Muğamın
yanğılı səsi Zabul Qasım
Ustadlar məclisinin
yaraşığı
Qarabağ muğam
ifaçılığı məktəbinin
tanınmış nümayəndələrindən biri də xalq arasında Zabul Qasımdır. O, “Zabul-Segah”
muğamının bənzərsiz ifaçısı olmuş, Şuşada və
Bakıda muğam məclislərində və
“Şərq konsertləri”ndə çıxış etmişdir. Zabul Qasım eyni zamanda Şuşada
tamaşaya qoyulmuş
Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnunun
atası rolunu məharətlə ifa etmişdir.
Görkəmli
xanəndə Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə
Şuşada anadan olmuşdur. Müasirlərinin
yazdığına görə, orta boylu, xoşsifət bir adam olan Qasım
avropasayağı şux geyinərdi. Onun çox yanğılı səsi vardı.
Qasım Abdullayev məclis xanəndəsi
olsa da
Şuşanın səfalı yerləri sayılan “Səkili bulaq”da,
“Şır-şır”da və “Şəmilin bağı”nda,
zəhmətkeş kənd adamlarının ən çox toplandığı yerlərdə tez-tez çıxış edərdi.
Görkəmli
xanəndə İslam Abdullayev öz xatirələrində
Qasım haqqında belə bir əhvalat
söyləyirmiş: “1913-cü ilin səfalı
yay günlərindən birində ”İsa
bulağı"nda bir neçə məclis
qurulmuşdu. Bu məclislərə
Qarabağın bütün
adlı-sanlı xanəndələri dəvət edilmişdi. Hər məclisdə bir xanəndə vardı. Məclislərin
birindən Qasımın adamı valeh edən
xoş səsi eşidildi.
O, “Zabul” oxuyurdu.
Qasımın səsini eşidən bütün
xanəndələr, hətta rəhmətlik Cabbar
Qaryağdı oğlu belə qavalı
yerə qoyub Qasımın vurduğu
şirin xalları, gözəl guşələri
maraqla dinləyirdi. Həmin vaxt, mən Şuşa taciri Hacı Bəşirin məclisində “Rast” oxuyan xanəndə
Xanlıq Şükürə qulaq
asırdım...".
Həmin
məclisdə Hacı Bəşir “palazqulaq”
bir yüzlük
çıxarıb Şükürün
alnına yapışdırıb, ondan
acığa bir “Zabul”
oxumağı xahiş etsə də,
Xanlıq Şükür:
“Ağa, Qasım olan məclisdə
mən ”Zabul" oxumaram"
deyə cavab vermişdi.
Görkəmli
musiqişünas Firudin
Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında
yazırdı: “Azərbaycan xalqının məclislərində
”Segah" muğamı daha
çox intişar
tapmışdır. Bu muğamı
ustalıqla oxumaqda Azərbaycan müğənniləri,
demək olar ki,
Yaxın Şərqin müğənnilərini geridə qoymuşlar. Lakin XIX əsrin
son illərində xanəndələrimiz
“Zabul-segah”a daha çox meyl edirdilər. Cabbar
Qaryağdı oğlunun
yazdığına görə, tara “Zabul” pərdəsini məşhur tarzən
Sadıqcan əlavə etmişdir. Sadıqcanın bu ixtirasından
sonra istər bəm, istərsə də
yüksək səs diapazonuna malik xanəndələrə “Zabul”
oxumaq daha əlverişli
idi. Çünki “Segah” muğamını tamam-dəstgah (yəni
“Mayei-zabul”, “Manəndi-Müxalif”, “Orta Segah”, “Məxluq”,
“Şikəsteyi-fars”, “Mübərriğə”, “Ərağ”,
“Yədi hasar”, nəhayət, “Aşiqi-guş” şöbəsindən sonra təkrar
“Zabul”a qayıtmaq) oxumaq üçün “Zabul-segah” öz həcmi
etibarı ilə xanəndəyə daha
gözəl şərait yaradır. Məşədi
Qasım “Zabul” muğamını çox gözəl ifa edirdi. Onun oxuduğu
“Zabul” son dərəcə
lirik mahiyyət daşımaqla, həddindən
artıq gözəl guşə və şirin
xalları ilə bütün başqa xanəndələrin oxuduqları “Zabul”dan fərqlənirdi. Buna görə
də Qasımdan sonra gələn xanəndələr,
xüsusilə Musa Şuşinski,
Bülbül, Xan Şuşinski, Əli Cavad
oğlu və Zülfü
Adıgözəlov kimi peşəkar xanəndələr,
“Zabul” oxumaqda, məhz
Qasım Abdullayevi təqlid edirdilər...".
Şuşadan Bakı konsertlərinə...
XX əsrin
əvvəllərində Zabul Qasım Bakıda bir neçə
dəfə konsert vermiş və tamaşaçıların
sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım
ilk dəfə Bakı tamaşaçıları
qarşısında 1903-cü ilin yanvar ayının 27-də
H.Z.Tağıyevin teatr binasında verilən “Şərq
konserti”ndə Cabbar Qaryağdı oğlu, Şəkili Ələsgər
və Seyid Mirbabayevlə birlikdə çıxış
etmişdir. Bu konsertdə Qasım “Zabul-segah”ı böyük
bir məharətlə ifa etmişdi. “Kaspi” qəzeti “Şərq
konserti” və onun ifaçıları haqqında çap
etdiyi məqalələrin birində Qasımın xanəndəlik,
fəaliyyətini yüksək qiymətləndirmişdir. Qəzetdə
deyilirdi ki, “Konsertin birinci şöbəsində, bir neçə
vaxt bundan əvvəl Şuşadan gəlmiş müğənni
Qasım çıxış etdi. O, gözəl səsi ilə
”Segah" muğamını olduqca şirin oxudu...".
Rus
jurnalistlərindən biri konsertdə
ifaçıların məharətindən və onların tərkibi
müxtəlif millətlərdən olan
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılandığından bəhs edərək
yazmışdır: “Əgər mən antreprenyor
olsaydım, dünənki ifaçıları bir dəqiqə belə fikirləşmədən
Peterburqa aparardım. Onlar
orada müvəffəqiyyət
qazanardılar. Onları dinləməyə gələr, dinlər
və ağlardılar. Rus dinləyiciləri insana kədər
aşılayan melodiyanın təsiri altında ağlar “xalq”
adlandırdığı, azadlıqdan məhrum olan bu adamların taleyinə
göz yaşı tökərdilər.
Ürək parçalayan qüssə dolu yekrəng şərq müğənnisi hər
hansı bir rus üçün anlaşılardı. Bu qonşu
xalqların taleyində çox oxşar cəhətlər var".
“Qasım
ölmədi, ”Zabul" öldü..."
Zabul
Qasım təkcə peşəkar xanəndə deyildi, o, eyni
zamanda bir opera artisti kimi də tanınmışdı. Onu səhnəyə
ilk dəfə dəvət edən və sənətkarlığına
yüksək qiymət verən görkəmli bəstəkar
Zülfüqarbəy Hacıbəyov olmuşdur. O, görkəmli
bəstəkarın xahişi ilə 1913-cü il avqust
ayının 7-də Şuşa yay klubunda tamaşaya
qoyulmuş “Leyli və Məcnun” operasında Məcnunun
atası rolunda məharətlə oynamış, dinləyiciləri
valeh etmişdi. Bundan sonra teatr tamaşalarının afişa
və proqramlarında Qasımın adı tez-tez çəkilir.
Əlbəttə, bu təsadüfi deyildi. Zabul Qasım
geniş kütlələri qəflətdən ayıltmaq,
onlara feodal-patriarxal həyatın ziddiyyətlərini, din
xadimlərinin riyakarlıqlarını anlatmaq
üçün teatr tamaşalarının faydalı
olduğunu bilirdi. Onu səhnəyə bağlayan da bu idi.
Zabul
Qasım “Sport-Rekord” şirkətinin dəvəti ilə
1914-cü ildə Tiflis şəhərinə gedərək səsini
vala yazdırmışdır. Həmin vaxt Zabul Qasım
“Zabul-segah”, “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Mahur-Hindi” və
bir neçə təsnif oxumuşdur.
Zabul
Qasımın oxuduğu Azərbaycan şairlərinin qəzəlləri
və xalq mahnıları olmuşdur. O, Seyid Əzimin:
Dünən
gecə mənə bir mahiparə həmdəm idi,
Ki, mən
cəmalı ilə gözlərim münəvvər idi -
beyti ilə başlanan qəzəlini “Zabul”da oxuyardı.
F.Şuşinskinin
həmin kitabında oxuyuruq: “Zabul Qasımı yaxşı
tanıyan, onunla uzun illər dostluq edən böyük
müğənni Seyid Şuşinski deyirdi: ”Məşədi
Qasım sözün həqiqi mənasında böyük xanəndə
idi. Bu adam incəsənət üçün
yaranmışdı. O, həmişə tarzən Məşədi
Zeynalla oxuyardı. Qasım elə bil “Zabul” muğamı ilə
ekiz yaranmışdı". Zabul Qasım Azərbaycanda Sovet
hakimiyyəti qurulduqdan sonra incəsənət sahəsində
çalışmış, var qüvvəsini Azərbaycan
musiqisinin inkişafına həsr etmişdir...".
Görkəmli
xanəndə ömrünün son illərində Şuşa
musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət
işçilərinin respublika həmkarlar ittifaqı
şurasının sədri vəzifəsində
çalışmışdır.
Zabul
Qasım 1927-ci ildə Şuşada vəfat etmişdir.
Zabul
Qasımın ölüm xəbərini eşidən Cabbar
Qaryağdı oğlu demişdir: “Mən Qasımın
ölümünə ağlamıram, ”Zabul"un
ölümünə ağlayıram: Qasım ölmədi,
“Zabul” öldü"!
Doğrudan
da Cabbar Qaryağdı oğlu haqlı idi. Azərbaycan musiqi mədəniyyəti
tarixində “Zabul” muğamını Məşədi Qasım
kimi şirin və məharətlə oxuyan ikinci bir xanəndə
olmamışdır".
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 14 mart.- S.14.