Naxçıvan
memarlıq məktəbinin məşhur yetirmələri
Əcəmi
Naxçıvanidən başlanan sənət yolu
Azərbaycan memarlıq
tarixinin önəmli bir dövrü Naxçıvan
memarlıq məktəbinin inkişafı ilə
bağlıdır. Bu böyük məktəbin memarlıq
tarixində qalan gözəl inciləri deyilənləri bir
daha sübuta yetirir. Naxçıvan memarlıq məktəbi
XI əsrdən formalaşmağa başlamış və orta
əsrlər Azərbaycan memarlığının üslub
xüsusiyyətlərini müəyyənləşdirmişdir.
Azərbaycan
memarlıq tarixi ilə bağlı araşdırmalarda ilk dəfə
bir memarlıq məktəbi kimi tanınan Naxçıvan-Marağa
memarlıq məktəbi diqqət mərkəzində
dayanmışdır. Təbii, bunun əsas səbəbi də
Naxçıvan memarlıq məktəbinə məxsus olan sənətkarların
bir çoxunun adını daşıyan kitabələrin
dövrümüzə çatmasıdır.
Məlum
olduğu kimi, Naxçıvan memarlıq məktəbinin
banisi XI-XII əsrlərdə fəaliyyət göstərmiş,
yaratdığı bir çox memarlıq əsərləri
ilə dünya şöhrəti qazanmış Əcəmi Əbubəkr
oğlu Naxçıvanidir. O, Azərbaycan intibahının
çiçəklənmə dövrü sayılan XI-XII əsrlərin
ən görkəmli şəxsiyyətlərindən biri hesab
olunur.
Əcəmi
təkcə Şərqdə deyil, Qərb dünyasında da
yaxşı tanınan sənətkarlardan biri idi. Ümumiyyətlə,
Əcəmi orta əsrlər Azərbaycanının ən
şöhrətli memarı kimi tarixdə qalmışdır.
Sənətşünas
Ə.V.Salamzadə onun
haqqında yazır: “... Əcəmi Naxçıvani öz
dövründə tayı-bərabəri olmamış sənətkarlardandır.
Təsadüfi deyil ki, XIII əsr mənbələri onun
”şeyxül-mühəndisin" (mühəndislər
başçısı) rütbəsi
daşıdığından xəbər verir. Hələ Qərb
dünyasında arxitektura sənəti anonim səciyyə
daşıyan bir dövrdə Əcəmi bir çox
memarlıq incilərinin müəllifi kimi bizim
qarşımızda parlaq və təkrar olunmaz yaradıcı
simaya malik böyük sənətkar, bədii və mühəndis
təfəkkürünün nəhəngi kimi
canlanır." Böyük sənətkarın
günümüzə gəlib çatan Mömünə
Xatun türbəsi, Yusif Küseyir oğlu türbəsi və
Cümə məscidi kimi inciləri onun sözün əsl mənasında
dünyanın ən nəhəng sənətkarları
sırasında yer aldığından xəbər verir.
Günümüzə
çatan sənət nümunələrinin müəllifləri
Əcəmi
Naxçıvaninin əsasını qoyduğu
Naxçıvan məktəbi Azərbaycan memarlıq tarixinə
bir çox başqa sənətkarlar da bəxş
etmişdir. Belə şəxslərdən biri də Əmirəddin
Məsud Naxçıvanidir (XII
əsr). Sənətkar Naxçıvanda Eldənizlər
sarayında yaşamışdır. O, Əcəmi memarlıq
üslubunun davamçısı olmuş, dini və xatirə
memarlığı ilə yanaşı, ictimai binaların
inşası və bəzədilməsi işlərinə
öz töhfələrini vermişdir. Əmirəddin Məsud
Naxçıvani də müasiri Nizami Gəncəvi kimi
ulduzların Yerdə baş verən hadisələrə
müdaxiləsi barədə saray münəccimlərinin
fikirlərini qəbul etməmişdir. O da münəccimlərin
Atəbəyi guya 40 gəz (42 m) torpağı sovurub aparacaq
qasırğa qopacağına inandırmaq səylərinə
qarşı etirazını bildirmişdir. Əmirəddin
Naxçıvani təkzibində haqlı olduğunu şeirlə
də ifadə etmişdir ki, bu haqda “Əcaib əl-buldan” əsərində
söz açılır.
Orta əsr
(XIII-XIV əsrlər) memarlıq tarixinin görkəmli
nümayəndələri sırasında Əhməd ibn Əyyub
əl Hafiz də yer alır. Hafiz də Naxçıvan
memarlıq məktəbi üslubunda abidə və tikililərin
inşasına imza ataraq, Naxçıvan
memarlığının inkişafında mühüm rol
oynamışdır. Tədqiqatçılar Bərdədəki
kərpicdən hazırlanmış minarəli məqbərə
(1322) və Baba məqbərəsinin (XIV əsr) də memar Əhməd
ibn Əyyub əl Hafizə aid olduğunu hesab edirlər.
Bu məhsuldar
məktəbin daha bir görkəmli nümayəndəsi də
Şeyx Cühənna oğludur. Onun adı memarlıq aləminə
Ordubad bölgəsinin Azad kəndinin cənub-şərq tərəfindəki
minarənin üzərindəki kitabənin məlumatları əsasında
məlum olub. Bugünkü dövrdə həmin türbə
yarıuçuq vəziyyətdə qalmış olsa da, üzərində kitabə
qalmamışdır. Əvvəllər kufi xətlə
yazılmış mövcud kitabəni XIX yüzilliyin
ortalarında tədqiq edən rus şərqşünası
və diplomatı N.V.Xanıkovun yazdığına görə
orada “Bənna Şeyx Cühənna oğlu
Naxçıvaninin əməlidir” - sözləri
yazılıbmış. Qeyd edilən kitabədə tarix
qalmasa da, N.V.Xanıkov onu yazıldığı xəttin
paleoqrafiya xüsusiyyətlərinə əsasən hicri qəməri
təqvimi ilə VI (miladi XII) yüzilliyə aid etmişdir. Tədqiqatçıların
fikrinə görə isə, memarlıq-konstruktiv quruluşuna
və digər abidələrlə müqayisəyə əsasən
türbəni XV əsrə aid etmək olar.
Memarlıq incilərində
yaşayan adlar
Dövrümüzə
iki maraqlı sənət əsəri gəlib
çatmış Naxçıvan-Marağa memarlıq məktəbinin mahir sənətkarlarından
biri də Əhməd Naxçıvanidir. Həmin əsərlərdən
biri “Nüşabə qalası” kimi də tanınan Bərdə türbəsi (1322), digəri isə, Qudi xatunun şərəfinə inşa
edilmiş Qarabağlar türbə
kompleksidir (XIV
əsrin 30-cu illəri).
Bu əsərlərdən
birinin üzərində açıq sübut olaraq sənətkarın
adı var. Qarabağlar türbəsinin şimal
tərəfindəki baştağın tünd bənövşəyi
rəngli kaşı yerliyi üzərində nəsx xətti ilə memar öz adını
yazmışdır. Tədqiqatçılar bu binanın
kompozisiya həlli, ayrıntıların diqqətlə işlənməsi,
həndəsi və yarımhəndəsi quruluşu, o
cümlədən çoxrəngli kaşı ornamentlərinin
tətbiqi, kitabələrdən bəzək vasitəsi kimi
istifadə olunması elementlərinin Əhməd
Naxçıvaninin yaradıcılıq üslubu
üçün səciyyəvi olduğunu hesab edirlər.
Bundan başqa, ümumi quruluşunun fərdi cəhətləri
ilə fərqlənən Axsadan
baba türbəsinin (Bərdə şəhəri) də
memarının Əhməd Naxçıvani olduğu
güman edilir.
Naxçıvan
memarlıq məktəbinin yetirmələri sırasında
adı xüsusi xatırlanan sənətkarlar arasında
Hacı Məhəmməd Nəqi də var. Memarın adı
Ordubad bölgəsinin Dəstə kəndindəki məscidin
kitabəsindən alınan məlumat əsasında elm aləminə
məlum olmuşdur. Oradakı məscidin üzərində
qalan birinci kitabəyə əsasən məlum olur ki, məscidin
inşasını hicri 1019-cu ildə (miladi 1610-1611-ci il) Əbdülxan
Cavad oğlu əmr etmişdir. İkinci kitabənin məlumatından
isə aydın olur ki, məscid elə həmin vaxt fəxr
ül-Hac Hacı Məhəmməd Nəqi tərəfindən
inşa edilmişdir. Eyni zamanda, II kitabədə qeyd
olunmuşdur ki, Dəstə kəndinin şərq tərəfində
Tub Basar (Topasar) kövşənindən axan Vənəndçayın
üzərində hazırda qalıqları qalan və el
arasında “Hacı Nağı körpüsü” adlanan
körpünü də Hacı Məhəmməd Nəqi
inşa etmişdir. Tədqiqatçıların fikrinə görə,
XVI yüzilliyin II yarısı - XVII yüzilliyin I
yarısında yaşayan Hacı Məhəmməd Nəqinin
məscid və körpü inşa etməsi onun bir memar kimi
peşəkar yaradıcılığından xəbər
verir və göstərir ki, o zəmanəsinin məşhur sənətkarı
olmuşdur.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 15 iyul.- S.14.