“Sənin adın əql tacında əbədi parlayacaqdır...”

 

Elm mərkəzlərində yaranan kitabxanalar

 

Uzaq keçmişdə şərq ölkələrində yaranan kitabxanaların formalaşmasına bir sıra amillər təsir göstərmişdir. XI-XIII əsrlərdən etibarən artan elm mərkəzləri kitabın hazırlanması və təbliği sahəsində bir dayaq nöqtəsinə çevrilmiş, böyük elm xadimlərinin yetişməsində əvəzsiz rol oynamışdır.

 

Tarixi qaynaqlar bu dövrdə türk xalqlarının yaşadığı coğrafi ərazilərdə türk dilində elmi ədəbiyyatın da yayılması faktlarını təsdiq edir. Məsələn, XI əsrdə Həmədan şəhərində “Toğruliyyə” mədrəsəsinin nəzdində böyük bir kitabxana təşkil edilir. Bu dövrdə Həmədanda elm və maarif sürətlə inkişaf edir. 1017-1037-ci illərdə dünyaca məşhur Əbu Əli ibn Sinanın, onun şagirdi Bəhmənyarın bu şəhərdə yaşamasını nəzərə alsaq deyə bilərik ki, Həmədan Şərqin mühüm elmi mərkəzlərindən birinə çevrilmişdi.

Ümumiyyətlə, bu dövrdə mədrəsələr nəzdində zəngin kitabxanalar təşkil olunurdu. Kitabxanalardan ümumi istifadə qaydaları mövcud idi ki, bu qaydaları pozanlar ciddi cəzalandırılırdı. Yaqut Həməvi o tarixdə Bərdə şəhərindən çıxmış Məkki ibn Əhməd əl-Bərdəi, Səid ibn Əluru əl-Əzdi, Əbüləziz ibn əl-Həsən əl-Bərdəi kimi böyük alimlərin adını çəkir. O qeyd edir ki, “Mavərənnəhr və Xorasana səyahət etmiş Məkki o qədər çox kitab tərtib etmişdir ki, hətta əqlə gətirmək olmaz”.

Şirvanda məktəb və kitabxana təşkil edənlərdən biri də görkəmli Azərbaycan şairi Əfzələddin Xaqaninin əmisi Mirzə Kafiyəddin Ömər Osman oğludur. Böyük alim, həkim və astronom olan Mirzə Kafiyəddin Xaqaninin ilk müəllimi olmuş və ona bütün Şərq elmlərinin əsaslarını öyrətmişdir. Pərviz Kazımi “Səfəvilər dövründə Azərbaycanda kitabxana işi” əsərində bu mövzuya geniş yer ayırmışdır. O yazır ki, Xaqaninin şəxsi kitabxanasının olması faktı bir sıra mənbələrdə verilən məlumatla tutuşdurulduqda heç bir şübhə doğurmur. M.Rəlili yazır: “Mücirəddin Beyləqani hələ gənc ikən Xaqaninin yanında dərs alır və Şirvanda yaşayırdı. O, Xaqaninin əsərlərinin üzünü köçürməklə məşğul olurdu”.

O da məlumdur ki, Xaqaninin bir alim və şair kimi formalaşmasında II Mənuçöhrün sarayında təşkil olunmuş zəngin kitabxananın böyük rolu olmuşdur. Şirvan hakimi Mənuçöhr ölkənin məşhur alimlərini, memarlarını, istedadlı şairlərini, nəqqaşlarını öz ətrafına toplayaraq sarayda şairlər məclisi düzəltmişdir. Saray ətrafında toplanan görkəmli şairlərdən Əbü-Üla Gəncəvi, Xaqani Şirvani, Fələki, İzzəddin Şirvani və başqaları orijinal əsərlər yazıb yaratmaqla bərabər, ən yaxşı kitabların tərcüməsi ilə də məşğul olmuşlar.

 

Şirvanın böyük elm xadimi

 

Xaqaninin özü uşaqlıqda ibtidai təhsil və tərbiyəsini əmisi Kafiyəddin Ömər Osman oğlunun yanında almışdır. Dövrün tanınmış alimlərindən olan Ömər qardaşı oğluna sərf-nəhv, nücum, tibb, hikmət, fiqh, ədəbiyyat elmlərini öyrətmişdir. Mirzə Kafiyəddinin maarifçilik fəaliyyəti haqqında Xaqani Şirvaninin tədqiqatçısı Q.Kəndli yazır: “Əmisinin İbrahimi mədrəsə və kitabxanaya aparmasından Kafiyəddinin təbibliklə yanaşı, eyni zamanda Şamaxının o vaxtkı mədrəsələrində dərs dediyi də aydın olur”.

Ömər Kafiyəddinin təqribən 1080-ci ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. Öz dövrünün görkəmli şəxsiyyətlərindən olan alim Şamaxıda “Sağlamlıq evi” yaratmış və şöhrəti Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. O, yüksək biliyə malik bir şəxs idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərindən xəbərdar idi, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı: “O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur.”caaaaaaa

Böyük elm adamı Kafiyəddinlə bağlı belə bir rəvayət danışırlar: Ömər Kafiyəddin öz müalicə mərkəzinin yaratmazdan əvvəl şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiyəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər xarab olub. Bircə Məlhəm adlanan yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilib. Buradan Kafiyəddin belə qərara gəlir ki, Məlhəmdə hava nəinki çox təmizdir, həm də müalicəvi əhəmiyyət daşıyır. Buna görə də, o, özünün tibb akademiyasını məhz bu yerdə qurmaq qərarına gəlir.

İndi də bu yeri Məlhəm düzü adlandırırlar. Kafiyəddin müalicə, dərman istehsalı və həkim hazırlığı ilə məşğul olan təbib alimləri buraya öz yanında işləməyə dəvət edir. O, özü gözəl həkim, cərrah və əczaçı idi. Yaxın Şərqdəki digər oxşar müəssisələrdəki kimi, onun müalicəxanasında da əczaxana vardı. Həkimlər, farmokoloqlar, müxtəlif ixtisaslı əczaçılar da burada yaşayırdılar. Eyni zamanda, işə təzə götürülənlər, ixtisasını artıran həkim və əczaçılar, o cümlədən “cərrahi” adlanan cərrahlar, “kehali” adlanan okulistlər, “mücbiri”, yaxud “müçabiri” adlanan travmatoloqlar və başqaları burada dərs keçirdilər.

 

Xalqın alim dədəsi...

 

Ümumiyyətlə, görkəmli alim haqqında əsas məlumatları Xaqaninin əsərlərindən əldə etmək mümkündür. Xaqani bir şeirində əmisi haqqında danışarkən yazır: “O, mənə çox asan bir yolla başa saldı ki, ”bir", “iki”,"üç","dörd","beş" nə deməkdir. “Beş” - hissiyyat üzvləridir, “dörd” - dünyadakı başlanqıclar - su, hava, od və torpaqdır, “üç” - qeyri-üzvi təbiətdir, “iki” - cism və ruhdur, “bir” - Allahdır."

Kafiyəddin öz işlərində oğlu Vəhidəddin Osmanla birlikdə çalışır və oğlu atasına böyük kömək göstərir. Alimin oğlu Osman da ensklopedik biliyə malik yaxşı həkim, cərrah və əczaçı idi. Gənc Osman həm də filosof, ilahiyyatçı, şair istedadlı musiqiçi və musiqişünas kimi tanınırdı. O, musiqi nəzəriyyəsini yaxşı bilir və müasir orqanın atası sayılan ərkənun alətində ustalıqla çalırdı. Atası ilə bərabər, Osman da Xaqaninin tərbiyəsində fəal iştirak edirdi. İstisna edilmir ki, şair musiqi təhsilini Osmandan almışdır.

Xaqani “Töhfətül-İraqeyn” əsərində həm Mirzə Kafiyəddinin onun təlim-tərbiyəsi ilə məşğul olması, həm öz dövrünün bəzi məşhur dini kitabları, həm də böyük bir kitabxana haqqında məlumat vermişdir. Belə ehtimal edilir ki, bu məlumat məhz Mirzə Kafiyəddinin təşkil etdiyi kitabxana haqqındadır. Belə ki, XII əsrin ikinci yarısında Şirvanşahlar sarayında zəngin bir kitabxananın olması faktı məlumdur. Qeyd edildiyi kimi, bu kitabxana da əsasən Şirvan hakimi Mənüçöhrün zamanında xeyli inkişaf etmişdi.

Şərqin görkəmli alimlərindən biri sayılan Ömər ibn Osman Kafiyəddin 1150-ci ildə dünyasını dəyişmiş və Şamaxı yaxınlığında dəfn olunmuşdur. Bura elə bir yerdir ki, daim günəş şüaları altında isinən dağda, yüksək ağaclar şirəli otlar və bol sulu bulaqlar arasında xəstələr həkimsiz də şəfa tapardılar. Sonralar bu yer pirə çevrilir. Bu yerlərin və burada dəfn olunan alimin müqəddəsliyinə sidq-ürəkdən inanan əhali buraya sitayişə gəlir, qurban kəsirdilər. Xalq arasında Kafiyəddinə verilmiş “dədə” adından bu yerlərin günümüzə qədər gəlib çıxmış “Dədə Günəş” adı əmələ gəlir. Eyni zamanda, xalq arasında adamları bat-bat otundan çəkindirmək üçün işlədilən bir deyim də yaşayır ki, burada da Kafiyəddin Dədə yada salınır: “Sən də Dədə kimi bu otla oynama. Zəhərlidir, at getsin.” Xaqani əmisi Kafiyəddinin ölümünə bir mərsiyə yazmışdır:

Sənin adın əql tacında əbədi parlayacaqdır.

Sənin adın şah üzüyündə möhür kimi əbədi yaşayacaqdır.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 2 mart.- S.14.