Qarabağlı
Keçəçioğlu Məhəmməd
Keçəçi
Məşədi Xəlilin gözəl səsli oğlu
Milli
musiqi mədəniyyətimizin
inkişafında və zənginləşməsində
misilsiz töhfələri olan görkəmli sənətkarlardan
biri də Keçəçioğlu Məhəmməd olub.
Xanəndəlik sənətinin sirlərini Şuşada Xarrat
Qulunun məktəbində və məşhur xanəndə Məşədi
İsidən
öyrənən Keçəçioğlu Məhəmməd
Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən
biri kimi tanınıb. Bir xanəndə kimi o, nadir sənətkarlıq
qabiliyyətinə, həm də gözəl səsə malik
idi, olduqca aydın, rəvan və şirin oxuyardı. Onun zil
muğamlarda vurduğu sürəkli zəngulələrin və
uzun nəfəsinin misli-bərabəri yox idi.
1896-cı
ilin yavaş-yavaş soyumağa başlayan payız günlərinin
birində Şuşaya dincəlməyə gələnlər
bu gözəl diyarla vidalaşırdılar. Camaat isə yenicə
çəkilmiş su kəmərinin
açılışına toplaşmışdı. “Borjomi
mehmanxanası”ndan tutmuş “Kiçik Yarmaya” qədər hər
yer bəzənmişdi. Yeni su kəmərinin
açılışına ətraf yerlərdən
çoxlu qonaq gəlmiş, yüzlərlə teleqram
alınmışdı. Günortaçağı bu
münasibətlə “İrəvan qapısı” ətrafında
qonaqlıq təşkil edilmişdi. Qonaqlıqda şəhərin
hər iki hissəsindən adlı-sanlı adamlar
toplaşmışdı. Məclisə Şuşanın məşhur
xanəndələri, çalğıçıları və
aşıqları da dəvət olunmuşdu. Bir neçə
musiqiçilər dəstəsi at belində su kəməri
boyunca şəhərə buraxılan suyu incə
bayatılarla müşayiət edirdilər. Xanəndələr
arasında bir gəncin oxuduğu “Qarabağ şikəstəsi”
ətrafdakı dağlara səs salmışdı. Gəncin
sürəkli zəngulələri “Bazar başı”nda
eşidilirdi. Həmin gözəl səsin sahibi “Keçəçioğlu”
adı ilə məşhur olan Məhəmməd Məşədi
Xəlil oğlu idi.
Məhəmməd
Məşədi Xəlil oğlu 1864-cü ildə
Şuşada anadan olmuşdur. Onun atası Məşədi Xəlil
tanınmış keçə ustası idi və Məhəmməd
də atasından keçəçilik sənətini öyrənmişdir.
Ona görə də xalq arasında Keçəçi
adı ilə məşhur olmuşdur.
“Bir
gün görkəmli musiqişünas Xarrat Qulu keçəçi
dükanının yanından keçərkən, ortaboylu,
qırmızıyanaq bir gəncin keçə təmizləyə-təmizləyə
zümzümə etdiyini eşidir. O, gəncin kim olduğunu
öyrəndikdən sonra, onu öz məktəbinə dəvət
edir. Məhəmməd burada Xarrat Quludan, xüsusilə məşhur
xanəndə Məşədi İsidən xalq musiqisini mükəmməl
surətdə öyrənir. Keçəçi oğlu hələ
gənc ikən Şuşanın ”Şəmilin
bağı", “Çanaxqala” və “Səkili bulaq” kimi səfalı
yerlərində qurulan məclislərdə oxumuşdur. Seyid
Şuşinski deyir ki, Keçəçi oğlunu görməyib
uzaqdan səsini dinləyənlər elə bilirdilər ki,
oxuyan Məşədi İsidir.
Çünki Keçəçi oğlu oxuduğu
muğamlarda Məşədi İsinin vurduğu xalları və
guşələri çox ustalıqla təqlid edirdi. O,
böyük xanəndənin yolu ilə gedirdi. Şuşada
“Xandəmirovun teatrında” yazıçı Əbdürrəhimbəy
Haqverdiyevin rəhbərliyi altında təşkil edilən
teatr tamaşaları və musiqili səhnəciklərdə
Keçəçi Məhəmməd də iştirak
etmiş, tamaşaçıların hüsn-rəğbətini
qazanmışdı"(Firudin Şuşinski).
Bakı tamaşaçıları
qarşısında...
Keçəçioğlu
Məhəmməd ilk dəfə Bakı
tamaşaçıları qarşısında 1902-ci ildə
çıxış etmişdir. Həmin konsertdə Keçəçioğlu
Məhəmməd “Şüştər” muğamını
çox böyük ustalıqla oxumuşdu. Həmin vaxtlar
“Kaspi” qəzeti bu münasibətlə yaxşı rəylər
dərc etmişdi. Bu rəylərdən birində deyilirdi:
“Xanəndə Məhəmməd ”Şüştər"
muğamını incə bir səslə və ürəkdən
elə gözəl oxudu ki, dinləyicilərin məhəbbətini
daha çox qazandı". Həmin konsertdə Məhəmməd
Füzulinin “Leyli və Məcnun” poemasından bir parça da
göstərilmişdi. Cabbar Qaryağdı oğlu və
Keçəçioğlu Məhəmmədin deyişmələri
böyük uğur qazanmışdı. Bu barədə mətbuatda
yazılmışdı: “Ifaçılar kostyum geymişdilərsə
də oynamır, yalnız oxuyurdular, gözəl oxuyurdular”.
Bu konsertdən
sonra Bakının mədəni həyatı Keçəçi
Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində
Bakıya köçür. Keçəçi oğlu Məhəmməd
burada məşhur tarzənlərdən Məşədi
Zeynal, Mərdi Canıbəyov, sonralar isə Qurban Pirimov ilə
əməkdaşlıq etmişdir.
F.Şuşinski
yazırdı: “Respublikanın əməkdar artisti Cəlilbəy
Bağdadbəyov öz xatirələrində Keçəçi
oğlu Məhəmməd haqqında yazır: ”1905-ci ildə
Bakı toylarının birində Keçəçi Məhəmməd
oxuyurdu. Toy məclisi geniş bir həyətdə
qurulmuşdu. Adam çox idi. Keçəçi oğlu
“Üzzal” oxuyurdu. Mənim yanımda görkəmindən
Bakı qoçularına oxşayan silahlı bir nəfər
oturmuşdu. Xanəndənin çox ustalıqla oxuması
bütün məclisi-məst etmişdi. Təkcə mənim
yanımda oturan qoçu narahat idi. O, nədənsə hirslənir
və tapançasını əlində oynadırdı.
Keçəçi oğlu bu vəziyyəti görüb
İran şairi Sədinin:
Ma degər kəs
nəgereftim becaye to nədim,
Əlləh-əlləh
to fəramuş məgon əhde-qədim –
rədifi ilə
başlayan qəzəlini oxudu (tərcüməsi: Biz
başqasını sənin yerinə özümüzə məhrəm
götürmədik, sən də allah xatirinə
keçmiş əhdi-peymanı unutma).
Mən
qonşumun hərəkətlərindən narahat olaraq
üzümü ona çevirdikdə o, bu vəziyyətdən
istifadə edib dedi:
- Qardaş
oğlu, Keçəçi oğlu nə oxuyur?
- Mən dedim
ki, xanəndə “Üzzal” oxuyur və qəzəlin bu iki sətrini
ona tərcümə etdim. Qoçu bığlarını
eşib dedi:
- Eh, heç
nə bilmirəm. Bircə onu bilirəm ki, Keçəçi
oğlunun oxumağı mənim o qədər xoşuma gəlir
ki, istəyirəm ayağa duram, hamını qıram".
Ritmik muğamların ustadı...
Keçəçi
oğlu Məhəmməd klassik muğamlardan “Nəva”,
“Mahur”, “Mani”, xüsusilə “Bayatı-Qacar”ı orijinal bir
şəkildə, özünəməxsus fərdi
xüsusiyyətlə ifa edirdi. Azərbaycan musiqi tarixində
ritmik muğamları Keçəçi Məhəmməd
kimi ustalıqla oxuyan və onun səsi kimi yüksək
diapazona malik olan xanəndələr az olmuşdur.
Keçəçioğlu
Məhəmməd öz sənətinə tələbkarlıqla
yanaşar, öz üzərində yorulmaq bilmədən
çalışardı. O, dinləyiciləri ələ
almağı bacarar, öz sənəti ilə onları valeh
edərdi.
O elə xanəndələrdən
idi ki, istədiyi vaxt dinləyicini şənləndirər, “Zəminxarə”,
“Humayun” kimi muğamlarla isə kədərləndirərdi.
1912-ci ildə
bütün Qafqazda məşhur xanəndə kimi tanınan
Keçəçioğlu Məhəmməd “Sport-Rekord”
firmasının dəvəti ilə Varşava şəhərinə
gedir. O, yolüstü bir neçə gün Moskvada qalır.
Burada “Metropol” mehmanxanasının zalında Cabbar
Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev
və Davud Səfiyarovun iştirakı ilə “Şərq konserti”
verir.
Keçəçioğlu
“Heyratı”, “Rahab”, “Kürdü-Şahnaz”, “Qarabağ şikəstəsi”,
“Dəşti”, “Çoban bayatı”sı muğamları ilə
birlikdə “Getdi, gəlmədi”, “Gülə-gülə”,
“Xuraman”, “Axşam oldu” təsnif və mahnılarını
vala yazdırır. Onun xüsusi bir zövq ilə oxuduğu
“Leyli” təsnifi dillər əzbəri olmuşdur.
Varşavadan
sonra Keçəçi Məhəmmədi 1914-cü ildə
“Ekstrafon” firması Kiyevə dəvət edir. O, burada da bir
çox muğam və el mahnılarını qrammafon
valına yazdırır.
Keçəçioğlu
Məhəmməd 1926-cı ildə Ü.Hacıbəyovun təşəbbüsü
ilə Azərbaycan Dövlət Konservatoriyasına dəvət
edilmiş və burada Cabbar Qaryağdı oğlu və Seyid
Şuşinski ilə birlikdə gənc xanəndələrin
yetişməsində əlindən gələni etmişdir.
Azərbaycan
milli musiqi mədəniyyətinin inkişafında özünəməxsus
xidmətləri olan görkəmli xanəndə Keçəçioğlu
Məhəmməd 1940-cı ildə vəfat etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 10 mart.- S.14.