Nizamini yetişdirən zəngin bilik xəzinəsi
Gəncənin elm və
yaradıcılıq mühiti
Azərbaycanda qədim kitabxanaların
inkişaf etdiyi böyük mərkəzlərdən söz
düşən zaman, Gəncənin adını da xüsusi
qeyd etmək lazımdır. Elmi-tədris müəssisələri
və kitabxanaların artmaqda olduğu XII əsrdə bu şəhərdə
Nizami Gəncəvi kimi dahi bir şair yetişmişdi. Həyatı
boyunca doğulduğu doğma şəhərdən kənara
çıxmayan filosof şairin dərin bilgisi və
dünyagörüşü heçdən
yaranmamışdı. O, bu ensiklopedik bilikləri Gəncə
kitabxanalarından oxuyub öyrənmişdi.
Çünki
şairin əsərlərindən də görünür ki,
o, dövrünün elmləri ilə bağlı hərtərəfli
məlumatı olmuşdur. Yazılı mənbələrdən
məlum olur ki, Nizami gənc yaşlarından fəlsəfi
biliklərin öyrənilməsinə xüsusi maraq göstərmişdir.
Şair “Xosrov və Şirin” poemasında XII əsrdə Bərdə
şəhərindəki qədim əlyazmalar saxlanan zəngin
kitabxanalardan bəhs edir:
Məlum hekayədir
“Xosrov və Şirin”,
Dastan yoxdur əsla
bu qədər şirin.
Ruhu oxşasa
da bu gözəl dastan,
Pərdədə
qalmışdı bu gəlin çoxdan.
Tanıyan
yoxdur bu gözəl alması,
Bərdədə
var idi bir əlyazması.
Yazdığı
əsərlərdən məlum olur ki, şair dil, ədəbiyyat,
tarix, fəlsəfə, poetika, astronomiya, coğrafiya, təbiətşünaslıq,
ilahiyyat, musiqi, təbabət və s. kimi elmlərə dərindən
bələd olmuşdur. Bundan başqa, o antik dünya mədəniyyəti
haqqında yazılmış saysız-hesabsız əsərləri
də oxumuşdur. Bu bir daha sübut edir ki, Nizaminin
yaşadığı ərazidə dünyanın
tanınmış elm ocaqları ilə əlaqəsi olan zəngin
kitabxanalar vardı. Eyni zamanda, bu dövrdə Gəncə, Təbriz,
Bağdad və başqa mədəni mərkəzlər, o
cümlədən böyük mədəniyyət və elm
ocaqları arasında kitab mübadiləsi üçün
yaxşı imkanlar da olmuşdur.
Azərbaycan
zaman-zaman yadelli hücumlara məruz qaldığına görə
orta əsr kitabxanaları haqqında məlumatlar çox
azdır. Amma Azərbaycanda XII əsrdən başlayaraq ədəbiyyat,
maarif və mədəniyyətin yeni bir inkişaf mərhələsinə
qədəm qoyduğunu nəzərə alsaq, belə
böyük kitabxanaların mövcudluğuna da şübhə
yeri qalmır. Şübhəsiz, Nizami kimi parlaq bir mütəfəkkiri
yalnız belə zəngin kitabxanalar yetişdirə bilərdi.
“Ən nadir sənət inciləri, əlyazmaları
Gəncədə...”
Tarixçi
Yaqub Mahmudov həmin dövr haqqında yazır: “Nizamini Xilafətin
süqutundan sonra siyasi və iqtisadi dirçəliş
dövrünü yaşayan Azərbaycan mühiti
yetişdirmişdir. Bu mühit Sasani və Xilafət
imperiyalarının süqutundan sonra da uzun müddət
Yaxın və Orta Şərq ölkələri ilə - Orta
Asiya, İran, İraq, Misir və Suriyanın mədəni mərkəzləri
ilə sıx əlaqədə idi. Nizami
yaradıcılığının maya
bağladığı Gəncə isə böyük sənətkarlıq,
ticarət və mədəniyyət mərkəzi idi. Gəncə
həm də bütün Şərqdə ən böyük
elm və təhsil ocaqlarından biri idi. Bütün
türk-islam hökmdarı islam dünyasının xristian sərhədi
yaxınlığında yerləşən ən
böyük istehkamlardan biri olan Gəncənin tərəqqisinə
mühüm diqqət yetirirdilər. Dünyanın hər tərəfindən
ən nadir sənət inciləri, əlyazmaları Gəncəyə
toplanmışdı. Gəncə ədəbi mühitində
Əbül-Üla Gəncəvi, Məhsəti Gəncəvi
kimi nadir sənətkarlar yetişmişdi. Buna görə də
Nizami istedadının parlaması üçün Gəncədə
əlverişli şərait var idi. Elə gənc
İlyası da Nizami zirvəsinə məhz bu mühit
ucaltmışdı”.
Bununla bərabər,
günümüzə Nizaminin yaşadığı dövr,
XII əsr Gəncə mühiti, Azərbaycan mədəniyyətinin
inkişafı haqqında çox qiymətli faktlar gəlib
çıxmışdır. Tədqiqatçı Pərviz
Kazımi “Səfəvilər dövründə Azərbaycanda
kitabxana işi” kitabında bu dövrlə bağlı
çox maraqlı faktları üzə
çıxarmışdır. Məlum olduğu kimi, bu
dövrdə Azərbaycanda elm, mədəniyyət, ədəbiyyat,
incəsənət, sənətkarlıq böyük
inkişaf yolu keçmişdi. Böyük şəhərlərdə
məktəblər, mədrəsələr fəaliyyət
göstərir, kitabçılıq inkişaf edir, zəngin
kitabxanalar fəaliyyət göstərirdi.
Bir çox
yazılı mənbələrdə belə faktlara rast gəlsək
də, əsas məlumatları böyük şairin öz əsərlərindən
də ala bilərik. Həmin dövrlə bağlı dəyərli
araşdırmaları olan akademik Ziya Bünyadov və akademik Əziz
Mirəhmədov da bu faktları dəlillər əsasında
təsdiqləyirlər. Onlar orta əsrlərdə Azərbaycana
səfər etmiş Yaqut Həməvinin “Məcməul Buldan”
əsərinə istinad edərək göstərirlər ki,
XI-XII əsrlərdə Gəncədə “Dar-əl-kütub” adlı
zəngin saray kitabxanası və başqa kitabxanalar
olmuşdur. Bu kitabxanada Xəddad ibn Bəkran Əbu-əl-Fədl
ən-Naxçıvani kitabdar vəzifəsində
çalışmışdır. O cümlədən,
Nizamişünas professor R.Əliyev bu dövrdə Gəncədə
mütaliə üçün hər cür kitabın
tapılmasının mümkün olduğunu yazır.
Məşhur “Dar-əl-kütub”
kitabxanası...
“Dar-əl-kütub”
kitabxanasının ictimai kitabxana olduğu ehtimal edilir. Belə
ki, maraq göstərən hər kəs buradan istifadə edə
bilmişdir. XII əsrdə Gəncədə belə bir
kitabxananın olması şübhə doğurmur.
Tarixçilərin qənaətinə görə, Yaqut Həməvinin
qeyd etdiyi “Dar-əl-kütub” kitabxanası isə dövrün
ən böyük kitabxanalarından biri olmuşdur ki,
qaynaqlarda adı xüsusi qeyd olunmuşdur. Tədqiqatçı
Q.Kəndli də XI əsrdə Gəncədə zəngin
saray kitabxanasının mövcud olduğunu yazır. Belə
məlum olur ki, bu, onun tədqiqatında qeyd olunan kitabxana ilə
eynidir. Belə məlum olur ki, Gəncə kitabxanaları da Bərdə
kitabxanaları kimi çox zəngin və nadir kitab fonduna
malik kitabxanalar olmuşdur. Bunu onunla əlaqələndirmək
olar ki, Gəncə böyük mədəniyyət və
ticarət mərkəzi olduğuna görə, dünyanın
müxtəlif ölkələrindən gələn tacirlər
burada kitaba böyük tələbatın olduğunu bilirdilər.
Demək ki, o qiymətli kitabların xeyli hissəsi də
tacirlər vasitəsilə bura gəlib
çıxırdı. Bundan başqa, kitabşünas alim İmadəddin
Zəkiyev də “Azərbaycan kitabının inkişaf yolu”
adlı əsərində Gəncə kitabxanasında 10-dan
çox xarici dildə kitab saxlanıldığını
yazırdı.
Tarixi faktlar
göstərir ki, Atabəylərin hakimiyyəti dövründə
də Gəncədə böyük saray kitabxanası (kitab
evi) ən zəngin və nadir kitab fonduna malik bir kitabxana kimi
şöhrət tapmışdı. Öz hakimiyyətləri
dövründə mədəniyyətin inkişafına
qayğı göstərən Atabəylər kitabxananın
inkişafına və fondunun zənginləşdirilməsinə
xüsusi qayğı göstərirdilər. Bu kitabxana demək
olar ki, bütün Şərq ölkələrindən ən
qiymətli əlyazma kitabları alırdı. Kitabxananın
özündə də kitabların üzü
köçürülüb çoxaldılırdı. O
cümlədən, sarayda şairlər məclisi var idi. Ancaq
Nizami heç zaman saraya getmədiyindən, bu məclisdə də
iştirak etmirdi. Nizaminin dayısı Xacə Ömər saray
kitabxanasına rəhbərlik etdiyindən, bu zəngin
kitabxananın qapısı onun üzünə açıq
idi.
Dayısının
sağlığında kitabxanadan geniş istifadə edən
şair onun ölümündən sonra bu əlaqənin zəifləməsinə
təəssüf hissini ifadə edirdi. Yaşadığı
dövrdə şərqin böyük şairi kimi məşhurlaşan
Nizaminin yaradıcılığı da bu elm ocaqları
üçün böyük bir xəzinə idi. Dahi
şairin əsərləri yalnız yaşadığı ərazidə
deyil, Gəncəylə gediş-gəliş əlaqələri
olan şəhərlərdə də yayılırdı. Nizaminin
yaşayıb-yaratdığı bu dövr sonrakı mərhələdə
də elm və mədəniyyət mərkəzlərinin
inkişafına təkan verdi və daha zəngin
kitabxanaların formalaşmasına əsas yaratdı.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 9 mart.- S.14.