Demokratik qüvvələr Elçibəyi yad etdi
Elçibəyin
xatirəsi Fəxri Xiyabanda anıldı
Əli
Kərimli: "Onun yolu haqqın yanında, nahaqqın
qarşısında olmaqdır, şərə xidmət yox,
şərlə mübarizə aparmaqdır"
Dünən
Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum
eks-prezident Əbülfəz Elçibəyin 75 illik yubileyilə
əlaqədar ölkənin demokratik qüvvələri -
Milli Şura və İctimai Palata anım tədbiri
keçirib. Əvvəlcə Fəxri Xiyabanda Əbülfəz
Elçibəyin məzarı ziyarət olunub, onunla
bağlı xatirələr danışılıb və
ruhuna dualar oxunub.
Mərhum eks-prezidentin məzarı
önündə Müsavat başqanı İsa Qəmbər,
KXCP sədri Mirmahmud Mirəlioğlu, Ziyalılar Forumunun
üzvü, professor Cəmil Həsənli, ACP sədri
Sülhəddin Əkbər, AXCP sədri Əli Kərimli
qısa nitq söyləyiblər.
“Elçibəy
nə deyərdi?..”
İsa Qəmbər Azərbaycan siyasətində
Elçibəyin yerinin hər zaman
göründüyünü bildirib: “Onun qərarlarına,
fikirlərinə və dəyərli məsləhətlərinə
hamımızın ehtiyacı var. Bizlər onun
başlatdığı böyük bir yolu davam etdiririk. Azərbaycanı,
millətini sevən gənclik bu yolu davam etdirir. Ən mürəkkəb
vəziyyətlərdə ”Elçibəy nə deyərdi?"
deyə fikirləşirik".
Müsavat başqanı Elçibəy ailəsinin
də böyük fədakarlıqlar etdiyini, heç bir zaman
qəddar rejim qarşısında əyilmədiyini və gələcək
nəsillərə bir nümunə qoyduğunu
vurğulayıb.
Mirmahmud Mirəliğlu bildirib ki, Əbülfəz
Elçibəy özündən sonra böyük bir yol qoyub.
Elçibəyin ömür boyu vətənini, millətini
düşündüyünü söyləyən KXCP sədri
hakimiyyətin onun yubileyinə biganə yanaşmasını
qınayıb: “Hakimiyyətdəkilər Elçibəy haqqında
danışarkən onun müəllim, alim kimi cəhətindən
danışırlar. Onun müstəqil Azərbaycanın
qurulması yönündə etdiyi fədakarlıqları bilərəkdən
unudurlar və yaxud səsləndirməkdən qorxurlar”.
Cəmil Həsənli vurğulayıb ki,
Elçibəy həyatının 40 ildən çoxunu milli
azadlıq ideyasına, müstəqil Azərbaycanın
qurulmasına həsr edib.
Sülhəddin Əkbər isə
Elçibəyin hər zaman xatirələrdə
yaşayacağını deyib. ACP sədri Elçibəyin
demokratik qüvvələri birləşdirən lider
olduğunu xatırladaraq günümüzdə Milli
Şuranın yaranmasını Elçibəyin 75 illiyinə
töhfə kimi qiymətləndirib.
Elçibəyin
yubileyinə töhfə
Əli Kərimli bildirib ki, Elçibəyin
bu dünyada yarımçıq qalmış işlərini
onun silahdaşları həyata keçirməlidir. Onun ruhu
bunu gözləyir: “Biz hər il bura gələndə hesabat
verməyə, bu yolda olduğumuzu sübut etməyə
çalışırıq. Şükürlər olsun ki, bu
il böyük bir qələbə zəfəri olmasa da, onun
yolunda ciddi addım ata bilmişik. Ölkənin demokratik
qüvvələrinin Milli Şurasının bugünlərdə
yaranması bizim hamımızın Əbülfəz
Elçibəyin yubileyinə bir hədiyyəmizdir. Əbülfəz
Elçibəy hər zaman ölkənin bütün proqressiv
qüvvələrinin bir arada olmasına çalışan
lider idi. O, güzəştlərə getməyi, kompromislər
tapmağı bacarırdı. Bu qədər müxtəlif
qüvvələri ətrafında cəmləməsinin səbəbi
onun sevgisində idi. O, hamını sevə bilirdi”.
AXCP sədri deyib ki, Elçibəy öz
nümunəsi ilə bu gün də xalqa xidmət edir: “Bu
gün biz siyasətçilər Əbülfəz Elçibəydən
ölkə mənafeləri naminə şəxsi və firqə
maraqlarından üstün durmağı öyrənməkdəyik.
Bu gün biz hamımız, onun yolunda olan insanlar bilməliyik
ki, onun yolu haqqın yanında, nahaqqın qarşısında
olmaqdır, şərə xidmət yox, şərlə
mübarizə aparmaqdır. Çox arzulayıram ki, bu gün
özünü bu böyük liderin yolunda görən hər
kəs onun uğrunda mübarizə apardığı
amalları heç vaxt yaddan çıxarmasın”.
Ə.Kərimli daha sonra Azərbaycanın
böyük dəyişikliklər astanasında olduğunu
qeyd edərək, demokratik qüvvələrin birləşməsindən
danışıb və bu birliklə başladılan işin
uğurla başa çatmalı olduğunu deyib: “Bütün
əqidədaşlarımızın qarşısında borcumuz
var. Təkcə Əbülfəz bəyin ruhunun
qarşısında yox, bu müddət ərzində şəhid
olmuş, bugünlərə gəlib çıxa bilməmiş
bütün əqidə yoldaşlarımızın
qarşısında borcumuz var. Özümüz
qarşısında borcumuz var. Başladığımız
işi uğurla başa çatdırmağı bacarmalıyıq.
Əbülfəz Elçibəy nümunəsi bizə hər
zaman güc, özünəinam verir. Əbülfəz
Elçibəy nümunəsi ən ağır şərtlərdə
belə, optimizmi itirməmək, xalqa inanmaq hissləri
aşılayır. Bu gün, xüsusilə bəzilərinin
bədbinləşdiyi, xalqımızdan bədgüman
olduğu hallarda Əbülfəz Elçibəyin
xalqımıza bir əfəndi kimi yanaşmasını, uca
varlıq kimi baxmasını xatırlamaq faydalıdır.
Allahın köməkliyilə onun yarımçıq
qalmış işlərini ardıcılları görə
biləcəklər. O günü Allah bizə qismət etsin
ki, bura gəlib həm onun ruhu qarşısında, həm
bütövlükdə Azərbaycan xalqına o alnı
açıq hesabatı verə bilək”.
Yubiley
münasibətilə xüsusi tədbir
Demokratik qüvvələr Elçibəyi
anım tədbirini Fəxri Xiyabandakı ziyarətdən sonra
Müsavat Partiyasının qərargahında xüsusi
toplantı ilə davam etdirib.
Toplantıya tanınmış ictimai-siyasi
xadimlər, jurnalistlər, ziyalılar, gənc fəallar da
qatılmışdı.
Müsavat başqanı İsa Qəmbər
yubiley çərçivəsində keçirilən tədbirləri
sadaladı. Bildirdi ki, bu tədbirlərin keçirilməsinin
gənc nəsil üçün çox böyük önəmi
var: “Elçibəyi görməyən gənclər bu
gün onunla çiyin-çiyinə vuruşmuş
insanların xatirələrini dinləyir, Əbülfəz bəy
haqqında onlarda müəyyən mənada hər hansı
fikir formalaşır. Elçibəy olduqca sadə, təmiz
ürəkli bir insan olub. Heç bir zaman haqsızlığa
boyun əyməyib. Elçibəy heç bir zaman
Qarabağın işğalı ilə barışmadı və
onun prezidentliyi dövründə olduqca uğurlu əməliyyatlar
keçirildi. Cənublu, Şimallı, Güneyli, Quzeyli
Bütöv Azərbaycan ideyasıyla alışıb yanan bir
insan idi”. İ.Qəmbər qeyd etdi ki, Elçibəy irsi hər
zaman xalqımızın yoluna işıq saçacaq.
Elçibəyin
uzaqgörənliyi...
AXCP sədri Əli Kərimli isə
Elçibəyin sağlığında heç zaman ad
gününü təntənəli şəkildə
keçirmədiyini yada saldı: “Fikirləşirəm ki,
sağ olsaydı, yəqin, indi də icazə verməzdi. Sadə
və təvazökar bir insan idi. Elçibəyin yubileyi ilə
bağlı anım tədbiri keçirməklə biz, o
böyük insanı cəmiyyətə olduğu kimi təqdim
edirik. Elçibəyi görməmiş insanlarda belə, onun
sevgisi var. Biz bu yubiley tədbirlərindən istifadə edərək,
Əbülfəz bəyi olduğu kimi gənc nəslə
çatdırmalıyıq. Səsləndirdiyi fikirlərlə
cəmiyyəti və hadisələri qabaqlayırdı. Sovet
imperiyasının dağılması və Azərbaycanın
müstəqilliyilə bağlı fikirlərinin qısa
müddətdə həyata keçdiyini hər kəs
gördü”.
Ə.Kərimli bildirdi ki, hakimiyyət gah
Elçibəyi unutdurmağa, gah da aşağılamağa
çalışır: “Elçibəy cəmiyyətə
olduğu kimi təqdim olunmalıdır. 70-ci illərdə
Sovet kimi bir imperiya ilə təkbaşına mübarizə
aparmaqdan çəkinməyən bir insanı çəkingən
və qorxaq kimi qələmə vermək bu hakimiyyətin
çirkin siyasətinin bir parçasıdır”.
“Onun
arzusu tezliklə həyata keçəcək”
Növbəti çıxışı
Mirmahmud Mirəlioğlu isə atasının
sağlığında belə, Elçibəyi mənəvi
ata kimi qəbul etdiyini söylədi: “Bizim Elçibəy
haqqında danışmağa çətinliyimiz yoxdur.
Çünki onu görmüşük, yanında olmuşuq,
fikirlər ətrafında birgə mübahisələr
aparmışıq. Əbülfəz bəy bizim
üçün çox böyük bir adam olub. Onun
ideyaları bu gün davam etdirilir. Onun qoyub getdiyi yoldayıq.
Onun əleyhinə danışanlar belə, sözlərinin
sonunda Elçibəyi ədalətli və sadə bir insan
kimi təqdim edirlər”.
Elçibəyin tələbə
yoldaşı professor Rafiq İsmayıl isə onu
böyük bir alim və siyasətçi kimi
tanıdığını bildirdi: “Milli Azadlıq Hərəkatının
rüşeymlərini qoyan bir insan olub. Qatı Sovet rejiminin
hökm sürdüyü illərdə tələbə hərəkatına
rəhbərlik edən Elçibəy müstəqil Azərbaycanın
bünövrəsini qoyurdu. Türk dünyasını bir
görmək, Güneyli-Quzeyli Bütöv Azərbaycan yaratmaq
arzusunda idi. Inşallah, qoyub getdiyi milli demokratik qüvvələr
onun bu arzusunu tezliklə həyata keçirəcək”.
İctimai Palatanın Koordinasiya
Şurasının üzvü Pənah Hüseyn Əbülfəz
Elçibəyi böyük siyasi xadim kimi
tanıdığını vurğuladı: “Elçibəy
Xalq Hərəkatının şəriksiz lideri olub. O hərəkatın
meydana gəlməsi və təşkilatlanmasında
iştirak edib. Elçibəy hələ tələbəlik
illərindən sovet rejiminin müstəmləkə siyasətinə
qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri
yaradıb və azadlıq ideyalarını geniş şəkildə
yayıb. Eyni zamanda, o, Bütöv Azərbaycan
ideyasını da dönmədən təbliğ edib.
Əbülfəz Elçibəy təkcə
Azərbaycan Milli Azadlıq Hərəkatının öndəri
yox, həm də bütün türk dünyasının
aparıcı lideri və demokratiyanın
carçısıydı". Pənah Hüseyn bildirdi ki, Əbülfəz
Elçibəy prezidentliyi dövründə ölkəmizin
tam suveren dövlətə çevrilməsi və
xalqımızın rifahının
yaxşılaşdırılması yolunda çox
mühüm işlər görüb: “Əbülfəz bəyin
prezidentliyə başladığı ilk vaxtlarda dövlətin
qarşısında duran təxirəsalınmaz vəzifələr
Azərbaycanın dövlət müstəqilliyini tam
gerçəkləşdirmək, Milli Ordu yaratmaq və
müharibədəki məğlubiyyətlərin
qarşısını almaq idi. Buna görə də ölkənin
bütün imkanları Milli Ordu quruculuğuna səfərbər
edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem
olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə
qaldırıldı. Könüllü batalyonlardan nizami orduya
doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik
və orduya çağırış işi yoluna qoyuldu.
Ağdərə və Goranboy rayonları erməni
işğalçılarından təmizləndi.
İşğal altında olan Laçının əksər
kəndləri onun hakimiyyəti zamanı düşməndən
azad edildi”.
Konfransada çıxış edən
tarixçi alim Cəmil Həsənli Elçibəyi
tarixyaradan şəxsiyyət kimi səciyyələndirdi.
Natiq
Azadlıq.-
2013.- 25 iyun.- S.9.