Böyük alimin dəyərli “kitabxana”sı

 

Əbdülqəni Nuxəvinin günümüzə çatan irsi

 

Azərbaycan mədəniyyət tarixində iz buraxmış böyük şəxsiyyətlərin adlarını sadalasaq, uzun bir siyahı alınar. Belə şəxslər sırasında XIX əsrdə yaşayıb yaratmış görkəmli pedaqoq, kitabşünas və xəttat Əbdülqəni Nuxəvinin də adı var. Böyük bir ədəbi irsə sahib olan Nuxəvinin əsərlərinin əksəriyyəti repressiya dövründə məhv edilmiş, mühafizə olunmuş hissəsi Milli Elmlər Akademiyası Füzuli adına Əlyazmalar Institutunda qorunub saxlanılır. Onun hazırda  Əlyazmalar İnstitutunda saxlanan əlyazmalarının sayı iki mindən çoxdur.

 

Məlum olduğu kimi, Sovet dövründə İslama qarşı aparılan kampaniyalar zamanı ərəb əlifbası ilə çıxan bütün yazıları məhv eləməyə başlamışdılar. Bu zaman bütün bölgələrdə, şəhərlərdə, ayrı-ayrı evlərdə olan kitabxanalardakı kitabları da amansızlıqla yandırıblar. Elə Əbdlqəni Əfəndinin kitabxanasını da o zaman yandırıblar. Sadəcə, kitabların bir qismi əllərdə, bir qismi isə evlərdə, mal damlarında gizlədilib. Tədqiqatçıları bu qalan əlyazmaları zərrə-zərrə toplayıb bir araya gətiriblər.

Ensiklopedik biliyə malik olan alimin yaradıcılığının tədqiqi Azərbaycanda kitabşünaslıq və pedaqogika tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Nuxəvi Azərbaycanÿədəbiyyatşünaslıq elminin, pedaqoji fikrin və əlyazma kitab mədəniyyətinin inkişaf etdirilməsində məhsuldar rol oynamış önəmli şəxslərdən biridir.

Əbdülqəni Məhəmməd Əfəndi oğlu 1817-ci ildə  Şəkidə anadan olmuş, 62 il ömür sürmüşdür. Nuxəvi türkdilli, ərəbdilli və farsdilli Şərq ədəbiyyatının tədqiqatçısı, tanınmış dilçi, xalq kütlələrinin maariflənməsində böyük əmək sərf etmiş, fədakar pedaqoq olmuşdur. Alimin əlyazma kitab mədəniyyətinin qorunmasında, inkişafında və təbliğində rolu misilsizdir. O, uzun illər ümumi kitabxana kimi fəaliyyət göstərmiş minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən zəngin bir kitabxananın sahibi idi.

 

Əvəzolunmaz kitabşünas

 

Bir çox elmlərin sirlərinə alimlik dərəcəsində vaqif olan Əbdülqəni Nuxəvinin yaradıcılığına nəzər saldıqda, onun nə qədər rəngarəng və çoxcəhətli olduğu ortaya çıxır.

“Vikipedia”nın alim haqqındakı bioqrafik məlumatından məlum olur ki, “”Müxtəsər əl-Qüduri"nin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan 28 əlyazma nüsxəsini nəzərdən keçirərkən onların 3-nün məhz azərbaycanlı katiblər tərəfindən köçürüldüyü müəyyən edilmişdir. Sözügedən əlyazmaların katibləri Məhəmməd ibn Kərbəlayi Qasım Təbrizi, Seyid Hacı Məhəmməd Əsəd bin Məhəmməd Pir Ğafur Bakuyirlizadə və Əbdülğəni Nuxəvidir".

O dövrdə ərəb dilini mükəmməl bilməsi Ə.Nuxəviyə bu dildə yazılmış məntiq, fəlsəfə, dil, ədəbiyyat nəzəriyyəsi və başqa elm sahələrinə aid əsərləri Azərbaycanda yaymaq imkanı vermişdir. Tədqiqatçılar qeyd edir ki, onun hazırladığı “Müxtəsər əl-Qüduri”nin nüsxəsi poleoqrafik xüsusiyyətlərinə və keyfiyyətinə görə o biri nüsxələrdən fərqlənir. Bu dəyərli əlyazmaya əsasən Ə.Nuxəvini cəsarətlə “ustad xəttat” adlandırmaq olar. Bütün xətt nümunələrinə yaxından bələd olan katib bu abidəni çox dəqiq və nəfis şəkildə hazırlamışdır ki, bu da XIX əsr əlyazma kitab nümunəsi kimi qiymətlidir. Bu əlyazmanın poleoqrafik xüsusiyyətlərini, üzərindəki müxtəlif qeydləri öyrənmək, tədqiq etmək maraqlı və əhəmiyyətlidir. Sözügedən abidə dövrümüzə qədər tam oxunaqlı və keyfiyyətli vəziyyətdə gəlib çatmışdır.

Bu əlyazmanın dəyəri yalnız bədii tərtibatında deyil, eyni zamanda mətnşünaslıq baxımından çox əhəmiyyətli olmasındadır. Katib əlyazmanın haşiyələrində əsərdə olan bəzi sözlərin şərhini vermişdir. Mətnin haşiyələrində müxtəlif istiqamətlə yazılmış xeyli əlavələr mövcuddur. Bütün bunlar əsərin iki və daha artıq nüsxədən müqayisə edilərək köçürüldüyü qənaətinə gəlməyə səbəb olur. Əlyazma həm şərq, həm də qırmızı rəngli mürəkkəblə müasir rəqəmlərlə səhifələnib. Abidənin qiymətini artıran cəhətlərdən biri də əlyazmanın müxtəlif səhifələrində Nuxəvinin şəxsi qeydlərinin olmasıdır.

Əbdülqəni Məhəmməd Əfəndinin əlyazma kolleksiyasında istər tarixinin qədimliyi baxımından, istər bədii tərtibatı ilə fərqlənən, istərsə də elmi cəhətdən çox qiymətli əlyazma kitabları var. Bu əlyazma abidələri orta yüzilliklər Şərq xalqlarının ictimai, iqtisadi və əbədi fikir tarixini öyrənmək baxımından mötəbər mənbələrdir.

 

Tarix üçün dəyərli mənbə

 

Nuxəvinin Farsca-Azərbaycanca danışıq kitabçası var ki, onun  nəşr olunması nəzərdə tutulur. Alimin “Ruznamə” - təqvim adlı başqa maraqlı bir əsəri də da orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Onun kitabxanasından günümzə gəlib çatmış X1V əsrə aid dəyərli bir əlyazması da “Mehri və Vəfa”dır. Bu, Ummu Isa adlı şairin məsnəvisidir ki, o da tədqiq olunaraq nəşr edilib. Ümumiyyətlə, Nuxəvinin  kitabxanasında belə abidələrin sayı xeyli çoxdur. Ötən ilin sonunda alimin kitabxanasındakı kitabların kataloqunun 1-ci cildi çapdan çıxıb.

Əlyazmalar İnstitutu Əbdülqəni Əfəndi Nuxəvinin “Qazıxana dəftəri” kitabını nəşr etdirib. Əbdülqəni Əfəndi bu kitabı 1866-1879-cu illərdə Şəkinin baş qazısı olarkən tərtib edib. Şəkinin Baş qazısı olan alim həmin müddətdə Şəkidə rəhmətə gedənlərin hamısını qeydiyyata alıb. Hansı xəstəlikdən, neçə yaşında öldüyünü də qeyd edib. Nikaha girənləri də həmçinin. Bu kitab Şəkinin tarixini, səhiyyəsini, ailə hüququnu, əhalisini öyrənmək baxımından çox dəyərli statistik məlumat verən bir mənbədir. Burada Şəki xanları, onların övladları, nikahı haqqında hərtərəfli bilgilər qeydiyyata alınıb.

“Nurlan” nəşriyyatında işıq üzü görən bu kitabda respublikanın şimal-qərb bölgəsinin, o cümlədən Azərbaycanın keçmiş tarixinin, əhalisinin, ailə hüququnun, insanların mədəni səviyyəsinin, dünyagörüşünün öyrənilməsi baxımından çox dəyərli qaynaqlardandır. Ə.Nuxəvi eyni zamanda Azərbaycan ədəbiyyatı tarixində kamil bir şərqşünas, kitabşünas alim kimi də ciddi fəaliyyət göstərib, 40 illik gərgin elmi axtarışlar nəticəsində Şərqin məşhur elm və mədəniyyət xadimlərinin əlyazmalarını, əsərlərini toplayaraq üzünü köçürüb, bəzilərini müxtəlif mətnlər əsasında şərh edib. Mütəxəssislərin fikrincə, Azərbaycan kitab mədəniyyətinin əlyazma şəklində inkişaf etməsində Ə.Nuxəvinin böyük rolu olub. Əsəri nəşrə hazırlayan və ön sözün müəllifi filologiya elmləri doktoru Kamandar Şərifli, kitabın redaktoru isə Azadə Musayevadır Görkəmli alim Əbdülqəni Nuxəvi 1879-cu ildə vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 12 iyul.- S.14.