Cavanşirlər soyundan daha bir qəhrəman

 

Qanlı cəbhələr boyunca...

 

İkinci Dünya müharibəsi illərində sovetlər birliyinin tərkibində olan Azərbaycan da bu qanlı müharibədə böyük qurbanlar vermişdir. Müharibənin ilk günlərində 1941-ci ilin sonunda Azərbaycandan xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı ki, onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib, cəbhəyə göndərilmişdi.  Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə vuruşmuş, işğal olunmuş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda yaxından iştirak etmiş, bu yolda çoxları həyatını qurban vermiş, əbədiyyətə qovuşmuşlar.

Azərbaycan əsgərləri 1941-ci ilin payızında Leninqrad şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ön cəbhədə dayanmış, faşist ordusuna qarşı müqavimət savaşında vuruşaraq əhalinin təhlükəsizliyini qorumuşlar. Təyyarəçi Hüseynbala Əliyev Leninqradı düşmənin hava hücumundan qoruyarkən 17 ölümcül yara alsa da, var-gücünü toplayıb təyyarəsini yerə endirə bilmişdi. Moskva, Leninqrad və Stalinqrad ətrafındakı bütün döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və güclü hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlarda yaxından iştirak etmişdilər.

İkinci dünya müharibəsi illərində belə qanlı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən azərbaycanlılardan biri də Aslan Vəzirov olub. Aslan Vəzirov Zaqafqaziya cəbhəsi Şimal Ordu qrupunun 5-ci Dağ Mina-Mühəndis briqadasının, 3-cü Ukrayna cəbhəsinin 51-ci mühəndis-istehkam briqadasının, 2-ci Belorusiya cəbhəsində Baş Komandanlığın 1-ci qvardiya mühəndis-istehkam briqadasının komandiri olmuşdur.

Vəzirov Aslan Fərhad oğlu 13 dekabr 1910-cu ildə Bərdə rayonunun Zümürxan kəndində mülkədar-ziyalı ailəsində doğulub. Aslan Vəzirov dünyaya gələrkən anası Ağca xanım vəfat etmiş, həyat yoldaşının ölümünə dözə bilməyən Fərhad bəy də dünyasını dəyişmişdir. Fərhad bəy 1853-cü ildə Şuşada doğulmuşdur. Aslan Vəzirov Qarabağ xanı İbrahim xanın vəziri Seyyid Mirzə Əli Məhəmməd Ağanın dördüncü qurşaq nəvəsidir. Soy öz başlanğıcını İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşirin baş vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağidən götürür. Ona qədər həmin soy Cavanşir soyadını daşıyırdı. Vəzirovlar Cavanşir elinin Hacılı camaatına mənsubdurlar. Bu soyadı həm Mirzə Camal bəyin, həm onun qardaşlarının, həm də əmisioğullarının törəmələri daşıyırlar. Bu soy Azərbaycan xalqına yetərli sayda sərkərdə, dövlət xadimi, ziyalı bəxş edib. Onlardan bir neçə nəfər haqqında əvvəlki yazılarımızda söz açmışıq.

 

Böyük bir soyun davamçısı

 

“Vikipedia”nın yazdığına görə, Rüstəm, Aslan və bacıları valideynlərini itirdikdən sonra əmiləri Zülfüqar bəy Vəzirovun himayəsində olmuşlar. Aslan Vəzirovun böyük qardaşı Rüstəm bəy II dünya müharibəsindən əvvəl Bərdədə poçt rəisi işləmiş və müharibədə itkin düşmüşdür.

Aslan Vəzirov 1927-ci ildə Bakı Zaqafqaziya Hərbi Hazırlıq Məktəbini bitirib. 1928-30-cu illərdə Sankt-Peterburq (o vaxtkı Leninqrad) və Moskva hərbi mühəndislik məktəblərində oxumuşdur. 1941-ci ildə Hərbi-Mühəndislik Akademiyasını bitirmiş və müharibə cəbhələrinə göndərilmişdir. Zaqafqaziya cəbhəsi Şimal Ordu qrupunun 5-ci Dağ Mina-Mühəndis briqadasının, 3-cü Ukrayna cəbhəsinin 51-ci mühəndis-istehkam briqadasının, 2-ci Belorusiya cəbhəsində Baş Komandanlığın 1-ci qvardiya mühəndis-istehkam briqadasının komandiri olmuşdur. 1944-cü ilin mayında qvardiya polkovniki Aslan Fərhad oğlu Vəzirov 2-ci Belarus cəbhəsinin 1-ci Qvardiya mühəndis-hücum briqadasının komandiri təyin edilmiş, iyunun axırlarında isə Aslan Vəzirovun şanlı istehkamçıları Mogilyovun azad edilməsi uğrunda qəhrəmancasına vuruşmuşlar. Briqadanın bu döyüşlərdə göstərdiyi şücaətə və igidliyə görə ona “Mogilyov briqadası” adı verilmişdir.

Qvardiya polkovniki Aslan Vəzirov 70-ci Ordunun tərkibində (II Belarus cəbhəsi) - sapyor briqadasının komandiri idi. 20 aprel 1945-ci ildə ordu hissələrinin Oder çayını keçməsi əməliyyatına rəhbərlik edirdi. Bu əməliyyat düşmənin güclü atəşi altında üç gün davam etdi və Aslan Vəzirovun böyük hərbi məharətini sübut etdi. Həmin əməliyyata rəhbərliyə görə ona 29 iyun 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

 

Odlu savaşlardan geriyə qəhrəman kimi... 

 

1947-ci ildə ordudan tərxis olunan Aslan Vəzirov 1948-ci ildən Kaunas, Voronej, Bakıda müxtəlif vəzifələrdə çalışmışdır.

1965-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublika Müharibə Veteranları Komitəsinin sədri olmuş Aslan Vəzirov  eyni zamanda Ümumittifaq Müharibə Veteranları Komitəsinin Bakı şöbəsinə rəhbərlik etmişdir. Aslan Vəzirov Azərbaycan Respublikası Ali Sovetinin deputatı da seçilmişdir.

Veteran polkovnik Aslan Vəzirov Dneprodzerjinsk və Mogilyov şəhərlərinin fəxri vətəndaşı adına layiq görülmüş, 8 orden və çoxsaylı medallarla təltif edilmişdir. Elmar Vəzirov və Tamilla Vəzirova adlı övladları vardır.

Aslan Vəzirov 1987-ci ilin 18 mayında Bakı şəhərində vəfat etmişdir.

2009-cu il iyulun 1-də Mogilyovda Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovun xatirəsinə ucaldılan memorial kompleksin təntənəli açılış mərasimi olmuşdur. Memorial kompleksin yaradılmasının təşəbbüskarı və əsas təşkilatçısı Mogilyovdakı “Azəri” ictimai birliyi olmuşdur. Qəhrəmanın büstünün müəllifi isə Belarus Rəssamlar İttifaqının üzvü, heykəltəraş Kamil Kamaldır.

Xatırladaq ki, Belarusun Oşmyanı şəhərində 4 nəfər Sovet İttifaqı Qəhrəmanının memorialı da qoyulmuşdur və həmin qəhrəmanlardan biri ilk azərbaycanlı təyyarəçi Fərrux Qayıbovdur. Vileyka şəhərində iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi ucaldılmışdır. 

Azərbaycanlı döyüşçülər Qəzənfər Əkbərov, Cəmil Əhmədov, Aslan Vəzirov, Adil Quliyev, Məlik Məhərrəmov və Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada məhz Belarusun azad edilməsi uğrunda döyüşlərdə göstərdikləri igidliyə görə layiq görülmüşdür.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 13 iyul.- S.14.