İncə sənət
yolunda keçən ömür
Sənətşünas
Aida Tağızadə
Azərbaycan musiqi mədəniyyətinin
inkişafına böyük xidmətlər göstərmiş
peşə sahiblərimiz sırasında sənətşünaslarımız
da önəmli yer tutur. Belə sənət sahiblərimizdən
biri də professor Aida Tağızadədir. Görkəmli sənətşünas
bir çox elmi metodik əsərlərin və dərsliklərin
müəllifi olmaqla bərabər, həm də peşəkar
musiqişünaslar nəsli yetişdirən, bir neçə
sənətşünaslıq dissertasiyasına rəhbərlik
edən gözəl pedaqoqdur.
Onun
yazdığı əsərlərə “Azərbaycan musiqi
tarixi”, “Azərbaycan musiqisi müntəxabatı”nı
nümunə göstərmək olar. Aida xanım həyatı
boyu elmi yaradıcılıqla məşğul olmuşdur. O,
“XX əsr Azərbaycan musiqisi” məqalələr toplusunun tərtibçisi
və elmi redaktorudur.
Aida
Zeynal qızı 5 fevral 1934-cü ildə Şuşa şəhərində
dünyaya gəlmişdir. O, 150 saylı məktəbdə,
daha sonra isə Asəf
Zeynallı adına Musiqi Kollecində təhsil almış, təhsilini
qırmızı diplomla bitirərək Ü.Hacıbəyli
adına Konservatoriyaya daxil olmuşdur. Əvvəlcə
fortepiano üzrə ifaçılıq şöbəsində
oxuyan Aida xanım iki ildən sonra musiqişünaslıq
şöbəsində təhsilini böyük uğurla
başa vurmuşdur.
Aida
xanımın atası Zeynal Tağızadə dilşünas,
filologiya elmləri doktoru olmuş, anası Hacıyeva
Sayalı xanım isə pedaqoji və tibb institutlarını
bitirmişdir. Aida xanımın sənətə olan olan məhəbbətinin
formalaşmasında ailəsinin böyük rolu olmuşdur.
Tağızadələr
Azərbaycanın tanınmış soylarından biridir.
Hacı Imamqulunun üçüncü oğlu Tağı
1808-ci ildə Şuşa şəhərində anadan
olmuşdu. Molla yanında oxumuşdu. Rastabazarda baqqal
dükanı işlədirdi. Müqəddəs Kərbəla
torpağını ziyarət etmişdi. Kərbəlayı
Tağı Şahnisə ilə ailə qurmuşdu. Şirin,
Zeynalabdin, Adıgözəl, Qasım adlı oğlanları,
Şəhri adlı qızı vardı. Kərbəlayı
Tağının törəmələri Tağızadə
soyadını daşıyırdılar.
“Vikipedia”nın
sənətşünas haqqında nəşr etdiyi məqalədə
onunla bağlı əsas bioqrafik məlumatlar əksini
tapıb. Aida xanım 1958-ci ildən bu günə qədər
Bakı Musiqi Akademiyasında (BMA-da) fəaliyyət göstərir.
O, pedaqoji fəaliyyətlə yanaşı, Azərbaycanın
bir çox görkəmli bəstəkarları və
ifaçıları haqqında monoqrafiyaların,
broşürlərin, oçerk və məqalələrin
müəllifidir. Onun görkəmli bəstəkarlarının
bəzilərinə həsr olunmuş kitabları öz məzmun
və təhlil metoduna görə böyük əhəmiyyət
kəsb edir. Bunlardan Azərbaycan simfonik musiqisinin təşəkkülü
və inkişafında böyük səy göstərən,
hərtərəfli inkişaf etmiş böyük nəzəriyyəçi,
görkəmli bəstəkar Cövdət Hacıyevə həsr
olunmuş monoqrafiyadır.
Kitabda onun beş simfoniyası, “Sülh uğrunda”
simfonik poeması, kamera-instrumental musiqisi və fortepiano
üçün “Musiqi lövhələri” yüksək
professional səviyyədə təhlil olunur.
Sənətşünasın
dəyərli əsərləri
Aida
xanımın 1985-ci ildə “Yazıçı” nəşriyyatında
çap olunmuş növbəti kitabı görkəmli bəstəçimiz
Soltan Hacıbəyovun yaradıcılığına həsr edilib.
Maraqlıdır ki, 1969-cu ildə müdafiə etdiyi namizədlik
dissertasiyası da istedadlı sənətkarımızın əsərlərinin
təhlililə bağlıdır. Həmin monoqrafiyada bəstəçinin
“Gülşən” baleti, simfonik janrda yazılan əsərləri,
onun üslubu üçün səciyyəvi bir çox
xüsusiyyətlər yüksək səviyyədə
araşdırılmışdır.
Aida
xanımın sonrakı tədqiqat nümunəsi müasir
musiqi sənətimizin görkəmli nümayəndələrindən
Aqşin Əlizadənin yaradıcılığına həsr
olunmuş monoqrafiyadır. Burada “Kənd süitası”, o
dövrdə yazılan simfoniyaları, özünəməxsus
xor və kamera-instrumental əsərləri təhlil olunaraq, bəstəkarın
müasir Azərbaycan musiqi mədəniyyətində
tutduğu uğurlu və hətta “yenilikçi” mövqeyi
şərh olunmuşdur.
Müxtəlif
qəzet və jurnallarda Aida xanımın 100-ə yaxın məqaləsi
çap olunmuşdur. Bunlardan çoxu yerli mətbuatda, bəziləri isə respublikadan kənar
mətbu orqanlarda çap olunmuşdur. Məqalələrin əsas
mövzuları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov,
Arif Məlikov və başqa böyük sənətçilərinin
yaradıcılığı, bədii üslubun özəllikləri,
yeni əsərlərin təhlilidir.
A.Tağızadə
Azərbaycan milli musiqi sənətimizin bir çox xarici
ölkələrdə - İtaliya, Almaniya,
Çexoslovakiya, Türkiyədə təbliğində də
böyük əmək sərf etmişdir. Aida xanım
professional ifaçılıq sənətimizə xüsusi
diqqət ayırmış, öz yazılarında
Müslüm Maqomayev, Fidan və Xuraman Qasımova
bacıları, Sərvər Qəniyev, Elmira Səfərova, Fəridə
Quliyeva, Aida Abdullayeva kimi sənətkarların
yaradıcılığına geniş yer vermişdir.
Vətəndən uzaqlarda
“sənət dərsi”
Aida
xanım Tağızadə 1996-2007-ci illərdə fəaliyyətini
qardaş Türkiyənin Ankara Bilkənd universitetində davam
etdirmişdir. Türkiyədə fəaliyyət göstərdiyi
illərdə o, Azərbaycan və onun musiqi həyatı ilə
əlaqələrini kəsməmiş, “XX əsr Azərbaycan
musiqisi” məqalələr toplusunun II cildini hazırlamışdır.
Bu kitab Üzeyir Hacıbəylinin 110 illiyinə həsr
olunmuşdur. Kitab 1997-ci ildə işıq üzü
görmüşdür. Dahi bəstəkarın yaradıcılığına həsr
olunmuş bu kitabda onun zəngin irsi geniş şəkildə
işıqlandırılmışdır. Məqalələrin
çoxunda Aida xanım Azərbaycan bəstəkarlarının
inkişafında Üzeyir Hacıbəylinin ənənə və
prinsiplərinin bəhs etmişdir. Kitabda eyni zamanda yeni mənbələrdən
istifadə edən müəllif dahi sənətkarın
yaradıcılığı, şəxsiyyəti haqqında
daha dolğun təsəvvür yaradır. Türkiyədə
işləyərkən A.Tağızadə Bakıda nəşr
olunan kitab və qəzetlər üçün Azərbaycan
musiqisi ilə bağlı bir sıra məqalələr
yazmış, uğurla müdafiə olunmuş iki namizədlik
dissertasiyasının elmi rəhbəri olmuşdur.
“Musiqi
tarixi” kafedrasının müdiri kimi də Aida xanım öz
təşkilatçılıq bacarığını
göstərə bilmiş, onun rəhbərliyi və
iştirakı ilə kafedranın əksər üzvləri
namizədlik dissertasiyalarını müdafiə etmişlər.
Aida
xanımın Azərbaycan bəstəkarlarının
yaradıcılığına həsr olunmuş kitab və
broşürləri Azərbaycan
musiqişünaslığına bir töhfədir. Görkəmli
bəstəkarlar C.Hacıyevin, Hacıbəyovlar sülaləsinin
nümayəndəsi Soltan Hacıbəyovun, müasir musiqi sənətinin
görkəmli nümayəndəsi A.Əlizadənin
yaradıcılıqlarına həsr olunmuş
monoqrafiyaları buna misal göstərmək olar.
Aida
xanımın ömür-gün yoldaşı,
respublikamızın dünya miqyasında tanınmış
alimlərindən biri akademik Tofiq Əliyevdir. Onların iki
övladı var. Oğlu Fuad Əliyev texniki elmlər doktorudur
və uzun illər Almaniyada çalışıb, indi isə
Ankarada özəl universitetdə fəaliyyət göstərir.
Qızı Nigar Əliyeva anasının yolunu davam etdirir, sənətşünaslıq
namizədidir. Hazırda Almaniyada məskunlaşaraq, orada
öz fəaliyyətini davam etdirir. Aida xanım həmişə
olduğu kimi öz
yaradıcılıq axtarışları və müəllimlik
fəaliyyəti yolundadır.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 20 iyul.- S.14.