Türkiyə
tarixinə adını yazdırmış həmyerlimiz
Şəkili Məhəmməd
Nuri Sarıkərimli...
Ötən
sayımızda XX əsrin birinci yarısında Türkiyənin
hərbi, siyasi, diplomatik və ədəbi elmi dairələrində
böyük rol oynamış iki azərbaycanlı qardaş
haqqında söz açmış, onlardan biri general Mahmud Bərközün
həyat yolu ilə bağlı yazı təqdim etmişdik.
Budəfəki yazımız həmin dövrdə qardaş
ölkənin önəmli şəxslərindən biri kimi
tarixə düşmüş ikinci qardaş - Mehmet Bərköz
haqqındadır.
Məhəmməd
Nuri Hacı İlyas
oğlu Sarıkərimli (Mehmet Berköz) 1889-cu ildə Şəkidə
anadan olmuşdur. O, ilk təhsilini burada rus-müsəlman məktəbində
və gimnaziyada almışdır.
1905-ci
ildə Azərbaycanda şəhər və kəndlərində
daşnakların törətdiyi qanlı olaylar,
özbaşınalıqlar nəticəsində Məhəmmədin
ailəsi Azərbaycanı tərk etmək məcburiyyətində
qalır və onlar Türkiyənin Bursa şəhərinə
köçürlər. Məhəmmədin atası Hacı
Ilyas onlar Bursaya köçdükdən bir qədər sonra vəfat
edir və ailə başsız qalır.
Qardaşı
Mahmudla birlikdə Bursada hərbi məktəbə daxil olan Məhəmməd
1909-cu ildə təhsilini İstanbulda Hərbi Akademiyada
davam etdirir. Üç ildən sonra oranı müvəffəqiyyətlə
bitirən hərbçi ilk hərbi rütbəsini - leytenant
rütbəsini alır.
Litseydə
və Hərbi Akademiyada oxuduğu müddətdə Məhəmməd
Sarıkərimli xüsusi biliklərlə yanaşı,
fransız dili və ədəbiyyatını da dərindən
öyrənir.
Osmanlı
imperiyasının Birinci Dünya Savaşında
iştirakı zamanı gənc zabit olan Məhəmməd
Sarıkərimli ikinci Qafqaz ordusuna xidmətə göndərilir
və çar Rusiyası ilə sərhəddə xidmət
edir. Tezliklə baş qərargah Məhəmməd Sarıkərimlinin
rus və fransız dillərini mükəmməl mənimsədiyi
qənaətinə gəlir və onun başqa
bacarıqlarından da istifadə etməyi qərara alır.
O, 1915-ci ildə xüsusi missiya ilə İran-Cənubi Azərbaycan sərhədinə
göndərilir. Həmin vaxt bura Rusiya, Türkiyə və
Böyük Britaniyanın maraqlarının toqquşduğu
bir bölgə idi. 1916-cı ildə gənc zabit Osmanlı hərbi
missiyasının tərkibində Danimarkaya və İsveçrəyə
ezam olunur. Skandinaviya ölkələrində olduğu bir ildən
az müddətdə Məhəmməd Sarıkərimliyə
İsveç
dilini də mükəmməl öyrənmək müəssər
olur.
Gənc hərbçi İstiqlal
savaşında
Rusiyada
Fevral inqilabının qələbəsindən sonra Məhəmməd
Sarıkərimli türk hərbi missiyasının tərkibində
Peterburqda və Moskvada olur. Onun əsas vəzifəsi Birinci
dünya müharibəsi illərində əsir
düşmüş türk zabit və əsgərlərinin
yerlərinin müəyyən edilməsi, onların rus əsirləri
ilə dəyişdirilməsini təşkil etmək və
öz ölkəsinə göndərməkdən ibarət
idi.
Sovet
Rusiyasından qayıtdıqdan sonra Məhəmməd
Sarıkərimli artıq kapitan rütbəsində Osmanlı
ordusunun Baş Qərargah Akademiyasının müdavimi idi.
Bu
vaxtlar Osmanlı Türkiyəsi özünün 700 illik
tarixinin ən ağır dövrünü
yaşayırdı. Bütün nəzərlər orduya
dikilmişdi. Belə bir vaxtda Mustafa Kamal Paşanın -
Atatürkün rəhbərliyi altında müstəqillik
uğrunda savaş başlayır. Məhəmməd Sarıkərimli
milli orduya qoşulur və Türkiyə torpaqlarını
xarici işğalçılardan azad etmək
üçün Antalyaya göndərilir.
İzmir
uğrunda döyüşlərdə Məhəmməd
Sarıkərimli Uşakda hərbi komendant vəzifəsinə
təyin olunur. Döyüşlər zamanı əsir
düşmüş yunan zabitlərinin
saxlanıldığı müvəqqəti hərbi əsir
düşərgəsi də bu şəhərdə yerləşirdi.
Qurtuluş
savaşı qələbə ilə başa çatdıqdan
sonra Məhəmməd Sarıkərimli öz təhsilini
davam etdirmək üçün Baş Qərargah
Akademiyasına qayıdır və 1925-ci ildə oranı mayor
rütbəsi ilə bitirir.
1930-cu ildə ona polkovnik-leytenant rütbəsi
verilir. Millətlər Liqasının təşəbbüsü
ilə tərksilah üzrə keçirilən I Cenevrə
konfransında Məhəmməd Sarıkərimli türk
nümayəndə heyətinin məsləhətçisi
olur. Nümayəndə heyətindəki uğurlu fəaliyyətinə
görə o, vaxtından əvvəl polkovnik rütbəsinə
layiq görülür.
1934-cü ildə soyadlar haqqında qanun qəbul
edilərkən Məhəmməd Sarıkərimli “Bərköz”
soyadını götürür. Bu soyadın mənası “sərt”,
“əyilməz” anlamına gəlir.
Beləliklə, o, müasir türk hərbi
tarixinə Mehmet Nuri Bərköz kimi daxil olur.
Sovet
Ittifaqı ilə əlaqələrdə önəmli şəxs
1930-cu ildə Şərq sərhədlərinin
təhlükəsizliyinin təmin olunması və SSRI-dən
əlavə təminat almaq məqsədilə Atatürk bu
ölkə ilə yaxınlaşmağa səy göstərirdi.
Sovet Ittifaqı da öz növbəsində
sovet rejiminin əleyhinə olan çoxsaylı siyasi
emiqrantları çıxarmaq üçün Türkiyəyə
reveranslar edirdi. 1933-cü ildə marşal Stalinin
tapşırığı ilə Voroşilov və Semyon
Budyonnı Türkiyənin müstəqilliyinin 10-cu
ildönümü tədbirlərində iştirak etmək
üçün Türkiyəyə səfər edirlər.
Sovet nümayəndə heyəti ilə işləməyi
Atatürk Mehmet Nuri Berközə həvalə edir.
Atatürkün Sovet marşalları ilə bütün rəsmi
və qeyri-rəsmi görüşlərində tərcüməçiliyi
də Bərköz edir.
Sovet Ittifaqı ilə əlaqələr Bərközun
hərbi-siyasi bioqrafiyasında mühüm yer tutur. 1935-ci ildə
Mehmet Nuri Bərköz Kiyevdə qırmızı ordunun hərbi
manevrlərini müşahidə edən türk hərbi
missiyasına rəhbərlik edir. 1936-37-ci illərdə o,
Moskvada türk səfirliyinin hərbi attaşesi vəzifəsində
çalışır. Öz şəxsi keyfiyyətləri,
rus dilini mükəmməl bilməsi sayəsində Mehmet Nuri
Bərköz bu illərdə bir çox yüksək səviyyəli
sovet zabitləri ilə sıx dostluq əlaqələri qura
bilir.
1939-cu ildə Mehmet Nuri Bərköz
general-mayor, 1941-ci ildə isə general-leytenant rütbəsinə
layiq görülür. Ikinci dünya müharibəsi
dövründə Bərköz dörd il Türkiyənin SSRI
sərhədində yerləşən diviziya qrupuna
komandanlıq edir.
1946-cı ildə Mehmet Nuri Bərköz
general-polkovnik (korpus generalı) rütbəsinə layiq
görülür. Bir ildən sonra isə o, Türk Silahlı
Qüvvələrinin Baş Qərargahının operativ məsələlər
üzrə rəisinin müavini təyin olunur. 1949-cu ilin
martında onu daha məsuliyyətli bir vəzifəyə təyin
edirlər. Mehmet Nuri Bərköz Türkiyə
jandarmeriyasının baş komandanı təyin edilir. Daxili təhlükəsizliyin
təmin olunması nöqteyi-nəzərindən Türkiyədə
jandarmeriya həmişə çox mühüm rol oynayıb.
1950-ci ilin iyulunda mülki şəxslər
orduda çevriliş etdilər və bir gün ərzində
Silahlı Qüvvələrin 15 general və 150-dən
çox polkovniki istefaya göndərildi. Onların içərisində
Mehmet Nuri Bərköz və onun qardaşı, ordu generalı
Mahmud Bərköz da vardı.
General-polkovnik Mehmet Nuri Bərköz 18
yanvar 1975-ci ildə İstanbulda 86
yaşında vəfat edib.
O, Türkiyənin ən ali mükafatı
olan “Müstəqillik uğrunda medalı” ilə təltif
olunub.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 9 iyul.- S.14.