“Məşədi
İsi
kimi «Osmanlı» oxuyan
çətin tapılar...»
Gözəl təsniflər ustadı
Bugünkü müasir musiqi mədəniyyətimizin
inkişafında klassik xanəndələrimizin böyük
xidmətləri olub. Təsadüfi deyil ki, Azərbaycan
xalqının içərisindən Qafqazda və Yaxın
Şərqdə məşhur olan Hacı Hüsü, Məşədi
İsi, Səttar, Əbülhəsən xan İqbal,
Keştazlı Həşim, Ala Palaz oğlu Molla Rza, Əbdülbaqi
Zülalov, Cabbar Qaryağdı oğlu, Şahnaz Abbas,
Keçəçi oğlu Məhəmməd, Həsənçə,
Şəkili Ələsgər, Mirzə Məhəmmədhəsən,
Malıbəyli Həmid, Zabul Qasım, Segah İslam, Məşədi
Məmməd Fərzəliyev, Bülbül, Seyid
Şuşinski, Zülfü Adıgözəlov, Xan
Şuşinski kimi məşhur xanəndələr
çıxmışlar.
Onlar
muğam musiqisini məharətlə ifa edən böyük
bir məktəb yaratmışlar.
Milli
muğam sənətinin inkişafında xüsusi yer tutan, musiqi
mədəniyyətimizə böyük töhfələr verən
sənətkarlarımızdan biri də Məşədi
İsi olub. Onun adı məşhur ifaçı kimi zəmanəsinin
görkəmli xanəndələri ilə daim yanaşı
çəkilib. Məşədi İsi Sadıqcanın və
Hacı Hüsünün müasiri olub.
İlk
musiqi təhsilini Xarrat Qulunun məktəbində alan Məşədi
İsi məşhur xanəndə Hacı Hüsünün
“Xanəndələr məclisi”nin ən fəal üzvülərindən
olmuşdur. Məşədi İsi klassik Şərq,
xüsusən Azərbaycan muğamlarının incəliklərinə
dərindən bələd idi. O öz bilik və sənətkarlıq
bacarığını “Xanəndələr məclisi”nin gənc
xanəndələrinə öyrədər, onlarda sənətə
dərin məhəbbət hissi oyadardı. Məşədi
İsi muğamatı yüksək dərəcədə mənimsəyən
ustad xanəndə kimi tanınmışdı. O, “Rast”,
“Şur”, “Humayun”, xüsusilə “Mahur” dəstgahını
özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir.
Cabbar Qaryağdı oğlu Məşədi İsinin xanəndəlik
qabiliyyətinə yüksək qiymət verərək
yazmışdı: “Şuşa şəhərində,
bütün Qafqazda məşhur olan Xarrat Qulunun şagirdlərindən
xanəndə Məşədi İsi ”Mahur" dəstgahını
çox təntənə ilə oxuyardı. Özü də
təsnifxanalıqda və qaval çalmaqda birinci
sayılırdı".
Həmin
dövrlər xanəndə sənətinə el ədəbiyyatı
ilə yanaşı klassik Azərbaycan ədəbiyyatı da
ciddi təsir göstərmişdir. Xanəndələrin
oxuduqları mahnı və muğamların sözləri qəzəl
və qoşmalardan ibarət olurdu. Onlar klassik muğamları
tamam-dəstgah oxumaqla Şərqin zəngin mədəniyyətini
mühafizə edirdilər. Hacı Hüsü, Məşədi
İsi, Cabbar Qaryağdı oğlu, Sadıqcan, Bülbül
və Seyid Şuşinski kimi mahir sənətkarlar bir
çox muğamların təkmilləşməsinə
böyük əmək sərf etmiş və bunların əsasında
yeni-yeni təsniflər və mahnılar yaratmışlar.
“Şiri-Xurşid” ordeni
Məşədi
İsi Azərbaycan şairlərinin qəzəl və
qoşmaları ilə yanaşı, Hafizin və Sədinin əsərlərini
ilhamla oxuyardı. Cəlilbəy Bağdadbəyovun
yazdığına görə, Azərbaycan şairlərinin şeirlərini
ilk dəfə məclislərdə oxuyan Məşədi isi
olmuşdur.
Məşədi
İsi təkcə Qarabağda deyil, Azərbaycanın bir
çox şəhərlərində - Gəncədə,
Ağdaşda, Şamaxı və Bakıda dəfələrlə
toy məclislərinə, şənliklərinə dəvət
edilmişdi. O, şamaxılı Mahmud ağanın məclislərində
aylarla oxumuş və İran hakimi Nəsrəddin Şah tərəfindən
bir neçə dəfə Tehran şəhərinə
çağırılmışdı.
Şah
sarayında İran müğənniləri ilə olan bir
müsabiqədə qələbə qazanan Məşədi
İsi “Şiri-Xurşid” ordeni ilə təltif olunmuşdu.
Məşədi
İsi XIX əsrin 90-cı illərində tarzən Mirzə
Sadıqcan ilə birlikdə Orta Asiyanın Aşqabad, Səmərqənd,
Daşkənd və digər şəhərlərində də
xalq şənliklərində iştirak etmişdir. Məşədi
İsi böyük muğam ustası olmaqla yanaşı həm
də bir təsnifxan kimi klassik Azərbaycan xanəndələri
arasında xüsusi yeri olub. Məşədi İsinin “Rast” və
“Mahur” təsnifləri çox məşhur olub. Təsniflərdə
el ədəbiyyatından nümunələr, Vaqifin, Zakirin bir
çox müxəmməs və qoşmalarından istifadə
edilib. Məsələn, Qasım bəy Zakirin “Dilbər” rədifli
gəraylısından istifadə edərək “Rast” təsnifini
bəstələyib:
Bir bağda bülbül olmasa,
Gülün nə miqdarı, dilbər.
Dal gərdənə tökülməsə,
Telin nə miqdarı, dilbər.
Görkəmli
ədəbiyyatşünas Salman Mümtaz yazırdı: “Bu gəraylını
qarabağlı məşhur xanəndə Məşədi İsi
Aşqabadda təsnif məqamında oxuduğunu şəxsən
eşitmişəm”.
Görkəmli
musiqişünas Firudin Şuşinski özünün “Azərbaycan
xalq musiqiçiləri” kitabında yazırdı: “Əlbəttə,
Məşədi İsinin Hacı Hüsü, Bülbülcan
kimi çox zil səsi olmamışdı. Lakin o,
muğamatın texnikasına dərindən bələd olduğundan
xoş səsi ilə öz dinləyicilərini heyran
etmişdir. Məşədi İsi kamil bir sənətkar idi.
Onun ustad bir xanəndə olması haqqında müasiri,
şuşalı Çıraq Məhəmməd oğlu
söyləyirdi:
“Məşədi
İsinin səsi çox zil deyildi. Amma bütün
muğamları çox ustalıqla oxuyardı. Dünyada Məşədi
İsi kimi ”Osmanlı" oxuyan çətin tapılar.
Şuşanın “Çöl qala məhəlləsində”
Səlimbəyin qardaşı oğlu Rüstəm bəyin
toyu idi. Adamları toya dəvətnamə ilə
buraxırdılar. Mənim 17-18 yaşım olardı.
Dayım dəllək Kərbəlayı Hüseyn Zeynal
oğlu toya bir dəllək kimi dəvət olunduğundan məni
də özü ilə toya aparmışdı. Səlim bəyin
böyük salonu altı arşın Qarabağ xəliləri
ilə döşənmişdi. Qaz lampasının
işığı adamın gözünü
qamaşdırırdı. Hamı milli geyimdə idi.
Toya iki xanəndə
dəstəsi - Gülablı aşıqları və qarmonçalan
dəvət edilmişdi. Toyun padşahı şair Növrəs
Mirzə Ələsgər, fərraşı isə lotu Qulu
idi. Xanəndə Məşədi İsi, tarçalan Qulu (Xəstə
Qasımın qardaşı) ilə salonun görkəmli yerində
əyləşmişdi. Salonun başında isə Hacı
Hüsü ilə Sadıqcan oturmuşdu. Ayaq tərəfdən
Gülablı aşıqları (Abbasqulu, Nəcəfqulu, Həşim,
Heydər) əyləşmişdilər. Aşıqlar ilə
qabaq-qabağa qarmonçu İsi bəy qarmonu əlində
hazır saxlamışdı.
“Toyun
padşahı” Növrəs əmr etdi ki, Hacı Hüsü
bir dəstgah başlasın. Hacı Hüsü saat yarıma
“Şüştər” oxudu. Hacı Hüsü oxuyandan sonra
“toyun padşahı” əmr etdi ki, Məşədi İsi dəstgah
başlasın. Yadımdadı, tarzən Qulu Məşədi
İsiyə dedi:
- Hacı
Hüsüdən sonra nə dəstgah başlayacaqsan?
Məşədi
İsi:
- Mən dəstgah
başlamayacağam. Hacı Hüsü camaatı
yatırdıb, mən isə oyadacağam.
Qulu:
- Nə ilə
oyadacaqsan? Məşədi İsi:
-
“Osmanlı” ilə.
Məşədi
İsi qavalı əlində oynadıb ağzını
açdı:
Sübhi tezdən oyandım,
Dərdi-qəmə boyandım.
Daş olsaydım əriyərdim,
Torpaq idim, dayandım.
Məşədi
İsi oxuyub qurtaranda salonu sürəkli alqış bürüdü.
Məclisi şən keçirdiyinə görə, o gecə
Məşədi İsiyə qızıl suyuna çəkilmiş
gümüş padnosun üzərində məndülədən
bir paltarlıq və 500 manat qızıl pul hədiyyə
verildi".
Görkəmli
xanəndə Məşədi İsi 1905-ci ildə Ağdamda
vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 1
mart.- S.14.