Tar hər ləhzə gəlib vəcdə deyər: ya Səttar...”

 

Ərdəbilli xanəndə

 

Adı Azərbaycan musiqi tarixində böyük iftixar hissi ilə çəkilən görkəmli sənətkarlardan biri də məşhur xanəndə Səttardır. Öz dövrünün istedadlı xanəndələrindən biri kimi tanınan Səttar musiqi aləmində böyük şöhrət qazanmışdı. Səttar XIX əsrin 20-ci illərində Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur. Hələ gənclik illərindən musiqiyə həvəs göstərən Səttar Azərbaycan mahnılarını gözəl səslə oxuyardı.

Aleksandr Barnov “Köhnə Tiflisin musiqiçiləri” kitabında yazır: “Səttar əslən Güney Azərbaycanından idi. O, Ərdəbildə XIX əsrin 20-ci illərində anadan olmuşdur. Səttar elə uşaqlıq vaxtlarından musiqiyə meyl göstərmişdir. Parlaq istedadaşirin ləhcəyə malik olub. O əvvəlcə dinə qulluq etməyə başlayır. Lakin onu axıra kimi davam etdirmir. İki-üç ildən sonra dindən uzaqlaşır. Şənliklərdə və toylarda muğamxalq mahnılarını ifa etməyə başlayır. Səttar Şərqin görkəmli klassik şairlərindən Sədi, Hafiz, Məhəmməd Füzuli və başqalarının qəzəlləri üstündə muğamları və təsnifləri çox ustalıqla ifa edir. Səttarın şan-şöhrəti tezliklə Məhəmməd şah Qacarın qulağına da çatır. Şah Səttarı öz sarayına dəvət edir. O burada bir neçə il qalır. 19-20 yaşlarında Səttar Tiflisə gəlir. Özünün valehedici səsi ilə qısa müddət ərzində tiflislilərin diqqətini özünə cəlb edir. Mahnı oxuyan zaman o, sən demə, dəfdən istifadə etmirmiş. Öz dəstəsi ilə oturub əlində əsa mahnını elə şirinliklə ifa edirmiş ki, dinləyicilər ovsunlanırmış”.

Səttar artıq 20-25 yaşlarında olarkən bir xanəndə kimi təkcə Ərdəbildə deyil, bütün Azərbaycanda və İranda şöhrət tapmışdı. Xalq hər yerdə gənc sənətkarı böyük hörmət və məhəbbətlə qarşılayırdı.

Səttar bir neçə il İran şahı Məhəmməd Mirzənin sarayında xanəndəlik etdikdən sonra, 1844-cü ilin əvvəllərində Naxçıvan şəhərinə köçür. Səttarın Naxçıvana gəlməsi xəbəri tez bir zamanda şəhərə yayılır. Onun şərəfinə hər yerdə böyük məclislər qurulur. Hamı çalışırdı ki, Səttar olan məclisdə iştirak edib, onun incə və həzin oxumağını eşitsin. O zaman Səttar Naxçıvan məclislərinin birində məşhur gürcü şairi Nikolaz Barataşvili ilə tanış olur. N.Barataşvili Azərbaycan musiqisini dərindən sevər və onu yüksək qiymətləndirərdi. Barataşvili 1844-cü ilin noyabr ayından 1845-ci ilin may ayınadək Naxçıvanda qəza rəisinin köməkçisi vəzifəsində çalışmışdı. O, Tiflisə rəfiqəsi Maiko Orbelianiyə yazdığı bir məktubunda Səttar və Səfər adlı başqa bir xanəndə ilə dost olduğunu qeyd etmişdir.

 

Tiflisin məşhurluq həyatı

 

O zaman Barataşvilinin evi şeir və musiqi məclisini xatırladırdı. Şair tez-tez şeir və musiqi gecələri təşkil edərdi. Bu gecələrdə Səttar və Səfərdən başqa Naxçıvan xanının qızı, şairə Qönçə Bəyim də iştirak edirmiş. Səttar ilə Səfər Tiflisə gedəndən sonra Barataşvili Qönçə Bəyimin şeirlərini gürcü dilinə tərcümə edib oxumaq üçün Səttara göndərirdi. Səttar Barataşvilinin bacısı Yekaterinanın toyunda olub. Nikoloz Barataşvili Z.Orbelianiyə yazdığı məktubunda Ksan dərəsinə (Axalqoriyə) gedişini, oradakı ziyafəti və Səttarın iştirakını belə qələmə alır: “Axalqoriyə daxil olduq. Saray başdan-başa çil-çıraq içində idi. Zurnaçılar çalırdı. Səttarın mahnısı da onu müşayiət edirdi. Tüfəng atəşi camaatın qalabalığı, hay-küyü, gözəl bir aləm idi.”

19-cu əsrin birinci yarısında Qafqaza sürgün edilmiş dekabrist - şair Yakov Polonski o dövrün məşhur Azərbaycan xanəndəsi Səttara şeir həsr etmişdir.

XIX əsrin digər sənətkarları kimi Səttarın da bir xanəndə kimi bütün Qafqazda məşhur olmasında Tiflisin musiqi həyatı mühüm rol oynamışdı. İranın, hətta Hindistanın məşhur musiqiçiləri və xanəndələri belə Tiflisə tez-tez gələrdilər. Tiflisin musiqi həyatı Səttarın da diqqətini cəlb edir. O, bir qədər Naxçıvanda yaşadıqdan sonra İrəvana, oradan da 1845-ci ilin yazında Tiflisə gəlir. Çox keçmədən Səttarın şöhrəti bütün şəhərə yayılır. Hamı onun məlahətli səsini eşitməyə can atır. Hətta Tiflisdə yaşayan rus və italyan musiqiçiləri belə Səttarı öz konsert-tamaşalarına dəvət edərdilər.

1847-ci il fevralın 23-də məşhur italyan skripkaçısı, Tiflis teatr orkestrinin dirijoru Malaqolli Xeyriyyə cəmiyyəti salonundakı konsertinə Səttarı da dəvət etmişdi. Konsertdə muğam oxuyan Səttar böyük müvəffəqiyyət qazanmışdı.

Bu barədə Tiflisdə çıxan “Qafqaz” qəzeti səhifələrində maraqlı rəylər də çap olunmuşdu. Hətta L.F.Yapşevski familiyalı bir nəfər musiqişünas yazmışdı:

“Konsertin sonunda cənab Malaqolli tərəfindən dəvət olunan müğənni Səttar bəy öz dəstəsinin müşayiəti ilə oxudu. Biz avropalılar üçün bu musiqi böyük maraq oyadır...”.

Bir çox tarixi mənbələrdən məlum olur ki, Səttar Tiflisin musiqi həyatında böyük rol oynamışdı. O, nəinki musiqi gecələrində, həm də açıq havada təşkil olunan konsertlərdə və ziyafətlərdə məlahətli səsi ilə çoxmillətli şəhərin sakinlərinə estetik zövq vermişdi.

Səttar Tiflisdə yaşadığı illərdə onu nəinki xalq şənliklərinə, hətta Qafqaz canişininin iqamətgahında İran şahlarının, Türkiyə sultanlarının və digər rəsmi şəxslərin şərəfinə verilən ziyafətlərinə də dəvət olunardı.

 

Seyid Əzimi heyran edən səs

 

Səttar Tiflisdə verdiyi muğamat konsertləri ilə də böyük şöhrət qazanmışdır. Səttarın repertuarı olduqca rəngarəng idi. O, “Zəmin-xarə”, “Dəşti”, “Rahab”, “Şüştər”, “Bayatı-İsfahan”, “Rast”, “Çahargah” kimi çətin və mürəkkəb muğamları böyük məharətlə oxuyardı.

Səttarın Qafqaz və yaxın Şərq xalqları tərəfindən sevildiyini və böyük hörmətlə qarşılandığını nəzərə alan İran, Türkiyə və Rusiya hökumətləri onu bir neçə orden və medallarla təltif etmişlər.

Məşhur musiqişünas Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında yazırdı: “Məlum olduğu kimi, Səttar məşhur musiqişünas Mahmud ağanın yaxın dostu olmuş, onun məclislərində çox oxumuşdur. O, Mahmud ağanın məclisində görkəmli şair Seyid Əzim Şirvani ilə tanış olmuşdu. Səttarı dinləyən şair öz müxəmməslərinin birində Səttarı tərif etmişdir:

 

Fəhm qıl, gör ki, nədir çəngü dəfü bərbətü ud,

Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud,

Arif ol, rəmz bil, ey mahəsəli-qeybi-şühud,

Ud hər ləhzə gəlib şurə deyir: ya Məbud,

Tar hər ləhzə gəlib vəcdə deyər: ya Səttar.

 

Səttarın xanəndəlik məharəti dövrünün bir çox mədəniyyət xadimlərini məftun etmişdi. Məşhur fransız yazıçısı Jül Vern özünün “Arxipelaq alovlanır” adlı əsərində Səttarın səsinə yüksək qiymət verərək yazırdı: “...Mən şəhəri gəzə-gəzə irəliləyirdim.

- Cənab, - deyə kimsə çəlimsiz bir nəfər mənə müraciət edir və o, mənim fikrimcə, çox adi görünən qonşu bir binanı mənə göstərir: - Siz xaricisiniz?

- Şübhəsiz.

- Elə isə bir dəqiqə ayaq saxlayın və bu evə yaxşı tamaşa edin.

- Axı bu evdə tamaşa ediləsi nə var ki?

- Necə nə var, məşhur xanəndə Səttar bu evdə yaşamışdır, bu həmin adamdır ki, sinədən gələn zil səslə oxuyardı... Həm də oxuyanda ona nə qədər pul verərdilər!

Bu ləyaqətli patriarxın daha zildən oxumağını arzu edərək... Mən Kür çayının sağ sahili ilə yuxarı qalxmağa başladım ki, oradan, dağın təpəsindən şəhərin gözəl mənzərəsinə tamaşa edim. Budur, dağın təpəsinə çatıram, kiçik bir meydançada dayanıram: burada kim isə, səyyar bir aktyor böyük bir həyəcanla gözəl İran şairi Sədinin şeirlərini incə musiqi təranələrinin müşayiəti ilə oxuyur...".

Səttar xeyriyyə konsertində dəfələrlə çıxış etmiş, o cümlədən yoxsullara kömək məqsədi ilə keçirilən beynəlxalq konsertlərdə skripkaçı Miller ilə, müğənni Seymur-Şiff ilə birgə iştirak etmişdir.

Xanəndə Səttar Tiflisin indiki Nəbatat bağında əvvəllər mövcud olan müsəlman qəbiristanlığında dəfn edilmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 8 mart.- S.14.