Cəsur azərbaycanlı balası İsmayıl...

 

Sovet İttifaqı Qəhrəmanı İsmayıl Bayramov

 

İkinci Dünya müharibəsi illərində faşizmə qarşı döyüşlərdə böyük şücaətlər göstərmiş azərbaycanlılardan biri də İsmayıl Bayramov olub.

 

İsmayıl Xəlil oğlu Bayramov 1910-cu ildə Stavropol vilayətinin Dolinovka kəndində anadan olmuş və doğulduğu Dolinovka kəndində kolxoz sədri işlədiyi zaman, 1941-ci ildə bu vəzifəsindən orduda xidmətə çağırılmışdır. Bayramovun atası Xəlil kişi Borçalının Sarvan kəndindən, anası Tamam isə həmin nümayəndəliyin Görarxı kəndindən idi.

Borçalıda yaşayışın çətin olduğunu nəzərə alan Xəlil kişi ailəsi ilə Şimali Qafqaza köçmüş və Stavropol diyarının Georgiyevski bölgəsində məskunlaşaraq orada çobanlıq etməyə başlamışdır. İsmayıl da hələ uşaqlıq illərindən atasının yanında çobanlıq edib, təsərrüfatda bərkdən-boşdan çıxırdı.

İsmayıl hələ məktəb yaşlarında çox gözü açıq, çevik, qorxmaz bir uşaq idi. Ailə vəziyyəti yeniyetmə İsmayıla yalnız 1922-ci ildə Georgevski şəhərində oxumağa imkan yaratdı. Burada cəmi beş il oxudu. 1927-ci ildə bu bölgədə məskunlaşan azərbaycanlılara dövlət torpaq, mal-qara və başqa təsərrüfat imtiyazları verdi. Elə həmin illərdə burada Borçalı, Sarvan, Korarxı, Naxçıvan, Kürdəmir və Dağıstandan gələn azərbaycanlılardan ibarət xutor - yaşayış məntəqəsi yaradıldı. 1929-cu ildə xutorda yaradılan kollektiv təsərrüfata da Nəriman Nərimanovun adını verildi.

Xəlil və Tamamın İsmayıldan başqa Məhərrəm, İsrafil, Cəlil, Cəbrayıl və Gülcahan adlı övladları da dünyaya gəlmişdi.  Uşaqlıq dövrünü arxada qoyan Ismayıl artıq evin böyük övladı kimi kolxozda işləməyə başlamışdı.

İsmayıl 1933-cü ildə Məleykə adlı bir qızla ailə qurur. İsmayılın qabiliyyəti, insanpərvərliyi və işgüzarlığı çalışdığı kolxoz camaatının gözündən yayınmır, onu elə cavan yaşlarında partiya sıralarına qəbul edərək  təsərrüfata rəhbər seçirlər. Gənc Ismayıl insanların ona göstərdiyi etimadı doğruldur və onun rəhbərlik etdiyi kolxoz vilayətdə qabaqcıl yerlərdən birini tutur

 

Qanlı savaş yollarına doğru...

 

Böyük Vətən müharibəsi başlananda Ismayıl da müharibəyə getmək istədi. Lakin hökumət onun arxa cəbhədə fəaliyyət göstərməsini daha məqsədəuyğun hesab etdi. İsmayıl arxa cəbhədə müharibə üçün ərzaq məhsullarının hasilatı ilə məşğul oldu. 1943-cü il gəlib çatdı. Qızğın döyüşlər zamanı  Stavropol vilayəti də zəbt olunmuş, İsmayılın qardaşı  Məhərrəm müharibədə vuruşurdu. Bir qardaşı İsrafil isə kursant forması geyinirdi.

Həmin dəhşətli günləri İsmayılın həyat yoldaşı Məleykə xanım belə xatırlayır: “Günlərin birində axşamüstü bizə bir nəfər qaraçaylı gəldi. O, İsmayıl ilə təkbətək gizli söhbətlər etdi. İsmayıl Telman adına xutor məntəqəsinə yaxın qohumu Hüseynov Qəmbərin yanına getdi. Sentyabr ayının başlanğıcı idi. Bizə bir nəfər ayaqqabı təmirçisi sifətində adam gəldi. Səhəri günü İsmayıl bütün xutorun kommunistlərini yığıb onlara müharibənin gedişi haqqında xəbər verdi. Camaatı düz yola istiqamətləndirmək, bizim müharibəni uğurla başa vurmağımız haqqında geniş söhbətlər apardılar. Beləliklə, artıq 1943-cü il öz uğurlu addımlarını bizim bu torpaqda da atmağa başladı. Biri digərinin ardınca yanvarın 21-də Stavropol, 26-da Armavir, Kubanın çölləri, neft şəhəri olan Maykop və Krasnodar kimi şəhərlər azad edildi. Bu vaxt Ismayıl müharibəyə getmək üçün sənədlərini yerli hərbi komissarlığa təqdim etdi. Nəhayət, 1943-cü il iyunun 6-da bütün camaat onu müharibəyə yola saldı. İsmayıl Bayramov Qırmızı Bayraqlı atıcı diviziyasında qulluq edirdi. O, bu diviziyada ölüm-dirim yolu keçmişdi. Onun ən cəsur, igid, yenilməz və cəngavər bir döyüşçü kimi Jitomir, Novqorod, Volınska, Rovno, Zdolbunov, Polşa, Dnepr sahilləri və başqa şəhər və ərazilərin düşməndən azad edilməsində göstərdiyi qəhrəmanlıqlar heç vaxt yaddan çıxmayacaqdır. Onun bu döyüşlərdə rəhbərlikdən aldığı yeni-yeni tapşırıqları Ismayıl Bayramov ustalıq və məharətlə yerinə yetirirdi. Onun dəfələrlə düşmən əhatəsindən sağ-salamat çıxması bütün döyüş yoldaşlarını, rəhbərliyi və eyni zamanda düşməni belə mat-məəttəl qoymuşdu. Igid Borçalı balası Koroğlu, Cöyrə oğlu Qara, Səməd ağa kimi meydanda döyüşüb vuruşardı. Onun yaddaqalan döyüşlərindən biri də əlbəyaxa vuruşudur. 1944-cü ilin sonları idi. Torpaq və şəhərlərimizi düşməndən azad edən zaman Ismayıl öz rota yoldaşlarından ayrı düşüb alman döyüşçülərinin əhatəsində qalır. Belə yaxın əlbəyaxa döyüşdə Ismayıl 40 nəfər alman əsgərini, 1945-ci ildə isə yenə belə bir döyüşdə 80 nəfəri öldürmüşdür” (“Vikipedia”).

İsmayılın igidliyi və qəhrəmanlığı haqqında diviziyanın komandiri A.S.Sarayev öz çıxışlarının birində belə deyib: “Sovet hərbi dairələri və onun döyüşən əsgərləri çoxmillətli cəngavər millətin ən yaxşıları ilə təşkil olunmuşdur. Starşina İsmayıl Bayramov kimi belə qəhrəman döyüşçülərlə heç bir vaxt düşmənə tabe olmaq olmaz. Biz azərbaycanlı balası İsmayılla fəxr edirik!..”.

 

Qəhrəmanlığına görə ən yüksək fəxri ad

 

İsmayıl Bayramovun qəhrəmancasına həlak olması haqqında ən dəqiq və ətraflı material onun döyüş komandirlərindən Dmitri Sviridovun 9 may 1945-ci ildə göndərdiyi məktub və sonra həmin məktubun əsasında (1945) Novoselitskidə çıxan “Bolşevik tribunası” qəzetində dərc edilmiş materialdır. Dmitri Sviridovun Ismayıl haqqında belə yazmışdır: “İsmayıl Bayramov yaxşıların yaxşısı, döyüş komandiri olmaqla yanaşı, həm də çox gərəkli və əla partiya rəhbəridir”.

Artıq 1945-ci ilin qışı idi və dəhşətli döyüşlər Almaniya  ərazisində gedirdi. İsmayıl Bayramovun rəhbərliyi ilə onun döyüşçüləri Almaniyanın Neymarnt dəmir yolu vağzalında döyüşürdülər. Kritik döyüşlərin birində yenə İsmayıl vuruşa-vuruşa öz döyüşçülərindən kənarda qalmış və yüngül zədə almışdı. Hər tərəfdən alman əsgərləri ilə əhatəyə alınan İsmayıl Bayramov axırıncı gülləsini də düşmənə boşaltmışdı.  Sonda gənc azərbaycanlı düşmənə əsir düşməkdənsə özünü  öldürməyi üstün tutur, üstündə olan üç qumbaranın ikisini arxadan ona yaxınlaşıb “təslim ol, əsgər” deyən bir qrup alman əsgərlərinin üstünə atıb partlatmış, üçüncüsünü isə üzbəüz gələn alman zabitlərini özü ilə birlikdə partladır. Bu hadisə 1945-ci il fevralın 10-da baş vermişdi. Sovet əsgərləri bu dəmiryol vağzalını ələ keçirdikdən sonra axtarış zamanı İsmayıl Bayramovun meyitini tapırlar. İsmayıl Bayramov qəhrəmancasına həlak olmuşdu. Ölümündən sonra cəsur azərbaycanlı İsmayıl Bayramov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Onun qəhrəmanlığı barədə SSRI Ali Soveti tərəfindən qəhrəmanın həyat yoldaşı Məleykə xanıma göndərdiyi məktubda belə yazılmışdır: “Hörmətli Məleykə İsa qızı! SSRI Hərbi Komandanlığının verdiyi xəbərə görə, sizin həyat yoldaşınız və bizim qəhrəman döyüşçümüz İsmayıl Xəlil oğlu Bayramov düşmənə qarşı döyüşdə qəhrəmancasına həlak olmuşdur. SSRİ Ali Sovetinin 10 aprel 1945-ci il tarixli qərarına əsasən ona Sovet Ittifaqı Qəhrəmanı adı verilir”.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 16 iyul.- S.14.