Türk əlifbasının ən “nəhəng nəzəriyyəçisi”

 

Maarifpərvər ziyalı Fərhad Ağazadə

 

Məlum olduğu kimi, XIX əsrin sonları və XX əsrin əvvəlləri Azərbaycanda maarifçilik və savadlanma sahəsində mühüm mərhələ olmuşdur. Bu istiqamətdə bir çox ziyalılarımız misilsiz rolu oynamışlar ki, onlar haqqında dəfələrlə söz açmışıq. Belə ziyalılarımızdan biri də Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, publisist Fərhad Ağazadə olmuşdur.

Fərhad Ağazadə 1880-ci il avqustun 12-də  Şuşa  şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından zəkası və istedadı ilə yaşıdlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə  Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına  qəbul olmuş, 1900-cı ildə oranı bitirmişdir. O, həmin ildən - 1900-1905-ci illərdə əvvəlcə  Xaçmazda, sonra da  Gorusda  kənd məktəblərində, 1905-ci ildə isə Bakıdakı rus-Azərbaycan məktəblərində müəllimlik etmişdir.

Maarifpərvər ziyalı F.Ağazadə hələ 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə “Ədəbiyyat məcmuəsi” adlı kitab tərtib edib çapdan buraxdırmışdır. Onun  ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuş, 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır. Amma o zaman Azərbaycandakı mövcud vəziyyət, çar Rusiyasının müstəmləkəsi şərtləri altında  maarifçi ziyalı arzularını reallaşdıra bilmir və onun uzun zaman çəkdiyi zəhmət işıq üzünə çıxarılmır.

Məlum olduğu kimi, “28 aprel işğalından  sonra Azərbaycanda  İttifaq hökuməti  bir sıra tədbirlər həyata keçirməyə başladı. Ümumittifaq Komitəsi yaradıldı. Fərhad Ağazadə bu komitənin və Yeni türk əlifbası Azərbaycan Komitəsinin üzvü seçildi. O, türk əlifba komitəsinin işində həm elmi təşkilatda, həm də yeni əlifbaya aid nəzəri məsələlərin hazırlanmasında çox yaxından iştirak edir. Onun ”Ərəb əlifbası türk dilinə niyə yaramır?", “Yeni türk əlifbalarının unifikasiyası üzrə materiallar”, “Azərbaycanda yeni türk əlifbasının inkişafı və həyata keçirilməsi tarixi”, “Yeni türk əlifbasının tarixi” kimi əsərləri xüsusi əhəmiyyətə malikdir. Bunlardan başqa, F.Ağazadənin dilçiliyə aid “Türk-tatar dillərində səslərin nisbi münasibətini bilmək bizə nədən ötrü lazımdır?”, “Yazı qaydalarında mümkün ixtisarlar məsələsinə dair” və s. məqalələri vardır"(Vikipedia).

 

Azərbaycan” qəzetinin ən fəal yazarlarından

 

F.Ağazadə  şərqin ilk demokratik dövləti olan Azərbaycan Cümhuriyyətininÿ rəsmi orqanı “Azərbaycan” qəzetinin ən fəal yazarlarından biri olub. Belə ki, qəzetin çox nadir səhifələrində onun imzasına rast gəlinmir. 1919-1920-ci illərdə isə, demək olar ki, “Azərbaycan”ın hər nömrəsində F. Ağazadənin müxtəlif mövzularda yazıları dərc edilib. Ziyalı məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı. Publisistin qəzetin 18 yanvar 1918-ci il 66-cı nömrəsində yazdığı “Bakıda xalq məktəbi müdirlərinin yığıncağı” adlı məqaləsində deyilir: “İki gündür ki, Azərbaycanda camaat məktəb müdirləri maarif nəzarəti dəvəti ilə Bakıya yığılıb, katib məsələlərinin müzakirəsi ilə məşğuldur. Bu, bir ağır vəzifədir. Çünki məktəbimizin halı çox pərişan olduğu üçün də müalicəyə möhtac bir çox dərdləri var. Məhəlli müzakirəyə qoyulacaq o qədər məsələlər var ki, yığıncağın müddəti tamam bir il də çəksə, bunların öhdəsindən gələ bilməz”.

O, kitabların az olması, 80-ci illərdə Axund Molla Əbdülsəlam və Qadir Əfəndi tərəfindən yazılmış əqaid kitablarının 7-8 yaşlı uşaqlar üçün yox, 15-20 yaşlılar üçün olduğunu, lakin bunu azyaşlı uşaqlara dərs vəsaiti kimi edildiyini, dilinin çox qəliz olduğunu yazır: "...Ana dili ilə yox, əcnəbi və biganə bir dildə yazılmış bu ərəb duaları heç bilmirsiniz məsum balaların yenicə nəşvü-nüma edən zehnlərini nə dərəcədə korşaldır..." (24 yanvar 1918-ci il H 72).

F.Ağazadə cəmiyyətdə baş verən bütün hadisələrə məqalələrində yer verir. “Hər işə çarə vardır” adlı məqaləsi “Azərbaycan”ın 1 yanvar 1919-cu il 76-cı nömrəsində yer alır: “Yollarda özümüzdən qulluqçumuz olmadığından xaricilər dəxi bilmirlər ki, onlar getsələr, yol fəna olacaqdır. Ona görə də bildiklərini itirirlər”.

“Maarif müfəttişlərinin yığıncağına dair” adlı məqalə qəzetin 5 yanvar 1919-cu il 79-cu nömrəsində yer alır: “İşbu yığıncağın 8-ci iclasında dərs kitablarının intixabı məhəlli müzakirələr qoyulacaq. Vəqtin qeyri-müsaid olduğu cəhətilə hələlik hazırda bulunan kitablara qənaət edilir”.

9 yanvar 1919-cu il 83-cü sayında yazır: "...Yüz ildən çoxdur ki, rus əsgəri Qafqaz qitəsini işğal etmişdir. Sair qafqazlılar ilə bahəm  azərbaycanlılar da rus mətnətini qəbul edərək kəmali-sidq və ixlasi-qəlblə davranıb, yeri düşdükcə özünün hamıdan doğru və sadiq bir təbəə olmasını qalən və felən qəvi dəlillər ilə sübut etmişdir".

Demokratik cümhuriyyətin süqut etdirilməsi, müstəqilliyimizin istilaçılar tərəfindən məhv edilməsi böyük ziyalını çox sarsıtmışdı. Çox keçmədi ki, o, sağalmaz bir xəstəliyə düçar oldu.

 

Amansız xəstəliklə yarımçıq qalan işlər...

 

1929-cu ilin iyun ayının 26-da Fərhad Ağazadə rəsmi işi ilə bağlı Mahaçqalayaÿ ezam olunur və geri qayıdarkən yolda onun səhhəti pisləşir. Bundan sonra o, “qida borusunun daralması”ndan əziyyət çəkməyə başlayır. Bir müddət Bakıda müalicə olunsa da, səhhətində irəliləyiş hiss olunmur. Onu müalicə edən həkimin 19 dekabr 1929-cu il tarixdə verdiyi arayışda xəstənin təkrar ciddi müalicə olunması vacibliyi göstərilir. O dövrdə belə xəstəliklərin ən yaxşı müalicəsi Leninqrad Rentgen-Radioloji Institutunda aparılırdı. Bu məqsədlə, müalicəsinin təşkili xahişi ilə Fərhad Ağazadə,  2 fevral və  9 mart 1930-cu il tarixli məktublarla ÜMYTƏK-nə müraciət edir. 1930-cu il martın 3-də Xalq Səhiyyə Komissarlığı Fərhad Ağazadənin  Leninqrad  Rentgen-Radioloji İnstitutunda müalicəsinə kömək olunması xahişi ilə Leninqrad Vilayət Səhiyyə Şöbəsinə teleqram vurur və beləliklə də, maddi və təşkilati köməklik alan Fərhad Ağazadə Leninqrada müalicəyə gedir. Oÿmartın 21-dən etibarən Leninqradda Rentgen-Radioloji İnstitutun cərrahiyyə şöbəsində müalicəyə başlayır. Ona əməliyyat edilməsi təklifinə razılıq vermir. O, “həyatının ən nəcib dostu” adlandırdığı həyat yoldaşı Gövhər xanıma  2 aprel  tarixli məktubunda yazırdı: "Mən əməliyyata razılıq vermədim. Rentgen şüası ilə müalicə edəcəklər. Əgər vəziyyətim pisləşsə, çıxıb evə qayıdacam".

Bundan 2 həftə sonra, aprelin 17-də  Bakıya  qayıdır, müalicə götürməsinə baxmayaraq, onun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş olmur.

Görkəmli maarifçi pedaqoq, dilçi, yazıçı-publisist, nüfuzlu ictimai xadim, “latın əlifbasının düşmənləri arasında belə bu əlifbanın ən nəhəng nəzəriyyəçilərindən biri kimi qiymətləndirilən” Fərhad Ağazadə 1931-ci il yanvar ayının 4-də dünyasını dəyişir. O zaman Fərhad Ağazadənin ölümü ilə əlaqədar "Komminist" qəzetində verilən nekroloqda deyilirdi: “Ağazadə yoldaşın ən böyük xidmətlərindən birisi də onun yeni türk əlifbasının yayılması yolundakı mübarizəsidir. Türk əlifbasının yeni latın sisteminə keçirilmə məsələsi irəli atılan gündən Ağazadə yoldaş bunun böyük mədəni nəticələr verəcəyini nəzərə alaraq yeni əlifbanın qəbul edilməsi və yayılması yolunda aktiv mübarizəyə başlamışdır. Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin üzvü olaraq Ağazadə yoldaş yeni əlifbanın bütün Şuralar İttifaqı türk, tatar xalqları arasında da yayılmasına çalışmışdır”.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 21 iyun.- S.14.