“Dünyayla dil tapa bilmirəm”
Zümrüd Yağmur: «Bəzi şeyləri «Diriləri basdırın»
əsərindəki Yolçu
obrazından öyrəndim»
Yazıçı Zümrüd Yağmurun “Diriləri basdırın”
romanı bu yaxınlarda Türkiyədə
Anadolu türkcəsində
(“Dirileri gömün”)
çapdan çıxıb. Bu əlamətdar
hadisə yazıçı
ilə söhbətimizə
körpü saldı.
İlk sualımız
isə təbii ki, kitabının Türkiyədə çap
edilməsi barədə
oldu.
- Zümrüd xanım, Ankarada kitabınız yayımlandı, təbrik
edirik. Təəssüratınız necədir?
- Təbii ki, xoş oldu.
Bu xaricdə dərc olunan birinci kitabım deyil, keçən il
Iranda da dərc olunmuşdu. Bir kitabım da yaxında başqa bir ölkədə dərc olunacaq, xəbərini gözləyirəm.
Amma düşünürəm ki,
bunlar azdır. Məncə,
yeni ədəbiyyat yaradanlar, xüsusən də azad sözün
arxasında dura bilənlər daha çoxunu haqq edir.
- Müasir ədəbiyyat demişkən,
siz qadın yazarları içərisində
ən ağır və cəsarətli mövzulara müraciət
edən yazarsınız.
Həm də səhv etmiriksə, böyük həcmli əsərlərin
müəllifi kimi də gənc qadın yazarlarımız
arasında təksiniz.
Necə olur, bir xanım
yazar üçün
bu, ağır deyil ki?
- Ümumən roman yazmaq ağırdır. Şeir anlıqdır, duyğuların
an içərisindəki tüğyanıdır,
romansa zamanla məntiqin və duyğuların vəhdətindən
yaranır. Romançılıq ədəbiyyatın fəhləliyidir.
Ağırlıq qadın yazar
olmaqla bağlı deyil. Yəni mən yazanda nə artıq yüngüllük hiss edirəm,
nə də ağırlıq, həmkarlarım
kimi yazıram. Bir də romanı yazmaq deyil, onu
bitkin hala gətirmək məncə,
daha çətindir.
- “Diriləri basdırın” romanının
maraqlı süjeti
var. İki zaman kəsiyi əsərin sonunda məharətlə birləşdirilib. Hadisələrin gedişatı da
əla sonluqla bitib. Əsərin əvvəlindəki “diktatorlara ithaf” kəlməsi, sondakı çümlə, “dünyanın
ən axmaq adamı” ilə birləşəndə tam mənzərə
ortaya çıxır.
- Maraqlıdır ki, mənə gələn oxucu məktublarında da məhz bu, əsərin
sonunda iki zaman kəsiyinin birləşdirilməsi daha
çox bəyənilən
məqam kimi göstərilir. Bunu bilərəkdənmi etmişəm, bilmirəm.
Əsəri başlayanda son cümləni
bilirdim. Amma məhz
iki zamanın birləşəcəyini bilmirdim.
Obrazlar özləri bu sonluğu hazırladı.
Mən də onların ardından getdim.
- Zümrüd xanım, kənardan sizi ciddi və möhkəm
qadın kimi tanıyırlar. Bəs həyatda necəsiniz?
- Elə göründüyü kimi.
Amma bu ciddi qadının
yanı başında
duyğulu və kövrək bir qadın dolaşır.
- Ancaq siyasi köşə yazarı kimi qələmə aldıqlarınızda
qətiyyən duyğulu
olduğunuz hiss edilmir.
- Adı üstündədir - siyasi
köşə... Siyasətdə duyğu olmur. Ikincisi də mən Azərbaycan iqtidarından
yazanda, hər gün həbslərdən,
şərləmələrdən, döyülmələr, təhdiddən
yazanda necə duyğulu olum. Mən heç bir siyasi partiyanın üzvü deyiləm.
Mənim
üçün Azərbaycan
var, onun gələcəyi, gələcək
nəsilin daha azad və rahat
yaşaması var. Və
bunu, gələcəyi
əngəlləməyə çalışan hər
kəsə, hər şeyə qarşıyam.
Bir çox dəyər kimi həyatımıza soxduğumuz
naqisliklərə, toplum
kimi kompleksli olmağımıza, adətlərimizin
bəzilərinin insan
fitrətinə yad olmasına... Amma düşünürəm ki, indi bunlarla
deyil, bizim gələcəyimizi əngələyən
iqtidarla savaşmaq, bütün enerjini ona sərf etmək
lazımdır. Çünki mikrobu öldürmək üçün yara qurudulmalıdır və mən əminəm ki, biz indiki iqtidarın yürütdüyü
siyasətdən qurtula
bilsək, xalq hər şeyi özü tənzimləyəcək.
- Gələcək
dediniz. Nədir sizin üçün
gələcək?
- İndi ilə yaşaya bilmək... Keçmişdən qopa bilmək
və onun gələcəyi əngəlləməsinə
imkan verməmək.
-
İnsanları sevirsinizmi?
- Bilmirəm, bunun adı nədir, amma mən insanların acısına dayana bilmirəm. Onlara qarşı dürüst
və mərhəmətliyəm.
Bunun adı sevgidirsə, demək sevirəm.
- Bəs onlara güvənirsiniz?
- İnsanlaramı?
Yox, güman ki, yox... Güvənmək başqa bir şeydir və mən mərhəmət etdiyim birinə belə güvənməyə
bilərəm. Niyə? Çünki insanları zahiri
yaşantılarına görə
dəyərləndirmirəm. Məsələn, kasıb, əlləri
qabarlı, üzü
gündən yanmış
birini görüb acıya bilərəm, amma ona güvənə
də bilmərəm.
Çünki bu məzlumluğun
arxasından nə çıxacaq, onu bilmirəm. Güvənmədiyim birinə yaxşılıq
edə bilərəm,
amma o, həyatıma girmədən. Bunlar fərqli
şeylərdi.
- Bəs dünya ilə aranız necədir?
- Dünya mənə görə yaşanılası yer deyil və imkanım,
gücüm olsaydı
onu saxladıb düşərdim. Bunu bacarmıram,
əvəzində zamanı
dayandırmağa çalışıram.
- Necə?
- Bilmirəm. Illər öncə bir dəfə bunu bacarmışdım. Dünyayla, həyatla,
insanlarla dil tapa bilmirdim. Ümumən,
mən bu saydıqlarımın dilində
danışa bilmirəm.
Bu da zaman-zaman
məni incidir. O
üzdən də onların dilini öyrənə bilmədiyimdən,
onlar mənim dilimdə danışmadığından
zamanı içimdə
dayandırıb susuram.
- Niyə dil tapa
bilmirsiniz?
- Dünyanın dili riyadır, mənsə bunu bacarmıram. Saxtadır, bulaşmaq istəmirəm.
Yalandır, danışmaq istəmirəm.
Və bilirsiniz... Folknerə həsəd aparıram.
- Niyə?
- O da dil
tapa bilmədi. Məndən
fərqli olaraq o, zamanı içində deyil, həyatında dayandıra bildi.
- Ən çox nəyi sevmirsiniz?
- Yalanı...
- Heç yalan danışmırsınız?
- Yox, danışmıram.
Çünki yalanın yalan
gətirdiyini bilirəm.
Yalanla xoşbəxt olunmadığını
bilirəm. Yalanla xoşbəxt
olmaq olmur. Çünki yalan həqiqətdən
aşağıdır, əskikdir
və bir gün mütləq ona məğlub olur. Mən buna inanıram.
Yalanla xoşbəxt olmaq ən böyük bədbəxtlikdir.
- Bəs ədalətli olmaq?
- Ədalətli olmaq... Bilmirəm başqaları necə yaşayır, amma mən “Diriləri
basdırın” əsərindəki
Yolçu obrazından
öyrəndim bəzi
şeyləri. Əvvəllər ədalətli olduğum kimi, başqalarının
da ədalətli olmasını istəyirdim,
bunu görməyəndə
üzülürdüm. Sonra öyrəndim ki, özüm ədalətli olsam yetər, başqalarından
da ədalətli olmağı tələb etmək həyatın
daşlaşmış qanunlarına
qarşı getməkdir.
- Bəs problemləri necə həll edirsiniz?
- Bax, bu
çətindir və
mən elə yaxınlarda bu haqda düşündüm.
Qız qalasına qalxmısınızmı?
Ordan adamlar, maşınlar balaca görünür.
Mən də problemlərin yuxarısına qalxmağa
çalışıram ki,
onlar mənə balaca görünsün.
Bu asan deyil,
amma mümkünsüz
də deyil, deyə düşünürəm.
- Peşimançılıqlarınız varmı?
- Var təbii...
Niyə elə güman edirsniz ki, mən
Allahın qəzəbinə
gəlmişəm?
- Necə yəni?
- Çox sadə. Biz insanlar
elə güman edirik ki, Allah bizi ancaq canımız,
malımızla cəzalandırır.
Məncə, belə deyil, əsl cəza etdiklərinin məsuliyyətini anlamamaq,
xəcalət çəkə,
peşiman ola
bilməməkdir. O ki
qaldı mənim peşimaçılıqlarıma, 10 il yazmadım,
buna peşimanam. Kim bilir o 10 ildə içimdə nələr
öldü...
- Zümrüd xanım, indi nə yazırsınız?
- “Yağış qadın” romanını bitirmişəm və elə orda da
müharibələrin xalqların
gələcəyini əngəllədiyini
qələmə almışam.
Xocalı hadisələri əsasında
yazılıb və bu romanda da
zaman bir günə sığışdırılıb,
üç zaman kəsiyi bir qadının acılarında
birləşib. Hələ üzərində
işləyirəm. Yayda tam bitirəcəyəm
yəqin.
- Sizə uğurlar.
- Sizə də təşəkkürlər.
Bəyim Həsənli
Azadlıq.- 2013.- 7 iyun.- S.14.