Baharlı
soyadının ilk
daşıyıcısı
Əlişəkər bəy
Baharlı
Azərbaycanda qədim türk tayfalarından biri
olan Baharlılar soyundan
bir çox tarixi şəxsiyyətlər
çıxmışdır. Baharlılar orta
əsrlərdə oğuzların tərkibində Orta Asiyadan Yaxın Şərqə
və Azərbaycana gəlmiş türk
tayfasıdır. “Baharlı” etnik termininə
ilk dəfə XV yüzilə aid qaynaqlara təsadüf edilir. Vladimir Minorski qeyd edir
ki, Barani (və ya Baranlı) digər bir
adının Baharlı olduğu və İva boyundan ayrılmış,
Qaraqoyunlu tayfa
ittifaqına daxil olan
oymaqdır. C.Malkolma görə, “Əmir Teymur tərəfindən Suriyadan
Fars əyalətinə gətirilmiş” əslən
Şamlıların bir qoludur.
Baharlılar
Qaraqoyunlu tayfa
ittifaqında hakim mövqe
tutmuşdular. Qaraqoyunluların süqutundan sonra
baharlılar Ağqoyunlulara tabe olmaq istəməyərək Xorasana
gedib, teymurlulara
sığınmışdırlar. Uzun
Həsənin ölümündən
sonra (1478) onların Qaraqoyunlu dövlətini bərpa etmək
təşəbbüsü nəticə vermədi.
Baharlıların bir hissəsi Babura qoşularaq Hindistana
getmiş, orada Qütbşahlılar dövlətini
yaratmışdılar, digər qismi isə Xorasanda
qalıb, Səfəvilər dövlətində İran
və Azərbaycanın
siyasi həyatında fəaliyyət gətirmişdilər.
XVI yüzilin axırlarında baharlılar şahsevənlərə
qoşulmuşdular.
Bu soyun ilk nümayəndəsi XV əsrdə
yaşamış Əlişəkər bəy Baharlı olmuşdur
ki, Baharlı soyadı da ondan başlayaraq davam etmişdir.
Əlişəkər bəy Baharlı
Qaraqoyunlu dövlətinin məşhur hökmdarı,
şair Cahanşahın hakimiyyəti
dövründə uzun illər Həmədan, Borucerd və Nəhavənd
hakimi olmuşdur. O, 1457-ci ildə Mardin döyüşündə
Ağqoyunlu hökmdarı Uzun Həsənə əsir
düşmüş, bir müddət həbsxana həyatı
yaşamışdır. Yaxın qohumu Cahanşahın köməyi
ilə əsirlikdən azad edilən Əlişəkər bəy
yenidən Həmədan hakimi olmuşdur. Farüq Sumər Əlişəkər
bəyi Baharlı tayfasının böyük
əmirlərindən saymışdır.
Yazılı mənbələrdə Əlişəkər
bəyin ailəsi ilə bağlı fərqli məlumatlara
rast gəlinir. Belə ki, orta əsrlərə aid mənbələrdə
Əlişəkər bəyin üç oğlu və iki
qızı olması qeyd olunsa da, Pirəli bəy, Yarəli bəy,
Bayram bəy adlı üç oğlunun, Paşa Bəyim
adlı bir qızının adı çəkilir.
Baharlının
övladları
Eyni zamanda, Məhəmmədəli Tərbiyətin
“Danişməndani-Azərbaycan” adlı əsərinə
görə Əlişəkər bəyin iki qızı ilə
Qaraqoyunlu hökmdarı Cahanşahın Mirzə Məhəmmədi
və Mirzə Yusif adlı oğlanları ailə
qurmuşlar.
Yazılı mənbələrdə
göstərilir ki, onun qızı Paşa Bəyim əvvəlcə
Qaraqoyunlu hökmdarı Cahanşahın oğlu Mirzə Məhəmmədi
ilə ailə qurmuş, bu nikahdan Ibrahim bəy adlı
oğlu dünyaya gəlmişdir. O, ikinci dəfə Teymuri
Sultan Mahmud Mirzə ilə evlənmiş, 3 qızı, bir
oğlu olmuşdur. Sultan Mahmud Mirzənin oğlu Səmərqənd,
Buxara, Hisar hakimi Baysunqur Mirzə Əlişəkər bəy
Baharlının qız nəvəsi, Paşa Bəyimin
oğludur. Paşa Bəyimin qızı Salihə Sultan Bəyim
Böyük Moğollar Dövlətinin qurucusu Babura ərə
getmişdir. Onların Gülrux adlı qızı Nürəddin
Məhəmməd Çakaniyani ilə ailə qurmuşdur. Paşa Bəyim və onun
övladları haqqında bu maraqlı məlumatlar orta əsrlərə
aid mənbələrə istinadən
yazılmışdır.
Tədqiqatçı
Orxan Zakiroğlunun
araşdırmalarında göstərilir ki,
Baharlı haqqında şərqşünas alim
Henri Beveridgen də geniş bəhs etmişdir.
Beveridgene görə Qaraqoyunlu dövlətinin
süqutundan sonra Əlişəkər
bəy Baharlının başçılığı
altında Pirəli bəy, Bayram bəy,
Yarəli bəy, Paşa Bəyim, nəvəsi
Ibrahim bəy, dörd-beş
minlik qaraqoyunlu ailəsi
ilə Mavəraünnəhr hakimi Sultan Əbu Səidin yanına getməyə
məcbur olmuşlar. Sultan
Əbu Səidin Ağqoyunlu Uzun Həsənlə döyüşdə məğlubiyyətindən
sonra da Əlişəkər
bəyin övladları Teymurilərin yanında qaldılar. Sultan Əbu Səidin oğlanları Sultan Mahmud Mirzə, daha sonra Əbu Bəkr
Mirzə, Teymuri Hüseyn
Baykara ilə müttəfiq oldular. Xorasanda Teymurilər
arasında gedən daxili çəkişmələrdən
istifadə edən Pirəli bəy və onun
qardaşları Baharlı tayfasının möhkəmlənməsinə
çalışırdılar. Ağqoyunlu
Uzun Həsən Baharlıların qüvvətlənməsindən
ehtiyat etdiyi üçün Xorasan hakimi Hüseyn Baykaradan Pirəli bəy və onun
qardaşlarının ona verilməsini istəsə
də, rədd cavabı almışdır.
Bundan başqa,
H.Beveridge Uzun Həsənin
vəfatından sonra Qaraqoyunlu
dövlətini bərpa etmək istəyən
Baharlıların Teymuri Əbubəkr Mirzə
ilə birlikdə 1479-cu ildə Sistan və
Bəm yolu ilə Ağqoyunluların
hakimiyyəti altında olan Kirmanı
tutduqlarını yazmışdır. Bu
yürüşdə Pirəli bəy, qardaşı Bayram bəy, bacısı Paşa
Bəyimin oğlu Ibrahim
bəy də iştirak etmişdir.
Müttəfiqlər Farsı tutmaq istəsələr
də, Ağqoyunlu Sultan
Yaqub tərəfindən məğlub
edilmişlər. Bu uğursuz
döyüşdən sonra müttəfiqlər
Cürcana hücum etmiş, nəticədə Pirəli bəy,
qardaşı Bayram bəy, İbrahim bəy, Əbubəkr Mirzə
ilə birlikdə Hüseyn Baykaraya əsir düşmüşlər. Hüseyn Baykara Pirəli bəyin
gözlərini çıxartmış, Bayram
bəyi qətlə yetirmişdir.
Nəslin məşhur
davamçıları
Bir sıra tarixi
mənbələrə əsasən Münəvvər Tezcan Əlişəkər bəyin oğlu Pirəli bəyin Qaraqoyunlu
hökmdarı Qara İsgəndərin
qızı ilə evlənməsi haqqında məlumat vermişdir. Canəli bəy Əlişəkər
bəy Baharlı, Qara İsgəndərin
nəvəsi, Pirəli bəyin oğludur.
Canəli bəyin oğlu Seyfəli bəy
Qəznə valisi idi.
Görkəmli
dövlət xadimi, şair
Bayram xan
Baharlı Əlişəkər bəy
Baharlının kötücəsi, Canəli bəyin nəvəsi,
Seyfəli bəyin oğludur. XVIII əsrdə Əlişəkər bəy
Baharlının nəslinin ən görkəmli nümayəndələri
Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında rol oynamış
Bayramxan bəy Abdulla
xan oğlu Baharlı,
onun oğlu Mirzə Vəli bəy
Baharlıdır.
Gənc
yaşlarında yetim qalmış Bayram xan Baharlı ailəsi ilə bərabər
Bəlxə köçmüşdü. Orada dünyəvi və dini
təhsil almış, hərb işini dərindən
öyrənmişdi ki, bu
da onun taleyini
müəyyən etmişdi. O zamanın
tarixçiləri qeyd edirlər ki, Bayram xan
həyatsevər, şən bir igid idi. O, musiqini
sevir və bu sənətin
dərin köklərini bilirdi. Bayram xan ədəbiyyatı,
tarixi, məntiqi gözəl bilirdi və şeir yazmaqda kamilləşmişdi. Dövrünün
tanınmış alimləri, şairləri, və
musiqiçiləri onunla sıx əlaqədə
idilər. Bayram xana
görə igidin üç
ali pirinsipi olmalı idi: 1.Hakim önündə özünü
yaxşı aparmaq. 2.Kasıblara,
gücsüzlərə yardım etmək. 3.Alimlər
arasında fikrini düzgün
söyləmək.
Baharlılar
soyadının Azərbaycanda yaşayan
davamçıları Mirzə Haşım bəy Zərrinqələm, İbrahim bəy Baharlı, Mirzə İsmayıl
bəy Vəliyev (Baharlı), Mirzə
Məmmədhəsən bəy Vəliyev, Məhəmmədəli bəy
Vəlizadə, Abdulla
bəy Vəlizadə, Nəcəfqulu
bəy Vəliyev, Əbülfət bəy Vəli, Məhəmmədhəsən
bəy Vəlili-Baharlı, Cabbar
bəy Vəlibəyov (Baharlı), Zakir Məmmədov
(Baharlı), Xosrov Vəliyev, Zahid Vəliyev, Məhəmməd
Baharlı və
başqalarıdır. Onlar Əlişəkər
bəy Baharlının və onun soyundan olan Mirzə Vəli bəy
Baharlının nəslinin davamçılarıdır.
Əlişəkər
bəy Baharlının sülaləsi tarixin
müxtəlif dövrlərində Azərbaycanın, eləcə
də Şərqin ictimai-siyasi, mədəni
həyatında əhəmiyyətli rol
oynamışlar.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 22 iyun.- S.14.