I Sah Abbasın “baş katibi” İskəndər Münşi

 

«Tarixi-aləm arayi-Abbasi» əsərinin müəllifi

 

Mənşəcə Azərbaycan türklərindən olan görkəmli tarixçi və xəttat İskəndər Münşi Türkmənin adı tarixdə bir neçə önəmli əsəri ilə qalıb. Dövrünün tanınmış şəxslərindən sayılan Münşi məşhur “Tarixi-aləm arayi-Abbasi” (“Dünyanın bəzəyi olan Abbasın tarixi”) əsərinin müəllifidir. İskəndər Türkmən Məhəmməd Yusif Müvərrix böyük türk soylarından olan Türkmən tayfasının nüfuzlu ailələrindən birində dünyaya gəlmişdir.

 

Hələ çox gənc yaşlarında, ilk təhsilini də başa vurmamış İskəndər o zaman “siyaq” adlanan mühasib sənətini öyrənməyə başlayır. Amma o, sonradan buna çox peşman olur. Dövrünün iqtisadi biliklərinin əsaslarını mənimsəyən İskəndər Münşi bir çox dövlət xadimləri ilə bir sırada çalışır, hətta hərbi yürüşlərdə də iştirak edir.

Professor Əbülhəsən Rəhmaninin yazdığına görə, belə işlərdən sonra o, “yorucu mühasiblik sənətindən üz döndərir və dövrünün oxumuş adamlarının təsiri altında cidd-cəhdlə katiblik sənətini öyrənməyə başlayır. Münşi epistolyar ustalığın bütün incəliklərinə yiyələnməyə çalışır ki, Şah Abbasın dəftərxanasında xidməti işə girə bilsin. 1592-1593-cü ildə İskəndər Münşi I Şah Abbasın sarayında ”baş katib" (münşi) vəzifəsinə götürülür. Sonradan paytaxt İsfahana köçürülərkən Münşi də şahla birlikdə ora gedir. Burada ev-eşik sahibi olan İskəndər bəy ailəsi ilə bütün ömrünü İsfahana bağlayır.

Münşinin doğulduğu ailə barədə məlumatlar çox azdır. O, özünün “Tarix” əsərində yaxın qohumlarından biri, qardaşı oğlu Məhəmməd Salehin Gilan vəziri olmasından bəhs edir. O yazır ki, Məhəmməd həm də o dövrün ən savadlı adamlarından biri olub.

“Vikipedia”nın yazdığına görə, İskəndər Münşi dostları arasında böyük Azərbaycan alimi Nəsrəddin Tusinin nəslindən olan şahın birinci vəziri Hatəm bəy Ordubadini yada salır. Bəzi tədqiqatçıların fikrincə, məhz onun himayədarlığı sayəsində İskəndər bəy “münşilər” sırasına daxil ola bilib. İskəndər bəy baş vəzirin birbaşa rəhbərliyi altında çalışır və Hatəm bəyin ömrünün sonuna qədər (1610 hər yerdə onu müşayiət edir. Onlar birlikdə I Şah Abbasın hərbi yürüşlərində, ölkə daxilindəki səyahətlərində, səfərlərində, ovlarında, saraydakı qəbullarında iştirak edirlər. Hərbi səfərlərdən birində, Gəncə və İrəvanın Osmanlı türklərindən azad olmasından sonra Hatəm bəy şahı öz vətəni Ordubada dəvət edir. İskəndər bəy də orada olur və Ordubadın “səfalı təbiətini, bərəkətli meyvə bağlarını, şəffaf və xoş sulu bulaqlarını” böyük həvəs və ilhamla təsvir edir. Münşi eyni zamanda, öz əsərində Hatəm bəyin şəcərəsini də verir və onun soyunun Səfəvilər dövlətinin yaranıb formalaşmasındakı xidmətlərini göstərir.

 

Savaş meydanlarında yaranan karyera

 

Münşinin karyerası elə bir vaxtda başlayır ki, bu dövrdə Şah İsmayıl Xətainin yaratdığı möhtəşəm Qızılbaşlar dövləti (Səfəvilər dövləti) daxili çəkişmələr və mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində iqtisadi-siyasi böhran keçirirdi. Təbriz də daxil olmaqla, az qala bütün Azərbaycan Osmanlı türkləri tərəfindən işğal olunmuşdu. Belə bir vəziyyətdə hakimiyyətə gələn Şah Abbas qızılbaş əyanlarının təsir dairəsini xeyli daraldır, paytaxtı İsfahana köçürür. O bundan sonra Səfəvilərin keçmiş şöhrətini qaytarmaq uğrunda mübarizəyə başlayır.

İskəndər Münşi Şah Abbası onun Azərbaycanı osmanlılardan geri almaq uğrunda apardığı 5 illik bütün mübarizəsi boyunca müşayiət edir. İskəndər bəy özü o dövrün hadisələrini belə təsvir yazir: “Əxi sultan, Dəmri sultan və Şahəli sultan mənqəlay şəklində Astarabaddan çıxıb, Bistam çəmənində Übeyd xanla üzləşdilər. Qızılbaş qoşunu üç min nəfərə çatmırdı. Özbək qoşunu isə iyirmi mindən artıq idi. Hərçənd o azsaylı dəstənin özbək padşahı ilə vuruşması ağıl qanununa müvafiq deyildi, amma özbəklərin əlləri onların yaxalarına çatdığından, əmirlər vuruşmaqdan savayı çarə tapmayıb, zərurət üzündən döyüş səfləri tərtib etdilər. Tərəflər arasında böyük bir döyüş və şiddətli bir vuruş baş verdi. Həqiqətən, o gün qorxusuz dilavərlər o dəhşətli savaş meydanında elə bir döyüş etdilər ki, zəmanə heyrət barmağını təəccüb dişləri arasına qoydu. Hələ də Bistam döyüşünün çətinliyi özbəklər arasında həm say-seçmə, həm də sadə adamların dillər əzbəridir. Əxi sultan dəfələrlə özünü Übeyd xanın [ordusunun] mərkəzinə vurub, az qaldı ki, onun [ordusunun] mərkəzini darmadağın etsin. Lakin [özbək ordusunun] mərkəz (”qol") hissəsindəki bahadırlar oxlardan yaylım atışları etməyə başladılar. Əxi sultan, təkəlü döyüşçülərindən bir çoxları ilə birlikdə ox zərbələri ilə həlak oldu. Übeyd xan zəfər qazandı. Dəmri sultan ələ keçirilib öldürüldü... Übeyd xan bu dəfə Astarabadı özbəklərin adlı-sanlı əmirlərindən olan Zəmiş bahadıra verib, Herata yollandı və ətrafa və yan-yörəyə pumavullar göndərib, həmin il Quryanda qışlaq etdi".

O beləcə bir tarixçi kimi, Azərbaycanı savaş meydanlarında qarış-qarış gəzir, Təbriz, Ərdəbil, Naxçıvan, Əhər, Xoy, Maku, Gəncə, Ordubad, Şamaxı, Bakı və digər şəhərlərdə olur. Münşi Sah Abbasın 1599-1601-ci illərdəki Xorasan və 1625-ci ildəki İraq yürüşlərində iştirak edir. İrana, İraqa və digər yaxın ölkələrə səyahətlər edir, burada baş verən bir çox tarixi hadisələrdən xəbər tutur, şahın qəbullarında, ov səfərlərində onun yanında olur.

Bütün bunlar ona özünün şah əsəri olan “Tarixi-aləm arayi-Abbasi” əsərini yazmaq üçün zəngin material verir. Tarixçi həmin əsərində bütün müşahidələrini və Səfəvi dövlətinin ilk dörd hökmdarının zamanında baş verən ictimai-siyasi hadisələri təsvir edir. Bundan başqa o, həmin əsərində öz oxucularını dövrün ən görkəmli siyasətçiləri, din xadimləri, şairləri, rəssamları, xəttatları, musiqiçiləri və müğənniləri ilə tanış edir.

 

Yarımçıq qalan əsəri - “Zeyli tarixi aləm arayi-Abbasi”

 

Zamanında müəyyən səviyyədə iqtisadi təhsilə yiyələnmiş İskəndər Münşi ölkənin maliyyə problemlərinin həllində də yaxından iştirak edir. Həmin biliklər bəzi məqamlarda bu tarixi yazmaq üçün ona kömək edir.

İskəndər Münşinin əsəri iki cilddən ibarətdir və Səfəvilər dövlətinin tarixi üzrə olduqca qiymətli bir mənbədir. Bu əsər həmin dövrün oxşar tarixi əsərlərindən fərqlənir. Tanınmış Azərbaycan tarixçisi Oqtay Əfəndiyev də yazır:

“O, öz sələflərinin yazdıqlarını sadəcə olaraq, təkrarlamır, çalışır ki, tarixi materialları dərk etsin, bir çox hallarda isə hadisələrə öz yozumunu verir. O, bəzən hətta ictimai hadisələrin zahiri cəhətlərindən sərf-nəzər edir, xronoloji qeydlərə uymur, əksinə, hadisələrin məzmun və mahiyyətini açmağa cəhd göstərir. Bu mənada o, öz dövrünün yalnız faktları sadalamaqla kifayətlənən, bununla da xronist olan digər tarixçilərindən bir baş yuxarıda durur”.

Eyni zamanda, həmin kitabı bənzər əsərlərdən fərqləndirən əsas cəhət bütövlükdə ölkənin və onun ayrı-ayrı vilayətlərinin iqtisadi həyatını dərindən təhlil etmək cəhdidir. Burada Şah Abbasın vergi siyasəti, vergilərin yığılması yolları, sənətkarların, tacirlərin və başqa peşə adamlarının maliyyə vəziyyəti, məmurların maliyyə fırıldaqları barədə məlumatlar tapmaq mümkündür. Bəhs edilən kitaba xas olan cəhətlərdən biri də tarixçinin şah fərmanlarından, çoxlu sayda rəsmi sənədlərdən sitatlar gətirməsidir.

Münşinin başqa bir əsəri “Zeyli tarixi alüm arayi-Abbasi” (Dünyanın bəzəyi olan Abbasın tarixinin davamı) adlanır. Bu əsər I Səfinin hakimiyyət dövründən bəhs edir. Əsər müəllifin qəfil ölümü ilə tamamlanmamış qalmışdır.

İskəndər Münşi də o dövrün əksər oxumuş adamları kimi şeirlər yazmış və xəttat sənətinin texnikasına dərindən bələd olmuşdur. Münşinin qələminə məxsus şeirlərə məşhur tarix əsərinin ayrı-ayrı yerlərində rast gəlinir, amma onun ayrıca “Divan”ı olması haqqında məlumat yoxdur. Sənətkarın müasirlərindən birinin verdiyi məlumata görə, Münşi nəstəliq xətti ilə gözəl yazmış, sürətli yazı qaydalarını kamil bir tərzdə mənimsəmişdi.

İskəndər Münşi 1634-cü ildə Təbrizdə ömrünün 75-ci ilində vəfat etmişdir.

Tarix elminin görkəmli abidəsi sayılan “Tarixi aləm arayi-Abbasi” kitabının müxtəlif əlyazma nüsxələri dünyanın bir çox iri kitabxana və muzeylərində saxlanır. Bu əsər dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Dünyanın ən görkəmli alimləri XVI-XVII əsrlər Azərbaycanının sosial-iqtisadi, siyasi və mədəni həyatına dair ən qiymətli mənbə kimi bu əsərə istinad edirlər.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 6 mart.- S.14.