerində layiqincə təmsil edən ən dəyərli
alimlərimizdəndir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 5 iyul.- S.14.