Şuşanın
adını yaşadan daha
bir sənətkar
Xanəndə Musa Şuşinski
Azərbaycan musiqi mədəniyyətinin
və xalq incəsənətinin çoxəsrlik ənənələri
vardır. Görkəmli incəsənət ustaları, xalq
çalğı alətlərində çalanlar, xüsusilə
xalq xanəndələri bu ənənələri nəsildən-nəslə
yaşadaraq böyük və zəngin bir irs
yaratmışlar. Azərbaycan musiqisinin inkişafında xalq
musiqisi yaradıcılarının, eyni zamanda xanəndələrinin
böyük xidmətləri olmuşdur. Xanəndələr
xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin
ifadəsi olan xalq musiqisini təbliğ etmiş,
yaşatmış və qoruyub-saxlamışlar.
Musiqi mədəniyyətimizin
inkişafında klassik xanəndələrimizin böyük
xidmətləri olmuşdur. Azərbaycan xalqının
içərisindən öz istedadı, bacarığı, sənətkarlıq
qabiliyyəti ilə seçilən çoxlu sayda xanəndələr
çıxmış, onlar təkcə Azərbaycanda deyil
Qafqazda, dünyanın bir çox yerlərində məşhur
xanəndə kimi şöhrət qazanmışlar.
Azərbaycan
musiqi mədəniyyətinin inkişafında özünəməxsus
xidmətləri olan sənətkarlardan biri də görkəmli
xanəndə Musa Şuşinski olub. Musa Şuşinski
Qarabağ musiqi məktəbinin yetirmələrindən biri
idi.
Musa Fərhad
oğlu Şuşinski 1893-cü ildə Şuşa şəhərində
dabbaq Fərhad Məmi oğlunun ailəsində anadan
olmuşdur. Fərhad kişi öz sənətini oğluna
öyrətmək məqsədilə onu şəhər məktəbinin
ikinci sinfindən çıxarıb öz yanında işlətmişdi.
“Sonralar
öz gənclik illərini xatırlayan Musa Şuşinski
deyirdi: ”Mənim 10 yaşım tamam olanda məktəbə
getmişəm. Lakin cəmi iki il oxuduqdan sonra atam məni məktəbə
qoymadı.
- Bəsdir,
oxudun, - dedi - molla olmayacaqsan ki, gəl mənə kömək
et, həm də sənət öyrən!
Mən 20
yaşına qədər atamdan dabbaqlıq sənətini
öyrənir, həm də dabbaqlıq edirdim. Bütün
bunlara baxmayaraq mənim həvəsim musiqiçi olmaq idi. Mən
gözümü açıb ilk dəfə məhəllə
toylarında Cabbar Qaryağdı oğlunu, Keçəçi
oğlu Məhəmmədi eşitmişəm. Onların
gözəl oxumaları məni də xanəndəlik sənətinə
sövq edirdi. Mən əvvəllər Cabbarın, Ələsgərin
və Keçəçinin qrammofon vallarına saatlarla qulaq
asar və dükanda dəri aşılayarkən
öz-özümə zümzümə edərdim.
Bir gün
dükanda heç kəs yox idi. Mən özüm
üçün oxuyanda, demə dayım xanəndə Məmmədqulu
dükanın yanında durub mənim oxumağımı
eşidirmiş. Bu hadisə mənim xanəndə
olmağıma səbəb oldu. Dayım evdə bir qədər
mənimlə məşğul olduqdan sonra özü ilə
toy məclislərinə apardı... Mən o vaxtları
Cabbarın qrammofon vallarından öyrəndiyim “Heyratı”,
“Kürdü” və “Arazbarı”nı, Keçəçidən
“Bayatı-Qacar”ı, Şəkili Ələsgərdən
“Rahab”ı oxuyardım. Sonra bir neçə vaxt məşhur
qarmonçalan Abutalıb və Ağalar ilə şəhərin
gəzməli yerlərində qurulan məclislərə gedərdim".
Muğamı böyük ustadlardan
öyrəndi
Musa
Şuşinski 1912-ci ildə “Qarğa” ləqəbi ilə məşhur
olan qarmonçu Məşədi Müseyib ilə Gəncə
şəhərinə gedir və orada Məşədi
Müseyibin vasitəsi ilə Əbdülbaqi
(Bülbülcan), Malıbəyli Həmid, Məşədi Cəmil
Əmirov kimi dövrünün görkəmli musiqiçiləri
ilə dostluq əlaqəsi yaradır.
Musa
Şuşinskinin ustad xanəndə kimi inkişafında
Malıbəyli Həmidin böyük rolu olmuşdur. Musa
Şuşinski özü də bunu etiraf edərək
demişdir ki, “Mənim bir xanəndə kimi
tanınmağımda və bu sənətə yiyələnməyimdə
hörmətli müəllimim Həmidin əməyi
çoxdur. Mən Həmiddən ”Rast", “Orta segah”,
“Humayun”, “Şüştər” muğamlarını tamam-dəstgah
öyrəndim. Onu da deyim ki, Həmiddən sonra mənim ikinci
müəllimim tarzən Məşədi Zeynal olmuşdur. Məşədi
Zeynal ilə Həmidin öyrətdiyi muğamları
çalıb, oxumaqla get-gedə muğam musiqisinə yiyələndim".
Musa
Şuşinski 1915-ci ilin sonuna kimi əvvəllər Məşədi
Cəmil, sonralar tarzən Mədrüs və
kamançaçı şuşalı Böyükkişi ilə
Gəncə, Qarabağ, Şəki mahallarında
çalıb-çağırmışdır.
Çox
keçmir ki, istedadlı xanəndə Musa Şuşinskinin
şöhrəti Gürcüstana da yayılır və o,
1916-cı ildə “Auditoriya” klubu tərəfindən Tiflis
şəhərinə dəvət edilir. O, burada məşhur
müğənni Seyid Şuşinski ilə birlikdə konsert
verir. Konsertdə Musa Şuşinski “Rast” muğamını məharətlə
ifa edir və dinləyicilərin rəğbətini
qazanır.
Musa
Şuşinski eyni zamanda Azərbaycan teatr sənətinin
inkişafında da böyük rol oynamışdır. O,
Tiflisdə yaşadığı illərdə (1916-1920)
“Auditoriya” klubunda Əli Qurbanov, Ələkbər Seyfi, İbrahim
İsfahanlı, Olya və Asya xanım kimi məşhur artistlərlə
opera və operetta tamaşalarında Kərəm, Sərvər,
Əsgər rollarında çıxış etmişdir.
O
dövrün teatr afişalarında Musa Şuşinskinin
adına tez-tez rast gəlirik. Məsələn, 1919-cu il 26
iyunda Tiflis müsəlman dram cəmiyyəti olan İttihad
(birlik) ittifaqı Ü.Hacıbəyovun “O olmasın, bu olsun”
musiqili komediyasını tamaşaya qoyarkən Sərvər
rolunu Musa Şuşinski oynamışdır.
Azərbaycanda
sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə yenidən Gəncəyə
qayıtmışdır. O, burada təzəcə yaradılmış
xalq teatrında Məşədi Cəmil Əmirov, Malıbəyli
Əsgər və Bülbül ilə birlikdə
çalışmışdır.
Böyük sənət səhnələrində
Gəncənin
mədəni həyatında Musa Şuşinskinin də
özünəməxsus rolu olmuşdur. O, həm şəhər
xalq teatrında bir opera artisti kimi çıxış edir, həm
də təzəcə açılmış musiqi məktəbində
muğamatdan dərs deyirdi.
Görkəmli
bəstəkar Üzeyir Hacıbəyov 1932-ci ilin yayında
Musa Şuşinskini Bakıya dəvət edir. O zaman məşhur
bəstəkarın rəhbərliyi ilə şəhərin
Rote-Fane (indiki Nizami adına) parkında “Şərq konsertləri”
təşkil olunurdu. Həmin ilin iyul ayında Musa
Şuşinski də Bakı tamaşaçıları
qarşısında çıxış etmişdi. Görkəmli
xanəndə bu konsertlərdə muğamları və qədim
el nəğmələrini böyük məharətlə ifa
etmiş, dinləyicilərin rəğbətini
qazanmışdır. Buna görə o, ikinci dəfə həmin
ilin iyul ayında Müdafiə Evinin (indiki Dövlət
Filarmoniyası) binasında “Bayatı-Şiraz”, “Zabul”,
“Çahargah” muğamlarını özünəməxsus
incəliklə oxumuşdur.
Musa
Şuşinski Bakıya ikinci dəfə 1947-ci ildə
Dövlət Radio Verilişləri Komitəsi tərəfindən
dəvət olunmuşdu. O, radioda tarzən Hacı Məmmədovun
müşayiəti ilə bir neçə muğam və təsnif
oxumuşdur.
Musa
Şuşinski uzun illər Gəncə Dövlət
Filarmoniyasında və teatrında bir xanəndə-artist kimi
çalışmışdı. O, 1957-ci ildən
ömrünün axırına kimi Gəncə Musiqi məktəbində
səs sinfində müəllimlik etmiş, gənc xanəndələr
nəslinin yetişməsində əlindən gələni
etmişdir.
Musa
Şuşinski klassik Azərbaycan xanəndələrinin
gözəl ənənələrini davam etdirən sənətkarlarımızdan
biri olmuşdur. O, “Rast” və “Segah” kimi xalq arasında
çox yayılmış muğamları ifa edərkən
özünü Həmidin və İslamın ənənələrinin
ən görkəmli davamçısı kimi göstərmişdir.
Onun muğamları ifa edərkən vurduğu incə guşəxanlıq
Əbdülbaqi Zülalov, Cabbar Qaryağdı oğlu kimi
böyük xanəndələrin də diqqətini cəlb
etmişdi.
Görkəmli
xanəndə Musa Şuşinski 1971-ci il yanvar ayının
25-də Gəncə şəhərində vəfat
etmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 18 mart.- S.14.