Fəlsəfi fikir tariximizdə Qasımov imzası

 

Ömər Xəyyamın fəlsəfi dünyasını öyrənən alim

 

Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmiş görkəmli şəxsiyyətlərdən biri də fəlsəfə elmləri doktoru, professor Mehbalı Qasımov olub. Görkəmli alim-filosof olan Mehbalı Qasımov eyni zamanda  ölkənin ictimai-siyasi həyatında önəmli rol oynamış şəxsiyyətlərdən biri idi.

 

Alim o zamankı Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin ictimai elmlər şöbəsinə başçılıq etməklə yanaşı, SSRİ Ali Attestasiya Komissiyasının fəlsəfə elmləri bölməsinin, “Azərbaycan kommunisti” jurnalının və bir sıra elmi jurnalların redaksiya heyətinin üzvü idi. Fəlsəfə elminə verdiyi əvəzsiz töhfələrə, ictimai-siyasi fəaliyyətinə görə görkəmli alim əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülmüşdü.

Mehbalı Məhəmməd oğlu Qasımov 1906-cı il may ayının 18-də Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində anadan olmuşdur. İlk təhsilini Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda alan Mehbalı Qasımov 1932-ci ildə Moskva Tarix-Fəlsəfə İnstitutunun fəlsəfə fakültəsinə daxil olub və 1937-ci ildə təhsilini başa vurub. Respublikanın müxtəlif ali məktəblərində dialektik və tarixi materializmdən dərs deyən  Mehbalı Qasımov 1940-cı ilin mart ayında ordu sıralarına çağırılıb. Müharibənin son günlərinədək cəbhə bölgələrində olan Mehbalı Qasımov mayor rütbəsində ordudan tərxis olunub.

1945-ci ilin ortalarından Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi əməkdaşı kimi fəaliyyətə başlayan Mehbalı Qasımov 1946-cı ildə “Ömər Xəyyamın fəlsəfi dünyagörüşü” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

“Vikipedia”nın yazdığına görə 1950-1962-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) fəlsəfə kafedrasının müdiri vəzifəsində işləyib. Azərbaycan fəlsəfi, ictimai-siyasi və estetik fikir tarixi sahəsində sanballı  tədqiqatlar aparıb, “Ömər Xəyyam rübailərində materializm” (1947), “V.Q.Belinski XIX əsr rus klassik fəlsəfəsinin görkəmli nümayəndəsidir” (1950), “M.F.Axundov və XIX əsr rus inqilabi-demokratik estetikası” (1954) kimi əsərləri elmi ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. 6 cildlik “Fəlsəfə tarixi”nin müəlliflərindən olub.

“Rusiyanın XIX əsr qabaqcıl ideyalarının Azərbaycanda ictimai fikrin inkişafına təsiri” adlı doktorluq dissertasiyası yazan Mehbalı Qasımov 1956-cı ildə Moskvanın fəlsəfə ictimaiyyəti qarşısında dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək, fəlsəfə elmləri doktoru dərəcəsi alıb.

 

Alimin maraqlı tədqiqat işləri

 

Mehbalı Qasımov filosof kadrların yetişməsində də böyük xidmətlər göstərmişdir. Görkəmli alim kafedrada aspirantlarla yanaşı, dissertantların da elmi-tədqiqat işlərinə cəlb olunmasına şərait yaradırdı. Bu illər ərzində Azərbaycan Elmlər Akademiyasının fəlsəfə bölməsinə də rəhbərlik edən Mehbalı Qasımov istedadlı gənclərin yetişməsinə qayğı göstərməklə bərabər, SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına azərbaycanlı kadrlar göndərirdi. Məhz onun xüsusi diqqəti və qayğısı altında qısa müddətdə 40-dan artıq elmlər namizədi və elmlər doktoru yetişmişdi. Bir çox görkəmli filosof alimlərimiz Mehbalı Qasımovun tələbələri olub.

Mehbalı Qasımov elmin, təhsilin və mədəniyyətin, ümumən həyatın müxtəlif sahələrində yüksək istedadlı gəncləri görmək, onları qiymətləndirmək və öz qabiliyyətlərini göstərib, yüksək səviyyəyə qalxmaları üçün şərait yaratmağı vacib hesab edirdi.

O, eyni zamanda mənsub olduğu xalqın, millətin qəm və kədərini, dərd və qüssəsini, uğur və sevincini öz sinəsində, qəlbində gəzdirən əsl ziyalı idi. O, öz əsərlərində xalqımızın böyüklüyünü və müdrikliyini vəsf edirdi.  Görkəmli filosof M.Qasımov “Azərbaycan estetik fikir tarixindən” monoqrafiyasında məhz bu məsələləri ön plana çəkmişdi.

Ümumiyyətlə, Mehbalı Qasımovun Azərbaycan ictimai fikir tarixinin yazılması irəli sürdüyü elmi konsepsiyanın mahiyyəti ondan ibarət idi ki, hər bir xalqın ictimai-fəlsəfi fikri özünəməxsusdur və çox qədim köklərə bağlıdır. Bütün bunlarla yanaşı digər xalqlardakı bəşəri fikirlərin öyrənilməsi milli fəlsəfənin qarşılıqlı şəkildə formalaşması və zənginləşməsinə təsir edir ki, bütün bunlara tarixilik prizmasından təbii və sistemli yanaşmaq lazımdır. Bu baxımdan Azərbaycan xalqının milli təfəkkürü Şərq və Qərb fəlsəfi fikir tarixində qabaqcıl yer tutur.

Professor Həmid İmanov Mehbalı Qasımovu belə xatırlayır: “Mehbalı müəllim bizə Azərbaycanın ictimai fikir tarixindən mühazirə kursu oxuyarkən onun rəğbətini qazanmışdım və professor məni aspiranturada saxlamaq istədiyini bildirmişdi. Lakin o vaxtlar partiya üzvü olmayan adamın fəlsəfə üzrə aspiranturaya qəbul imtahanı vermək və qəbul olunmaq hüququ yox idi. Mən İranda yaşayan dayıma görə partiyaya qəbul edilmədiyimi ona bildirdikdə Mehbalı müəllim bu problemi, çətinliklə də olsa, həll etdi və mən aspiranturaya uğurla imtahan verdim”.

Mehbalı Qasımov istedadına inandığı gənclərlə müəllim-tələbə münasibətlərindən daha çox dost, yoldaş, ata-oğul münasibəti qururdu. Həsən Şirəliyev, Vəli Nəsirov, Adil Nəcəfov, İzzət Rüstəmov və onlarla gənc həmişə onun qayğısını hiss edib.

 

Xatirələrdə yaşayan filosof

 

Professor İzzət Rüstəmov: “Mehbalı müəllim hamının sevdiyi və çox adamların həsəd apardığı bir filosof, işıqlı şəxsiyyət idi. Mən kafedrada laborant işləyirdim. Mehbalı müəllimin şəxsi nüfuzu və təşəbbüsü sayəsində o vaxt mənə 2 otaqlı mənzil verildi. 17 il həmin mənzildə yaşadım. O, filosoflar ordusunun baş sərkərdəsi idi”.

Filologiya elmləri doktoru, professor Yavuz Axundlu da M.Qasımovu ehtiramla xatırlayır: “Saf, təvazökar, xeyirxah, qayğıkeş, dostluğa səmimi, haqqın, ədalətin tərəfdarı və qoruyucusu olan Mehbalı Qasımov həm də böyük vətəndaş, xalqını və millətini sevən bir ziyalı idi. O, ədaləti və doğrunu, özünün mənafeyinə ziyan vuran halda da, müdafiə edərdi. Bu böyük insan həmişə elmə, vətənə həqiqi xidmət nümunəsi sayılacaq”.

Mərhum tarixçi-alim, el ağsaqqalı Əli Əliyevin “Əlincə yaddaşı” kitabındakı xatirələri də maraq doğurur: “Mehbalı təkcə fəlsəfəni deyil, tarixi, ədəbiyyatı, siyasəti də dərindən bilən universal, sanballı şəxsiyyət idi. Azərbaycanın ədib və şairləri arasında Hüseyn Cavidi daha çox mütaliə edir, ”Şeyx Sənan"ı əzbər bilirdi...

Mehbalı bu dünyadan gileyli köçdü. Stalin-Bağırov irtica rejimi onun sinəsinə dağ çəkmişdi. Indi məni yandıran odur ki, bu böyük şəxsiyyət SSRİ-nin dağılmasını, doğma Azərbaycanın müstəqillik qazanmasını görə bilmədi..."

Mehbalı Qasımov 1963-ci ilin iyul ayında dünyasını dəyişib. Yaşasaydı, elmə, fəlsəfə tarixinin öyrənilməsinə hələ çox dəyərli töhfələr verə bilərdi. Ancaq onun gördüyü işlər və yazdığı samballı əsərlər də onun yaddaşlarda əbədi yer tutmasına, adının ölməz şəxsiyyətlər sırasına düşməsinə kifayət etdi. Müdriklik, xeyirxahlıq unudulmadığı kimi, bu keyfiyyətlərə malik şəxsiyyətlər də yaddaşlardan silinmir. Fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Mehbalı Qasımov məhz belə şəxsiyyətlərdən idi.

Professor Həmid İmanovun dediyi kimi: “Mehbalı müəllim öz mərdliyi, möhkəm iradəsi, cəsarəti, həssaslığı, ətrafındakı adamlara qarşı diqqətli olması və təbii ki, yüksək elmi və dərin fəlsəfi savadı ilə seçilirdi. Müdrik məsləhətləri ilə hamıya doğru yol göstərir, çətin vəziyyətlərdə kömək edirdi. O, müdrik və kamil bir filosof ömrü yaşadı”.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 22 iyul.- S.14.