Arxeologiya elminin cəfakeşlərindən
biri
Çöl
arxeologiyasının əvəzsiz tədqiqatçısı
Azərbaycanda arxeologiya elminin
inkişafında xüsusi xidmətləri
olan tədqiqatçı alimlərimiz
arasında onun müstəsna yeri var. Ölkəmizdə
aparılan bir çox
əhəmiyyətli çöl arxeologiyası
işlərinin təşkili və uğuru
məhz bu alimimizin
adı ilə bağlıdır.
Bu görkəmli tədqiqatçı alimimiz tarix elmləri doktoru, professor Cabbar Xəlilovdur.
C.Ə.Xəlilov
1928-ci il mayın 9-da Quba
rayonunun Xucbala kəndində
anadan olmuşdur. Onun gənclik illəri II Dünya
müharibəsi illərinə düşmüşdür.
Gənc Cabbar ilk əmək
fəaliyyətinə də bu dövrdə
başlamışdır. Müharibə başa
çatdıqdan sonra o,
1946-cı ildə Quba Pedaqoji
məktəbinə getmiş, 1947-ci ildə
Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil
olmuşdur.
Universiteti 1952-ci ildə arxeologiya ixtisası üzrə bitirən Xəlilov
Y.A. Paxomovun rəhbərliyi altında “Skif və sarmatlarda
atların dəfni və onların Azərbaycanda təsadüf
edilmiş qəbirlərlə müqayisəsi”
mövzusunda diplom işini müdafiə etmişdir.
Gənc arxeoloqun arxeoloji
çöl-tədqiqat işlərinə ilk
dəfə cəlb olunması 1950-ci ilə təsadüf edir. Bu zaman
o, müəllimi məşhur arxeoloq S.M.Qazıyevin rəhbərliyi
altında Mingəçevir arxeoloji abidələri
kompleksində küp və katakomba qəbirlərinin
qazıntılarında iştirak etmişdir.
Öz sahəsini çox sevən tədqiqatçı arxeoloq 1952-ci ildə Qafqaz
arxeologiyası ixtisası üzrə aspirantura
təhsili almaq üçün
Moskva şəhərinə, SSRI Elmlər
Akademiyasının Maddi-mədəniyyət tarixi
institutuna (indiki Rusiya EA Arxeologiya Institutu) ezam olunmuşdur. 1955-ci ildə o,
Moskvada məşhur alim
Y.İ.Kmpnovun elmi rəhbərliyi
altında “Qərbi Azərbaycanın son tunc dövrü və dəmir
dövrünün əvvəllərinə
aid arxeoloci abidələri”
mövzusunda namizədlik dissertasiyası
müdafiə etmişdir. C.Xəlilov
aspirantura illərində görkəmli Rusiya arxeoloqu A.A.Iyessenin rəhbərlik etdiyi
SSRI EA və Azərbaycan EA-nın birgə Azərbaycan (Örənqala)
arxeoloji ekspedisiyasının tərkibində
(1953-cü il) və habelə
S.M.Qazıyevin rəhbərliyi altında Qazax
rayonundakı Qazaxbəyli abidəsinin (e.ə. VIII-VI əsrlər)
tədqiqatlarında (1954-cü il) iştirak etmişdir. Arxeoloq alim Gədəbəy
yaxınlığındakı Pir
qalaçası siklop tikintisində
apardığı kəşfiyyat qazıntısı
zamanı(1954-cü il) ilk
dəfə belə bir qənaətə gəlmişdir
ki, Azərbaycanın siklop
tikililərinin bir qrupu
daimi yaşayış məskənləri
olmuşdur. Alimin
bu və başqa
fikirləri 1959-cu ildə nəşr etdirdiyi
“Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün
əvvəllərinə aid arxeoloji abidələri” kitabında
toplanmışdır.
Görkəmli
arxeoloq C.Ə.Xəlilovun fəaliyyətinin
mühüm bir dövrü Azərbaycan EA Tarix
Institutu ilə bağlıdır. Alim 1958-ci ildən “arxeologiya”
ixtisası üzrə baş elmi işçi
adını almışdır. O, 1968-ci ildən ömrünün sonunadək əsasını
qoyduğu Çöl-tədqiqat işləri
şöbəsinə rəhbərlik etmişdir.
Azərbaycan bölgələrinin
tarixinə işıq
Tarix İnstitutunda işlədiyi ilk illərdə o, İ.H.Nərimanovla
birgə Qazax rayonundakı Qazaxbəyli
(1956-cı il) və Sarıtəpə
(1956-1957-ci illər) abidələrində, Q.M.Əhmədovla
birgə Ağdaş rayonundakı alban dövrünə aid
Çayboğazı (1957-ci il),
Hacıqabul rayonunun Tava
və Qubalı kəndləri ətrafındakı orta əsr abidələrində (1958-ci il)
tədqiqatlar aparmışdır.
“Vikipedia”nın
alim haqqındakı məqaləsindən
öyrənirik ki, C.Ə.Xəlilov
1957-ci ildə ilk dəfə arxeoloji ekspedisiya rəisi kimi Azərbaycan tarixi muzeyinin ekspedisiyasına
başçılıq edərək Xızı rayonunun Altıağac kəndi
yaxınlığında, orta əsr Dərəzarat
və başqa abidələrdə arxeoloci tədqiqat işləri
aparmışdır. C.Ə.Xəlilovun əsas arxeoloji nailiyyətləri sırasına bir çox işlər daxildir. Sarıtəpə abidəsində e.ə.
V-IV əsrlərə aid
möhtəşəm bir saray
qalıqlarının üzə çıxarılması və
burada Əhəməni imperiyasının
canişinlərindən birinin iqamətgahının
yerləşməsinin təsdiqlənməsi, Şamaxı
şəhəri yaxınlığındakı
Xınıslı şəhərgahında Samexiya
(Kamexiya) alban şəhərinin
qalıqlarının aşkar edilməsi
və Şamaxı şəhərinin 2400 yaşı olduğunun müəyyən edilməsi nailiyyətləriməhz
Xəlilovun adı ilə bağlıdır.
C.Ə.Xəlilov “Qafqaz
Albaniyasının maddi mədəniyyəti
(e.ə. IV - b.e. III əsrləri)”
mövzusunda doktorluq
dissertasiyası (1974-cü ildə) müdafiə edərək
tarix elmləri doktoru elmi dərəcəsinə layiq
görüldü. Daha
sonralar bu işi yeni materiallarla
zənginləşdirən alim 1985-ci ildə
onu “Qafqaz
Albaniyasının maddi mədəniyyəti”
adlı kitab halında nəşr etdirdi. Onun tədqiqatlarına
qədər belə bir fikir
hökm sürürdü
ki, Albaniyada bir-birinə
yad olan
ayrı-ayrı tayfalar yaşamış və
onlar özlərinə məxsus mədəniyyətlər
yaratmışlar.
Hələ
1958-ci ildən tanış olduğu
Şimal-Şərqi Azərbaycanın abidələridə alimin diqqətini çox
cəlb edirdi. Beləliklə, C.Ə.Xəlilovun rəhbərliyi altında xüsusi ekspedisiya
1976-1980-cı illər ərzində Quba, Qusar, Dəvəçi, Siyəzən, Xaçmaz rayonları ərazisində 200-dən
çox abidə qeydə almış,
onların çoxunda kəşfiyyat
qazıntı işləri apararaq mədəni
təbəqələri aşkara
çıxarmışdır. Burada
Şabran, Sandıqtəpə şəhərgahlarında,
Sərkərtəpə yaşayış yerində
aparılmış geniş miqyaslı arxeoloji qazıntı işləri Qafqaz arxeologiyasına öz
əhəmiyyətli töhfələrini bəxş etmişdir. Sandıqtəpə abidəsində
aparılan arxeoloci qazıntı işləri
nəticəsində Quba şəhərinin
IV-XIIII əsrlərdə burada yerləşməsi
və beləliklə, Qubanın təqribən 1700
yaşı olduğu müəyyən edilmişdir.
Bunlardan başqa,
1981-1982-ci illər ərzində köhnə Gəncə
şəhərgahında apardığı arxeoloci
qazıntı işləri nəticəsində C.Ə.Xəlilov
şəhərin IX əsrdən XVII əsrədək olan dövrə I aid mədəni
təbəqələrini və qiymətli sənət
nümunələrini üzə
çıxarmışdır.
Alimin
ölkə xaricindəki elmi işləri
Azərbaycanda
və keçmiş SSRI-nin
digər respublikalarında alimin müxtəlif
dillərdə 150-dən çox elmi əsəri nəşr edilmişdir.
Belə əsərlər sırasında akademik
B.A.Rıbakovun ümumi redaktorluğu
altında çıxan “SSRİ arxeologiyası” fundamental çoxcildliyinin
nəşrində C.Ə. Xəlilovun iştirakını xüsusi qeyd etmək
lazımdır. Xəlilov bu tədqiqat əsərinin
çap olunmuş
cildlərinin müəllifləri arasında yeganə azərbaycanlı
arxeoloqdur. Alimin eyni zamanda müəlliflərindən
biri olduğu həmin
cild “Qafqaz və Orta Asiyanın ən qədim dövlətləri”
adı altında 1985-ci ildə Moskvada nəşr
edilmişdir. Ümumiyyətlə, C.Ə.Xəlilov
Azərbaycandan kənarda kitabı çıxmış ilk azərbaycanlı arxeoloqdur.
Arxeoloq alim həmçinin
dünyanın bir sıra ölkələrində
çox sayda tədbirlərdə
məruzələrlə çıxış etmiş,
nüfuzlu konfranslara sədrlik
etmişdir.
-
“Dədə Qorqud” bədii filminin
(1975-ci il) ilk və son kadrlarındakı çöllərə səpələnmiş
daş insan heykəllərini
hamı xatırlayır, lakin
çoxları bilmir ki,
bunlar filmin çəkiliş
ərəfəsində süni
yaradılmış müqəvvalar deyil,
qədim tarixi abidələrdir. Həmin heykəllər
1965-1968-ci illərdə C.Ə.Xəlilov tərəfindən
Şamaxı rayonunun Çıraqlı kəndi
yaxınlığındakı qədim abidədən aşkar edilmişdir. Filmin çəkilişi
zamanı bu heykəllər haqqında
eşidən quruluşçu rejissor Tofiq
Tağızadə və ssenari müəllifi
Anar yaradıcı qrupla
xüsusi olaraq bu məqsədlə Şamaxıya gəlmiş
və heykəllərlə bağlı kadrları burada lentə köçürmüşlər.
C.Ə.Xəlilov Azərbaycanın maddi mədəniyyət
abidələrinə həsr olunmuş bir neçə sənədli televiziya
filmlərinin də rəsmi elmi məsləhətçisi
olmuşdur"(Vikipedia).
Həqiqətən
də, C.Ə.Xəlilov arxeoloji
materialların bərpası və qorunması işində böyük fədakarlıq göstərirdi. Bunu qızıl suyuna
çəkilmiş gümüş
qabın taleyi bir daha sübut edir. Parçalanmış vəziyyətdə
tapılmış bu qabın bərpası
yalnız Moskvada Dövlət Tarix muzeyində mümkün
idi. Amma həmin vaxt bərpa
işlərinə başlamağa bir şərtlə razılıq verdilər ki, həmin qab mühafizə
üçün Moskva
muzeyinə veriləcəkdir. Azərbaycanlı alim buna
razılaşmadı və nadir sənət
nümunəsi 1970-ci ildə V.N.Darkeviç
tərəfindən Moskvada bərpa
edildikdən sonra Azərbaycana
qaytarıldı. Həmin qab hazırda Azərbaycan
tarixi muzeyinin xüsusi qiymətli əşyalar fondunda qorunub
saxlanılır.
Görkəmli
alimin arxeologiya elminə
verdiyi töhfələri saymaqla
bitməz. Onun bu əməyi
1970-ci ildə “Şanlı əməyə görə”,
1986-cı ildə “Əmək veteranı” medalları ilə təltif
edilmişdir.
Unudulmaz arxeoloq
alim 1994-cü il
martın 29-da uzun sürən xəstəlikdən
sonra 66 yaşında vəfat etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 19 iyul.- S.14.