“Bu dünyada yarı
görməyən Dilqəm...”
Aşıq Yəhya Dilqəm...
Aşıq şeirinin görkəmli nümayəndələri
sırasında Aşıq Yəhya Dilqəmin də xüsusi yeri var. Onun adı gələndə,
şübhəsiz ki, hər kəsin xəyalından
ilkin olaraq “Dilqəmi”
saz havası keçir.
Həyatı maraqlı rəvayət və hekayətlərlə
zəngin olan aşığın ömür yolu haqqında
günümüzə ağızdan-ağıza əfsanələşmiş
məlumatlar gəlib çatıb.
Tədqiqatçıların
araşdırmalarına görə, Aşıq Yəhya Dilqəm XVIII əsrin sonu,
XIX əsrin əvvəllərində Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində dünyaya gəlib. Aşıq haqqında ən
maraqlı məlumatları filologiya elmləri
doktoru, professor Sədnik
Paşa Pirsultanlının
araşdırmalarından əldə etmək olar.
Onun yazdığına görə, Yəhya
bəy Dilqəmin nəsli əvvəl Kür
çayına çox yaxın Qaranüy adlanan yerdə məskunlaşmışdır.
Həmin yerdə bir bulaq
indi Dilqəmin adını yaşadır.
Həmin yerin sakinləri sonralar
köçüb həmin indiki
Dəllər-Cırdaxan kəndində məskunlaşmışlar.
Alim hesab edir ki, Yəhya bəyin bir zamanlar Moskvada
təhsil alması, Dilqəmə məxsus torpaq
sahələrinin əldən çıxması haqqında “Dağlar” şeirini
yazması deyilənlərə əyani sübutdur.
Yaradıcılığında acı bir
nisgil yaşayan
aşığın öz əmisi
qızına aşiq olduğu,
lakin onunla evlənə
bilməməsi şeirlərində öz
dərin izini buraxıb.
Ümumi olaraq,
özündən sonra qalan
ədəbi irsi, həyatından
alındığı söylənən “Dilqəm” dastanı
aşıq haqqında müəyyən məlumatlar verir. Tədqiqatlar göstərir ki, yaradıcılığa çox
erkən başlayan aşıq həm
sazı, həm də sözü ilə
xalqın ürəyinə yol tapıb. Xalq şeri üslubunda yazıb yaradan
aşığın saz havaları da xalq tərəfindən
çox sevilib. Buna nümunə
olaraq, ən gözəl saz
havası “Dilqəmi”ni göstərmək olar.
S.P.Pirsultanlı
araşdırmalarında göstərir ki,
Yəhya bəy Dilqəm Dəllər-Cırdaxandan Tovuzun Çeşməli kəndinə gedir və Güvəndikli şair
Əhmədlə dost olur.
Onların eyni dövrdə yaranmış
“Dağlar” şeirləri
aşıqların dilinin əzbəridir.
Ziynəti nərgizdən,
tər bənövşədən,
Al-yaşıl geyinib şad olan dağlar.
Ruhu təzələyir gülab suları,
Dəhanda ləzzəti dad olan dağlar.
Sonralar Güvəndikli Əhməd düşmənlər
tərəfindən öldürülmüş,
onun nişanlısı
Yamən xanım pusquda dayanaraq, Əhmədin qatillərini
məhv etmişdir.
Əhmədin anası Yəhya
bəy Dilqəmi məcbur etmişdir ki, “Güvəndikli Əhməd və Yamən xanım” adlı bir dastan
yaratsın. Azərbaycanda “Güvəndikli Əhməd
və Yamən xanım” adlı dastanla bağlı yaranmış “Əhmədi-Kərəm”
havası mövcuddur.
Aşığın xalq arasında
dolaşan şeirləri
sadəliyinə, diləyatımlılığına
və gözəlliyinə
görə hər zaman sevilmişdir.
Az bilirsən camalının qədrini,
Görsə hilal eylər
ayın bədrini,
Necə deyim, o zülfünün ətrini,
Nə bənövşə,
nə reyhanda görmüşəm.
Aşığın adını yaşadan “Dilqəm” dastanı
Yəhya bəy Dilqəmin adı ilə bağlı olan “Dilqəm” dastanı bu gün də aşıqların dilindən
düşmür. Tədqiqatçıların çoxu hesab
edir ki, bu dastanda aşığın
həyatı ilə bağlı epizodlar, real hadisələr əksini tapmışdır. Bu baxımdan da, dastan olmuş əhvalatların təsviri
baxımından maraqlıdır.
Onun saf eşqinə qarşı əmisi qızının vəfasızlığı
və Dilqəmin ömrünün sonuna qədər onu unuda bilməməsi dastanın ana xəttini təşkil edir.
Folklorçu alim Hümmət
Əlizadəyə və
folklorşünas Əhliman
Axundova görə, Dilqəm və Dostuxanım Ocaqlı nəslindəndir, həm də əmioğlu-əmiqızıdır.
Hər iki alimin fikrinə
görə, Dostuxanımı
əmisi oğlu Bağır bəy də sevir. Çox sevdiyi qıza qovuşmayan aşıq ölənə kimi bu kədəri qəlbindən silib ata bilməmişdir.
O qızılgülləri dərməyən
Dilqəm,
Dərib pünhan yerə sərməyən
Dilqəm.
Bu dünyada yarı görməyən Dilqəm,
Yarəb o dünyada görüşərmola.
Yəhya bəyin “Dilqəmi” saz havasını yaratması
da yeri-göyü ağladan bu kədərin təsirindən
olmuşdur.
Mərhum tədqiqatçı
Salman Mümtazın məqaləsindən Aşıq
Dilqəmin nəsil-kökünün
M.P.Vaqiflə bağlı
olduğu aşkara çıxmışdır.
Onun məqaləsində Yəhya
bəy Dilqəmin Vaqifin qızı Pəri-Soltanın oğlu
olduğu yazılır.
Araşdırmalarını
dərinləşdirən Salman
Mümtaz buna sübut olaraq daha bir faktı
üzə çıxarır:
“Hicri 1257-ci ildə (miladi 1840-cı ildə) Kazım Ağa Salik bu nöqtəni
Yəhya bəyin qəbir daşına yazmış olduğu maddeyi-tarixi ilə aydınlaşdırmışdır. Bu məzarın sahibi
Yəhya bəy rövşən zəmir,
şairi-konüsüxən, hüsnü kəlami binəzir ol Vidadi xəstənin fərzəndinin fərzəndidir”.
Yəhya bəydən yadigar “Dilqəmi”...
Aşıq Dilqəmin Moskvada təhsil aldığı, rus qızı Nataşa ilə sevgi macərası yaşadığı,
Nataşanın knyaz atasının qızının
Yəhya bəyə ərə getməsinə
icazə verməməsi
də həqiqətdir.
Bu qız 1804-cü ildə Bakı-Gəncə
dəmiryolunun çəkilməsinə
başçılıq etmiş,
Yəhya bəylə
o zamanlar münasibətləri
davam etmişdir.
Aşıq Nataşadan ayrıldıqdan
sonra Telli xanımla evlənsə də, onun övladı
olmamışdır. Bununla belə,
o, Nataşaya da bir neçə şeir həsr etmişdir. Həmin şeirlər bu
gün də Gəncəbasar aşıqlarının
ifasında səslənməkdədir.
Həyatı əfsanələşən
aşığın aşıqlıq
etmədiyini söyləyənlər
də var. Bunu iddia edənlər məşhur “Dilqəmi” havasının da başqaları tərəfindən
bəstələndiyini söyləyir.
Amma S.P.Pirsultanlı bu iddianı haqlı olaraq qəbuledilməz sayır:
“Saza, sazın kök və pərdələrinə, səs
qatarına bələd
olmayan bir sənətkar belə mükəmməl, melodik saz havası yarada bilməzdi. Dilqəm nəinki, kədərli saz havası yaratmış, hətta, ”Kərəmi"
havalarından daha kədərli, motivə bağlı, sazda şeirin formasını müəyyənləşdirən, sazın qolunda Dilqəmi pərdəsi, sazın melodik məzmununu ifadə edən Dilqəmi kökünü müəyyənləşdirə
bilməzdi. Sazda yeddi danışan
pərdədən biri
sazın qolunda Dilqəmi pərdəsidir.
Sazdakı altı saz kökündən biri Dilqəmi köküdür.
“Dilqəmi” saz
havası çalınanda
bu melodiya Dilqəmi pərdəsilə
Dilqəmi kökü
əlaqəli şəkildə
və vəhdətdə
bu melodiyanın emosiyasını, məzmununu,
ahəngini meydana çıxarır. Sazda pərdə
formanı, kök isə məzmunu ifadə edir".
Azərbaycanda Aşıq Dilqəmin yaradıcılığından
təsirlənən onlarla
şair və aşıq olmuşdur.
Bu baxımdan Təbrizli aşıq-şair
Rəhim Nəzərinin
“Dilqəmi” saz havası haqqında yazdığı maraqlıdır:
Bir ahəngdi
Yəhya bəydən yadigar,
Dərdin-qəmin
qardaşıdı “Dilqəmi”.
Saf sevgidən,
məhəbbətdən söz açar,
Demək
olmaz göz yaşıdı “Dilqəmi”.
Araşdırmalar əsasında
Aşıq Dilqəmin 1840-cı ildə vəfat etdiyi məlum
olmuşdur. Aşığın şərəfinə onun
doğma kəndi Dəllər Cırdaxan kəndində
park salınmışdır.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 7 iyul.- S.14.