“Təbabət
elmi həm həqiqətə, həm də
xeyirxahlığa xidmət edir...”
24 yaşında alimlik dərəcəsi
Azərbaycan tibb elminin görkəmli
nümayəndələrindən biri Kamil Balakişiyev ölkəmizdə
elmi anatomiyanın banisi sayılır. Universitetdə
oxuduğu illərdən sistemli şəkildə elmi-tədqiqat
işləri ilə məşğul olan gənc alim, 24
yaşında privat-dosent elmi adına layiq
görülmüşdür. Bundan beş il sonra, 1935-ci ildə
dövri mətbuatda çap etdirdiyi sanballı elmi-tədqiqat
işlərinin nəticələrinə görə isə
ona tibb elmləri namizədi elmi dərəcəsi
verilmişdir.
Universitetin
beşinci kurs tələbəsi olarkən Balakişiyev müəllimi
A.Valenkaya ilə birlikdə rus dilində “Osteologiya üzrə
praktik məşğələlərə rəhbərlik”
adlı dərs vəsaiti yazmışdır. Həmin vəsait
1926-cı ildə çap olunmuşdur. O, ötən əsrin
30-cu illərində Azərbaycan dilində latın
qrafikası ilə silsilə dərslik və dərs vəsaitləri
çap etdirərək ölkə anatomiyası tarixində
yeni səhifə açmışdır.
Kamil Əbdülsalam
oğlu Balakişiyev 1906-cı il sentyabr ayının 20-də
Bakıda anadan olmuşdur. 1921-ci ildə Azərbaycan Dövlət
Universitetinin tibb fakültəsinə daxil olan Balakişiyev ilk
illərdən pedaqoji və elmi-tədqiqat işlərinə
ciddi maraq göstərdiyinə görə insan anatomiyası
kafedrasına qəbul edilmişdir. Gənc tələbənin
qeyri-adi istedadı kafedra rəhbərliyinin diqqətini cəlb
etmiş və az sonra onun insan anatomiyası fənni üzrə
sərbəst məşğələlər aparmasına icazə
verilmişdir. İstedadlı alim bu dövrdə praktik məşğələlər
aparmaqla bərabər, tələbələrə həm rus,
həm də Azərbaycan dilində normal anatomiya fənni
üzrə mühazirələr oxumuşdur.
K.Balakişiyev
1936-cı ildə “Sidik kanalı soğanağı (Meri və
Kuper) vəziləri” mövzusu üzrə doktorluq
dissertasiyası müdafiə etmişdir. O, 30 yaşında
tibb elmləri doktoru elmi dərəcəsinə layiq
görülmüşdür. Tibb alimi müdafiə ərəfəsində
Sankt-Peterburqda 6 ay elmi ezamiyyətdə olmuş, onun elmi-tədqiqat
işi Rusiyanın məşhur alimləri tərəfindən
yüksək qiymətləndirilmişdir. K.Baxşəliyev
eyni zamanda bud sinirinin kötükdaxili quruluşunu öyrənməklə
ölkəmizdə periferik sinir sisteminin morfo-funksional
xüsusiyyətlərinin öyrənilməsinin əsasını
qoymuşdur.
Tibb elmini zənginləşdirən
nailiyyətlər
Azərbaycan
Dövlət Tibb İnstitutunun normal anatomiya kafedrasına
1937-ci ilin avqust ayından etibarən ilk dəfə milli kadr -
professor Kamil Balakişiyev rəhbərlik etməyə
başlamışdır. Görkəmli tibb alimi
ömrünün sonuna qədər (1973) bu vəzifəni
böyük uğurla yerinə yetirmişdir. Balakişiyev
kafedraya rəhbərlik etməyə başladığı
dövrdə bura istedadlı azərbaycanlı gənclər cəlb
olunmuş və kafedrada sanballı milli kadr potensialı
formalaşmışdır.
Kamil
Balakişiyev 1942-ci ildə Azərbaycanda səhiyyənin və
tibb elminin inkişafında, o cümlədən yüksək
ixtisaslı tibb kadrlarının yetişdirilməsindəki
xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri
adına layiq görülmüşdür.
Öz elmi
işlərindən və daşıdığı vəzifələrdən
başqa, K.Balakişiyev Bakının digər ali məktəblərində
də insan anatomiyası kafedraları təşkil etmişdir.
Böyük alim eyni zamanda Azərbaycanda təkcə anatomiya
deyil, histologiya elminin də inkişafına güclü təkan
vermişdir. Kamil müəllim ölkəmizdə ilk dəfə
ana dilində histoloji terminlərin yaradıcısı
olmuş və bu haqda dəyərli kitab çap
etdirmişdir. O, həmçinin Bakının bir sıra xəstəxanalarının
cərrahiyyə şöbələrində həkim-cərrah
kimi fəaliyyət göstərmişdir.
Professor
Balakişiyevin Azərbaycan anatomiya tarixində ən
mühüm xidmətlərdən biri də onun ana dilində
tibb terminlərini işləyib hazırlaması olmuşdur.
Bu terminlərin əsasında da alimlərimiz milli dildə
tibb dərslikləri və vəsaitləri hazırlamaq
imkanı qazanmışlar. Elə Azərbaycan dilində
anatomiyaya aid ilk dərs vəsaitlərinin hazırlanması da
K.Balakişiyevə aiddir.
Tibb aliminin
milli elmi kadrların hazırlanmasında da böyük xidmətləri
var və bilavasitə onun rəhbərliyi altında 15 nəfər
elmlər doktoru və namizədi yetişdirilmişdir.
Balakişiyev 100-ə yaxın elmi işin, o cümlədən
orijinal dərslik və dərs vəsaitinin, lüğət və
terminologiyanın, elmi-kütləvi məqalənin müəllifi
olmuşdur. Dəyərli alimin Azərbaycanda anatomiya elminin
inkişaf tarixinə, anatomik eksponatlardan ibarət olan tədris
muzeyinə, tibb tarixi və səhiyyənin təşkilinə,
o cümlədən görkəmli elm xadimlərinin
yaradıcılığına dair çox maraqlı məqalələri
var.
Elmimizdə unudulmaz izlər
Kamil
Balakişiyev uzun illər səhiyyə sahəsində
müxtəlif mühüm vəzifələrdə
çalışmışdır. O, 17 il Azərbaycan Tibb
İnstitutunda tədris işləri üzrə prorektor, Səhiyyə
Nazirliyində idarə rəisi, Azərbaycan Elmlər
Akademiyasının Terminologiya Komitəsinin tibb bölməsinin
sədri vəzifələrini yerinə yetirmişdir. Görkəmli
elm xadimi işlədiyi bütün kollektivlərdə daim
öz ideal səmimiyyəti, insani keyfiyyətləri ilə dərin
izlər qoymuş, insanların rəğbətini
qazanmışdır.
K.Balakişiyev
keçmiş SSRİ-nin iri şəhərlərinin tibb
müəssisələrində keçirilən anatom, histoloq
və embrioloqların qurultay, konqres və simpoziumlarında
iştirak etmiş, elmi məruzələr söyləmişdir.
Alim Azərbaycan morfologiya elminin ən layiqli nümayəndələrindən,
təmsilçilərindən birinə çevrilmişdir. O,
uzun illər SSRİ Anatom, Histoloq və Embrioloqlar Cəmiyyətinin
rəyasət heyətinin üzvü olmuş, 1953-1973-cü
illərdə bu cəmiyyətin Azərbaycan şöbəsinə
rəhbərlik etmişdir.
Məşhur
professor həm də gözəl natiq qabiliyyəti ilə
tanınırdı. Alimin söylədiyi mühazirələr
auditoriyalarda həmişə böyük maraqla dinlənilərdi.
Tələbələrinin xatirələrinə görə,
o, uzun müddət Tibb İnstitutunun I kurs tələbələrinə
böyük həvəslə söylədiyi ilk mühazirələrini
bu ibrətamiz cümlələrlə başlardı: “Siz həyatınızı
tibbə həsr etmək qərarına gəlmisiniz. Tibb elmi
onu başqa elmlərdən fərqləndirən səciyyəvi
xüsusiyyətlərə malikdir. Əgər, ümumiyyətlə,
elm həqiqətə xidmət edirsə, təbabət elmi
eyni zamanda həm həqiqətə, həm də
xeyirxahlığa xidmət edir. Bu isə gərgin əmək
tələb edir”.
Nüfuzlu
alimin tibb elminə verdiyi töhfələr və çoxillik
dəyərli fəaliyyəti yüksək qiymətləndirilmişdir.
O, xidmətlərinə görə “Şərəf
nişanı”, “Qırmızı Əmək Bayrağı” (2
dəfə), “Oktyabr inqilabı” ordenləri, “SSRİ səhiyyə
əlaçısı” döş nişanı və bir
sıra medallarla təltif edilmişdir.
K.Balakişiyev
1973-cü ilin noyabr ayının 22-də dünyasını dəyişib
və Fəxri Xiyabanda dəfn olunub. ATU-nun insan anatomiyası
kafedrası rəhbərliyi yüksək instansiyalara müraciət
edərək 1996-cı ildə görkəmli alimin yubiley tədbirinin
keçirilməsinə nail olub. Həmin il K.Balakişiyevin
yubileyi ilk dəfə dövlət səviyyəsində
geniş şəkildə qeyd edilib. Hazırda Bakı şəhərindəki
küçələrdən biri onun adını
daşıyır.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 5 mart.- S.14.