O, “Arşın mal alan”da Asyanın partiyasını oxumuşdu...
Azərbaycanda bəstəkarlıq təhsili
almış ilk qadın
Azərbaycan musiqisində bir çox tanınmış simaların
kəşf olunması
dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin
adı ilə bağlıdır. Böyük musiqiçi və gözəl insan mədəniyyət tariximizdə
bir çox qadın sənətkarların
yetişməsində də
önəmli rol oynamışdır. Belə şəxslərdən
biri də Azərbaycanda bəstəkarlıq
təhsili almış
ilk qadın musiqiçi
Ədilə Hüseynzadə
olmuşdur.
Maraqlı bir xatırlatma
üçün qeyd edək ki, Ədilə
xanım Ü.Hacıbəylinin
“Arşın mal alan” operettası əsasında çəkilmiş
bədii filmdə
(1945) Asyanın vokal partiyasını səsləndirmişdir.
Bəstəkar musiqi aləminə
də XX əsrin
40-cı illərində Üzeyir
bəyin xeyir-duası
ilə gəlmişdir.
Ə.Hüseynzadə Azərbaycan Dövlət
Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq
ixtisası üzrə
bitirmiş ilk azərbaycanlı
qadındır. Musiqiçinin yaradıcılığında vokal əsərləri üstünlük təşkil
etsə də, o, bir sıra iri
həcmli əsərlər
də yaratmışdır.
Ədilə Hacağa qızı Hüseynzadə
28 aprel 1916-cı ildə
Bakı şəhərində
anadan olmuşdur. İstedadlı bakılı qızın
uşaqlıq illəri
İçərişəhərdə keçmiş, kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlayan Ədilə yeddiillik musiqi məktəbini bitirmişdir. Əslində, onun marağını dəqiq elmlər daha çox çəkirdi. Buna görə
də, əvvəlcə
N.Nərimanov adına Sənaye Texnikumuna, sonra isə Sənaye İnstitutunda təhsil almışdı. O ali məktəbi mühəndis-texnoloq kimi başa vuranda məşhur bəstəkar
olacağı ağlına
belə gəlməmişdi.
Amma musiqi təhsili almaq arzusu da
fikrindən çıxmırdı.
Beləliklə, tale onu
təsadüfən böyük
Üzeyir bəylə
qarşılaşdırdı...
Ədilə xanım xatirələrində yazırdı
ki, 1936-cı ilin yayında Üzeyir bəy bir bağ
evi kirayələmək
üçün dolaşa-dolaşa
gəlib onların Şüvəlandakı bağına
çıxır. Böyük sənətkar yayda
dincəlmək və
yaradıcılıqla məşğul
olmaq üçün
sakit bir bağ axtarışında
imiş. Ədilə xanımın
atası bazarlıq etmədən qonaq otağının qapısını
bəstəkarın üzünə
açır və Üzeyir bəy ailəsi ilə bərabər yayı orada keçirir. O məşhur “Koroğlu” operasının dördüncü
pərdəsini də
orada yazır. Bundan başqa, bəstəkar o zamana qədər lampa işığından
istifadə edən şüvəlanlıların evinə
elektrik xətti də çəkdirir.
Ona Üzeyir bəy atalıq etmişdi...
Ədilə xanımın musiqi dünyasına gəlişində də bu tanışlığın
xüsusi əhəmiyyəti
olmuşdu. 1937-ci illərdə
onların ailəsini İran pasportları olduğu üçün
sürgün etdilər.
Ədilə xanımın ailəsini
və iki övladını nəzərə
alıb, sürgünə
yollamadılar. Üzeyir bəy
o ağır günlərdə
ona əsl ata nəvazişi göstərdi. Beləliklə, 1942-ci ildə gözəl soprano
səsi olan Ə.Hüseynzadəni konservatoriyanın
vokal şöbəsinə
qəbul edirlər.
Üzeyir bəy Ədilə xanıma həftədə dörd dəfə dərs keçirdi. Bununla da, o, bu sənətin sirlərini öyrənib irəli getdi. Tələbə olduğu müddətdə
o, Üzeyir bəyin təşəbbüsü ilə
“Vəslin həvəsi”
romansını bəstələmişdi.
Bu əsər Nizami Gəncəvinin 800 illik yubileyinə ithaf olunmuşdu. Bu romansı Üzeyir
bəy çox bəyənmiş və onu ifa üçün
korifey sənətkar Bülbülə təqdim
etmişdi.
Ümumiyyətlə, Ədilə xanım bir çox janrlarda uğurla çalışaraq
simfonik poema, simli kvartet, kantata, xor miniatürləri
yaratmışdır. Amma romans janrı
bəstəkarın yaradıcılığında
özünü daha parlaq göstərir.
Onun milli musiqimizdə romans janrının inkişafında
danılmaz rolu var. Ə.Hüseynzadənin Nəsimi,
Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş
romansları və “Duyğular” vokal silsiləsi musiqimizin inciləri sayılır.
Ədilə xanımın vokal şöbəsindən
bəstəkarlıq şöbəsinə
keçməsinin də
öz tarixçəsi
var. Gənc musiqiçi
cəmi bir il vokal
şöbəsində oxumuş,
sonra fikrini dəyişmişdi. O xatirələrində
yazır: “Bir gün Üzeyir bəy Hacıbəylinin yanında bəstəboy, qarayanız bir qız gördüm, onunla maraqlandım. Dedilər ki, Ağabacı Rzayevadır. Üzeyir bəydən
bəstəkarlıq dərsləri
alır. Əvvəl təəccüb
etdim. Qızdan da bəstəkar olar?- deyə
düşündüm. Sonra özümü
bu sahədə sınamaq qərarına gəldim. Gedib evdə jurnalları, kitabları qarşıma tökərək, şeir
axtarmağa başladım
və İsmayıl Soltanın ”Yadigar" şeirini tapdım. İkinci Dünya müharibəsi
artıq başlamışdı.
Bu şeir də
elə müharibəyə
həsr olunmuşdu.
“Yadigar” məni
çox tutdu və ona bir
musiqi bəstələdim.
Bu romansı sevimli
müəllimimə göstərdikdə
onu çox bəyəndiyini söylədi.
Elə o
gündən də məni bəstəkarlıq
şöbəsinə keçirdi".
Məşhur bir musiqiçi...
1948-ci ildə Üzeyir bəyin vəfatından sonra Ə.Hüseynzadə
Boris Zeydmanın sinfində
oxudu. Azərbaycan Dövlət Konservatoriyasını
1953-cü ildə bitirən
bəstəkar Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinə göndərildi. O burada 33
il kompozisiyanın
əsasları fənnindən
dərs dedi. Onun tələbələri sırasında
Müslüm Maqomayev,
Sevda İbrahimova, Firəngiz Əlizadə, Elnarə Dadaşova kimi tanınmış musiqiçilər var.
Musiqişünaslar bəstəkarın məşhur şairlərimiz
R.Rza və N.Rəfibəylinin şeirlərinə
yazdığı “Duyğular”
vokal silsiləsini musiqimizin gözəl nümunələri olaraq dəyərləndirirlər. Gözəl poeziya zövqü
olan Ədilə xanım burada öz məharətli seçimi ilə unudulmaz bir musiqi
əsəri yarada bilmişdir.
Ə.Hüseynzadənin vokal ifaçısı
kimi yaradıcılığı
çox geniş olmasa da, “Arşın
mal alan” kinofilmindəki ifası əbədi olaraq yaddaşlara yazılıb.
Üzeyir bəyin təklifi
əsasında bu partiyanı ifa edən Ədilə xanım əvvəlcə
tərəddüd etmişdi.
Çünki ona filmin musiqi redaktoru, dirijor Niyazi ilə işləməyin
çox çətin
olduğunu demişdilər.
Amma deyildiyinin əksinə, maestro nə
ona əziyyət verdi, nə
də get-gələ saldı. Öz partiyasını oxuyan kimi bəyəndi və ilk dəfədən
səsi lentə alındı...
1944-cü
ildən Azərbaycan Bəstəkarlar İttifaqının
üzvü olan bəstəkar musiqimizin inkişafına mühüm
xidmətlər göstərmişdir. Ə.Hüseynzadənin həm bəstəkarlıq,
həm də müəllimlik fəaliyyəti
musiqi mədəniyyətimiz
üçün böyük
töhfədir. O, vokal
ifaçılığını gözəl bildiyi üçün romans və mahnıların ruhunu tutmağı bacarırdı. Onun bir çox
maraqlı əsəri
1944-cü ildə Tbilisidə
keçirilən “Zaqafqaziya
baharı” dekadasında,
o cümlədən Moskvada
və başqa şəhərlərdə ifa
edilərək çox
yüksək qiymətləndirilmişdir.
Ədilə Hüseynzadə böyük Üzeyir bəyin xatirələrini
günümüzə qədər
yaşadan sonuncu tələbələrindən idi. O, 2005-ci ildə 90 yaşında Bakıda vəfat edib.
2011-ci ildə bəstəkarın
95 illiyi qeyd olunub.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 7 mart.- S.14.