Türkiyənin
hərb tarixinə adını yazdırmış iki
qardaş
General
Mahmud Nuri Sarıkərimli
Türkiyə
tarixinin önəmli bir hissəsi də, heç şübhəsiz,
Azərbaycanla bağlıdır. Bu zəngin tarixlə
maraqlananlar qardaş ölkənin ictimai-siyasi həyatında
önəmli rol oynamış Azərbaycan türklərinin fəaliyyətindən
də xəbərdardırlar. Belə şəxslər
sırasında Türkiyənin İstiqlal savaşında
iştirak etmiş və sonralar mühüm vəzifələrdə
çalışmış iki qardaş-Mahmud Nuri Sarıkərimli
(Mahmud Berköz) və Məhəmməd Nuri Sarıkərimli
(Mehmet Berköz) də var. Onların qardaş ölkədə
başlanan və yüksək
zirvələrə aparan həyat yolu böyük şəxsiyyətlərin
hər kəsə örnək sayıla biləcək bir
uğur salnaməsidir.
XX əsrin birinci yarısında Türkiyənin
hərbi, siyasi dairələrində böyük nüfuza
malik olan Mahmud Nuri Hacı İlyas oğlu Sarıkərimli
1895-ci ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini
yerli rus-müsəlman məktəbində və gimnaziyada
almışdır.
Mahmudun atası Hacı İlyas ticarətlə
məşğul olurdu. 1905-ci ildə Azərbaycanda şəhər
və kəndlərində daşnakların törətdiyi
qanlı olaylar, özbaşınalıqlar Hacı
İlyası da öz ailəsinin gələcək taleyinə
görə ciddi narahat edirdi. Hacı İlyas yaranmış vəziyyətdən
çıxış yolunu çar Rusiyasını tərk
etməkdə və yeganə müstəqil türk dövləti
olan Osmanlı imperiyasına getməkdə görür.
Onun ailəsi Bursada yerləşir. Bu şəhərin
seçilməsi Hacı İlyasın ticarətlə məşğul
olması və şəxsi əlaqələri ilə
bağlı idi.
Bursaya köçdükdən bir müddət
sonra Sarıkərimlilər ailəsi
başçısını itirir. Kimsəsiz və heç
bir əlaqələri olmayan Mahmud və Məhəmməd qardaşları
öz təhsillərini davam etdirmək məqsədilə və
Osmanlı dövlətində orduda xidmətin
yaşayış üçün müəyyən təminat
verdiyini nəzərə alaraq Bursada hərbi məktəbdə
oxumağı qərara alırlar.
Beləliklə, qardaşlar bir yerdə
Bursadakı Hərbi məktəbdə oxumağa başlayır.
Bundan sonra hər iki qardaş öz soyadlarını dəyişərək
Bərköz soyadını daşımağa
başlayırlar. Oxuduqları məktəbdə öz cəsurluqları
və çeviklikləri ilə ad çıxaran qardaşlar
bütün müəllimlərin rəğbətini
qazanırlar. Hər iki qardaş 1915-ci ildə bu məktəbi
bitirərək orduda xidmətə başlayır. Amma bir qədər
sonra hərbi məktəb rəhbərliyinin təkidi ilə
qardaşlar hərbi akademiyaya qəbul edilirlər...
Sonradan qardaşlar təhsillərini
“İşıqlar” hərbi litseyində davam etdirilər.
1845-ci ildə əsası qoyulan bu litsey
ölkənin ən yaxşı orta-ixtisas hərbi təhsil
müəssisələrindən biridir. Bu məktəbin məzunları
arasında Türkiyə silahlı qüvvələrinin 6
marşalı (Osmanlı imperiyası dövründə), 35
ordu generalı (Türkiyə Cümhuriyyəti dövründə)
var. İndiyə qədər Türkiyənin baş qərargahına
rəhbərlik edən 27 generaldan 11-i bu litseyin müdavimləri
olub.
Qardaşlar
İstiqlal Savaşında
Dünya tarixinə ən unudulmaz bir
savaş olaraq düşən Türkiyənin Istiqlal
Savaşı başladığı dövrdə Mahmud Bərköz
Hərbi Akademiyada təhsilini davam etdirirdi. Beləliklə, təhsil
yarımçıq buraxılır və hər iki qardaş müqəddəs
vətən borcunu yerinə yetirmək üçün
döyüş meydanlarına yollanır. Mahmud Bərköz tez bir zamanda
öz çılğınlığı,
qorxmazlığı ilə hamının hörmətini
qazanır. O anlar üçün ən mühüm olan kəşfiyyat məlumatlarını
məhz Mahmud Bərköz əldə edib gətirirdi. Cəsur
soydaşımız döyüşlərdə göstərdiyi
igidlik və şücaətə görə böyük
öndər Atatürk tərəfindən
mükafatlandırılır. Bu mükafat onun məsuliyyətini
birə beş artırır. Gənc hərbçi
Atatürkün sadiq əsgərlərindən biri olaraq bir
çox fədakarlıqlar göstərir və bu savaşdan
qazi olaraq çıxıb geri dönür.
Qanlı savaş bitdikdən, dünya
güclərinin Türkiyəyə uzanan qanlı əlləri
kəsildikdən sonra rahat nəfəs almaq olardı. Beləliklə, Mahmud Bərköz savaşdan sonra
yarımçıq qalan təhsilini davam etdirmək qərarına
gəlir. Gənc hərbçi
Hərbi Akademiyada təhsilini tamamlayaraq topçu zabit
kimi müxtəlif bölgələrdə xidmət etməyə
başlayır. Pillə-pillə yüksələn, kiçik
zabit rütbəsindən general-polkovnik rütbəsinə qədər
yüksələn Mahmud Bərköz 1948-də Türkiyə
Müdafiə Nazirinin müavini təyin edilir. 1948-ci ildə
Ankarada tarixi bir görüş vardı. Böyük bir hərbi
heyətlə Ankaraya gəlmiş ABŞ Hərbi Nazirinin
müavini Vilyam Draper, Xarici Işlər Nazirinin müavini Frank
Visner və ABŞ Baş Qərargah Heyəti Planlar və Hərəkat
şöbəsinin müdiri general-polkovnik Albert Redemayerlə
müxtəlif görüşlərə qatılanlar
arasında general Mahmud Bərköz və general Mehmet Bərköz
də vardı. Bundan sonra 1949-cu ilin 6 aprelində ABŞ-ın
yüksək rütbəli hərbiçilərinin Ankaraya
ikinci səfəri zamanı Türkiyədə nümayəndə
heyətini qarşılamaq missiyası Müdafiə Nazirinin
birinci müavini, ordu generalı Mahmud Bərköz və
qardaşı Jandarma Baş komandanı, general Mehmet Bərközə
həvalə edilir.
Türkiyədə yaşadığı
illərdə Mahmud Bərköz erməni
daşnaklarının apardığı terror siyasətini
pisləyən və ona qarşı qəti tədbirlər
görülməsinə çağıran fəal şəxslərdən
biri olub. O, ordu generallı olduğu müddətdə, 13 iyun
1949-cu ildə Türkiyəli diplomat Fuad Güzaltanın
öldürülməsini kəskin şəkildə pisləyir.
Diplomatın cənazəsi İstanbula aparılarkən
Ankaradan keçdiyi zaman qatarın Ankara vağzalında
dayandığı müddətdə Müdafiə Nazirinin
müavini general Mahmud Bərköz, bundan sonra terrorçularla
mübarizədə amansız olacaqlarını
açıqlayır.
Milli Təhlükəsizlik
Təşkilatının Baş katibi
“Vikipedia”nın yazdığına görə,
bundan sonra onun təlimatı sayəsində türk ordusunda
xidmətə yerləşən yüz hərbçi ordu
sıralarından xaric edilir. Ordu generalı Türkiyədəki
hərbi məktəblərə erməni əsilli
kursantların qəbul edilməsinin qarşısını
alan qərar verir. 1949-cu ilin sonlarında ordu-generalı Mahmud Bərköz
Üçüncü Ordu komandanı təyin edilir. 6 iyun
1950-də yüksək səviyyəli komandanlarla birlikdə
Türkiyə ordusundan 15 general və 150 polkovnik istefaya
göndərilərkən onların arasında Üçüncü
Ordu komandanı, general Mahmud Bərköz də vardı. Amma
bu da uzun sürümür. Bir həftədən sonra, 13 iyunda
o daha önəmli bir vəzifəyə gətirilir, Milli Təhlükəsizlik
Təşkilatının Baş katibi təyin edilir.
Böyük dövlət xadimi Bərköz 6 sentyabr 1951-ci ildə
öz istəyi ilə bu vəzifədən təqaüdə
çıxır.
Tarixə Türkiyənin ən nüfuzlu
generallarından biri olaraq düşən Mahmud Bərköz
1989-cu ildə vəfat edib. Bu məşhur generalın həyat
yoldaşı Türk ordusunun general olmuş Mustafa Kərəmin
qızı Rəidə xanım idi. Həyat yoldaşı
öz xatirələrində Bərköz haqqında
yazırdı: “Mahmud qeyri-adi insan idi. O yalnız savaşmaq
üçün doğulmuşdu. Harada savaş var idisə,
Mahmud da orada idi. Amma uşaqlarını hərbçi kimi
görmək istəmirdi Mahmud.”
Məşhur general Mahmud Bərközün
oğlu Bəliğ Bərköz ABŞ-da yaşayıb.
Professor Bəliğ Bərköz ABŞ-dakı türk dərnəklərinin
ümumi başqanı olub. Türkiyə-ABŞ münasibətlərinin
tənzimləməsində onun xidmətləri əvəzsizdir.
Kaliforniya Universitetinin professoru olan Bəliğ bəy 2001-ci
ildə vəfat edib.
Mahmudun qardaşı Məhəmməd
Nuri Hacı İlyas oğlu Sarıkərimli
ötən əsrin birinci yarısında Türkiyənin hərbi,
siyasi, diplomatik və ədəbi-elmi dairələrində
böyük nüfuza malik olmuşdur.
General-polkovnik Məhəmməd Nuri
Berköz 1875-ci ildə 86 yaşında İstanbulda
vəfat etmişdir. O, Türkiyənin ali mükafatı olan
“Müstəqilliyə görə medalı” və digər
orden və medallarına layiq görülmüşdür.
P.S. Məhəmməd
Nuri Hacı İlyas oğlu Sarıkərimli haqqında gələn
sayımızda oxuya bilərsiniz.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 8 iyul.- S.14.