Ağqoyunlu hökmdarı Sultan
Yaqub
Bayandurlar
tayfasının varisi
Ağqoyunlu
dövlətinin tarixində önəmli rolu
olan şəxslərdən biri də bu dövlətin
banisi, mənşəcə Oğuz türklərindən olan sərkərdə və dövlət
xadimi Uzun Həsənin
oğlu Sultan Yaqubdur. Məlum
olduğu kimi, Ağqoyunlu dövlətinin əsası Uzun Həsən
tərəfindən 1468-ci ildə qoyulmuşdur.
Bayandur tayfasından olan
Uzun Həsənin 7 oğlu
olmuşdur ki, Sultan Yaqub hakimiyyət
varisləri arasında ən çox
hakimiyyət sürümüş şəxsdir.
Ümumiyyətlə,
Bayandurlar tayfasının adı həm ümümtürk abidələrində, M. Kaşğari, Rəşidəddin,
Yazıçıoğlu Əli, Əbdülqazi xan Xivəlinin əsərlərində, həm
də Azərbaycan xalqının ən qədim dil-tarix abidəsi olan
“Kitadi-Dədə Qorqud” dastanlarında
çəkilir. Məşhur türkoloq M.Kaşğarinin “Divani
lüğət-it-türk” əsərində oğuzların
22 boyu göstərilir. Bayandur
tayfasının adı da burada
xüsusi çəkilir.
Azərbaycan
xalqının qədim tarixi abidəsi olan “Kitabi-Dədə Qorqud”
da Bayandur xan xanlar xanıdır, “Oğuz eli” dövlət quruluşunun başında durur.
Göründüyü kimi,
Azərbaycan-türk yazılı abidələrində
Bayandırın adı antroponim, gah da etnonim
kimi qeyd olunur.
Bayandur haqqında xalq rəvayətinə görə, İbili adlı bir
qaçaq var imiş. Bu qaçaq
dağlarda yaşayır, padşahın
adamlarına divan tuturmuş.
Padşah nə qədər qoşun göndərmişsə, onu nə tuta, nə də
öldürə bilirlərmiş. Axırda şah
İbiliyə
sifariş eyləyir ki, haranı istəyirsən,
bəyən dur, oranı sənə verim. İbili padşahın təklifinə
razı olur. Çox yer gəzir, axırda Bayandur
olan yerə çıxır, bəyənib
orada durur. Padşah bu yeri İbiliyə
verir. İbili burada
özünə imarət tikdirib,
ölüncə yaşayır. Məşhur türkoloq
Faruq Sümər “Oğuzlar”
kitabında Bayandurlarla bağlı geniş tədqiqat aparıb. Rəşidəddinin
“Oğuznamə”də yazdığına görə, Oğuz xanın nəvəsi Dib
Yavku xanın bəylərindən Tülü xoca və Ala Atlı Kiş donlu Kayı İnal Yabqunu
naibi Döngür oğlu Ərki Bayandır boyundan
idilər. Ərki, kül ərki xan ünvanı ilə Kayı İnal Yabqunun oğlu
Tuman böyüyənə qədər
hökmdarlıq etmiş, sonra
oğuz taxtını Tumana
vermişdir. Tuman isə
100 gün yabquluq etdikdən
sonra öz arzusunu ilə taxtı Kül
ərkinin qızından olan oğluna vermişdir. O isə
Tikən Bilə Ər Biçəkən Kayı Yabqu ləqəb və ünvanını ilə
hökmdarlıq etmişdir. Rəşidəddinin
“Oğuznamə” də yazdığı bu
sözlər üç-oxların əsil boyu
olan bayandırların əski
oğuzların tarixində mühüm rol oynadıqların göstərir.
Ziyalı
hökmdar, ədəbiyyat və incəsənət
himayəçisi Bayandurlar tayfasından olan Sultan Yaqub
1478-1490-cı illərdə Ağqoyunlu
dövlətinin hökmdarı olub. Uzun Həsənin varislərindən yalnız Sultan Yaqubun hakimiyyəti nisbətən
uzun sürmüşdür.
O, ziyalı hökmdar idi,
ədəbiyyat və incəsənət xadimlərinə
himayədarlıq edirdi.
Məhəmmədəli
Tərbiyətin “Danişməndani Azərbaycan” adlı
kitabında Sultan Yaqub
bəy haqqında yazılır: “O, qardaşı tərəfindən
Diyarbəkir hakimi təyin edilmiş
və qardaşı şah olduqdan sonra Azərbaycana gəlib,
onun əleyhinə
çıxmışdır. Hicri-qəməri 883-cü il rəbiül-əvvəl ayının 14-də
çərşənbə günü
(1487, 15 iyun, bazar ertəsi)
Sultan Yaqub Xoy şəhəri kənarında
qardaşını öldürüb, özü şah olmuşdur. Sultan Yaqub Iranın bir çox şəhərlərini əlinə
almış və hicri-qəməri 896-cı (1490) ildə vəfat
etmişdir”.
1480-ci
ildə 40 min nəfərlik Məmlük ordusu Ağqoyunlu dövlətinə
hücuma keçərək Urfanı
(Ruhanı) almağa cəhd etdi. Sultan Yaqubun lələsi Süleyman bəy Bicənoğlunun və Bayandur bəyin
başçılığı altında Ağqoyunlu
qoşunu düşməni
darmadağın etdi, Məmlük sərkərdəsi
Yaşbəy öldürüldü, digər
Məmlük sərkərdələri isə əsir
alındı.
Sultan Yaqub Şirvanşahlar ilə dostluq
əlaqələri saxlamış və Şirvanşah
Fərrux Yəsarın qızı ilə evlənmişdir. Atasından
fərqli olaraq Ərdəbil şeyxləri
ilə xoş münasibət
saxlamırdı. 1488-ci ildə Ərdəbil şeyxi
Heydər Şirvanşahlar dövlətinə
hücum edəndə, Fərrux Yassar kürəkəni Sultan
Yaqubdan kömək istəmişdir. Məhz
Ağqoyunluların köməyi sayəsində Şeyx Heydər 1488-ci il iyunun 30-da Tabasaranda məğlub
edilərək həlak olmuşdu.
Sultan Yaqubun
dövründə onun vəziri Qazi İsa yeni
torpaq-maliyyə islahatını həyata keçirmək üçün plan
hazırlamış və 1498-ci ildə bu
islahatlar həyata keçirilməyə
başlanılmışdır. O, hakimiyyətinin ilk illərində vergiləri 70 min tümən məbləğində
azaltmışdır. Sultan Yaqubun son məqsədi
tamğanı ləğv etmək idi. Lakin onun ölümü
islahatların həyata keçirilməsinə imkan vermədi.
Sultan Yaqub
24 dekabr 1490-cı ildə müəmmalı
şəkildə qəflətən vəfat etmişdir.
Sultan Yaqub
zamanında şairlərin tale ulduzu parlamış, şeir
və şairlik geniş
yayılmışdır.
“Ölkənin Keyxosrovu Sultan Yaqub...”
Aşağıdakı
şeir Sultan Yaqubun tarixi haqqında deyilmişdir:
Onda
ki, səfər ayı təzəcə göründü,
Eyşu-işrət
günəşi torlanaraq söndü.
Ölkənin Keyxosrovu Sultan Yaqub idi,
Onun vəfat tarixi də Keyxosrov oldu.
Səfiyəddin Qazi İsa və
Şeyx Nəcməddin
Yəqubi Sultan Yaqubun vəzirləri və nədimləri olmuş, İdris ibn Hüsammədin Bədlisi
Əbdülhəy Astarabadi
isə Sultan Yaqubun sarayında xəttat, hökm və fərmanları yazan münşilər olmuşlar.
Baba Fəlani, Baba Nəsibi,
Dərviş Dəhəki,
Möhyi Lari, Mütin Həsibi Ənsari Qumi, Heyrani Qumi, Şəhidi
Qumi və Hümayun İsfəraini onun sarayının şeir ustalarından olmuşlar.
Binai Qətili,
Əhli Şirazi və Şövqi onun adına “Bəhram və Bəhruz”, “Vamiq və Əzra”, “Şam və pərvanə” mənzumələrini
və Əli ibn Əbu Talibin
divanın farsca tərcüməsini nəzmə
çəkmiş, eləcə
də Fəzullah ibn Ruzbehan “Tarixi-aləmarayi-Bayanduri”
əsərinin və
“Bədi əz-zəmən
fi Qissə həyy ibn Yəqzan”
risaləsini onun adına təlif etmiş, talış alimlərindən olan Məhəmməd ibn Musa
“Şəhri-hikəmtul-eyn” əsərini yazıb, ona təqdim etmişdir.
Sultan Yaqubla Sultan Bayqara arasında bir sıra müşairələr
və yazışmalar
olmuşdur. Aşağıdakı rübai
də onlardan biridir:
Bu dünya ki, adamını mən kəm görmüşəm,
Hər şənliyində onu min-min qəm görmüşəm.
Bir düşərgəyə
oxşayır ki, hər tərəfdən,
Aparır yoxluğa, sonu əqdəm görmüşəm.
Kişvəri şeirlərinin birində
Sultan Yaqub bəy dövrünü arzulayırdı:
Talei-bərgəştə
bir dəxi qılaydı sərvəri,
Kim cila tapsaydı ol ayineyi-İskəndəri,
Şölə çəksəydi-çiraği-tudeyi-Bayəndəri,
Vəh, nə ləzzət tapğay ol səat qələndər
Kişvəri,
Kim,
görünə rəiyyəti
Yəqub xani bir dəxi.
Sultan Yaqub bəy Şirvanşah Fərrux Yassarın qızı Gövhər
Sultan xanım və başqaları ilə ailə qurmuşdur.
Onun Baysunqur Mirzə, Murad Mirzə, Həsən Mirzə adlı oğulları vardı.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.-
2013.- 14 iyun.- S.14.