Tusi məktəbinin yetirməsi - Qütbəddin Şirazi

 

Böyük riyaziyyatçı və filosof

 

Dahi Azərbaycan filosofu Nəsirəddin Tusinin yetirmələri içərisində görkəmli riyaziyyatçı, ensiklopedik biliyə sahib alim Qütbəddin Şirazinin xüsusi yeri var. Qütbəddin Şirazi XIII əsrdə Nəsirəddin Tusinin Marağada yaratdığı rəsədxanada çalışan, bu elmi mərkəzdə təhsil alan görkəmli şəxslərdən biri olub. O, Tusi məktəbinin görkəmli davamçılarından biri sayılır.

 

Qütbəddin Mahmud ibn Ziyaəddin Məsud ibn Müslih Şirazi 1236-cı ildə İranın Şiraz şəhərində anadan olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni Şirazda təbib işləmişdir və Qütbəddin Şirazi ilk təhsilini də atasından almış, tibb, fəlsəfə və hüquq elmlərinin əsaslarını öyrənmişdir. 1258-ci ildə Marağada Nəsirəddin Tusinin rəsədxanası yaranmışdır. Qütbəddin Şirazi də təhsilini davam etdirmək üçün Marağaya Nəsirəddin Tusinin yanına gəlmişdir. O, rəsədxanada çalışmaqla yanaşı Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Qütbəddin Şirazi Tusinin ən istedadlı tələbələrindən biri olmuş, riyaziyyatçı kimi məşhurlaşmışdır.

Sonra Qütbəddin Şirazi Marağadan köçüb getmiş, bir müddət Kiçik Asiyada, İranın bəzi şəhərlərində həkim və hakim kimi çalışır.

Qütbəddin Şirazi alim kimi məşhur olmaqla bərabər, siyasi xadim kimi də tanınmışdır. O, XIII əsrin 60-cı illərindən etibarən ictimai-siyasi fəaliyyətə başlamışdır. Bununla bağlı o, Xorasana və paytaxtı İsfahan şəhəri olan fars İraqına səfər etmişdir. Burada alimlərin himayəçisi, İsfahan hakimi Bahəddin Məhəmməd Cüveyni ilə tanış olmuşdur. Qütbəddin Şirazi 1268-ci ildə Bağdada getmiş, sonra Kiçik Asiyaya yola düşmüşdür. Orada rəğbətlə qarşılanaraq dövlət işlərində çalışmış, bir müddət Sivas və Malatyada qazi işləmiş, alimlərlə, o cümlədən Cəlaləddin Rumi (1207-1273) və Sədrəddin Konəvi (1210-1274) ilə dostluq etmişdir. Qütbəddin Şirazinin siyasi fəaliyyəti Əhməd xan Təkudər (1282-1284) zamanında genişlənmişdir. O, Elxanın sərəncamı ilə Misirə məmluk sultanı Mənsur Seyfəddin Kalaunun (1279-1290) yanına səfir göndərilmişdir. Əmisi Kəmaləddin Əbdülxeyr Kazəruni də onunla birlikdə olmuşdur.

Qütbəddin Şirazi Misirdə səfir işləyərkən monqolların diplomatik tapşırıqlarını yerinə yetirərək, monqollar və misirlilər arasındakı münasibətləri yaxşılaşdırmağa nail olmuşdur. Səkkiz illik uğurlu siyasi fəaliyyətdən sonra Qütbəddin Şirazi Elxanilər dövlətinin o zaman paytaxtı olan Təbrizə qayıtmışdır.

 

“Dər aş-Şifa” təbabət mərkəzinin yaradıcısı...

 

Həmin dövrdə Təbriz çox inkişaf etmiş, elm-mədəniyyət mərkəzinə çevrilmişdi. Qütbəddin Şirazi Təbrizdə “Dər aş-Şifa” adlı elmi-müalicəvi mərkəz yaradır. Bu mərkəzdə rəsədxana, kitabxana, təhsil və tibb müəssisələri yerləşirdi. Qütbəddin Şirazinin yaratdığı Təbriz rəsədxanası Marağa rəsədxanasından sonra Şərqin ikinci elmi mərkəzi hesab olunur. Qütbəddin Şirazi müəllimi Tusinin elmi istiqamətini davam etdirir və əsərlərinin çoxunda Tusi irsinə müraciət edirdi.

Böyük Azərbaycan filosofu Nəsirəddin Tusinin istedadlı şagirdi Qütbəddin Mahmud Şirazi ensiklopedik yaradıcılığında dəqiq elmlər sahəsində şöhrət tapmaqla bərabər fəlsəfi elmlər sahəsində də tanınmışdır. Onun varlığa, idraka, məntiqə, habelə ictimai-siyasi və etik-əxlaqi məsələlərə dair baxışları müxtəlif təlimlərin təsiri altında vücuda gəldiyindən sinkretik səciyyə daşımışdır. Filosofun yaradıcılığında peripatetizm aparıcı istiqamət olmuş, onun fəlsəfi dünyagörüşünü müəyyənləşdirmişdir. Qütbəddin Şirazi elmi fəaliyyətində müəllimi Nəsirəddin Tusinin mövqeyindən çıxış etsə də, yaradıcılıq irsi orijinallığı və zənginliyi, ən əsası ensiklopedik səciyyə daşıması ilə xüsusilə diqqəti cəlb edir.

Qütbəddin Şirazinin yaradıcılığında “Göy sferalarını bilməkdə idrakın son həddi” (“Nihayət əl-idrak fi dirayət əl-əflak”) kitabı mühüm yer tutur. Kosmoqrafiyaya dair bu əsər İsfahan hakimi Bahaəddin Məhəmməd Cüveyniyə ithaf olunmuş və bütövlükdə 1281-ci (hicri 680-ci) ildə tamamlanmışdır. Bu kitabın çoxlu sayda əlyazma nüsxələri Bağdad, Qahirə, Mosul, İstanbul, Tehran, Berlin, Leyden, London, Mançester, Paris, Oksford, Florensiya, Daşkənd və başqa şəhərlərin kitabxanalarında saxlanılır. Qütbəddin Şirazinin “Şah töhfəsi” (“ət-Tuhfa əş-şahiyyə”) əsəri vəzir Şah Məhəmmədin şərəfinə qələmə alınmış, 1285-ci ildə tamamlanmışdır. Bu əsər “Göy sferalarını bilməkdə idrakın son həddi” kitabının geniş şərhidir. “Şah töhfəsi” əsəri Bağdad, Məşhəd, Berlin, Sankt-Peterburq, London, Oksford, Priston, Florensiya, Rampur, Roma, İstanbul və başqa şəhərlərin kitabxanalarında mövcuddur.

Qütbəddin Şirazinin astronomiyaya dair “Müzəffərəddin üçün seçmələr” (“İxtiyarat-i Müzaffari”) əsəri “Göy sferalarını bilməkdə idrakın son həddi” əsərinin müxtəsər şərhidir. Kitab Müzəffərəddin Bulaku Arslana ithaf edilmişdir.

Onun ensiklopedik elmi əsərlərindən biri “Dibaca ən yaxşı tac incisi” adlanır. Traktat Qərbi Gilan hökmdarının oğlu Dubac ibn Filşaha ithaf olunub. Araşdırmalarda göstərir ki, traktat beş hissədən ibarətdir. Birinci hissədə məntiq elmindən bəhs olunur. İkinci hissə fəlsəfəyə, üçüncü və dördüncü hissələr dəqiq elmlərə, musiqiyə aiddir. Beşinci hissə din, etika və siyasətə həsr edilib.

 

Dəyərli əsərləri və Qurani-Kərimin təfsiri...

 

Qütbəddin Şirazi dini məsələlərlə də maraqlanmışdır. Onun “Quranın təfsirinə dair Mərhəmətlinin açması” (“Fəth əl-Mənnan fi təfsir əl-Quran”) traktatı təxminən qırx cilddir. Əsərdə Quranın geniş təfsiri verilmişdir.

Məntiq, fəlsəfə və təbiət elmlərini Marağada Nəsirəddin Tusi məktəbində öyrənən mütəfəkkir sonralar Konyada Sədrəddin Konəvidən (1210-1274) və başqalarından dini elmləri - hədis, fiqh və Quranın şərhi üzrə təhsil almışdır. Bu hal onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Qütbəddin Şirazinin təxminən qırx cildlik “Quranın təfsirinə dair Mərhəmətlinin açması” (“Fəth əl-Mənnan fi təfsir əl-Quran”) traktatı və “Quranın çətin məsələlərinə dair” (“Fi müşkilat əl-Quran”) əsəri onun dini məsələlər ilə dərindən məşğul olmasından xəbər verir.

Qütbəddin Şirazinin yaradıcılığında məntiq məsələlərinin şərhinə geniş yer verilir. FilosofDibaca ən yaxşı tac incisi” ensiklopediyasından əlavə başqa əsərində də bu mövzu üzərində xüsusi dayanmış, məntiqin ayrı-ayrı bəhslərinin müfəssəl təhlilini vermişdir. Onun təlimində məntiqin mövzusu və vəzifələri, anlayış və onun tərifi, hökmonun tərifi, hökmlərin məna və quruluşa görə bölgüsü, hökmlər arasında münasibətin aydınlaşdırılması məsələləri mühüm yer tutur.

Qütbəddin Şirazi fəlsəfənin yalnız nəzəri hissəsi ilə deyil, əməli hissəsi ilə də maraqlanmış, “Dibaca ən yaxşı tac incisi” traktatında etik-əxlaqi və ictimai-siyasi məsələlərə geniş yer vermişdir.

Alim fəlsəfə tarixində Şihabəddin Sührəvərdinin İslam ölkələrində nəşr olunmuşMüdrikliyin nuru” traktatının izahı ilə iz qoyub. Başqa bir əsəri Tusinin “Rəqsi hərəkət və müstəvi ilə əyri arasındakı nisbət haqqında” traktata aid izahlardır. İzahların əlyazması İstanbul Kitabxanasında saxlanılır. Bu izahlar riyaziyyatda olan bir sıra vacib suallara cavab verir. O, həmin izahlarda öz dövründən xeyli öncə yazılan bir neçə elmi əsərin adını çəkib. Həmin əsərlərdən biri İbn Sinanın “Bucaq tədqiqatı haqqında” traktatıdır. Onu da qeyd edək ki, İbn Sinanın bu əsəri haqqında məlumata təkcə Şirazinin izahlarında rast gəlinib. Araşdırmalarda göstərilir ki, Avropa alimləri traktatda qeyd olunan riyazi problemlər üzərində işləyərək sonradan inteqraldiferensial hesaba aid nailiyyətlər qazanıblar.

Qütbəddin Mahmud Şirazi 1311-ci ildə vəfat edib. Mənbələrdə qeyd olunur ki, onun çox böyük zəhməti hesabına başa gələn əlyazmaları bu gün London, Paris, Oksford, Leyden, Berlin, Daşkənd, İstanbulun əlyazma fondlarında saxlanılır.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 19 mart.- S.14.