Doktor dərəcəsi
almış ilk musiqişünas alim
Folklor musiqimizin izində
Azərbaycanın musiqi xəzinəsinin
tədqiq olunmasında və öyrənilməsində
musiqişünaslarımızın misilsiz əməyi var. Bu
dəyərli xəzinəni arayıb-tapmaq, çeşidləmək,
ipə-sapa düzmək peşəsinin bilicilərinin öhdəsinə
düşür, şübhəsiz. Xalqın dəyərli
incilərini arayıb-araşdıran belə peşəkar
şəxslərdən biri də əməkdar elm xadimi, sənətşünaslıq
elmləri doktoru, professor Əhməd İsazadədir. O,
eyni zamanda Azərbaycanda doktorluq dissertasiyası müdafiə
etmiş ilk musiqişünas alimdir.
Əhməd İsazadə 18 yanvar 1928-ci ildə anadan
olmuşdur. O, Azərbaycanda
doktorluq dissertasiyasını müdafiə etmiş ilk
musiqişünas-alimdir. Böyük musiqişünas alim ilk dəfə
Azərbaycan xalq musiqisinin tarixi, arxeoloji, etnoqrafik mənbələrinin
araşdırılıb tədqiq olunmasına nail olmuşdur.
Onun qiymətli araşdırmaları sayəsində Azərbaycan
xalq musiqisinin notlaşdırılması, öyrənilməsi
tarixi və bu məsələlərin nəzəri aspekti
sistemli şəkildə ilk dəfə
elmi-musiqişünaslıq həllini tapmışdır.
Musiqişünas alim musiqi mədəniyyətimizə
böyük töhfə verərək, dissertasiyasında ilk dəfə
Azərbaycan xalq musiqisinin ilk not nümunələrini əldə
etmiş, XIX əsrin ikinci yarısında not yazısına
salınmış xalq mahnı və rəqs nümunələrimizi
tapmışdır. Etiraf olunmalıdır ki, Ə.İsazadənin
SSRİ və xarici ölkə arxivlərindən əldə
edilmiş elmi tapıntıları və ilk doktorluq
dissertasiyası sayəsində müasir musiqi elmimiz çox
şey qazanmışdır.
Ə.İsazadə 1963-cü ildə namizədlik
dissertasiyası müdafiə edərək, xalq musiqi
janrlarının toplanılması,
notlaşdırılması və tədqiq olunması ilə
məşğul olmağa başlayır. Musiqişünas
haqqında Ariz Abdullayevin yazdığı məqalədə
deyilir ki, ona qədər Azərbaycanın bölgələri
ilə bağlı xalq musiqisi nümunələrini, folklor
mahnı və rəqslərini lentə almaq, nota yazmaq, sistemləşdirmək,
elmi-nəzəri təhlil etmək kimi məsələlər,
demək olar ki, musiqişünaslığın diqqətindən
kənarda qalmışdı. Məlum olduğu kimi, milli
musiqimizin araşdırma və tədqiqi ilə bağlı məsələlərin
əsası dahi bəstəkarımız Üzeyir Hacıbəyovun
təşəbbüsü ilə gündəmə gəlib.
Üzeyir bəy bu istiqamətdə bir sıra önəmli
addımların atılmasına da yardımçı olub.
Bölgələrin
ipə-sapa düzülən inciləri
Sonralar dəyərli vokal sənətçimiz
Bülbülün rəhbərliyi ilə bu sahədə
uğurla fəaliyyət göstərən Elmi-Tədqiqat
Musiqi Kabineti 1940-cı illərin əvvəllərində fəaliyyətini
dayandırdı. Onun dayanmasından sonra xalq musiqisinin
toplanılması və notlaşdırılması işində
durğunluq, boşluq yarandı. Bu boşluğu məhz
1960-cı illərdə Ə.İsazadənin fəaliyyəti
aradan qaldırdı. Onun xüsusi səylə işə
başlaması, musiqişünasları, bəstəkarları
da bu işə cəlb etməsi yavaş-yavaş həmin
boşluğu aradan qaldırdı. 1960-cı illərin ikinci
yarısından etibarən alim demək olar ki, Azərbaycanın
bütün bölgələrinə - Qarabağ (Şuşa,
Ağdam, Füzuli, Ağcabədi, Kəlbəcər), Lənkəran,
Astara, Masallı, Sabirabad, Salyan, Quba, Dəvəçi,
Xaçmaz, Kürdəmir, Göyçay, Şəki, Qax,
Şəmkir, Naxçıvan, Şərur və başqa
folklor ekspedisiyalarına gedərək gərgin
çalışmaları sayəsində misilsiz bir xəzinə
toplaya bilib.
Onun topladığı yüzlərlə
folklor nümunələri çeşidlənmiş, nota
yazılmış, bölgələrdəki xalq musiqi
ifaçıları haqqında dəyərli məlumat mənbəyi
yaradılmış, hətta yeni xalq çalğı alətləri
nümunələri aşkar edilmişdir.
Ə.İsazadə 1960-1980-ci illərdə
planlı şəkildə aparılan folklor
ekspedisiyalarının nəticələri ilə bağlı
mətbuatda məqalələrlə çıxış
etmiş, yeni və qiymətli tapıntıları haqqında
ictimaiyyətə məlumat vermişdir. Bundan başqa, həmin
dəyərli materiallar əsasında musiqişünas alim
ümumittifaq səviyyəli elmi-tədbirlərdə də məruzələr
etmiş, elmi nəşrlərdə maraqlı məqalələr
dərc etdirmişdir.
Məşhur musiqişünas alim Ə.İsazadə
30 ildən çox AMEA-nın Memarlıq və İncəsənət
Institutunda xalq musiqisinin tarixi və nəzəriyyəsi
şöbəsinə rəhbərlik edib. Alimin orada
çalışdığı illər ərzində elmi rəhbərliyi
və opponentliyi ilə onlarla elmi əsərlər
yazılmış və müdafiə edilmişdir. Elmi
araşdırmalar sayəsində zəngin xalq musiqisi irsimizin
müxtəlif problemləri, bəstəkar-folklor əlaqələri,
milli musiqi təfəkkürünün nəzəri məsələləri
öyrənilmiş, bu haqda bir çox məqalə və
monoqrafiyalar yazılmışdır.
Azərbaycan
xalq musiqisinin tarixləşməsi
Bundan başqa, görkəmli alimin əvəzsiz
fəaliyyəti nəticəsində institutda folklor arxivi
yaranmışdır. Musiqişünas ekspedisiyalardan əldə
edilmiş xalq musiqisi nümunələri əsasında bəstəkar
Nəriman Məmmədovla birlikdə iki hissədən ibarət
“Azərbaycan xalq mahnı və oyun havaları” adlı folklor
toplusu tərtib edərək, nəşrinə nail olmuşdur
(1975,1984).
Bununla, institutdakı müstəqil xalq
musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi
yaradılmış və Ə. İsazadə şöbəyə
müdir seçilmişdir. Beləliklə, o, bu sahədə
mühüm çalışmalara yol açan Üzeyir bəy
və Bülbül kimi sənətkarların xalq musiqisi
nümunələrinin toplanılması və yazıya
alınması ilə bağlı fikirlərini layiqincə
yerinə yetirmişdir.
Görkəmli musiqişünasın
araşdırma və tədqiqatları bununla
yekunlaşmır.
Ə.İsazadənin 300-dən artıq
publisist, elmi-kütləvi, elmi məqalələri nəşr
olunmuşdur. Onun kitabları sırasında isə daha
çox Bülbülün həyat və
yaradıcılığına həsr etdiyi monoqrafiya “Azərbaycan
musiqisinin salnaməsi (1920-1932)” diqqəti cəlb edir. Müəllif
bu kitabda 1920-1932-ci illərdə Azərbaycan mətbuatında
musiqiyə dair çap olunan bütün məqalələrin
biblioqrafiyasını vermişdir. Bu baxımdan o, musiqi tariximizin
öyrənilməsi üçün qiymətli mənbədir.
Ə.İsazadənin mühüm xidmətlərindən
biri də onun rəhbərliyi altında şöbə tərəfindən
tərtib olunan “Azərbaycan xalq musiqisi antologiyası”
oncildliyidir. 20 il
ərzində başa gələ bu çoxcildli fundamental
toplulara xalq musiqisinin bütün janrları daxil edilmişdir.
Toplunun 1-ci cildi 2002-ci ildə işıq üzü
görmüş və ziyalılar, alim-mütəxəssislər,
musiqi ictimaiyyəti tərəfindən yüksək rəylərlə
qarşılanmışdır. Ə.İsazadənin 1990-cı illərdə
respublika və xarici ölkə jurnallarında dərc etdirdiyi
məqalələr də böyük elmi mənbə kimi
yüksək dəyərləndirilmişdir.
Böyük
alim Əhməd İsazadə
2009-cu ildə vəfat etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 14 iyul.- S.14.