Unudulmaz
riyaziyyatçı alim
Onun böyük elmi
töhfələri
Azərbaycan elminin görkəmli
simaları zaman-zaman fəaliyyət göstərdikləri elm
sahələrində böyük nailiyyətlər
qazanmış, bu nailiyyətləri nəinki öz ölkəmizdə,
uzaq xaricdə də uğurla nümayiş etdirmişlər.
Təsadüfi deyil ki, bir çox alimlərimizin sorağı
bu gün ayrı-ayrı xarici ölkə universitetlərindən
gəlir. Təəssüf ki, belə şöhrətli alimlərimizin
bir çoxu haqqında məlumatlı deyilik və onların
adları yalnız dar dairədə tanınaraq qalır.
Ölkəmizdə fizika-riyaziyyat elminə mühüm
töhfələr verən və elmimizi uzaq sərhədlərdə
layiqincə təmsil etmiş alimlərimizdən biri də
fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir
üzvü Bala Ağa İsgəndərov olmuşdur.
Görkəmli
alimin yaradıcılıq yolu böyük bir elm
adamının gərgin zəhmətini, iradəsini və nail
olduğu gözəl nəticələri göz önündə
canlandırır. Məşhur elm xadimi respublika və xarici
ölkələrin mötəbər jurnallarında çap
olunmuş 62 elmi əsərin müəllifidir. Onun rəhbərliyi
altında fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi
almaq üçün 13 dissertasiya işi müdafiə
olunmuşdur. B.A.İsgəndərov
100-dən artıq doktorluq və namizədlik
dissertasiyalarının opponenti olmuşdur. Riyaziyyatçı
alimin xaricdə çıxmış elmi əsərlərinin
sayı isə 23-ə çatır.
Bala
Ağa Hüseyn oğlu İsgəndərov 1936-cı
il dekabrın 21-də Bakı şəhərində dünyaya gəlmişdir.
O, 1955-ci ildə Bakı şəhəri 17 saylı orta məktəbi
əla qiymətlərlə bitirərək, Azərbaycan Dövlət
Universitetinin (ADU) fizika-riyaziyyat fakültəsinə daxil
olmuşdur. Gənc Bala Ağa 1958-ci ildə təhsilini davam
etdirmək üçün SSRİ Ali Təhsil Nazirliyinin əmri
ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU)
mexanika-riyaziyyat fakültəsinə
köçürülmüşdür. B.A.İsgəndərov
1961-ci ildə bu fakültəni bitirmiş, həmin il ADU-nun
aspiranturasına daxil olmuş və yenidən MDU-ya ezam
olunmuşdur. İstedadlı
gənc burada professor A.Q.Kostyuçenko və professor
M.V.Fedoryukun rəhbərliyi altında namizədlik
dissertasiyası yazmışdır.
Karyerası
dövründə mühüm nailiyyətlərə imza atan
B.A.İsgəndərov
1964-cü ilin dekabr ayından Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda
(RMI) işləməyə başlamışdır. O, otuz ildən
artıq həmin institutun “Diferensial tənliklər”
şöbəsinin müdiri olmuşdur.
Önəmli bir tənliyin
həlli
Azərbaycanlı
alim 1967-ci ildə “Petrovskiyə görə korrekt tənliklər
və sistem tənliklər üçün Koşi məsələsinin
həllinin zamanın böyük qiymətlərində tədqiqi”
mövzusunda namizədlik dissertasiyası müdafiə
etmişdir. “Bu işdə o, Petrovskiyə görə korrekt tənliklər
üçün Koşi məsələsinin həllinin
zamanın böyük qiymətlərində azalması
üçün kafi vermiş və məsələnin həllinin
azalma sürətini dəyişənlərin fəza
ölçüsündən asılı olaraq təyin
etmişdir. Bu nəticə hiperbolik tip tənliklər
üçün məlum olan Hügens prinsipinin daha geniş
sinif təşkil edən, Petrovskiyə görə korrekt, tənliklər
üçün analoqudur”(Vikipedia).
Bala
Ağa İsgəndərova
1969-cu ildə SSRİ
AAK tərəfindən “Diferensial və İnteqral tənliklər”
ixtisası üzrə baş elmi işçi adi
verilmişdir. Alim 1994-cü ildə Bakı Dövlət
Universitetində “Silindrik oblastlarda elliptik tənliklər
üçün şüalanma prinsipləri” mövzusunda
doktorluq dissertasiyası müdafiə etmişdir. Alim
haqqında bioqrafik məlumatda onun bu elmi
araşdırmaları belə formula olunur: “Bu işdə o,
xüsusi törəməli diferensial nəzəriyyəsində
məlum olmayan iki yeni effekt müəyyən etmişdir. Bu
effektlərdən biri silindrik oblastlarda spektral parametrdən
asılı elliptik tənliyin tərtibi silindrik oblastın
uzununa ölçüsündən böyük olduqda rezonans
hadisəsinin aşkar edilməsidir. İkinci effekt isə rezonans
olmayan halda hiperbolik tip tənliklər üçün
qoyulmuş qarışıq məsələ
üçün limit amplitudu prinsipinin doğru olduğunun
göstərilməsi və qeyri-stasionar məsələnin həllinin
uyğun stasionar məsələnin həllinə zamanın
böyük qiymətlərində yaxınlaşma sürətinin
təyin edilməsidir”.
Öz
elmi çalışmalarını böyük səylərlə
davam etdirən riyaziyyatçı alim B.A.İsgəndərov
S.L.Sobolev tipli müxtəlif tənliklər üçün
Koşi məsələsi, sonsuz silindrik və məhdud
oblastlarda qarışıq məsələlərin həllərinin
varlığı (təsfiri), yeganəliyi və bu məsələlərin
həllinin zamanın böyük qiymətlərində
asimptotikası haqqında bir sıra mühüm nəticələr
alınmışdır.
“Fırlanmayan,
stratifisə olunmuş mayelərin hərəkətinin tədqiqində
daxili qravitasiya dalğa tənliyi meydana çıxır. Bu tənlik
üçün birölçülü halda Koşi məsələsi,
ikiölçülü zolaqda isə qarışıq məsələ
A.Q.Sveşnikov və S.A.Qabov tərəfindən tədqiq
edilmişdir. Bu məsələ
çoxölçülü silindrik oblastda Bala İsgəndərov
tərəfindən öyrənilmişdir. Məsələnin
həllinin zamanın böyük qiymətlərində
silindrin uzununa ölçüsündən asılı olaraq
müxtəlif asimptotikaya malik olmasını göstərmişdir.
Belə nəticə əvvəllər elmə məlum
deyildi”.
Alimin yüksək elmi
adları
Alimin əldə
etdiyi bir sıra nəticələr 2004-cü ildə nəşr
etdirdiyi “Silindrik oblastlarda elliptik tənliklər
üçün şüalanma prinsipləri” adlı
monoqrafiyasına daxil edilmişdir.
Bundan
başqa, görkəmli alim Sobolev tipli tənliklər
üçün Koşi məsələsi və
qarışıq məsələlərin həllərinin
zamanın böyük qiymətlərində asimptotik
ayrılışı ilə məşğul olmuşdur.
1996-cı
ilin fevral ayında Azərbaycan Respublikası AAK tərəfindən
B.A.İsgəndərova
“Differensial tənliklər” ixtisası professor elmi adı
verilmişdir. 2001-ci ilin iyun ayında o, AMEA-ya müxbir üzv
seçilmişdir.
B.A.İsgəndərov
öz sahəsinin yüksək səviyyəli peşəkarlarından
biri kimi dəfələrlə ümumittifaq, beynəlxalq və
respublika miqyaslı elmi konfransların təşkilat komitəsinin
üzvü olmuş, nüfuzlu elmi məruzələrlə
çıxış etmişdir. O, həmçinin
1968-1994-cü illər Bakı Dövlət Universitetinin
dosenti, 1995-2001-ci illər BDU-nun professoru adına layiq
görülmüşdür.
Məşhur elm xadimi 1996 və 2001-ci
illərdə AMEA-nın Fəxri Fərmanları ilə,
2008-ci ildə S.L.Sobolev adına medalla təltif olunmuşdur.
Böyük alimi özündən sonra
elm aləminə töhfə olaraq buraxdığı irs ən
dəyərli xəzinədir. Bundan başqa, onun yetirmələri arasında indi həm respublikada, həm
də ölkə xaricində mühüm elmi nailiyyətlər
qazanmış onlarla şəxs var ki, onlar da öz müəllimlərinin
yolunu uğurla davam etdirirlər.
Görkəmli riyaziyyatçı alim B.A.İsgəndərov
2012-ci ilin avqust ayında vəfat etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 21 iyul.- S.14.