“Amansızdır
zaman, dağlar!..”
Nəğməkar şair Hafiz
Baxış...
Azərbaycan poeziyasında
xüsusi yeri olan qələm sahiblərini xatırlayanda şair Hafiz
Baxışı yad etmədən
keçmək olmur. Öz
dövrünün tanınmış qələm
sahiblərindən biri olan,
dostlarının, həmkarlarının yaddaşında silinməz
izlər buraxan şair
idi Hafiz Baxış.
XX əsrdə azərbaycanlıların
başına gələn faciələri,
yurd-yuvalarından didərgin salınan insanlarımızın
acı taleyini yaşayanlardan
biri idi Hafiz Baxış.
Qədim Azərbaycan torpaqlarından
1948-ci ildə başlanan deportasiyada el-obası sürgünlərə,
soyqırımlara məruz qalan
şair də bu acı taleyi yaşamışdı. Amma
o, heç vaxt elini-obasını, Zəngəzur
dağlarını unuda bilmədi, bu ağrıları illərlə
ürəyində daşıdı. 1988-1989-cu illərdə Zəngəzurun və tarixi türk
torpaqlarının qara günləri yenidən başladı və
bu torpaqlarda bir nəfər də olsun, azərbaycanlı
qalmadı. Həmin ağrılı-acılı illərdə
Hafiz Baxış doğma el-obasının, dədə-baba
torpaqlarından deportasiya olunmuş soydaşlarının qələmlə döyüşən
sərkərdəsi oldu...
Baxışov Hafiz Həbib oğlu
1932-ci il oktyabrın 15-də Zəngəzur mahalının
Qafan bölgəsinin Yuxarı Girətağ kəndində
müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə
Qafan bölgəsinin Şəhərcik kəndində
bitirmişdir.
1950-1952-ci
illərdə Qovşud kəndində ibtidai sinif müəllimi
işləmiş, 1952-1956-cı illərdə Azərbaycan
Dövlət Teatr Institutunun
teatr və kino aktyorluğu fakültəsində təhsil
almışdır. Tələbə ikən
1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət
dərnəyinin rəhbəri olmuşdur.
1956-1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi,
pionerlər evinin və mədəniyyət
sarayının direktoru vəzifəsində
çalışmışdır.
1961-ci
ildə Azərbaycan Dövlət Radio və
Televiziya verilişləri Komitəsində
rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət
göstərmişdir. Ilk şeirləri “Sosialist Sumqayıtı” qəzetində dərc
olunmuşdur, “Samur-Dəvəçi
kanalı” adlı ilk şeiri
də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında,
“Zirvə” adlı ilk poeması isə “Azərbaycan”
jurnalının 1968-ci ildə 2-ci sayında çap
olunmuşdur. Bundan sonra o, altı poema qələmə alsa da, lirik şair
kimi tanınmışdır. Iyirmidən çox şeirinə musiqi
bəstələnmişdir.
Qəlbində
daşıdığı vətən və millət
ağrısı Xudu Məmmədov, Fərman
Kərimzadə kimi ona
da ağır gəldi. Vətən həsrətinə,
didərgin taleyi yaşayan
soydaşlarının başına gətirilən müsibətlərə
dözə bilməyən Hafiz
Baxış 1989-cu il sentyabrın 4-də dünyayla vidalaşdı...
Hafiz Baxışın
şeirlərində bir həzinlik,
kövrəklik vardı, bu da onun xarakteri
ilə bağlıydı. Şair
yaradıcılığında daim öz səsinə, öz
nəfəsinə sadiq qalmış, həmişə
ilhama köklənmiş, ürəyinin səsini
kağıza köçürmüş,
şeir və poemaları oxucu
qarşısında poetik etiraf
kimi səslənmişdir.
“Ötən durnaların qərib
nəğməsi...”
Hafiz Baxışın
“Payızın izi” şeirini
oxuyarkən gözlərimiz önündə itirilən,
düşmən tapdağında qalan yerlər
və o yerlərlə bağlı xatirələr
canlanır:
Dəli dağ çayları susur lal kimi,
Çəmən boynu bükük bir maral kimi,
Köçəri quşlar da göydə xal kimi -
Dolur karvan-karvan
səmanın üzü,
Düşür təbiətə payızın izi.
...Duyulur havanın soyuq nəfəsi,
Çoşqun bulaqların kəsilir səsi.
Ötən durnaların qərib nəğməsi
Yayın son nidası, yayın son sözü,
Düşür təbiətə payızın izi...
Hafiz Baxışın
yaradıcılığında həyatın sevincli anları, ağrı-acılı
günləri öz poetik yerini tapmışdır.
Şairin əksər şeirlərində
təbiət gözəlliklərinə
vurğunluq özünü
daha qabarıq göstərir. Onun sözlərlə,
misralarla yaratdığı
mənzərələr insanların
düşüncəsinə hakim kəsilir. Hafiz Baxışın yaradıcılığında
vətənə təmənnasız
sevgi də poetik çalarlarla öz əksini tapmışdır. Şair bu
şeirlərinin hər
sətri, hər misrası ilə oxucu qəlbini riqqətə gətirməyi
bacarmış, onların
düşüncəsində dərin izlər buraxmışdır. Onun Məmməd Araza ithaf etdiyi “Salamat
qalın” şeirində
bunları aydın görmək olur:
Siz ey
görüşünə gəldiyim
ellər,
Qədrini əzəldən bildiyim ellər.
Doyunca danışıb-güldüyüm ellər,
Məni nə ötürün, nə yola salın-
Salamat qalın!..
Hafiz Baxış bu misraları yazarkən bəlkə də ürəyinə dammışdı ki, bu yerlərlə onun axırıncı görüşüdür.
Sanki bir daha
“başı dumanlı,
qarlı, sürülü,
ilxılı, varlı
zirvələri” görməyəcəyini
hiss etmişdi, bu ayrılıq sinəsinə
çalın-çarpaz dağ
çəkəcək. Ona görə də şair bu zirvələrə
xitabən - “Durun keşiyində elin, mahalın, salamat qalın!” - deyirdi.
“Ömrümüzdən ötən
çağlar...”
Hafiz Baxış o dağların həsrətinə
dözə bilmədi,
o dağlarsız yaşaya,
ömür sürə
bilmədi:
Aman dağlar,
aman dağlar,
Amansızdır zaman, dağlar.
Bir də
geri dönməyəcək
Ömrümüzdən
ötən çağlar...
Şair haqqında xatirələr
İlyas Tapdığın şair
haqqında dedikləri
çox maraqlıdır:
“Hafizin xalqımızın
əsrlərlə formalaşmış
yüksək mənəvi
dəyərlərini tərənnüm
edən əsərləri
insanlarımıza vətənpərvərlik
və mübarizlik ruhunun aşılanmasında
böyük xidmətlər
göstərib. Onun xalqa
bağlılıq, milli
kolorit, rəvan dil və ahəngdarlıqla
səciyyələnən poeziyasında
yüksək vətəndaşlıq
ruhu hökm sürür. Şairin qələmindən
çıxan hər bir poeziya nümunəsi
özünəməxsusluğu, orijinallığı və
bədii məziyyətlərilə
seçilir. Hafiz dostluqda səmimi və etibarlı idi. Doğma, məhrəm saydığı,
ülfət bağladığı
adamların dərdini,
sevincini özününkü
bilirdi, kövrək bir ürək sahibiydi. Dostluqda düzgünlüyü, təvazökarlığı, qarşılıqlı
hörməti, güzəştə
getməyi əsas şərtlərdən sayırdı.
Dost itirməkdən qorxurdu. Ona görə də yazırdı:
Gəlin itirməyək dostları,
qardaş,
Onsuz da
çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il-
Bizim dost itirən
vaxtımız deyil!
Hafiz Baxış 57 illik ömrünü vətəninin torpağına,
təbiətinə, insanlara
olan sevgisini şeirlərinə köçürüb
getdi. Hafiz Baxış lirik
şair idi, nəğməkar şair
idi. Sadə, ürəyəyatımlı sözləri bəstəkarların
diqqətini hər zaman cəlb edirdi. Görkəmli
bəstəkarlarımız Cahangir Cahangirov, Ələkbər Tağıyev,
Emin Sabitoğlu, Cavanşir Quliyev və başqaları şairin şeirləri əsasında
onlarla mahnı bəstələyiblər. Onun
“Azərbaycan oğluyam”,
“Eşqimi sönməyə
qoymaram”, “Dağlar üçün darıxmışam”,
“Mənim dünyam” və s. sözlərinə
yazılmış mahnılar
bu gün də dillər əzbəridir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir.
Azadlıq.- 2013.- 6 iyun.- S.14.