Bakı buruqlarının məşhur “fontanmeysteri”

 

Məmmədhəsən Adıgözəlov

 

Məlum olduğu kimi, Azərbaycan tarixinin önəmli bir dövrü neftin çıxarılması və onun ətrafında baş verən hadisələrlə bağlıdır. Bu dövrdə neftin hasilatı sahəsində yaranan əsas çətinliklərdən biri də yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığı idi. Həmin tarixdə bu sahənin azsaylı peşəkarları arasında tanınmış buruq ustası Məmmədhəsən Adıgözəlovun da adı keçir.

Azərbaycanın yüksək ixtisaslı ilk neft buruq ustalarından biri olan M.Adıgözəlov 1906-cı ildən “Hümmət” Sosial-demokrat partiyasının üzvü, Neft Həmkarlar İttifaqının yaradıcılarından olub. 

Məmmədhəsən Adıgözəlov 23 iyun 1861-ci ildə Bakı qəzasının Xırdalan kəndində anadan olub. Demək olar ki, o, bütün ömrünü neft sənayesinə həsr edib. Hələ çox gənc yaşlarından  peşəkar buruq ustası kimi tanınan Məmmədhəsən kimi mütəxəssisləri həmin dövrdə barmaqla saymaq olardı. Neft mədənlərinin ən məşhur sahibləri onu öz mədənlərində işləmək üçün dəvət edirdilər.

Məmmədhəsən Adıgözəlovun özünəməxsus üsulla qazılan buruğa düşüb qalan aləti çıxarmaq bacarığı vardı. İndi dünyada ən müasir texnoloji üsulla həll edilən bu problemin sirrini iki əsr bundan öncə tapan usta bununla qazma işlərinin dayanmasının qarşısını alırdı. Həmin dövrdə belə mütəxəssisləri tutucu usta adlandırırdılar. Neft ilə zəngin olan torpaqda yüksək təzyiqli neft qatlarını təyin etməyi bacaran ustaları hörmətlə “fontanmeyster” adlandırırdılar. Belə ki, bir uğurlu qazılmış neft fontanı vuran neft quyusu bir saat ərzində həmin quyunun sahibini milyonçu edirdi. Öz milyonlarını neft üzərində quran milli burjuaziya nümayəndələri bunları çox yaxşı bilirdilər. Onlar Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Aşurbəyov qardaşları, Şəmsi Əsədullayev, Zəfər və Qurban Babayev qardaşları, Qasım bəy Səlimbəyov və digərləri idi.  Belə neft milyonçularından olan Ağa Musa Nağıyev bir gün öz faytonu ilə Nikolayvsk küçəsindən keçərkən usta Məmmədhəsini görür və onu öz mədənində işləməyə dəvət edir, bunun əvəzində ona İçərişəhərdə hər kərpiçi qızıldan olan iki mərtəbəli imarət tikdirəcəyini vəd edir.

 

İlk “mazut konstitusiyası” sazişinin iştirakçısı

 

Təbii ki, bu dövrdə neft mədənlərinə çoxsaylı işçi qüvvəsinin axını var idi. Mədənlərdə sadə təhlükəsizlik normalarının gözlənilmədiyi, bayram və istirahət günləri olmadan 12-14 saat iş gününün olması, şiddətli xəzri küləyi altında işləyən fəhlələrin bir çoxunun xəstələnməsinə, ömürlük şikəst qalmasına, hətta ölümlə nəticələnməsinə səbəb olurdu. Buna görə də hər bir mədəndə qəbiristanlıq mövcud idi. Belə bir vaxtda mədənlərdə normal iş şəraitinin yaradılmasına cəhdlər edilir, lakin bu ilk cəhdlər mədən sahibləri və çar hökuməti tərəfindən müqavimətlə qarşılanırdı. Neft mədənlərində ədaləti bərpa etməyi çalışan hər bir kəsi polis idarələri izləyərək məsuliyyətə cəlb edirdi. “Vikipedia”nın yazdığına görə, 1904-cü ildə mədən sahibləri və fəhlələr arasında ilk kollektiv saziş imzalandı və bu saziş dünyada ilk “mazut konstitusiyası” adlandırıldı. Həmin danışıqlarda və sazişin imzalanmasında Məmmədhəsən Adigözəlov da fəal iştirak etmişdir. Bu, fəhlələrin ilk hüquqi rəsmiləşdirilmiş qələbəsi idi. Məmmədhəsən Adıgözəlov 1904-cü ildə Bibiheybət mədənlərində Stalinlə görüşmüş, Stalinin göstərişi ilə partiya sıralarına qəbul edilmişdir. 1906-cı ildə Balaxanıda Neft Sənayesinin Həmkarlar İttifaqı yaradılmış və Məmmədhəsən Adıgözəlov bu ittifaqın idarə heyətinin üzvü, 1907-ci ilin yanvarında isə daimi xəzinədarı seçilmişdir. Bu, ən böyük Həmkarlar İttifaqı idi. İttifaq neftçıxarma, neft emalı və nəqliyyat strukturunu özündə cəmləşdirirdi. 1906-cı ildə Məmmədhəsən Adıgözəlov “Hümmət” sosial-demokrat partiyasına qəbul olur və müsəlman əhalisinin partiyaya cəlb edilməsinə, çar hökumətinin özbaşınalığına son qoyulmasına və sosial ədalətin bərqərar olması istiqamətində təbliğat aparmağa başlayır. M.Adıgözəlov öz inqilabi fəaliyyəti dövründə N.Nərimanov, M.Ə.Rəsulzadə, İ.Stalin, A.Caparidze, K.E.Baraşılov, Səttarxan, M.B.Qasımov, X.Səfərəliyev, İ.Vatsek, S.M.Əfəndiyev, M.Əzizbəyov, A.Süleymanov (Tureçkiy), A.Tağızadə, S.Yaqubov, İ.Fioletov, B.Sərdarov, M.Məmmədyarov və başqaları ilə  əməkdaşlıq edirdi.

 

“Hər kəs 100 il yaşamasa...”

 

1909-cu ildən başlayan axtarış nəticəsində “Hümmət” SDT-nı rəhbərləri nəzarətə götürülür. Həmin vaxt Rotmisterin imzası ilə tərtib olunan sənəddə qeyd olunurdu: “Təşkilat böyük deyil, 100 nəfərə qədər işçi çalışır, öz işlərini Bakı fəhlələri arasında aparırlar, mütəmadi olaraq müsəlman dilində vərəqələr buraxırlar. Persiya Inqilabı dövründə ”Hümmət" komitəsi silahları və könüllüləri Qafqazdan Persiyaya göndərirdilər. Hazırda tamamilə müsəlman Bakı fəhlələri arasında təbliğat və təşviğat işləri aparır". “Hümmət” komitəsinin rəhbərlərinin 6 nəfər olduğu sadalanır.

M.Adıgözəlovun “Qudok” və “Bakinskiy Raboçiy” qəzetlərinin nəşrində və yayılmasında da Neft Fəhlələrin İttifaq xəzinədarı kimi köməyi böyük olub.

1918-ci ildə Məmmədhəsən Adıgözəlov Xırdalan Sovetinin Xalq Deputatlarının sədri, 1920-21-ci illərdə Xırdalan İnqilabı Sovetin sədri olmuşdur. 1920-ci ildə Binəqədi Icra Komitəsinin sədri vəzifəsində çalışan Məmmədhəsən Adıgözəlov bu illərdə Nəriman Nərimanovla dostluq etmişdir.

1928-ci ildə ilk Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Məmmədhəsən Adıgözəlova “Əmək Qəhrəmanı” fəxri adı verilir. Mir Cəfər Bağırov Məmmədhəsən Adıgözəlovu Nərimançı, xalq düşməni və milliyyətçi olmaqda günahlandıraraq, onu güllələnmə ilə hədələyir. O, Moskvada olarkən məlum “xalq düşmənləri”nin siyahını Stalinə çatdırır və bütün adları Stalin ilə müzakirə edir. Məmmədhəsən Adıgözəlov adını eşidən Stalin usta Məmmədhəsən ilə Ramanıda, Sabunçuda, Bibiheybətdə olan görüşlərini və onun partiyaya qəbul olunmasını xatırlayır. Sonra Micəfər Bağırova “qocaya dəymə!” deyərək, ona toxunmamağı tapşırır.

Azərbaycanın məşhur buruq ustası Məmmədhəsən Adıgözəlov 100 il ömür sürüb. O, 1960-cı ildə vəfat edib və öz vəsiyyəti ilə Xırdalan kənd qəbrisitanlığında torpağa tapşırılıb.

Hazırda Xırdalan şəhərində Məmmədhəsən Adıgözəlovun vaxtilə tikdirdiyi məktəb onun adını daşıyır. Bundan başqa, Bakıda onun adını daşıyan küçə var.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 23 iyun.- S.14.