Şöhrəti
sərhədlər aşan görkəmli kimyaçı
alimimiz
Sərabdan Bakıya
yolçuluq
Azərbaycanın elm
tarixinə adını yazdırmış alimlərimiz
sırasında kimyaçılarımızın da xüsusi
yeri var. Belə görkəmli elm xadimlərimizdən biri də
akademik Murtuza Nağıyevdir. O,
AMEA-nın həqiqi üzvü, AMEA-nın Neft Kimya Prosesləri
Institutunun direktoru, AMEA-nın Kimya Texnologiyasının Nəzəri
Problemləri İnstitutunun
yaradıcısı və direktoru olmuşdur.
Akademik
M.F.Nağıyev elmi-tədqiqat fəaliyyətini təşkilati
fəaliyyəti ilə uzlaşdıran
alimlərdəndir. Görkəmli alim uzun müddət akademiya
institutlarına rəhbərlik etməklə yanaşı,
1952-57-ci illərdə AMEA-nın Fizika-Texnika bölməsinin
akademik-katibi, 1957-59-cu illərdə AMEA-nın vitse-prezidenti,
1961-66-cı illərdə isə AMEA-nın baş elmi katibi
olmuşdur. O, 1958-ci ildən ömrünün sonuna kimi
keçmiş SSRİ
Ali Təhsil Nazirliyi nəzdindəki Ali Attestasiya
Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir.
Bundan başqa, məşhur kimyaçı keçmiş SSRİ-dəki
Neft konqresinə dair Beynəlxalq komitənin (1962),
Qarşılıqlı İqtisadi Yardım
Şurası Kimya Komissiyasının (1960-75) üzvü
olmuşdur. M.F.Nağıyev eyni zamanda elmi pedaqoci fəaliyyətdən
də kənar qalmamışdır.
Murtuza
Fətulla oğlu Nağıyev 1908-ci ilin may ayının 5-də
Cənubi Azərbaycanın Sərab şəhərində anadan
olmuşdur. Kiçik yaşlarından atasını itirən
Murtuzanın həyatı asan keçməmişdir. İş
axtarışı ümidi ilə doğulduğu şəhəri
tərk edən gənc 1919-21-ci illirdə Aşqabad şəhərində fəhlə,
1922-26-cı illərdə isə indiki Səttarxan zavodunda
xarrat vəzifəsində işləmişdir. Oxumağı
qarşısına məqsəd qoyan Murtuza 1926-29-cu illərdə
Bakı Dövlət
Universitetinin (BDU) nəzdindəki fəhlə fakültəsinin
tələbəsi olmuşdur. Bundan sonra 1932-35-ci illərdə
isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam
etdirən gənc oranı kimyaçı-texnoloq
ixtisası üzrə bitirmişdir.
M.Nağıyev
əmək fəaliyyətinə tələbəlik illərindən,
1932-ci ildə V.Strua adına “Krekinq” zavodunda növbə
mühəndisi kimi başlamışdır. Gənc mütəxəssis
1936-38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə
qədər yüksəlmiş, 1938-40-cı illərdə Azərbaycan
Neft Emalı elmi-tədqiqat institutunun “Krekinq” laboratoriyasına
rəhbərlik etmişdir.
Kimya sahəsində
yüksək karyera
M.Nağıyev
1940-cı ildə “Resirkulyasiya ilə krekinqdə benzin
çıxımlarının tədqiqi” mövzusunda namizədlik,ÿ1944-cü
ildə isə “Texnologiyanın əsas məsələsi və
krekinq prosesinin kinetikası” mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir. O, 1945-ci ildə
“Kimya texnologiyası” ixtisası üzrə professor adına
layiq görülmüşdür. 1952-ci ildə AMEA-nın həqiqi
üzvü seçilən professor M.F.Nağıyev 1942-ci ildən
ömrünün sonuna kimi akademiya sistemində işləmişdir.
O, 1942-44-cü illərdə SSRİ Elmlər
Akademiyasının Kimya İnstitutunun Azərbaycan
filialında böyük elmi işçi, 1944-cü ildə
“Katalitik krekinqin fizikası” şöbəsinin müdiri
olmuşdur. Bundan başqa, alim 1945-46-cı illərdə AMEA-nın Neft Institutunda “Neft
emalı” şöbəsinin müdiri, 1946-56-cı illərdə
isə həmin institutun direktoru və şöbə
müdiri vəzifələrində işləmişdir.
“Vikipedia”nın
yazdığına görə, ana dilimizdə neftin
texnologiyasına dair ilk dərslik görkəmli
kimyaçı alimimizin qələminin
məhsuludur. O, “Kimya texnologiyasında resirkulyasiya proseslərinin
nəzəriyyəsi”, monoqrafiyasını dünyanın bir
sıra (ingilis, alman, çin) dillərinə tərcümə
etmişdir. Alimin adı ilə yeni bir elm sahəsi-kimya
texnologiyasının nəzəriyyəsi yaranmış və
inkişaf edərək müstəqil bir elm səviyyəsinə
gəlib çatmışdır. Yüksək elmi
dünyagörüşünə malik olan M.F.Nağıyev
fizika, kimya, kibernetika, riyaziyyat və iqtisadiyyat kimi elmləri
özündə birləşdirən resirkulyasiya proseslərinin
nəzəriyyəsini yaratmışdır. Bu isə mürəkkəb
kimya-texnologiya prosesləri kompleksinin
optimallaşdırılması və idarə edilməsinin
mümkün olan yeganə elmi yoludur. Bütün dünyada
etiraf edilmişdir ki, resirkulyasiya nəzəriyyəsindən
istifadə edilmədən kimya kombinatlar qurğularını,
hətta ayrıca reaktorları belə layihələşdirmək
qeyri-mümkündür.
Ən yüksək
mükafatlara layiq...
Onun
işləyib hazırladığı resirkulyasiya prosesləri
nəzəriyyəsi kimya texnologiyası ilə əlaqədar
komplekslərin riyazi modelləşdirilməsinin əsasını
təşkil edir. Akademik M.F.Nağıyevin çoxcəhətli
elmi-tədqiqat işlərinin nəticələri 30 fundamental
monoqrafiyada, 300 elmi əsərdə və müəlliflik
şəhadətnaməsində öz əksini
tapmışdır. Onun rəhbərliyi ilə Azərbaycanda
3 elmlər doktoru, 30 elmlər namizədi
hazırlanmışdır. M.Nağıyev respublikada elmin
inkişafına və elmi kadrların
hazırlanmasındakı xidmətlərinə görə
1956-cı ildə Azərbaycan SSR Əməkdar elm xadimi
adına layiq görülmüşdür.
Çoxcəhətli
fəaliyyət istiqamətləri olan görkəmli alim
1961-75-ci illərdə Azərbaycan Kimya jurnalının
redaktoru, AMEA-nın məruzələri və “Neft kimyası”
(Moskva) toplularının redaksiya heyətinin üzvü
olmuşdur.
Akademik
M.F.Nağıyev dünyanın ən nüfuzlu konqres, simpozium və konfranslarda Azərbaycan
elmini ləyaqətlə təmsil etmişdir. O, 1956-cı ildə
Filadelfiyada, 1968-ci ildə Moskvada kataliz üzrə keçirilən
beynəlxalq konqreslərdə, 1962-ci ildə Nyu-Yorkda
keçirilən Beynəlxalq neft konqresində, 1965 və
1966-cı illərdə Moskvada keçirilən nəzəri
və tətbiqi kimyaya dair Beynəlxalq konqreslərdə
iştirak etmiş və məruzələri böyük maraq
doğurmuşdur. Alim həmçinin Belçika (1958), Fransa
(1960), İngiltərə
(1966), Çexoslovakiya (1964) kimi ölkələrə dəvət
edilmiş və orada mühazirələr oxumuşdur. Akademik
M.F.Nağıyev görkəmli ictimai xadim kimi Azərbaycan SSR
Ali Sovetinin 4,5,6,-cı
çağırışlarının deputatı
olmuşdur. Alimin elmi nailiyyətləri və kimya sahəsinə
verdiyi töhfələr dövlət tərəfindən qiymətləndirilərək,
1969-cu ildə ən yüksək mükafata Sosialist Əməyi
Qəhrəmanı adına layiq görülmüşdür.
Görkəmli akademikin mükafatları sırasına həmçinin
Lenin, Qırmızı Əmək Bayrağı ordenləri və
bir sıra medallar, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı
da daxildir.
Böyük
alim və mütəxəssis M.F.Nağıyev 1957-ci il yanvar
ayının 28-də uzun sürən xəstəlikdən
sonra vəfat etmişdir. Onun adını əbədiləşdirmək
məqsədilə bir zamanlar yaratdığı və rəhbərlik
etdiyi AMEA-nın Kimya
Texnologiyasının Nəzəri Problemləri Institutuna 1991-ci ildə alimin adı
verilmişdir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 17 iyul.- S.14.