Aran dövlətinin hakimi
Atabəylər
dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz
Böyük
Səlcuq dövlətinin zəifləməsi nəticəsində
Sırdərya çayından Aralıq dənizi sahillərinə
qədər uzanan bir ərazidə yenə də türklərin
başçılığı altında bir çox dövlətlər
- Xarəzmşahlar, Anadolu səlcuq sultanlığı və
başqaları meydana çıxdı. Bunlardan biri də Azərbaycan
Atabəyləri adı ilə tanınan Eldənizlər
dövləti idi. Bu dövlətin qurucusu Şəmsəddin
Eldəniz sayılır.
Həmin dövlətin tarixi və onun
yaradıcısı Eldənizin tərcümeyi-halı çox
sayda orijinal mənbələrin təhlili nəticəsində
akademik Ziya Bünyadov tərəfindən işlənmişdir.
Akademik Z.Bünyadov “XII-XIII” əsrlərdə Atabəylər
dövləti əsrində göstərir ki, Şəmsəddin
Eldəniz “Böyük Atabəy (atabəy əl-əzəm)
adlanmağa başladı, onun böyük oğlu və
sultanın ana tərəfdən qardaşı Nüsrətəddin
Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu
Müzəffərəddin Osman Qızıl Arslan isə sultan
ordularının ali baş komandanı (əmir-sipahsalar əlkəbir)
təyin edildi. Eldəniz özünün bütün əmirlərini
dövlətdə yüksək vəzifələrə təyin
etdi. Bu dövrdən başlayaraq, atabəy Eldənizin
bütün fəaliyyəti yeni dövlət hakimiyyətinin
nüfuzunun möhkəmləndirilməsinə yönəldildi.
İraq sultanlığının tərkibinə daxil olan
vilayətlərin və ölkələrin bütün hakimləri,
o cümlədən, onun bütün vassalları sultan Arslan
şaha və Böyük Atabəyə sədaqət andı
içdilər. Ara müharibələri bir müddət
dayandı və mənbələrin göstərdiyinə
görə, xalq ”haqq-ədalət və sakitlik içərisində
yaşamağa başladı".
Tarixi mənbələrdən məlum olur
ki, qədim zamanlarda qıpçaqlar arasındakı adətə
görə bir yerdən 40 qul satanda onlardan biri
üçün pul almırdılar. Iraq səlcuq sultanı
Mahmudun vəziri Əbu Həmid Əli bir tacirdən 39 qul
alır və 40-cı qul olan Şəmsəddin Eldənizi
müftə də olsa almaqdan imtina edir. Şəmsəddinin uzun
yalvarışlarından sonra vəzir onu da öz sarayına gətirməyə
razı olur. 1122-ci ilin mayında vəzir Əbu Həmid
ismaillilər tərəfindən qətlə yetirildikdən
sonra onun varidatı, o cümlədən qulları da sultan
Mahmudun ixtiyarına keçir. Şəmsəddin Eldəniz at
çapmaqda, ox atmaqda bütün sarayda seçilir və
sultanın diqqətini cəlb edir. Sultan Mahmudun
ölümündən sonra hakimiyyətə gələn II
Toğrul (1132 - 1135) Şəmsəddin Eldənizi
özünün şəxsi məmlükləri
sırasına keçirir. Saray intriqalarına
qarışmayan, bir-biriləri ilə ədavət aparan feodal
qruplarına qoşulmayan Şəmsəddin Eldəniz tezliklə əmir rütbəsi
alır, daha sonra isə o, II Toğrulun azyaşlı oğlu Arslanşaha
atabəy təyin edilir. II Toğruldan sonra hakimiyyətə gələn
sultan Məsud Şəmsəddin Eldənizi II Toğrulun dul
qadını Mömünə xatunla evləndirir və bu
nikahdan iki oğlan uşağı - Cahan Pəhləvan və
Qızıl Arslan, habelə adı bəlli olmayan bir qız
doğulur. 1136-cı ildə sultan Məsud Atabəy Eldənizi
paytaxtı Bərdədə yerləşən Aran dövlətinin
hakimi təyin edir. Bərdəyə köçdükdən
sonra Eldəniz müstəqil siyasət yeritmək və saray
çəkişmələrindən mümkün qədər
uzaqlaşmaq istəyir. O, yerli əyanlara arxalanaraq, bəzən
qələmlə, bəzən isə qılıncla bir
çox xırda hakimləri öz tərəfinə çəkir,
tədricən ətraf əraziləri özünə tabe
etdirir.
Böyük
Atabəyə sədaqət andı
Sultan Məsudun ölümündən
sonra onun varisləri arasında hakimiyyət uğrunda
mübarizə qızışır. Hakimiyyətə gəlmiş
Sultan Məhəmməd müttəfiqlərinin böyük
ordusu ilə birgə qəflətən Azərbaycan üzərinə
hücuma keçir. Şəmsəddin onu Araz vadisində
qarşılayır. Bir neçə gün davam edən
döyüş Eldənizin məğlubiyyəti ilə
başa çatır. O, Azərbaycan hakimliyindən əl
çəkib, yalnız Arranla kifayətlənməli olur.
Yalnız bir neçə il sonra, zəif iradəli sultan
Süleymanın dövründə Eldəniz yenidən Azərbaycana
sahib ola bilir. Təşvişə düşmüş
Süleyman və onun yaxın əhatəsi II Toğrulun
oğlu, Eldənizin oğulluğu Arslan şahı taxt-taca
qanuni varis elan edirlər. Sui-qəsd nəticəsində sultan
Süleyman öldürüldükdən sonra isə onun təşkilatçıları
Arslan şahı taxta çıxarmaq qərarına gəlirlər.
1160-cı ildə 20 minlik ordunun
başında Həmədana gələn Şəmsəddin
Eldəniz oğulluğu Arslanşahıÿsultan taxtına
çıxarır. Tacqoyma mərasiminə
sultanlığın bütün vilayətlərindən və
vassal ölkələrdən hakimlər gəlmişdi. Arslan
şah İraq sultanlığının sultanı, Şəmsəddin
Eldəniz “Böyük Atabəy”, onun oğlanları -
sultanın böyük ögey qardaşı Məhəmməd
Cahan Pəhləvan əmir-Hacib, kiçik qardaş
Qızıl Arslan isə ordu komandanı elan olunur. Eldəniz
özünün bütün əmirlərini böyük
dövlət vəzifələrinə qoydurur. Tacqoyma mərasimində
iştirak edən bütün əmirlər sultan Arslan
şaha və Böyük Atabəyə sədaqət andı
içirlər.
1161-ci ilin avqustunda gürcü
çarı əvvəlcə Ani, sonra isə Dəbil şəhərini
tutdu. Dəbilin 10 minə yaxın sakinini
öldürüldü. 1163-cü ilin iyulunda Azərbaycan
ordusu Naxçıvandan hərəkətə başlayaraq, Dəbili
azad etdi və Gəncə ətrafında düşərgə
qurdu. Burada toplanan hərbi şurada Gürcüstan üzərinə
yürüş etmək qərara alındı. Yol boyu
çoxlu tərəkəmə birləşmələri də
nizami orduya qoşuldular. Üçdişli nizələrlə
silahlanmış, cins atlar, yaxşı qatırlar, və
döyüş arabaları ilə təchiz olunmuş
gürcülər Şəmsəddin Eldənizin ordusuna
hücum etdilər. Lakin onlar məğlub edildilər və
III Georgi qaçmaqla canını qurtara bildi. Azərbaycan
ordusu xeyli qənimət ələ keçirdi. Şəmsəddin
Eldəniz qızıl və gümüş su qablarını adamların su
içməsi üçün Həmədanın cümə
məscidinə göndərdi.
Böyük
tarix yazan hökmdar
Belə ağır məğlubiyyətə
baxmayaraq, gürcülər 1164-cü ilin yazında yenidən
Anini ələ keçirib onu taladılar. Özünü
yetirən Şəmsəddin Eldəniz onları qovdu və
şəhərin bərpası haqqında göstəriş
verdi. Bu yürüşdə iştirak etmiş tarixçilərdən
biri yazırdı: “Gürcülər biabırcasına məğlub
oldular. Onlardan o qədər qənimət ələ
keçirildi ki, saya-hesaba gəlməz. Axurları
gümüşdən tökülmüş çar tövləsi
ələ keçirilmişdi. Çarın gümüşdən
tökülmüş iri çənləri olan
çaxır anbarı da tutuldu. Bu çənlərin
göndərilməsindən ötrü xüsusi arabalar
lazım gəlirdi. Bunlardan birini sultana göndərdilər.
Sultana bununla birlikdə həmçinin o vaxt tədavüldə
olan iki min dinar pul da göndərdilər. O, qızıl və
gümüşdən düzəldilmiş çənləri
Həmədana, məscidə yolladı ki, adamlar onlardan su
içsinlər. İkinci bir çəni türkmənlər
ələ keçirib, tikə-parça etdilər. Müsəlmanlar
həddən artıq qənimət qazanaraq, çoxlu adam
qırdılar. Abxaziya çarı qaçmağa üz qoydu
və sıx meşədə gizləndi. Ərmənlərin
şahı üç tay yük ələ keçirdi ki,
bunların birində qızıl və gümüş qablar,
ikincisində xaçları qızıl və
gümüşdən tökülmüş və bahalı
daş-qaşla bəzədilmiş tayı-bərabəri
olmayan çar sovməsi, üçüncüsündə isə
çarın xəzinəsi vardı. Həmin tayın
içində olan qızıl, gümüş və
daş-qaşın qiymətini heç cür hesablamaq
mümkün deyildi.”Eldəniz faktiki olaraq bütün ölkənin
hakiminə çevrilir. Hakimiyyətin bu cür mərkəzləşməsi
Bağdad xəlifəsini və iri vilayətlərin hakimlərini
qorxuya salır. Onlar öz üstünlüklərini əldən
vermək istəmirdilər. Xəlifə Arslan şahı
sultan kimi tanımaqdan imtina edir və narazı əmirlərin
koalisiyasını yaratmağa başlayır. Bu məqsədlə
o, özünə sadiq səlcuq şahzadələrindən
birinə söz verir ki, onu sultan taxtına
çıxaracaqdır.
Eldəniz əmirlərin birləşməsini
qabaqlayaraq onların öz ərazilərinə yeriyərək,
ordularını darmadağın edir. Ən parlaq qələbəsini
Həmədan, Rey və Qəzvin yaxınlığında
qazanır. Bu qələbələrdən qorxuya
düşmüş əmirlərin çoxusu sultandan vassal
asılılığında olduğunu etiraf etmək zorunda
qalır. Rey hakimi İnanc hətta məcbur qalıb öz
qızını Böyük Atabəyin oğlu Məhəmməd
Cahan Pəhləvana verir.
1175-ci ildə Böyük Atabəyin
xanımı, səlcuq sultanı II Toğrulun dul
qadını Möminə xatun, bir ay sonra isə Eldəniz
dünyasını dəyişir. Azərbaycan Atabəylər
dövlətinin möhkəmlənməsində böyük
xidmətləri olan bu böyük qadının xatirəsini əbədiləşdirmək
üçün onun məzarı üzərində dahi Azərbaycan
memarı Əbubəkr Əcəminin yaratdığı
möhtəşəm məqbərə ucaldılır. Məqbərənin
tikintisinə Böyük Atabəyin sağlığında
başlanılır, onların oğlanları Cahan Pəhləvanın
dövründə, 1186-cı ildə bu iş sona
çatdırılır. Görünür, Möminə
xatunu Cahan Pəhləvanın arvadı sayan bəzi sənətşünasların
yanlışlığı da buradan gəlir. Akademik
Z.M.Bünyadovun yazdığına görə, Cahan Pəhləvanın
üç hərəmi olub: Zahidə xatun, İnanc xatun və
Quteybə xatun. Böyük Atabəy Şəmsəddin Eldəniz
isə Naxçıvanda vəfat etmiş, lakin Həmədanda
dəfn olunmuşdur.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 16 iyun.- S.14.