Mətbuatda tanınmış imza

 

Ötən əsrin görkəmli ədəbiyyatşünası Abdulla Sur

 

XIX əsrdə maarifçilik Azərbaycan ictimai-fikrinin bütün istiqamətlərinə nüfuz edən bir cərəyan kimi diqqəti cəlb edir. Artıq mədəni həyatın çox sahələrində Avropa mədəniyyətinin nailiyyətləri təsirini göstərməyə başlamışdı. Lakin “Qərb öz siyasəti ilə heç zaman Asiyada maarifi dirçəldə bilməz. Ölkəni yenidən quranlar onun öz içindən yetişməlidir” (Mirzə Kazımbəy).

 

Ölkənin öz içindən yetişən və cəmiyyətin mühüm sahələrində sözünü deyən ziyalılar sırasında bir çox şəxslərin adlarını çəkmək olar. Bu şəxslər mətbuat, ədəbiyyat, musiqi, teatr kimi sahələrdə əsaslı dəyişikliklərə imza atmaqda idilər.   Azərbaycanda maarifçiliyin və demokratik ictimai fikrin formalaşması əsasən bu dövrdə meydana çıxan böyük ziyalıların adı ilə bağlıdır.

İyirminci əsrin əvvəllərində Azərbaycanda nəşr olunan mətbuat orqanlarda müxtəlif imzalarla məqalələr yazan bir ziyalı vardı. Müxtəlif tarixlərdə yalnız Azərbaycanda deyil, Qafqazın bir sıra nəşrlərində də imzası görünən bu şəxs  A.Sur, Məhəmmədzadə, Qafqasiyalı, A.Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazmışdır. Həmin ziyalı dövrünün ədəbiyyatşünas və tənqidçisi Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) idi.

İlk məqalələri  1903-cü ildə  Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunan Abdulla Sur həmin il Tiflisə köçərək, bu qəzetin təsisçisi olur. Onun yazıları qəzetin hər sayında yer alırdı. Məlum olduğu kimi, “Şərqi-Rus” qəzetiÿAzərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutur. O, XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir. Bu qəzetin səhifələrində müxtəlif xalqların nümayəndələri məqalələrlə çıxış edirdilər. Onu “Əqsayi şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı ziyalıların qabaqcıl fikirlərinin ”vıstavkası" adlandırırdılar. Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və başqa məsələlər qaldırılmış, həmin məsələlər haqqında çoxlu yazılar dərc olunmuşdur. “Şərqi-Rus”un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. Lev Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetin səhifələrində çıxmışdı.

Amma qəzet müəyyən müddətdən sonra məsələləri dolaşıq, dumanlı şəkildə oxucuya çatdırmaq yoluna qədəm qoydu. Məsələn, milli bərabərlik və azadlıq, dil birliyi, söz və fikir azadlığı kimi məsələlər barəsində mücərrəd yazılar nəşr olunmağa başladı. “Tərcüman” qəzetinin redaktoru İ. Qaspıralının əlifba məsələsində M. Şahtaxtinskinin kəskin tənqid etməsi də “Şərqi-Rus”u xeyli nüfuzdan saldı. Bəzi hallarda qəzet liberal mövqe tuturdu. Bunu hər şeydən əvvəl dövrlə əlaqələndirmək lazımdır. “Şərqi-Rus” həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim təbəqələrin təzyiqinin artdığı bir zamanda buraxılırdı.

Beləliklə, Abdulla Surun 1903-cü ildə bu qəzetlə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.

 

Ədibin İstanbul həyatı

 

1905-ci ildə “Şərqi-Rus” bağlandıqdan sonra o yenidən Gəncəyə qayıdır və burada müəllimlik fəaliyyətini davam etdirir. Müəllimliklə bərabər ziyalı “Həyat” və “İrşad” qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır.

Abdulla Sur 23 iyul 1883-cü ildə  Gəncədə ruhani ailəsində doğulmuşdur. O, ilk təhsilini 1896-cı ildə Gəncədə Axund Hüseyn Pişnamazzadənin Xeyriyyə məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. O, çox gənc yaşda təhsil aldığı məktəbin müəllimi işləməyə başlamışdır. Görkəmli maarifçi dərin elmi və dünyagörüş səviyyəsi ilə qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır.

Abdulla Sur  1906-cı ildə İstanbula gedir. İki il yarım burada yaşayaraq, İstanbul Darülfununda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışır. Bu dövrdə onun Türk qəzetlərində məqalələri çap olunur. O, həyatının İstanbul dövründə ən böyük və önəmli əsəri olan “Türk ədəbiyyatına bir baxış” kitabını yazmağa başlayır. Amma ziyalı həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirmir. Əlyazma halında olan o kitabın çox hissəsi itmiş, günümüzə yalnız ayrı-ayrı parçaları gəlib çatmışdır.

“Vikipedia”nın ədəbiyyatşünas haqqında yazdığı məqalədə deyilir ki, 1908-ci ilin noyabr ayına qədər İstanbulda  yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparmışdır. O, İbrahim Şinasinin “Şair evlənməsi” əsərini  Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirmişdir. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da türkcəyə çevirmişdir. Bütün bunlardan əlavə üç cildlik bir antologiya hazırlamağa başlamışdır.

 

Böyük şairimiz Əhməd Cavadın müəllimi

 

Azərbaycana qayıtdıqdan sonra Abdulla Surun mədəniyyət həyatına böyük töhfələri olmuşdur. O, 1910-cu ildə Gəncədə “Ədəbiyyat və Sənət” cəmiyyəti qurmuşdu. Bu cəmiyyətin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onların qarşıdakı təhsillərinə kömək etmək idi. Cəmiyyət yeni ədəbiyyat və sənət əsərlərini ortaya çıxarmaq üçün müsabiqələr təşkil edir, istedadları cəmiyyətə tanıdırdı.

Öz yaradıcılıq dövründə o, davamlı şəkildə klassik və çağdaş Azərbaycan və Osmanlı türk ədəbiyyatının problemləri ilə məşğul olmuşdur. Abdulla Sur dilin və üslubun sadəliyinə üstünlük verir, əsərlərini ərəb, fars və türk dillərinin sintezindən ibarət bir dildə yazan  Əbdülhaq Həmid, Tofiq Fikrət,  Məhəmməd Hadiÿkimi görkəmli şair və yazıçıları  tənqid edirdi. Ədəbiyyatşünas hesab edirdi ki, onların dili ağır ifadələrlə əsərlərindəki fikrin və düşüncələrin başa düşülməsinə əngəl törədir.

O dövrün ən böyük şairlərindən olan  Əhməd Cavad  Gəncədə Abdulla Surdan ədəbiyyat dərsləri almışdır. Abdulla Məhəmmədzadə Firidun bəy Köçərlini öz müəllimi hesab etmiş, eyni zamanda “Azərbaycan ədəbiyyatı” əsərinin yazılmasında ona kömək etmişdir.

Abdulla Sur  1912-ci il may ayının 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişmiş və Gəncə  Səbiskar qəbiristanlığındaÿ dəfn olunmuşdur.

Yorulmaz maarifçi, maraqlı qələm sahibi və ədəbiyyatşünas Abdulla Sur bir çox məşhur müasirlərindən fərqli olaraq günümüzdə geniş tanınmasa da, onun keçən əsrin ictimai-mədəni həyatında oynadığı rol danılmazdır.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 9 iyun.- S.14.