“Məclisi-üns”un maarifpərvər üzvü
İskəndər bəy Rüstəmbəyov
Məlum
olduğu kimi, XIX əsrdə
Azərbaycanın müxtəlif şəhərlərində
yaranmış şeir məclisləri qələm
sahiblərini bir araya
gətirən və ədəbi mühiti
canlandıran əsas mərkəzlər idi.
Demək olar ki,
ölkəni bütünlükdə əhatə edən bu məclislərdə dövrün
ən istedadlı şairləri, musiqiçiləri və
ziyalıları toplanmışdı. Belə məşhur məclislərdən
biri də
1864-cü ildə Şuşada
yaranmış “Məclisi-üns” (“Dostluq
məclisi”) idi.
Zəmanəsinin görkəmli
şairlərindən sayılan Mirzə Rəhim Fənanın
təşəbbüsü ilə yaranan
“Məclisi-üns” ədəbi məclisi tanınmış alim Mirzə Əbdülqasımın mədrəsəsində
təşkil edilmişdi. Məşğələləri
şair Hacı
Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu
Natəvanın məclisi öz himayəsinə
götürməsi onun məşğələlərini
daha da
canlandırdı. Tezliklə məclis üzvlərinin sayı
çoxalıb otuza yaxınlaşdı,
şöhrəti Qarabağın hüdudlarını
aşıb Azərbaycanın başqa yerlərinə
də yayıldı.
“Məclisi Uns”ün bu
tanınmış qələm sahibləri sırasında
açıq fikirli ziyalılardan biri də daim öz fəallığı ilə seçilən üzvlərindən biri və dövrünün
açıq fikirli ziyalılarından biri İskəndər bəy Rüstəmbəyov
idi. Onun əsasən
elmə, təhsilə, inkişafa və
dünyəviliyə səsləyən şeirləri öz zəmanəsində xeyli
populyarlıq qazanmışdı. Onun
yaradıcılığının əsas hissəsi xalq şeiri
üslubundadır.
Böyük Azərbaycan şairi Natəvanın
xatirələrində “Məclisi-üns”ün bir
neçə fəal üzvü
haqqında dəyərli məlumatlar var ki, o şəxslər
sırasında İskəndər
bəy Rüstəmbəyov, Əbdüssəməd bəy Aşiq, Mirzə Rəhim Fəna da yer
alır.
İskəndər
bəy Rüstəmbəyov 1845-ci ildə Şuşada
doğulmuşdur. O, kiçik
yaşlarından mükəmməl mədrəsə təhsili
görmüş, fars və rus dillərini çox yüksək
səviyyədə öyrənmişdir. İskəndər bəy
sonralar təhsilini rusca davam etdirmiş və rus dövlət
idarələrində çalışmışdır. O,
dövrünün ən açıq fikirli və
yenilikçi ziyalılarından biri sayılırdı.
Bütün ömrü boyu maarifçilik ideyalarına sadiq
qalmış, tez-tez Şuşa, Ağdam, Malıbəyli, Gülablı
camaatı qarşısında çıxış etmiş,
xalqı maarifə, mədəniyyətə, elmə, təhsilə
səsləmişdir.
Yazılı mənbələrdə
İ.Rüstəmbəyov haqqında olan məlumatlar az
araşdırılıb. Tədqiqatçı-jurnalist Vasif
Quliyevin Şuşalı şair haqqında yazdığı
məqaləsində Qarabağın tarixinə dair
araşdırmalar apararkən görkəmli pedaqoq, ədəbiyyatşünas-alim
Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı”
adlı əsərində İsgəndər bəy Rüstəmbəyov
adlı bir nəfər haqqında söylənən fikirlərə
rast gəldiyini bildirir. Müəllif bu şəxsin
marağını xüsusi çəkdiyini qeyd edir.
Firidun Köçərlinin yazdıqları...
Firidun bəy
öz əsərində həmin şəxsə mənfi
münasibət bəsləyərək, təzkirəçi
Məhəmməd ağa Müctəhidzadənin
“Riyazül-aşiqin” kitabında İsgəndər bəyin
adını müsbət mənada çəkdiyinə
görə müəllifi qınayır və
aşağıdakı sözləri yazırdı:
“...İndi də
Mirzə Fətəli Axundovun adı zikr olunanda üzlərini
turşaldan salüslar az deyildi. O cümlədən
”Riyazül-aşiqin" sahibi M.Müctəhidzadə
kitabının dibaçəsində vəsf
qıldığı İsgəndər bəy Rüstəmbəyovdur
ki, bəndeyi-həqirin Mirzə Fətəli Axundovun təvəllüdündən
yüz il mürur etmək münasibətilə tərtib
etdiyi risaleyi-yadigarənəni görüb və mütəğəyyirhal
olmuşdur və bizim haqqımızda nəğaza sözlər
söyləmişdi ki, Mirzə Fətəli Axundov kimi laməzhəb
şəxsi yad edib, onun şənində kitab yazan özü
də gərəkdir mürtəd olsun. Bilmək gərəkdir
ki, İsgəndər bəy Rüstəmbəyov özü də
ədiblik iddiasında olub, şer və qəzəl deməklə
fəxarət eləyir. “Riyazül-aşiqin” sahibi
kitabını onun səlahdidi ilə tərtib
qılmışdır və ol cənabi bu günə vəsf
edir.
Bəli,
iqlimi-daniş və kiyasətdə vaqeən İskəndəri-zaman
və zülmati-Qarabağ içrə abaən cəd cün
abi-həyat mənbəyi-cövdü ehsan olan Rüstəmbəyov
cənabları Mirzə Fətəli Axundov kimi müqtədir
adiblərimizə və böyük mütəfəkkir və
reformatorlarımıza lən oxuduqda işlərimiz artıq
sürətlə surət tapar, daha tərəqqi etməyimizə
şübhə yeri qalmaz...".
Görkəmli
ədəbiyyatşünas alimin yazdıqlarından aydın
olur ki, İskəndər bəy
Rüstəmbəyov çox inanclı şəxs olduğuna
görə bir çox başqa ziyalılar kimi Mirzə Fətəli
Axundova mənfi münasibət bəsləmişdir. O hətta
dramaturqun 1912-ci ildə 100 illik yubileyini keçirənləri
və kitabını çap etdirənləri, o cümlədən
də, Firidun bəy Köçərlini öz
çıxışlarında tənqid etmiş və
onları “məsləksiz adamlar” adlandırmışdır.
İskəndər
bəy Rüstəmbəyov Qarabağın məşhur
Rüstəmbəyovlar nəslindəndir. O dövrdə
Şuşa şəhərində Rüstəmbəyov
soyadını daşıyan dörd ailə olub. Əslində,
bu Rüstəmbəyovlar bir-biri
ilə şəcərə qohumu deyildilər. Bu soyun ulu
babası Rüstəm bəy Kəbirlidir. İskəndər
bəy də Rüstəm bəyin oğul nəvələrindən
biri olub.
V.Quliyevin
araşdırmalarından məlum olur ki, İskəndər bəy
Rüstəmbəyov XIX əsr Şuşa şairləri
içərisində öz dəsti-xətti ilə seçilən
şairlərdən olmuş, həm klassik, həm də xalq şeiri
üslubunda Azərbaycan və fars dillərində
yazıb-yaratmışdır. O, dövrünün
bütün Qarabağ şairləri kimi ədəbi və
musiqi məclislərində iştirak etmiş, Natəvanın
rəhbərlik etdiyi “Məclisi-üns” ən istedadlı
üzvlərindən olmuşdur. İskəndər bəyin
müasirləri, xüsusilə, yaxın dostu Əbdüssəməd
bəy Aşiqlə şeirləşməsi ədəbiyyat
aləminə məlumdur. Bundan başqa, onun Mir Mehdi Xəzani
ilə də müşairələri var. Şair Natəvanın xahişi ilə onun
“Ölürəm” adlı qəzəlinə şeirlə
cavab yazmışdır.
Şairin tədqiq olunmamış həyat
və ədəbi irsi
1907-ci ildə
həmyerlisi, təzkirəçi və şair Məhəmmədağa
Müctəhidzadəyə onun ədəbiyyata böyük həvəsini
nəzərə alıb, Qarabağ şairləri haqqında
təzkirə tərtib etmək ideyası vermişdir. 1910-cu
ildə onun maddi və mənəvi köməkliyi ilə
“Riyazül-aşiqin” adlı təzkirə İstanbulda nəfis
şəkildə çap olunmuşdur.
İ.Rüstəmbəyovun
həyat və yaradıcılığı ətraflı
araşdırılmasa da, AMEA-nın Əlyazmalar İnstitutunda
şairin öz dəsti-xətti ilə həm nəsrlə, həm
də nəzmlə tərtib etdiyi avtoqraf bəyazda onun həyat
və yaradıcılığı, ictimai fəaliyyəti
haqqında gərəkli məlumatlar öz əksini tapıb.
Həmin bəyazda onun çıxışları, məktubları,
vəsiyyətnamələr toplanıb. Bəyaza Nizami, Həfiz,
Zəyyam kimi klassik Şərq şairləri ilə
yanaşı, Zakir, Məxfi, Növrəs, Asi, Fəna,
Mehdiqulu bəy Vəfa, Fatma xanım Kəminə, Məmo bəy
Məmai və başqa Şuşa şairlərinin şeirləri,
onların həyat və yaradıcılığı barədə
məlumatlar da daxildir. Bu bəyazın ən maraqlı cəhətlərindən
biri də odur ki, şeirlərin bəzilərinin ədəbiyyat
tariximiz üçün müəyyən qədər əhəmiyyətli
olan yazılma tarixi və səbəbləri göstərilir.
İskəndər
bəy Rüstəmbəyov 1918-ci ildə vəfat etmişdir.
Ümumilikdə
götürdükdə, müəyyən elmi və ədəbi
mənbələrdə onun adı xatırlansa da, həyat və
yaradıcılığı indiyədək tədqiq
olunmamış qalır. Şairin şeirləri isə pərakəndə
halda müxtəlif arxivlərə, cünglərə, şəxsi
kolleksiyalara səpələnmiş haldadır. Bu maraqlı qələm
sahibinin həyat və yaradıcılığının
araşdırılması təkcə onun özü
haqqında deyil, yaşadığı dövrün ədəbi
mühiti haqqında da dəyərli məlumatlar verə bilər.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir.
Azadlıq.- 2013.- 4 iyun.- S.14.