Dərbəndilər sülaləsindən ilk hökmdar
I İbrahim
Güclü
dövlət xadimi, sərkərdə və mahir diplomat
Azərbaycan
Şirvanşahlar dövlətinin tarixində önəmli
rolu olan şəxslərdən biri I Şeyx Ibrahimdir.
Şirvanşah Şeyx İbrahim Dərbəndilər
sülaləsindən olan ilk
hökmdardır. O, Yaxın Şərqdə Teymurun
işğalçılıq müharibələri ilə
bağlı ağır xarici siyasi hadisələrin baş
verdiyi dövrdə hökmranlıq etmişdir.
Şeyx İbrahimin hakimiyyəti
dövründə Şirvan güclü və müstəqil
dövlət olub. O, qonşu ölkələrlə,
Gürcüstanla, bir sıra iri yaşayış məntəqələrini
öz nüfuzuna tabe etdiyi Dağıstanla müttəfiqlik və
dostluq münasibətləri saxlayırdı. I Şeyx
İbrahim zamanında Dərbənd və mahalı, Cənubi
Dağıstanın Samur vadisindəki kənd və
icmaları Şirvanın siyasi asılılığında
idi.
Görkəmli dövlət xadimi, sərkərdə
və mahir diplomat olan İbrahim Şirvanı güclü və
müstəqil dövlətə çevirə bilmiş, Qara
Yusifdən vassal asılılığı kağız üzərində
qalmışdı. Dərbənd
də əvvəlki kimi Şirvanşaha məxsus idi. Bunu Dərbənddəki
aşağıdakı kitabə də təsdiqləyir: “Xalqların
ixtiyar sahibi olan əzəmətli sultan Şeyx İbrahimin -
Allah onun hökmranlığını əbədi etsin -
hakimiyyəti zamanında...”
Sultanı İbrahimin adı daha iki kitabədə
də çəkilir: onlardan biri - Abşeronun Maştağa kəndindəki
Birə Arğutay məscidinin portalındakı kitabə h.817
(1414/5)-ci ilə, ikincisi - Bakının İçərişəhər
hissəsindəki Xacə Əmir şah məscidinin
qapısı üzərindəki kitabə h.818-ci (1415/6) ilə
aiddir: “Sultan Şeyx İbrahimin oğlu sultanın
dövründə”.
Şeyx İbrahimin hakimiyyəti
dövründə Şirvanın şəhər və kəndlərində
qala binaları, məscidlər, karvansaralar, ovdanlar
tikilmişdi. Ehtimal ki, Bakıdakı Şirvanşahlar
sarayının tikintisinə də Şeyx İbrahimin
vaxtından başlanılmışdır. Tanınmış
şairlər və alimlər Şirvanşıhın
sarayında yaşayırdılar. Hökmdar onlara səxavətlə
hədiyyələr verir, hamilik edirdi. Dövlətşahın
verdiyi məlumata görə, məşhur fars şairlərindən
biri - Katibi Turşizi Şirvanşahların saray şairi Bədr
Şirvani ilə görüşmək üçün
Şirvana gəlmişdi. Şeyx İbrahim bir şeirə
görə Katibi Turşiziyə 10000 qızıl dinar
bağışlamışdır. Sonralar Katib Turşizi
özünün savadlı və səxavətli hamisi
Şirvanşah Şeyx İbrahimi tərk edərək,
heç bir diqqət və qayğı görmədiyi Qara
Yusifin saray şairi olmasına acı-acı təəssüflənmişdir.
Şeyx İbrahimin hakimiyyəti dövründə şəhər
mədəniyyətinin, incəsənət və poeziyanın
dirçəlişi müşahidə edilir. XV əsrin əvvəllərindən
Şirvanşahlar dövlətinin 100 ilə yaxın davam edən
müstəqillik və inkişaf dövrü başlayır.
Əmir
Teymurun vassallığında
Münəccimbaşıya görə,
Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu
olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk
nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd
ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək
Şəki kəndlərinin birində gizlənmişdilər.
Əhməd Qaffarinin məlumatına görə, Şeyx
İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim
isə Huşəngin ölümünə və Şirvan
feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət
edənə qədər həmin yerdə gizlənib
qalmışdı. Onun taxta çıxması haqqında
başqa mənbələrdə daha müfəssəl məlumat
verilir: Zadəgan nəslindən olan yoxsullaşmış
feodal Şeyx İbrahim atası və qohumları ilə
birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin
birində yaşayaraq, əkinçiliklə məşğul
olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın
nəslindən hesab edir və şəcərələrini
bunun üzərində qururdular. Xalq
iğtişaşlarından və feodal çəkişmələrindən
sonra Şirvan feodalları Şeyx İbrahimi Şirvanşah
seçməyi qərar aldılar.
Şeyx İbrahimin
hökmranlığı dövründə Cənubi Azərbaycanda
və digər vilayətlərdə Cəlairilər sülaləsi
hökmdarlarından olan sultan Əhməd hökmranlıq
edirdi. Şimaldan Şirvanı Qızıl Orda xanı
Toxtamış təhdid edir, Teymur Azərbaycana hücum edərkən
qarşısına çıxan hər şeyi yerlə-yeksan
edirdi. Şeyx Ibrahim bu ağır siyasi şəraitdə
işğalçı ordunun qarşısında duruş gətirməyin
çətin olacağını başa düşərək,
Şirvanın viran edilməsinin və əhalisinin
qırğınının qarşısını almaq
üçün Teymura itaət
göstərərək ona tabe oldu və Şirvanın hakimi
saxlanıldı.
Hətta, Teymur oğlu Miranşahı Azərbaycan
və Şirvanın, o cümlədən Dərbənd və
Bakının hakimi təyin edəndə də İbrahim
Şirvanşah adını qoruyub saxlamağa müvəffəq
oldu.
Teymurun vassalı olan İbrahim onun
adından sikkə kəsdirirdi. XIV əsrin sonlarında
Şirvanın bir sıra şəhərlərinin -
Bakının Dərbəndin, Şamaxının, Güştəsbinin
zərbxanalarında Teymurun adından sikkə zərb olunurdu.
Şeyx İbrahim türkmənlərin, Cəlairilərin,
Cucilərin və Teymurilərin Azərbaycan - Arran və
Şirvan uğrunda şiddətli mübarizə
apardıqları dövrdə hakimiyyət
sürmüşdür. Onun vaxtında - h.791-792-ci
(1388/9-1389/90) illərdə və sonralar, XIV əsrin sonlarında
Bakı, Şamaxı, Şəbəran, Dərbənd,
Mahmudabad, Güştəsbi şəhərlərində kəsilən
Şirvan sikkələri gah Teymurun, gah da Toxtamışın
adından zərb olunurdu. Hətta, hücumlardan xilas olunduqdan
sonra belə İbrahim XV əsrin əvvəllərində
öz adını göstərmədən anonim sikkələr
kəsdirməyə başlayır.
Şeyx İbrahim zəngin və
inkişaf etmiş ölkənin müstəqil hakimi olaraq Teymura tabe olan feodallar arasında
xüsusi mövqeyə malik olmuşdur. Onun ağıllı
siyasəti sayəsində Şirvan bu
işğalçının qoşunları tərəfindən
dağıntıya məruz qalmamış və əvvəlki
kimi inkişaf etmişdır. Şirvan əhalisinin
Şirvanşahın xəzinəsinə verdiyi vergi və
töycülər də qonşu ölkələrdəki qədər
ağır deyildi.
Böyük
savaşların şahidi və iştirakçısı
Şeyx İbrahim bir neçə dəfə
Şirvana basqın edərək onu böyük dağıntıya
məruz qoyan Toxtamışa qarşı mübarizədə
Teymura kömək edirdi. H.787-ci (1385/6) ildə
Toxtamışın doxsan minlik ordusu Dərbənd
keçidindən Şirvana hücum etdi. Toxtamış
Şirvanın şəhərlərini tutaraq Təbrizə
getdi, oranı qarət edib həmin yolla da geri qayıtdı.
Toxtamış h.789-cu (1387) ildə yenidən Şirvana soxulub
Kür çayına çatdıqda Teymur əmirlərinin
başçılığı ilə qoşun göndərərək
Şirvanşaha kömək göstərdi. Teymurun oğlu
Miranşah atasının və Şirvanşahın
qoşunlarının köməyinə çataraq
Toxtamışı məğlubiyyətə uğratdı,
onu qaçmağa vadar etdi və Dərbənddən qovub
çıxardı.
Şirvanşahlar dövləti 1412 - ci ildən
etibarən Qaraqoyunlu dövlətindən vassal
asılılığı vəziyyətində olmuşdur.
Real hakimiyyət Cənubi Azərbaycanın
bütün şəhərlərində hərbi dəstələri
dayanan Qara Yusifin əlində idi. 1410-cu il avqustun 30-da Əhməd
və Qara Yusifin qoşunları arasında baş verən
şiddətli vuruşma nəticəsində sultanın
qoşunları Təbrizin həndəvərində tamamilə
darmadağın edildi. Sultan Əhməd əmirin əmri ilə
öldürüldü. Cəlairilər dövləti süqut
etdi, onun yerində baharlı tayfasından olan hökmdar Qara
Yusifin başçılıq etdiyi Qaraqoyunlu dövləti
yarandı.
1413-cü ildə Qaraqoyunlu dövlətinin
tərkibində şimalda Kür çayına qədər
Azərbaycanın böyük bir hissəsi, Ermənistan,
Kürdüstan və Ərəb İraqı daxil idi. Təbriz
bu dövlətin paytaxtı oldu. Baharlılar sülaləsinin
başçılıq etdiyi Qaraqoyunlu dövləti 1410-cu ildən
1468-ci ilə qədər davam etdi.
Kür sahilində döyüşdə məğlub
olduqdan sonra Şirvanşah Şeyx İbrahim Qara Yusif tərəfindən
əsir götürülmüş, lakin Təbrizdə onlar
arasındakı danışıqlar nəticəsində təbrizlilərin Qara Yusifın
divanına 1200 tümən məbləğində mal verməsi
müqabilində Şeyx İbrahim azad edilmişdir.
İbrahim
Şirvanşah Qara Yusifin
vassallığını qəbul edərək ondan Şirvan vilayətini Şəki
hüdudlarından Dərbəndə qədər bütün
şəhərləri ilə birlikdə əvvəlki qaydada
idarə etmək hüququnu təsdiq edən fərman
almışdı. Şeyx İbrahim Şirvana
qayıtdıqdan sonra üç il hökmranlıq edərək
h. 820-ci (1417) ildə ölmüşdür. Cənnabi, Qaramani
və başqa müəlliflər İbrahimin ölüm
tarixini h. 821-ci il göstərsələr də, Hacı Xəlifənin
“Cahannamə” əsərində onun varisinin h.820-ci ildə
taxta çıxdığı qəti surətdə göstərilir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 15 iyun.- S.14.