O qanlı illərin
qəhrəmanları
Cəsur
komandir Mərdan Musayev
İkinci
Dünya müharibəsi illərində misilsiz qəhrəmanlıqlar
göstərən şəxslər sırasında yüzlərlə
azərbaycanlının da adı var. Onlardan bir çoxu göstərdikləri
misilsiz şücaətə görə müxtəlif titul və
mükafatlara layiq görülmüş, bəziləri isə
ən yüksək ad - Sovet İttifaqı Qəhrəmanı
adı almışdır. Bu yazıda belə həmyerlilərimizdən
bir neçəsi haqqında söz açacağıq.
O qanlı-qadalı illərin cəsur qəhrəmanlarının
adları xatırlananda, 28-ci ordunun 5-ci qvardiya mexaniki
briqadasının motorlu atıcı bölməsinin komandiri
olmuş Mərdan Musayevi yad etmədən keçmək olmur.
Musayev Mərdan Məmməd oğlu 1
yanvar 1907-ci ildə Qazax rayonunun Əlimərdanlı kəndində
anadan olmuşdur. 1941-ci ildə Tovuz rayon hərbi
komissarlığından orduya çağırılan Mərdan
Musayev 28-ci ordunun 2-ci qvardiya mexanikləşdirilmiş
korpusunun 5-ci qvardiya mexaniki briqadasının motorlu
atıcı bölməsinin komandiri kimi Borisov şəhəri
uğrunda aparılan döyüşlərdə xüsusilə
fərqlənmişdir.
Qəhrəman həmyerlimiz 1944-cü ilin
9 martından 10 martına keçən gecə bir qrup
döyüşçüylə birlikdə Dnepr
çayını keçərək düşmənin
mövqeyini müəyyənləşdirmək
üçün atəş altında döyüş
tapşırığını yerinə yetirdi. Çox
çətinliklə olsa da, düşmənin yerləşdiyi
nöqtəyə çataraq, dəzgahlı pulemyotu məhv
etdi. Beləliklə, cəsur
döyüşçü qoşunların irəliləməsi
üçün yolu maneələrdən azad etdi.
1944-cü ilin 13 martında İnqulets
çayı yaxınlığında Musayev sinəsini sipər
edərək batalyon komandirinin həyatını xilas etdi. Elə
həmin döyüşdə də o, sərrast atəşlə
alman zabitini və 7 sıravi əsgəri zərərsizləşdirdi.
“Sevçenko” adına sovxoza hücum
zamanı ordunun qarşısını daha bir dəzgahlı
pulemyot kəsdi. Qorxmaz baş serjant irəli atılaraq,
yaralı olduğu halda düşmən üzərinə
dayanmadan atəş açaraq, tez bir zamanda bu dəzgahlı
pulemyotu ələ keçirdi. Mərdan Mustafayev bu
vuruşmada 20 hitlerçini məhv etdi.
Mərdan Musayev müharibədən sonra
uzun illər ticarət sistemində
çalışmışdır.
İgidlik və cəsurluq göstərdiyinə
görə o, Şöhrət ordeninin 1, 2, 3-cü dərəcələri
ilə, eyni zamanda “Lenin” ordeni ilə də təltif
edilmişdir.
SSRI Ali Sovetinin fərmanı ilə baş
serjant Musayev Mərdan Məmməd oğluna 3 iyun 1944-cü il
tarixində Sovet İttifaqı Qəhrəmanı adı
verilmişdir.
Mərdan Musayev 25 mart 1982-ci ildə vəfat
edib.
Motoatıcı
batalyonun komandiri Xıdır Mustafayev
Bu müharibədəki iştirakına və
igidliklərinə görə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüş azərbaycanlılardan biri
də Xıdır Mustafayev olmuşdur. Xıdır Mustafayev bu
ali mükafata Fastov uğrunda döyüşlərə
komandanlıq etdiyinə və döyüş meydanında qəhrəmanlığı
ilə fərqləndiyinə görə SSRİ Ali Sovetinin
1944-cü il 10 yanvar tarixli əmri ilə layiq
görülüb.
Xıdır Həsən oğlu Mustafayev
1905-ci ildə Ermənistanın Kirovokan rayonunun Gözəldərə
kəndində anadan olmuşdur. 1927-ci ildə Kirovokan RHK-dan
orduya çağırılmışdır. Müharibəyə
motoatıcı batalyonun komandiri vəzifəsində
başlayan Xıdır Mustafayev Stalinqrad, Kiyev, Jitomir, Kazatin,
Berdiçev, Prokursov, Ternopel uğrunda aparılan
döyüşlərdə iştirak etmiş və öz
şücaəti ilə fərqlənmişdir.
Mayor Xıdır Mustafayev 1943-cü ilin
payızında Ukraynanın paytaxtı olan Kiyevin azad edilməsi
uğrunda aparılan döyüşlərdə
tankçılar batalyonun komandiri kimi
xüsusilə fərqlənmişdir.
1943-cü ilin 5 noyabrından 6-na keçən
gecə Mustafayev zərbəçi tank batalyonuna komandir təyin
edilmişdir. Həmin gecə qarşıya qəflətən
batalyon qarşısında düşmənin
qarşısına keçib, Kiyevdən 70 kilometr aralıda
yerləşən Fastov şəhərini tutmaq vəzifəsi
qoyulmuşdur. Ayın 6-sı axşam Mustafayevin
tankçıları şəhərə daxil olaraq, dəmiryol
vağzalını ələ keçirmiş, 5 saata yaxın
davam edən küçə döyüşləri nəticəsində
alman qarnizonunu Fastov şəhərindən tamamilə təmizləmişdi.
Düşmən döyüş meydanında 64 zenit topu, 43
tank, 16 eşelon, 40 min tona yaxın yanacaq, 5 parovoz və 40 silah
ehtiyatı qoyaraq qaçmışdı.
Xıdır Mustafayev müharibə illərində
göstərdiyi igidliyə görə 2 “Lenin” ordeni,
“Qırmızı Ulduz” Ordeni, 1-ci dərəcəli Vətən
müharibəsi ordeni, “Qırmızı Bayraq” ordeni,
“Qırmızı Ulduz” medalı ilə də təltif
edilmişdir.
O, 21 may 1975-ci ildə vəfat edib.
Kəşfiyyatçı
Əlif Piriyev və polkovnik Həbibulla Hüseynov
Xüsusi qəhrəmanlığı ilə
tarixdə qalan və Sovet İttifaqı qəhrəmanı
adına layiq görülən həmvətənlərimizdən
biri də Əlif Piriyev olub.
Əlif Piriyev 10 yanvar 1922-ci ildə Neftçala
rayonu Z.O.Qoltuq kəndində anadan olmuşdur. Əmək fəaliyyəti
dövründə neft sahəsində operator, sonralar sərnişindaşıma
- nəqliyyat sahəsində işləyən Əlif Piriyev
1938-ci ildə 26 Bakı komissarı adına qəsəbədəki
neft mədənində neftçıxarma operatorunun köməkçisi
kimi fəaliyyətə başlamışdır.
1941-ci ilin iyulunda cəbhəyə gedən
Piriyev müharibənin ilk günündən başlayaraq
Şimali Qafqaz cəbhəsinin tərkibində alman-faşist
işğalçılarına qarşı qəhrəmancasına
döyüşmüşdür. Cəsur həmyerlimiz
Novorossiysk yaxınlığında “Kiçik torpaq”da
vuruşmuş, dəfələrlə kəşfiyyatda
olmuş, Kerç desantının tərkibində Krım
torpağına çıxarılmış bu
döyüşlərdə dəfələrlə yaralansa da,
sağalan kimi döyüş meydanına
qayıtmışdır.
Krımın azad edilməsi uğrunda gedən
döyüşlərdə göstərdiyi mərdlik və
igidliyə, Sapundağa hücum zamanı şəxsi
qorxmazlığı və qəhrəmanlığına
görə Əlif Piriyev SSRI Ali Soveti Rəyasət Heyətinin
1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet Ittifaqı Qəhrəmanı
adına layiq görülmüşdür.
Əlif Piriyev müharibədən sonra
uzun illər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin
Bakı sərnişin daşımaları istehsalat birliyi
sistemində çalışmışdır. O, 1986-cı
ildə vəfat etmişdir. Neftçala şəhər
parkında büstü, şəhərdə adını
daşıyan küçə vardır.
Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülən Həbibulla Hüseynov da
İkinci Dünya müharibəsində qəhrəmanlıqlar
göstərən həmyerlilərimizdən biri olub. O,
ölümündən sonra 29 iyun 1945-ci ildə SSRİ Ali
Soveti Rəyasət Heyətinin Fərmanı bu ada layiq
görülüb. Bundan başqa, o, bir çox orden və
medallarla da təltif olunub: İki “Qırmızı Bayraq”
ordeni, “Qırmızı Ulduz”
ordeni, Birinci dərəcəli Böyük Vətən
Müharibəsi ordeni, Stalinqradın qorunması
üçün verilən orden, Kenisberqin alınması
üçün verilən orden.
Sovet İttifaqı Qəhrəmanı Həbibulla
Eynulla oğlu Hüseynov 9 oktyabr 1910-cu ildə Ərdəbil
şəhərində anadan olub. Tiflis hərbi məktəbini
bitirib. Müharibənin ilk günlərindən Hüseynov
komandir divizion vəzifəsində düşmənlə qərb
istiqamətində vuruşub.
1943-cü ildə müdafiə nazirinin əmri
ilə 658-ci zenit-artilleriya diviziyası 268-ci qvardiya
zenit-artilleriyası ilə əvəz edildi və polkovnik Həbibulla
Hüseynov komandir təyin edilib.
Polkovnik
Hüseynovun birləşmələri Pribaltikanın və
Şərqi Prussiyanın azad edilməsində 1-ci Pribaltika cəbhəsinin
tərkibində vuruşub. 1945-ci ilin yazında 3-cü Belarus
cəbhəsi Zenlaynd yarımadasının düşməndən
azad edilməsinə başlamışdı və faşistlərin
əks hücumlarının ardı-arası kəsilmirdi.
Düşmən nəyin bahasına olursa-olsun Pillau rayonuna
daxil olmaq istəyirdi, çünki oradan gəmilər vasitəsilə
təxliyə olmaq hələ də mümkün idi. Qaydau kəndi
yaxınlığında vəziyyət daha da gərgin idi,
almanlar tankların köməyi ilə sovet müdafiəsini
yarıb keçmişdilər. Bu vəziyyətdə cəsur
polkovnik zenit hissələrinə irəli əmrini verir və
düşmənin tanklarını birbaşa hədəfə
alır.
6 aprel
1945-ci ildə 35 yaşlı komandir komanda məntəqəsini
tərk edərək döyüşə şəxsən
özü rəhbərlik edir. Beləliklə, düşmənin
qarşısı alınır və onlar geriyə çəkilməyə
məcbur olurlar. Bu döyüşdə qəhrəman həmyerlimiz,
diviziya komandiri Həbibulla Hüseynov qəhrəmancasına həlak
olur.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 18 iyul.- S.14.