Qarabağ musiqi məktəbinin
daha bir ustadı
Molla İbrahimin istedadlı tələbəsi
Bahadır
Xalq arasında Mehralı oğlu Bahadır kimi tanınan Bahadır Mehralıoğlu görkəmli
xanəndə, gözəl
müəllim olub. Azərbaycan musiqisinin inkişafında
Mehralıoğlunun da
özünəməxsus xidmətləri
var. Bahadır Mehralıoğlu
1883-cü ildə Şuşanın
“Çuxur məhəlləsi”ndə
dabbaq ailəsində anadan olmuşdu. Onun atası Mehralı kişi
musiqi həvəskarı
idi, yaxşı qarmon çalardı.
Mehralı kişi oğlu
Bahadırın da musiqiçi olmasını
istəyirdi. Səkkiz
yaşında Molla İbrahimin məktəbinə
gedən Bahadır həmin məktəbdə
fars, türk
dillərini öyrənməklə
yanaşı klassik muğamlardan dərs də alırdı. Qarabağın bir çox
görkəmli muğam
ustaları da Molla İbrahimin məktəbində təhsil
almışdılar.
Bahadırın olduqca zil səsini
və şəxsi istedadını nəzərə
alan müəllimi
onunla xüsusi məşğul olurdu. Onun zəhməti hədər
getmədi. Gənc
Bahadır musiqi elminə kamil yiyələndi, fars
dilini mükəmməl
öyrəndi.
“Molla İbrahim
dəfələrlə tələbələrinə
deyərdi: Muğam musiqisinə yiyələnmək
üçün, xüsusilə
Sədi, Hafiz, Ömər
Xəyyam, Nizami kimi böyük şairlərin qəzəllərini
oxumaq üçün
fars dilini, Füzuli, Zakir, Seyid Əzim, Tofiq Fikrəti dərindən başa düşmək, anlamaq üçün ana dilinin incəliklərini öyrənməlisiniz. Bunları bilmədən
musiqiçi olmaq müşküldür. Bahadırın bir xanəndə kimi püxtələşməsində
atasının da müəyyən təsiri
olmuşdur. Mehralı
kişi öz oğluna dabbaqlıq sənətini
öyrədirdi. Bahadır məktəbdən
evə qayıdandan sonra atasının dükanına gedər, orada gön aşılayardı. Nahar vaxtı
qonşu sənətkarlar
Mehralı kişinin dükanına yığışardılar.
Mehralı kişi isə dostlarının xahişi ilə qarmon çalar, Bahadırsa ”Segah" üstündə
zümzümə edərdi.
Mehralı kişi
musiqi məclislərinə,
el şənliklərinə dəvət olunarkən gözəl səsli oğlunu da özü ilə aparardı. Bu məclislərdə
Bahadır özünün
incə və zil səsi, şirin nəfəsi ilə nəinki atasını, həm də bütün məclis əhlini xoşhal edərdi"(Firudin Şuşinski).
Bahadır məhəllə toylarında yerli xanəndələrin oxumaqlarına
diqqət yetirər, Füzulinin, Seyid Əzimin, Zakirin, Natəvanın qəzəllərini
əzbərləyərdi.
Onu xanəndələrdən ən
çox gərgin böyük müğənnisi
Cabbar Qaryağdı oğlunun sənəti maraqlandırardı. İyirmi yaşında
artıq Qarabağda bir xanəndə kimi məşhur idi. O, tarzən Məşədi Cəmillə
tez-tez yoxsullarının
məclislərinə dəvət
olunurdu.
Bahadır həmçinin Şəki, Şirvan, Gəncə, İrəvan
və Tiflis məclislərinə,
toy şənliklərinə də tez-tez dəvət olunurdu.
dəvət edərdilər. Onu hətta İran
məclislərinə də
dəvət edərdilər.
Şuşa məclislərinin bəzəyi
Mehralı oğlu Bahadır “Qarabağ məktəbi”nin bütün ifaçılıq qanunlarına
bir xanəndə kimi riayət etməkdə son dərəcə
ehtiyatlı idi. O, bütün varlığı,
düşüncəsi ilə
xalq musiqisinə bağlı idi və musiqidə yad elementlərdən xoşlanmazdı.
Xanəndə eyni zamanda söz
seçməkdə, qəzəlxanlıqda
da usta idi.
O, muğamı tamam-dəstgah
oxuyanda yalnız bir qəzəldən istifadə edərdi. Onun repertuarı da geniş və rəngarəng idi, həmişə məclis
əhlinin zövqünə
uyğun mahnı və söz seçərdi.
F.Şuşinski yazırdı: “Mən Bahadırın səsini
ilk dəfə 1931-ci ildə
eşitmişəm. O zaman
xanəndə Bahadır
öz dəstəsi ilə Şuşanın ”Çanaxqala" adlı seyrangahında çalıb-çağırardı. Mənim altı yaşım olardı. Hər axşam mən, atam, çox vaxt əmim qəssab Şəmillə
öz qoyun-quzu sürümüzü və
Xanlıq atlarını
qarşılamaq üçün
“Çanaxqala”ya çıxar,
oradan da “Yel dəyirmanı”na enərdik. Məhz həmin yay aylarında Şuşaya istirahətə
gələn yüzlərlə
adam “Çanaxqala”ya
seyrə çıxar,
cıdıra tamaşa
edər, “Çanaxqala”da
Əvəz bəyin qəhvəxanasında çay-kofe
içib dincələrdilər.
Bir çoxları da ancaq Mehralı oğlu Bahadırı dinləmək üçün
hər axşam buraya toplardılar. Mənim əmim arvadı Abıhəyat Həmidə
xanımın qohumu idi.
Mirzə Cəlil “Çanaxqala”nı Şuşanın
bütün seyrəngahlarından
daha çox xoşlardı. O, hekayələrinin
birində bu yerlərin mənzərəsini,
gördükləri qələbəliyi
qələmə almışdı.
Qəhvəxana sahibi Əvəz
bəy Mirzə Cəlilə xüsusi ehtiram və hörmət bəslədiyindən
kənarda tək armud ağacının altında masa qoydurmuşdu. Mirzə Cəlil
burada təkcə əyləşərdi. Mirzə
Cəlilli “Çanaxqala”nın ab-havasının
şairanəliyindən savayı
Bahadırın gözəl
oxumağı da riqqətə gətirirdi.
O, əmimə deyirdi:
- Bu kişinin oxumağı məni valeh edir. Həm ustadır,
həm də təsirli oxuyur.
Əmim də onun sözünü
təsdiq edərdi:
- Düz buyurursunuz, Mirzə, çobanlar deyirlər ki, Bahadırın səsi Xəlifəli çayına, hətta Qaybalı kəndinə belə çatır.
Doğrudan da Mehralı
oğlu Bahadır “Qarabağ şikəstəsi”
oxuyanda onun səsini uzaqlardan eşitmək olardı.
O vaxtlar Xan Şuşinski “Şəhər
bulvarında” oxuyardı.
Bahadırın səsini
eşidəndə o da,
“Qarabağ şikəstəsi”ni başlardı. Hər iki xanəndə
aralarındakı 2 verstlik
məsafəni qət
edib, sanki, bir-birilə Qarabağ bülbülləri kimi yarışardılar...".
Bahadır Mehralıoğlu dəfələrlə Zaqafqaziya
miqyasında keçirilən
musiqi və xalq yaradıcılığı
müsabiqələrində da iştirak etmiş, həmişə
fəxri yerlərə
layiq görülmüşdür.
1934-cü ildə may ayının 30-da Tiflisdə
Zaqafqaziya xalqları incəsənətinin Olimpiadasında
Bahadır Mehralıoğlu
böyük müvəffəqiyyətlə
çıxış etmiş,
olimpiadanın ikinci mükafatına və Zaqafqaziya Mərkəzi Icraiyyə Komitəsinin ikinci dərəcəli Fəxri Fərmanına layiq görülmüşdü.
Mehralı oğlu Bahadır “Heyratı”,
“Qatar”, “Kürdü-Şahnaz” kimi zil səs,
coşğun zəngulə
tələb edən muğamları sərbəst
oxuyardı.
“Şərq konsertləri”nin fəal ifaçısı
Sənət dostları kimi Mehralı oğlu Bahadır müntəzəm
olaraq teatr tamaşalarının fasilələrində
və “Şərq konsertləri”ndə Seyid Şuşinski, Zülfü
Adıgözəlov, Xan
Şuşinski, Pəsxan
Cəlil (Aşıq Cəlil), Kamrabəyim, tarzən Abbasqulu ağa, İsi Əliyev, Allahyar Cavanşirov, qarmonçu Lətif Əliyev, Abutalıb Kərbəlayı
Muxtar oğlu, Yusif Yusifov və
başqaları ilə
çalıb-çağırardı.
Bahadır Azərbaycan musiqisinin şöhrət
qazanması üçün
əlindən gələni
etmişdir. O, eyni zamanda Şuşada
və Ağdamda verilən teatr tamaşalarının fasilələrində
çıxışlar edər,
“Şərq konsertləri”ndə
də iştirak etmiş, tamaşaçıların
böyük rəğbətini
qazanmışdı.
Bahadır Mehralıoğlu tarzənlər
Abbasquluağa, Allahyar
Cavanşirov və məşhur qarmonçu Abutalıb Kərbəlayı
Muxtar oğlu, sonralar isə oğlu tarzən Məşədi Nəriman
ilə xalq şənliklərində, dram teatrlarında,
mədəniyyət evlərində,
ordu hissələrində
uzun illər çıxış etmişdir.
Bahadır Mehralıoğlu usta xanəndə idi. O, bütün muğamları
pəsdə və zildə asanlıqla oxuyurdu. Oxuduğu muğamın bir
guşəsini nə qədər şirin nəfəslərlə, duzlu
xallarla vursa belə, onu iki dəfədən artıq təkrar etməzdi.
Mehralı oğlu Bahadır eyni zamanda qayğıkeş bir müəllim kimi də şöhrət
qazanmışdı.
Gənc nəslin musiqi təhsili yaxından maraqlanan Bahadır Mehralıoğlu
Ağdamda şəhər
pionerlər evinin nəzdində “Səs dərnəyi” təşkil
etmiş, kəndbəkənd
gəzib məktəblərdən
səsi olan uşaqları dərnəyə
dəvət edirdi. Hətta qonşu rayonlardan belə Bahadırın yanına gəlib ondan dərs alardılar.
İstedadlı sənətkar Qarabağda bütöv bir musiqiçilər nəslini yetişdirmişdir.
Əbülfət Əliyev, Yaqub
Məmmədov, Sahib Şükürov
kimi adlı-sanlı müğənnilər də
Mehralı oğlu Bahadırdan dərs almışdılar.
Mehralı oğlu Bahadır
1940-1945-ci illərdə Azərbaycan
Dövlət Filarmoniyasında
çalışmış, 1946-1962-ci illərdə isə Üzeyirbəy Hacıbəyov
adına Ağdam musiqi məktəbində muğamatdan
dərs demişdir.
Ömrünün 60 ilini Azərbaycan milli musiqisinin inkişafına həsr etmiş görkəmli xanəndə
Mehralı oğlu Bahadır 1962-ci ildə Ağdamda vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir .
Azadlıq.-
2013.- 17 mart.- S.14.