“Əslim
qarabağlıdır, sinəm çarpaz
dağlıdır...”
El xanəndəsi Dabbax Məhəmmədqulu
XIX əsrin axırları və XX əsrin
əvvəllərində Azərbaycanda və Qafqazda
şöhrət qazanmış məşhur xanəndələrdən
biri də el xanəndəsi Məhəmmədqulu
Şuşinski idi. Vaxtilə Şuşada “Torpaq meydanında”
yerləşən balaca bir dabbax dükanı vardı. Hər
gün buradan 15-16 yaşında ortaboylu, çevik və iti
baxışlı bir oğlan əlində açarları
oynada-oynada dükanın qapısını açıb
zümzümə edə-edə piştaxtanın arxasında
axşamdan suya qoyulmuş gönləri aşılayardı.
Gənc
dabbax həmişə bir-iki ağız şikəstə deyəndən
sonra ən çox sevdiyi “Axşam oldu” təsnifinə
keçərdi. Qonşu sənətkarlar və meydana
yığışan tacirlər gəncin oxuduğu təsnifin
sözlərini aydınca eşidərdilər.
Axşam
oldu, şamlar yandı,
Keçən
keçdi, olan oldu.
Bu gün burda qalmaq olmaz,
Yaxşı dostdan doymaq
olmaz.
Gənc təsnifin axır sözlərini qurtarar-qurtarmaz meydanın hər yanından alqış sədaları
qopardı: “Ay can, ay can!..”,
“Sağ ol, dabbax balası”.
Bu gənc sonralar məşhur olan xanəndə Məhəmmədqulu
Şuşinski (Dabbax Məhəmmədqulu) idi...
Məhəmmədqulu Şuşinski
1874-cü ildə Şuşa şəhərinin
“Ayaqyalın qurdlar” (Kiçik qurdlar) məhəlləsində dabbax
ailəsində anadan olmuşdur. Bu məhəllədə
yaşayanların əksəriyyəti
dabbaxlıq sənəti
ilə məşğul
olardılar. Ona görə
də bu kiçik məhəlləyə
“Dabbaxlar məhəlləsi”
və ya “xanəndələr məhəlləsi”
də deyirdilər.
Qarabağın məşhur müğənniləri Əbdülbaqi
Bülbülcan, Bülbül,
Musa Şuşinski və
başqaları bu məhəllədə anadan
olmuşlar.
Ata-babası kimi özü də dabbaxlıqla məşğul
olduğundan el arasında
Məhəmmədqulunu sadəcə
“Dabbax Məhəmmədqulu”
deyə çağırardılar.
İbtidai təhsilini Şuşada Kor Xəlifənin hücrəsində
alan Məhəmmədqulunu
sonra atası Mir Möhsün Nəvvabın
məktəbinə qoymuş
və o, burada üç il muğamat dərsləri keçmişdir.
Məhəmmədqulu artıq 19 yaşında olarkən Qarabağın musiqi məclislərində və
toy şənliklərində xanəndəlik etməyə
başlamışdır. Məhəmmədqulunun bir xanəndə
kimi püxtələşməsində
XIX əsrin məşhur
müğənnisi Şahsənəm
oğlu Dəli İsmayılın böyük
köməyi olmuşdur.
Dəli İsmayıl
Məhəmmədqulunun zil
səsini, çoşqun
zəngulələrini nəzərə
alıb ona ən əvvəl major ruhlu muğamları, xüsusilə “Hasar”, “Müxalif”, “Kürdü-Şahnaz”,
“Heyratı” kimi uzun nəfəs, sürəkli zəngulə
tələb edən muğamları öyrətmişdi.
Onun çəkdiyi zəhmət
hədər getmədi
və keçdikcə
Məhəmmədqulu öz
məlahətli səsi,
istedadlı ilə dinləyicilərin rəğbətini
qazandı.
Şuşanın ən gözəl səslərindən biri
Görkəmli musiqişünas Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında
yazır: “Məhəmmədqulu
özü zəhmətkeş
ailədən çıxdığına
görə şəhər
yoxsullarının, xüsusilə
sənətkarların məclislərində
tez-tez çıxış
edərdi. Məhəmmədqulu eyni zamanda keçmiş həmsənətləri
olan dabbaxları da unutmurdu. O zamanlar Şuşanın küçə və meydançalarında həyat
qaynayırdı. Xüsusilə
şəhərin ən
izdihamlı yerlərindən
biri olan ”Qapan dibi"ndə
ayrı aləm olardı. Şəhərin
Gəncə və İrəvan qapıları
adlanan giriş yolundan buraya istiqamət alan
dəvə və qatır karvanlarının
sayı-hesabı yox idi. Burada tez-tez İran
və rus tacirlərinə, Dərbənd,
Tiflis, Aşqabad alverçilərinə,
Təbriz qaçaq
mal gətirənlərinə, Bakıdan gələn tuluxçulara (neft satanlara) rast gəlmək olardı.
Onlar “Qapan dibində” öz mallarını satdıqdan
sonra buradan aldıqları məşhur
Qarabağ atları, ipək, tut arağı, “axtarma” motal, xəli-gəbə və
s. mallar alıb öz ölgələrinin
bazarlarında satardılar.
Meydanın ətrafında dabbax,
əttar, əllaf, başmaqçı dükanları,
ayrı yerlərdən
gələn tacirlər
üçün hər
cür şəraiti olan karvansarası belə var idi.
Karvansaranın dəyirmi
meydançasından “Yuxarı
meydan”a qədər keçən dar küçədə adam əlindən tərpənmək belə
olmazdı. Günorta vaxtı meydanda
məşhur Qaradolaq cinsli qoyunun ətindən Kəblə
Məhərrəmin hazırladığı
sarıköklü, zəfəranlı
pitisinin və çörəkçi Molla
oğlunun papiros kağızı qədər
nazik lavaşının
hər yanı bürüyən ətri.
Bir yandan da Noxud İsgəndərin
pürrəng çayı,
Kəblə Mehdinin hilli-mixəkli paxlavası
məclisdə əyləşən
səyyahları və
tacirləri məst edərdi...".
Axşamlar “Qapan dibi”
daha əyləncəli,
daha qələbəlik
olardı. Gündüzün gərgin alverindən
sonra kef məclisləri
qurulardı. Bu məclislərin də yaraşığı sazandalar
idi. 20 yaşlı
Məhəmmədqulu və
digər musiqiçilər
yay vaxtları hər axşam buraya yığışan
qonaqları çalıb-çağırmaqla
əyləndirirdilər.
Gecədən xeyli keçəndə
Məhəmmədqulu “Qarabağ
şikəstəsi” üstündə
bayatılar oxuyardı:
Qarabağda talan var,
Gözü yolda qalan
var.
Gedirsən get, tez qayıt,
Gözü yolda qalan
var.
Əslim qarabağlıdır,
Sinəm çarpaz dağlıdır.
Nə gələn var, nə gedən,
Məgər yollar bağlıdır?
Zamanı ötüb gələn gözəl nəğmələr...
Firudin Şuşinski bu barədə belə yazır: “Deyilənə görə,
Məhəmmədqulu ”Qarabağ
şikəstəsi"ni oxuyanda
onun zil və qaltanlı səsi “Qaya başında”, “Cıdır
düzü”ndə eşidilərdi.
Onu dinləmək üçün ətraf məhəllələrin sakinləri
“Qapan dibi”nə toplaşar, gecədən xeyli keçmiş evlərinə dağılışardılar...".
Gənc Məhəmmədqulu
bir xanəndə kimi əvvəlcə doğma vətəni Şuşada, sonra isə bütün Azərbaycanda tezliklə şöhrət qazanmışdı. Onun bir sənətkar
kimi püxtələşməsində
və şöhrət
qazanmasında tarzən
və xanəndə Malıbəyli Həmidin də böyük rolu olmuşdur. Onun qayğısı və sənət dostluğu nəticəsində gənc
Məhəmmədqulu Gəncə,
Şirvan və Tiflis məclislərində tanınmağa
başlayır.
F.Şuşinski yazır: “Xanəndə Məhəmmədqulu
bütün muğamları
istər bəmdə,
istərsə də zildə sərbəst, həm də böyük zövq ilə oxumuşdur. Məşhur müğənnimiz
Musa Şuşinski (Məhəmmədqulunun
bacısı oğlu)
xatirələrində yazır: ”Dayım muğamata
dərindən bələd
olmaqla “Şüştər”
ilə “Bayatı-kürdü”
xüsusi bir məharətlə oxuyardı.
Onun “Hasar-müxalif”də vurduğu
çətin zəngulələr
istər-istəməz bizim
böyük xanəndəmiz
Əbdülbaqi Bülbülcanın
guşə və xallarını yada salardı". Yeri gəlmişkən, onu da demək istərdik
ki, Tiflis məclislərinin
birində
Məhəmmədqulunun səsini eşidən böyük sənətkar Bülbülcan
bir neçə il Tiflisdə
dəvət olunduğu
məclislərə onu
da özü ilə aparmışdır.
Şübhəsiz ki, Məhəmmədqulunun
bütün Qafqaz və Yaxın Şərqdə şan-şöhrət
qazanmış Əbdülbaqi
kimi böyük bir xanəndə ilə birlikdə çalıb-oxuması onun
xanəndəlik sənətində
daha da kamilləşməsinə
böyük, həlledici
təsir göstərmişdir".
Məhəmmədqulu 1905-ci ildən sonra Şuşaya qayıtmış və yenidən Şuşa
məclislərinin yaraşığı
olmuşdur. Hətta bir neçə
dəfə İran məclislərinə də
dəvət olunmuşdu.
Məhəmmədqulu harda
olmuşsa, harda çıxış etmişsə,
həmişə Azərbaycan
xalq musiqisini təbliğ etmiş, “Qarabağ musiqi məktəbi”nin şan-şöhrətini artırmışdır.
1913-cü
ildə Məhəmmədqulu
artıq Qafqazda məşhur bir xanəndə kimi şöhrət qazanmışdır. Məhəmmədqulu
Şəkili Ələsgər,
Keçəçi oqlu
Məhəmməd, İslam Abdullayev və Seyid Şuşinski ilə birlikdə “Ekstrafon” aksioner şirkəti tərəfindən
Kiyev şəhərinə
dəvət olunmuş
və “Bayatı-Kürd”,
“Zabul-Segah”, “Kürdü-Şahnaz”,
“Qatar”, “Hasar”, “Müxalif”,
“Qarabağ şikəstəsi”,
“Heyratı” muğamlarını
və ən çox sevdiyi və məharətlə oxuduğu “Axşam oldu” təsnifini qrammafon valları üçün oxumuşdur.
Görkəmli xanəndə Məhəmmədqulu Şuşinski
1929-cu ilin mart ayında
Şuşada 55 yaşında
vəfat etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 16 mart.- S.14.