Folklor musiqimizin mahir bilicisi
Unudulmaz
musiqişünas alim
Azərbaycan
musiqi mədəniyyətinin araşdırılmasına,
öyrənilməsinə və təbliğinə töhfə
verən musiqişünaslarımız sırasında professor Bayram
Hüseynlinin də xüsusi yeri var.
O, milli musiqi tariximizdə əsası dahi Üzeyir bəylə
qoyulan elmi tədqiqat işlərinin layiqli
davamçılarından biridir.
Görkəmli musiqişünas uzun
müddət Konservatoriyanın xalq musiqisi kabinetinə rəhbərlik
edib. O, xalq musiqi nümunələrinin toplanması, sənədləşdirilməsi,
yazıya alınması istiqamətində,
musiqişünas-mütəxəssis kimi önəmli işlər
görüb. Bundan başqa, B.Hüseynli Azərbaycan Bəstəkarlar
İttifaqı folklor bölməsinin sədri vəzifəsində
çalışmış, folklor problemləri ilə
bağlı həm respublikada, həm də SSRİ
miqyasında keçirilən elmi-praktik konfranslarda məruzələrlə
çıxış etmişdir. Onun Azərbaycan folklor mədəniyyətinin
fəal tədqiqi və təbliği ilə bağlı
gördüyü işlər də diqqətəlayiqdir. Bu
müddətdə musiqişünas milli musiqi mədəniyyətimizin
təbliği məqsədilə folklor konsertləri təşkil
edib, bəstəkarlar tərəfindən folklor nümunələrinin
notlaşdırılması və işlənməsində
xüsusi rol oynayıb.
Ümumiyyətlə, Azərbaycanda
etnomusiqişünaslığa dair bir çox mövzu və
problemləri ilk dəfə məhz B.Hüseynli
qaldırıb. Buna Azərbaycan uşaq mahnı folklorunun
toplanılması və araşdırılması, halay və
yallıların toplanılması, müasir xalq musiqisi
yaradıcılığının elmi məsələ kimi
qaldırılması və başqa məsələləri
misal göstərmək olar.
Bayram Xəlil oğlu Hüseynli 1923-cü
il martın 22-də Gəncə
şəhərində anadan olub. Elə ilk musiqi təhsilini
də burada alıb. 1946-cı ildə Azərbaycan Dövlət
Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq
fakültəsində təhsilini davam etdirib və ali musiqi təhsili
alıb. Burada təhsil almaqla yanaşı, o, M.Maqomayev
adına Dövlət Filarmoniyasının Mahnı və Rəqs
ansamblında işləyib, ansamblın instrumental qrupuna rəhbərlik
edib. Gənc musiqişünas Musiqi texnikumunda müəllim, Gəncə
dövlət filarmoniyasında xormeyster işləyib.
Azərbaycan
rəqs musiqisinin araşdırıcısı
“Vikipedia”nın alim haqqında təqdim
etdiyi bioqrafiyada onun elmi araşdırmaları ilə
bağlı maraqlı faktlar var. Alim 1959-1962-ci illərdə
Azərbaycan EA Memarlıq və İncəsənət
İnstitutunun aspiranturasında namizədlik mövzusu üzərində
çalışıb. 1966-cı ildə “Azərbaycan xalq rəqs
musiqisi” mövzusunda dissertasiya müdafiə edən alim sənətşünaslıq
namizədi elmi dərəcəsi alıb. Bayram müəllim
1972-ci ilə qədər İnstitutda elmi işçi kimi
çalışıb və folklor tədqiqatları
aparıb. O, 1970-ci ildən ömrünün sonuna kimi Azərbaycan
Dövlət Konservatoriyasının xalq musiqisinin tarixi və
nəzəriyyəsi kafedrasında elmi-pedaqoji fəaliyyət
göstərib. 1976-cı ildə kafedranın dosenti, 1991-ci ildə
isə professoru seçilib. Alim xalq
yaradıcılığı üzrə festivallarda,
müsabiqə və konsertlərdə daim münsiflər heyətinin
üzvü olmuş, bu tədbirlərin təşkilində fəal
rol oynamış, öz dəyərli məsləhətlərini
və köməyini əsirgəməmişdir.
B.X.Hüseynli 1972-ci ildən SSRI Bəstəkarlar
İttifaqı Xalq musiqisi yaradıcılığı
komissiyasının daimi üzvü, 1980-ci ildən isə Beynəlxalq
folklor festivallarının Sovet Komitəsinin YUNESKO tərəfindən
təsdiq edilmiş fəxri üzvü seçilib.
Bu gün musiqi aləmində qabaqcıl
mütəxəssislər kimi tanınan R.Zöhrabov,
S.Seyidova, S.Abdullayeva, T.Kərimova, R.İsmayılzadə,
F.Xalıqzadə, K.Həsənov, Y.Həbibov, V.Xəlilov,
F.Çələbiyev, A.Ziyadlı və başqaları
B.Hüseynlinin elmi nailiyyətlərindən az bəhrələnməmişlər.
Qeyd etdiyimiz kimi, Azərbaycan musiqi
folklorunun bir çox məsələləri müasir
etnomusiqişünaslığın tələbləri
baxımından Bayram Hüseynli tərəfindən
qaldırılmış və elmi müstəviyə
çıxarılmışdır. Azərbaycan instrumental rəqs
musiqisinin ilk dəfə elmi səviyyədə tədqiqi onun
adı ilə bağlıdır. Alimin bu mövzuda
apardığı tədqiqatlar, yazdığı məqalələr,
tərtib etdiyi musiqi-etnoqrafik məcmuələr daim dəyərli
elmi mənbə olaraq qalır.
B.Hüseynlinin “Azərbaycan xalq rəqs
musiqisi” adlanan namizədlik dissertasiyası iki hissədən
ibarətdir. Bu elmi tədqiqatın birinci hissəsi xalq rəqs
musiqisinin tədqiqini əhatə edir. Araşdırmanın
ikinci hissəsi isə müəllif tərəfindən
toplanmış və nota salınmış nümunələrdən
ibarətdir. B.Hüseynli dissertasiyada xalq rəqs musiqisinin
tarixi-mədəni köklərini araşdırmış,
janrın yaranması və inkişafı yollarını təyin
etmişdir. Dissertasiyada xalq rəqs musiqisinin nəzəri təhlilinə
də geniş yer verilmişdir.
Dissertasiyanın ikinci hissəsində
toplanmış və təsnifat üzrə
qruplaşdırılmış xalq rəqs musiqisinin nümunələri
müasir nəzəri tədqiqatlar üçün də əhəmiyyətli
mənbə ola bilər. Folklor məcmuəsi kimi tərtib
edilmiş ikinci hissədə bir çox nümunələr
ilk dəfə məhz B.Hüseynli tərəfindən
toplanıb yazıya alınmışdır.
B.Hüseynlinin aspirantura illərində
elmi rəhbəri dünya miqyaslı alim V.Belyayev olmuşdur.
O, V.M.Belyayevdə aspirantura təhsili keçmiş ilk iki Azərbaycanlı
musiqişünasdan biridir. Böyük musiqiçi alim öz
aspirantının istedadına həmişə yüksək
qiymətləndirmiş, onun namizədlik işinə yüksək
rəy vermişdir.
Etnomusiqişünaslığa
böyük töhfələr
B.Hüseynli qədim əmək folkloruna,
laylalara, mərasim nəğmələrinə, uşaq
mahnılarına, instrumental musiqiyə dair yüzlərlə
nümunə aşkar etmiş, onları yenidən xalqın
istifadəsinə qaytarmışdır. Bu nümunələr
arasında elə unikal nümunələr var ki, onları ilk
dəfə elmə məhz o təqdim etmişdir. Onun
topladığı və nota saldığı hər bir
folklor nümunəsini elmi tapıntı kimi qiymətləndirmək
olar.
B.Hüseynli Ü.Hacıbəyov və
M.Maqomayevin 1927-ci ildə nəşr olunmuş “Azərbaycan
türk el nəğmələri” aldı folklor toplusunun ikinci
nəşrinə (B., İşıq, 1985) redaktor və şərh
müəllifi olmaqla onu yenidən musiqi ictimaiyyətinə təqdim
etmişdir. Bundan başqa, B.Hüseynli bu folklor toplusunun ikinci
nəşrinin bilavasitə təşkilatçısı və
iştirakçısı olmaqla klassiklərimizin irsini yeni nəslə
ötürərək yaşatmış, həm də
etnomusiqişünaslıq üçün əvəzsiz elmi
mənbə olan bu toplunu demək olar ki, yenidən bərpa etmişdir.
Böyük musiqi alimi B. Hüseynli
SSRİ-də musiqi folklorşünaslığı sahəsində
tanınan, sayılan mütəxəssislərdən idi. O,
bir alim kimi ittifaq miqyasında tanınmış və hörmət
qazanmışdı. SSRI-nin ayrı-ayrı respublikalarında
musiqi folkloruna, şifahi ənənəli musiqinin müxtəlif
problemlərinə, şərq musiqisinə dair tədqiqatlar
aparan, dissertasiya yazan alim və mütəxəssislər
B.Hüseynlidən mütəmadi olaraq məsləhətlər,
rəylər almış, onun tənqidi mülahizələri
və elmi fikirləri ilə daim hesablaşmışlar.
B.Hüseynli 1992-ci ilin iyul ayında
Bakıda vəfat etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 10 iyul.- S.14.