Qaraqoyunluların
58 illik hakimiyyəti
Oğuz türk-əsilli
tayfaların ittifaq dövləti
Azərbaycan tarixində
uzun illər hökmranlığı sürmüş türk
dövlətlərindən biri də Qaraqoyunlu dövlətidir.
Qaraqoyunlu dövləti Şirvan istisna olmaqla, bütün Azərbaycan, indiki Ermənistan
ərazisi, Gürcüstanın
bir hissəsi, Qərbi İran və İraq
ərazisini əhatə edirdi. Qaraqoyunlular Oğuz türk-əsilli
tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə
görə Qaraqoyunlu (1410-1468) adlanırdı.
Tanınmış
Qaraqoyunlu hökmdarları sırasına Qara Məhəmməd
(1380-1389), Qara Yusif (1390-1420), Qara İsgəndər (1420-1435),
Cahan Şahın (1435-1467) adları daxildir. Amma Qaraqoyunlu
dövlətinin banisi Qara Yusif olmuşdur. Teymurilər və Cəlairilərlə
gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa
Ermənistan, Şərqi Gürcüstan, Ərəb və
fars İraqını
və həmçinin digər kiçik malikanələrin ərazilərini
öz sərhədləri daxilində birləşdirən nəhəng
bir dövlət yaratmağa nail olub.
“Vikipedia”da
bu tarixlə bağlı bütün tarixi faktlar dolğun
şəkildə təqdim olunur. 1388-ci ilin 24 may tarixində
Qara Məhəmmədin başçılıq etdiyi
Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi
olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə
daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun
hökmranlığına qarşı ilk uğurlu
döyüşü idi. 1408-ci ildə Teymurilər Azərbaycandan
qovuldu, 1410-cu ildə isə Qaraqoyunlu dövlətinin
yarandığı elan edildi.
Böyük
Qaraqoyunlu sülaləsinin banisi isə məşhur Baharlı
tayfasından olan Bayram Xoca olmuşdur. Bu tayfa ittifaqı
hakimiyyətinin əsası 1380-1389-cu illərdə Qara Məhəmməd
tərəfindən qoyulmuşdur. 1387-ci ilin yazında,
Çapaqcur döyüşündə Qara Məhəmməd
Əmir Teymurun hərbi qüvvələrini məğlub etdi.
Lakin onun ölümündən sonra Əmir Teymurun orduları
Qaraqoyunlu birliyinin mərkəzi olan Van şəhərini
tutdular.
Qaraqoyunlular
Teymurun hakimiyyətində olan Təbrizi ələ keçirməyə
çalışırdılar. 1394-cü ilin yayında
Teymurun ordusu Bağdad yaxınlığında qaraqoyunlu və
cəlayirli birləşmiş qoşunlarını məğlub
edir. Bu məğlubiyyətdən sonra çarəsiz qalan
Qara Yusif (1389-1420) cəlairli Sultan Əhmədlə birlikdə
Osmanlı Sultanı İldırım
Bəyazidin (1389-1402) himayəsinə girir. Teymur bu iki lideri
geri tələb etsə də, İldırım Bəyazid
bundan qəti surətdə boyun qaçırır. Qara Yusif vəziyyəti
daha da gərginləşdirmək istəmədiyi
üçün Osmanlı dövlətini tərk edərək,
öz adamlarını ətrafında toplayır və Teymur əleyhinə
ittifaq yaratmaq məqsədilə Sultan Əhməd Cəlairilə
birlikdə Misirə getdi. Misir məmlük sultanı Berkuk
onları yaxşı qarşılasa da onun varisi Fərəc Əmir
Teymurun əmri ilə Qara Yusiflə Sultan Əhməd Cəlairini
həbs etmişdi. Əmir Teymurun ölümündən sonra
Qara Yusiflə Sultan Əhməd Cəlairi Azərbaycana
qayıtdılar. Təbrizdə möhkəmlənən Sultan
Əhməd ilk növbədə Əmir Teymura qarşı
mübarizədə qətiyyətlə müqavimət
göstərmiş Əlincə qalasının bərpa edilməsi
və vergiləri azaltmaq haqqında fərman verdi.
1408-ci
ildə Teymurilərin Azərbaycanda hakimiyyətinə son
qoyuldu.
Qara Yusifin möhkəmlənən
hakimiyyəti
Bundan
sonra keçmiş müttəfiqi Qara Yusifin nüfuzunun
artmasından qorxuya düşən Sultan Əhməd Cəlairi
Şirvanşah İbrahimlə
ittifaqa girdi. Şirvanşah İbrahim Sultan Əhmədə
oğlu Kəyumərsin başçılıq etdiyi hərbi
dəstə göndərdi. Lakin onların birləşməsinə
imkan verməyən Qara Yusif Kəyumərsin
başçılıq etdiyi ordunu darmadağın etdi, onun
özünü isə əsir aldı. Kəyumərsin
cavanlığına qıymayan Qara Yusif onu azadlığa
buraxsa da, doğma atası Kəyumərsini guya Qara Yusiflə
işbirliyində günahlandıraraq edam etdirdi. Qara Yusif
1410-cu ildə II Şənbi-Qazan döyüşündə
Sultan Əhmədi məğlubiyyətə uğratdı.
1410-cu ildə paytaxtı Təbriz şəhəri olan,
Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan
torpaqlarını, indiki Türkiyə Cümhuriyyətinin
şərq əyalətlərini, indiki Gürcüstanın
şərqini (Borçalını), indiki Ermənistanı, Qərbi
İran
və İraqı
əhatə edən Azərbaycan - Qaraqoyunlu dövləti
yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri
seçilir. Ali idarəçilik Qara Yusifdə olsa da, təngələrdə
(pullarda) oğlu Pirbudağın adı göstərilirdi.
Bu
dövrdə Şirvanşah I İbrahimin oğlu Kəyumərsi
qoşunla Sultan Əhməd Cəlairiyə yardıma göndərməsi
onunla Qara Yusif arasında düşmənçiliyə gətirib
çıxarmışdı. 1412-ci ilin payızında
Şirvanşah və onun müttəfiqlərinin birləşmiş
qüvvələri ilə Qara Yusifin qoşunu arasında
Kür çayı sahilində bir ay davam etmiş
döyüş oldu. I
İbrahim,
Seyid
Əhməd və II
Konstantin məğlub
olaraq əsir
düşdülər. Şirvanşah İbrahimi
taxtda öz
yanında
oturdan Qara Yusif onu
1200 İraq tüməni bac ödətdirdikdən sonra əsirlikdən azad
etdi. Lakin
İbrahim
Qara Yusifdən
vassal asılılığını qəbul etmək müqabilində Şirvanı idarə etmək hüququ da
aldı. Lakin
ona qoşularaq
Qara Yusifə qarşı çıxmış müttəfiqlərinin
aqibəti
daha acınacaqlı oldu. Seyid Əhməd və 300 gürcü aznauru
ilə birlikdə II
Konstantin edam edildilər. Hələ 1407-ci
ildə gürcü dəstələrini öz ərazilərindən qovmuş Borçalı türkləri 1416-cı ildə Qara
Yusifin hakimiyyətini
tanıdılar. Borçalıda möhkəmlənən Qara
Yusif Üç
qalanı
(gürcücə Samtsxe) da tutdu.
1420-ci
ildə Qara
Yusifin ölümündən sonra dövlətin
daxilində
çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları
Şahrux və Baysunqur bundan istifadə edərək bir
neçə dəfə Azərbaycan üzərinə
hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər
Azərbaycanda hakimiyyəti ələ keçirərək,
Şirvana hücum edərkən şirvanşah I Xəlilullahın
köməyinə Şahrux gəlir. Cahanşah da
qardaşına qarşı çıxış edir. İskəndər
birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək,
Şirvandan baş götürüb qaçır. 1435-ci ildə
İskəndərin
məğlubiyyətindən sonra Şahrux Azərbaycan
hakimliyini Cahanşaha tapşırır. İskəndər növbəti
dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə
Təbrizi tutmaq istəyir, ancaq Cahanşahla Şirvan əmirlərinin
birləşmiş qoşunları onun ordusunu darmadağın
edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə
qalasına qaçır və burada öz yaxın
adamlarının sui-qəsdilə öldürülür. Beləliklə,
Cahanşah Azərbaycanın müstəqil hökmdarı
olur.
Cahanşah Həqiqinin
hakimiyyəti və dövlətin süqutu
Görkəmli
dövlət xadimi, şair, hürufi fəlsəfəsinin
tanınmış nümayəndəsi Müzəffərəddin
Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin
yaxınlığında yerləşən kiçik bir kənddə
doğulmuşdur. Cahanşah Azərbaycan Qaraqoyunlu dövlətinin
banisi Qara Yusifin üçüncü oğlu idi. 1440-41-ci ildə
o, Gürcüstan üzərinə uğurlu bir
yürüş edir, bir neçə ildən sonra isə ərəb
İraqına
hücum çəkərək, Bağdadı alır. Bundan
sonra kiçik yaşlı oğlu Məhəmməd Mirzəni
İraq
hakimi təyin edir. Mosul şəhərini isə
qardaşı İskəndərin
oğlanları Əlvəndə, Rüstəmə, Tərxana
və Mahmuda verir. Atası və qardaşı İskəndərdən
fərqli olaraq Teymurilərdən Şahrux və Osmanlı
sultanı ilə dostluq siyasəti yeritməklə Cahanşah
nəinki Qaraqoyunlular dövlətinin əvvəlki sərhədlərini
bərpa edir, hətta onun ərazisini qonşu torpaqlar
hesabına genişləndirir. Lakin bütün bunlara
baxmayaraq, Qaraqoyunlular dövləti Teymurilərdən
asılı olaraq qalırdı. Qaraqoyunlular dövləti
yalnız 1447-ci ildə Şahrux Xorasanda dünyasını dəyişəndən
sonra tam müstəqillik qazanır. Hakimiyyətsizlikdən
istifadə edən Cahanşah Sultaniyyə, Qəzvin və Həmədanı
Qaraqoyunlu torpaqlarına qatır, elə həmin ildə
Gürcüstan üzərinə yürüş edir. Bu vaxt İskəndərin
oğlu, Mosul hakimi Əlvənd Mirzə Cahanşaha
qarşı üsyan qaldırır və ətraf yerləri
tutaraq özünü müstəqil elan edir. Bu barədə
xəbər çatan kimi Cahanşah Təbrizə
qayıdır və öz qoşunlarını Əlvənd
Mirzənin üzərinə göndərir. Əlvənd məğlubiyyətə
uğrayır və Ağqoyunlu hökmdarı Cahangirin
yanına qaçır. Bu isə Cahanşahı məcbur edir
ki, öz qoşununu Cahangirin üzərinə yönəltsin.
Cahangirin qoşunları əzilir və onun torpaqlarının
bir hissəsi Cahanşahın tabeçiliyinə keçir.
Həmin
vaxtlarda gün-gündən möhkəmlənən və
görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin
idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı.
Uzun Həsən tez-tez Cahanşahdan vassal
asılılığında olan torpaqlara hücum çəkirdi.
Onun fəallaşdığını görən Cahanşah
Osmanlı sultanının məsləhəti ilə qəti qərar
verir. Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə
yönəldir. Lakin yaxın adamlarının təkidi ilə
o, döyüşə girmir və qoşunu
qışlamağa göndərir. Bundan istifadə edən
Uzun Həsən 1467-ci ilin yazında Ermənistanın cənubundakı
Muş düzənliyində qəflətən
Cahanşahın qoşunlarına hücum çəkir və
onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz
halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları
ilə ziyafət keçirən Cahanşahın üzərinə
yeriyir və İskəndər
adlı bir döyüşçü Cahanşahı
öldürür.
Bu hadisə 1467-ci ilin 4 oktyabrında
baş verir. Cahan şahın cəsədini Təbrizə gətirir
və onu özünün tikdirdiyi “Göy məscid”də dəfn
edirlər. Qaraqoyunlu dövləti mövcudluğunun 58-ci ilində
süqut edir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 17 iyun.- S.14.