Şərq
dünyasının böyük
dühası
Şihabəddin
Yəhya Sührəverdi
Şərq
fəlsəfəsinin böyük
simaları içərində Şihabəddin Yəhya
Sührəverdinin adı parlaq hərflərlə
keçir. O, XII əsrin məşhur
Azərbaycan filosoflarından, islam mistisizminin ən görkəmli nümayəndələrindən
biridir. “Şeyx əl-Məqtul”
və “Şeyx əl-İşraq”
ləqəbləriylə tanınan Sührəverdi böyük sufi və İşraqilik fəlsəfi məktəbinin banisidir.
Şihabəddin
Sührəvərdinin onlarla əsərinin
müxtəlif tarixlərdə köçürülmüş
əlyazma nüsxələri dünyanın otuzdan
çox kitabxanasında saxlanılır.
Belə nüsxələrin sayı yüzə
yaxındır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda
Şərqşünaslıq İnstitutunda, Türkiyədə
Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi,
Aya Sofiya Muzeyi, İstanbul universiteti, İranın
müxtəlif mədrəsələri, Tehran
Universiteti kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda
Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında,
Fransada Paris Milli Kitabxanasında və onlarla
belə kitabxanalarda qorunur.
Azərbaycanda
Sührəvərdinin həyatı,
yaradıcılığı, fəlsəfi irsi
ilə bağlı ilk tədqiqatlar
AMEA-nın müxbir üzvü
Zakir Məmmədov tərəfindən
aparılmışdır. Şihabəddin filosofun
ləqəbidir. Sührəvərdinin öz
adı mənbələrdə müxtəlif şəkildə
qeyd edilmişdir. Bu məsələ ilə xüsusi
maraqlanan ibn Xəllikan
onun haqqında yazır: " Deyilmişdir:
onun adı Əhməddir, deyilmişdir
onun künyəsi, yəni Əbülfütuh
elə onun adıdır".
Zəkəriyyə
Qəzvini və onun
kitabının şərhçisi Əbdürrəşid
Bakuvi, həmçinin Səlahəddin Səfədi Şihabəddin
Sührəvərdinin adının Məhəmməd olduğunu yazmışlar. Qütbəddin Şirazi isə filosofun
adının Ömər olduğunu qeyd etmişdir. Filosofun həyat
və yaradıcılığını tədqiq edən
AMEA-nın müxbir üzvü Z.C.Məmmədov filosofun
öz şagirdi Şəmsəddin Şəhrəzuri və
Yaqut Həməviyə istinad edərək filosofun tam adı və
ləqəbinin Şihabəddin Əbülfütuh Yəhya
ibn Həbəş ibn Əmirək Sührəvərdi
olduğunu qeyd edir.
Tədqiqatçılardan Hilmi Ziya Ülkən Sührəvərdinin Azərbaycanda
doğulduğunu, V.A.Qordlevski isə onun etnik mənşəcə
azərbaycanlı olduğunu yazmışlar. Zakir Məmmədov və Malik Mahmudov da filosofun etnik mənşəcə
Azərbaycan türkü
olduğunu qeyd etmişlər.
Şihabəddin
Sührəvərdinin doğum tarixi haqqında müxtəlif
məlumatlar olsa da, Z.C.Məmmədov yazır: “Şihabəddin
Sührəvərdinin yalnız gənc adlandırılması
faktı göstərir ki, o, ən çox 38 il
yaşamışdır. 587-ci hicri ilindən 38 il
çıxdıqda mütəfəkkirin təqribən 549-cu
(1154-cü il) ildə doğulduğu müəyyənləşdirilmiş
olar”.
Gənclik
dövrü haqqında tarixi mənbələrdə məlumat
azdır, amma tədqiqatçı alim Z.Məmmədov onun imkanlı ailədə
böyüdüyünü qeyd edir. Şihabəddin Sührəvərdi
"kiçik yaşlarında elm və fəlsəfə
öyrənmək üçün Marağaya getmiş, orada
Məcdəddin Cilidən təhsil almışdır".
İbn Xəllikan Şəmsəddin Şəhrəzuri və
Yaqut Həməvinin bu məlumatlarına əlavə edərək
yazır ki, Şihabəddin Sührəvərdi "fəlsəfənin
və fiqhin əsaslarını hər iki sahədə məşhur
olana qədər Azərbaycan əyalətlərindən
Marağa şəhərində Şeyx Məcdəddin Cilinin
yanında oxumuşdu". Şihabəddin Sührəvərdi
sonra İsfahan şəhərinə səfər
etmiş, orada Zəhirəddin Farisinin yanında
peripatetik filosof İbn Səhlan
Savinin "Bəsirətlər" (əl-Bəsair)
kitabını oxumuşdur.
Şəmsəddin
Şəhrəzuri öz müəlliminin "çoxlu yerlərə
səfər etdiyini" xəbər verir. Şihabəddin
Sührəvərdi Azərbaycanın, ümumiyyətlə Yaxın
və Orta Şərq ölkələrinin mühüm şəhərlərini,
o cümlədən Ərdəbil, Miyanə, Diyarbəkir,
Harput, Konya, Sivas, Mardin, Bağdad, Dəməşq və Hələbi
gəzmişdir. Sührəvərdi öz elmi-fəlsəfi
fikirlərini ən çox Kiçik Asiyada yaya bilmişdi. O,
Rum Səlcuqlu dövlətinin
hökmdarı İzzəddin
Qılıc Arslanın (1156-1188) rəğbətini
qazanmış və onun uşaqlarına (Süleyman,
Börküyarıq və Məlikşaha) dərs demişdir.
“Adəm övladlarının zəkalılarından
biri...”
Şihabəddin
Sührəvərdinin tərcümeyi-halından söhbət
açan müəlliflər bir qayda olaraq onun dünya işlərinə
laqeydliyini, ətrafda baş verən hadisələrə
etinasızlığını xüsusi hal kimi qeyd edirlər.
Zəkəriyyə Qəzvini yazır ki, Şihabəddin
Sührəvərdi "dün yanı tərk edən filosof,
alim, möcüzələr və qərib işlər sahibi
idi. O, adamlardan ayrılıb riyazətlə məşğul
olardı". Filosof eyni zamanda dünyəvi elmlərlə
ciddi məşğul olan alim kimi təqdim edilir. İbn əl-İmad
Hənbəli yazır: "Sührəvərdi Şihabəddin
Yəhya ibn Həbəş ibn Əmirək Adəm
övladlarının zəkalılarından biridir. Dəqiq
elmləri bilməkdə başçı, kəlam elmində
mahir, mühakiməli disputçu, zühdlə məşğul,
alimləri saymayan, dinin qullarına istehza edəndir".
Şihabəddin
Sührəvərdinin orta əsrlərdə Şərq
ölkələrində geniş yayılmış
sehrkarlıq, sehr elmi (elm əs-simya)
ilə məşğul olduğunu iddia edənlər də
vardır. İbn Əbi Üseybiə yazır: "Şihabəddin
Sührəvərdi haqqında nəql edilir ki, o sehr elmini
bilirdi. Bu fəndən onda müşahidə olunmuş
qeyri-adi əhvalatlar mövcuddur".
Şihabəddin
Sührəvərdi azad fikirlilik meyllərinə, yüksək
fəlsəfi ideyalarına görə müsəlman şərqi
ölkələrində, habelə Əndəlüsdə
tanınmış, böyük şöhrət
tapmışdır. Onun əsərlərinin şöhrəti
yayıldıqca özünə həm dostlar, həm də
düşmənlər qazanmışdır. Şəmsəddin
Şəhrəzuri alimlərin Şihabəddin Sührəvərdiyə
mənfi münasibətini onların onu dürüst dərk
edə bilməmələri ilə izah etmişdir. O, yazır
ki, Şihabəddin Sührəvərdinin "kəlamını
anlamaqda çətinlik çəkdikdə ona tənə
etmişlər".
Şihabəddin
Sührəvərdi Mardində öz dostlarından Fəxrəddin
Mardini və onun şagirdlərindən ayrıldıqdan sonra Hələbə yollanmışdı.
Filosof 1183-cü (579) ildə şəhərə daxil olub Hələviyyə
mədrəsəsinə gəlmişdi. O, mədrəsənin
şeyxi Şərif İftixarəddinin dərslərində
oturur, fəqihlərlə və başqa ixtisas sahibləri ilə
görüşürdü. Filosof burada disput məclislərində,
diskussiyalarda iştirak edirdi.
Orta əsr
ərəb mənbələrində qeyd edilir ki, Şihabəddin
Sührəvərdi Hələviyyə mədrəsəsində
fiqh, kəlam və fəlsəfəyə dair məsələlər
ətrafında keçirilən müzakirələrdə
yüksək fəallıq göstərmişdir. Şeyx
İftixarəddin filosofun qeyri adi istedadını, geniş
elmi qabiliyyətini yüksək qiymətləndirmiş, dərin
rəğbətini gizlətmədən onu başqalarından
fərqləndirmişdir. Həmin vaxtdan etibarən bəzi
hüquqşünas sxolastlar ona zidd çıxmış,
düşmən münasibətində olmuşlar.
Yaqut Həməvi
yazır: "Şihabəddin
Sührəvərdi öz məntiqi mühakimələri,
sübutları, dəlilləri ilə onlara qalib gəldi. Fəziləti
Məlik Zahirə bəyan oldu. Hakim onu özünə
yaxınlaşdırdı, qəbul etdi, başqalarından fərqləndirdi.
Rəqiblərinin Şihabəddin Sührəvərdiyə
qarşı qeyzi artdı, onu dinsizlikdə və
zındıqlıqda ittiham etdilər". İbn Xəllikan
da bu faktı təsdiq edərək yazır: "O, əqidə
pozğunluğu və dinsizlik üstündə ittiham
olunmuşdu. Onun haqqında deyilmişdi ki, o, şəriət
qanunlarına zidd getmişdi".
Mütəfəkkirin
bu qədər nüfuz qazanması onun əlehdarlarının
hiddətinin daha da artmasına və edamının tələb
edilməsinə səbəb olmuşdu. Fəqihlər əl-Məlik
əz-Zahirdən onun edam edilməsini tələb etdilər.
Hakim razı olmadı, atası Səlahəddinə üz
tutdular: “Onlar onun küfrlərini təsdiq edən hökmlər
hazırlayıb Dəməşqə, Məlik Nasir Səlahəddinə
göndərdilər. Dedilər əgər bu gənc sağ
qalarsa əl-Məlik əz-Zahirin etiqadını korlayar. Eləcə
də, o, azad edilərsə, ölkədə hər-hansı
nahiyyəni korlayar. Səlahəddin Əyyubi Hələbə
Qazi Fazilin xətti ilə Şihabəddin Sührəvərdi
haqqında oğlu əl-Məlik əz-Zahirə məktub
göndərdi. Orada deyirdi: ”Bu Şihab Sührəvərdinin
öldürülməsi labüddür. Onu heç vəchlə
azad buraxmaq və sağ saxlamaq olmaz".
Əl-Məlik
əz-Zahir filosofu öldürtmədi. "Bundan sonra Səlahəddin
bir daha ona yazıb, Şihabəddin Sührəvərdini
öldürtməyi əmr etdi, filosofu öldürtməzsə,
Hələbi onun əlindən almaqla hədələdi. Bu xəbər
Sührəvərdiyə çatdıqda hakim əz-Zahirdən
bir yerdə həbs edilib, ölənə qədər yemək-içmək
verilməməsini xahiş etdi". Professor Z.C.Məmmədov
filosofun ölüm tarixinin 1191-ci il (587) olduğunu qeyd edir.
Alimin dəyərli fəlsəfi əsərləri
Şihabəddin
Sührəvərdinin sufilik elementlərini daşıyan
çoxlu şeirləri var. Bu şeirlər ideya dərinliyi
və fikir zənginliyi cəhətdən elmi-fəlsəfi əsərləri
xatırladır.
Sührəvərdi
yaradıcılığa çox erkən başlamış,
az müddət içərisində elmi-fəlsəfi və
bədii əsərləri ilə bütün müsəlman
ölkələrində tanınmışdır. Şihabəddin
Sührəvərdinin əsərlərinin ən geniş
siyahısını Şəmsəddin Şəhrəzuri
"Ruhlar əyləncəsi və sevinclər
bağı" kitabında vermişdir. Şagirdi filosofun əlliyə
yaxın əsərinin adını sadaladıqdan sonra
yazır: "Bu onun bizə çatan əsərlərinin və
xəbərdar olduğumuz yazılarının
adlarıdır. Bizə gəlib çatmayan şeylərin
olması da mümkündür".
Orta əsr
müəlliflərin ən Yaqut Həməvi, İbn Əbi
Üseybiə, ibn Xəllikan, Əfifəddin Yafii, İbn Həcar
Əsqəlani, Əhməd Taşköprizadə və
başqaları, xüsusən Hacı Xəlifə Şihabəddin
Sührəvərdinin həyatı və
yaradıcılığından söhbət açarkən
müxtəlif əsərləri üzərində ayrıca
dayanmışdır. Şihabəddin Sührəvərdi gənclik
illərində peripatetizm məsələləri ilə
maraqlanmış, məntiq, metafizika, təbiətşünaslıq
elmlərini dərindən öyrənmişdir. Sonrakı
dövrdə fəaliyyətini daha da genişləndirən
filosof tam yeni bir fəlsəfi məktəbin – İşraqilik
fəlsəfəsinin əsasını qoymuşdur.
Sührəvərdi
“Varlıq” anlayışını “Yoxluq” anlayışı
ilə müqayisəli şəkildə nəzərdən
keçirmişdir. "Girişlər və qarşıya
qoyulmuş məsələlər" kitabında “Varlıq və
yoxluq haqqında” adlı xüsusi bir fəsil vardır. Filosof
yoxluğu varlığa nisbətdə
aydınlaşdıraraq yazır: “Yoxluq yalnız varlığa
görə təsəvvür edilir və əqlə gətirilir”.
Bu baxımdan əsas diqqət varlıq anlayışına
yönləndirilmişdir. Varlıq peripatetik təbirlə
vacib və mümkünə bölünür. Filosof
yazır: "Bil ki, özünə görə vacib olmaq
vacibliyi ilə başqasına görə olmaq vacibliyi arasında
fərq vardır. Özünə görə vacib olan əzəlidir,
başqasına görə vacib olan isə meydana
çıxmışdır. Həmçinin özünə
görə vacib olan özünə görə mövcuddur,
deməli, başqasına möhtac deyildir. Haqq təala
özünə görə vacib olduğundan əzəlidir,
özünə görə mövcud olduğundan
başqasına möhtac deyildir, meydana çıxmış
deyildir".
Şihabəddin
Sührəvərdi işraqiliyə dair traktatlarında isə
filosof bu nəzəriyyənin yeni bir formasını işləyib
hazırlamışdır. Şihabəddin Sührəvərdi
"Ürəklər bağı" əsərində
mövcudatın mərtəbəli quruluşunu Şərq
peripatetiklərinin üsulu ilə əsaslandıraraq
yazır:
“Deyirlər
ki, mələyin vasitəsi olmadan Haqq-təalanın
göyü yaratması qeyri-mümkündür, çünki
Haqq-təalada iki iradə meydana gələr: biri göyü
yaratmaq, digəri mələyi yaratmaq. Mələk göydən
daha şərəfli olduğundan mələklə əlaqədar
iradə, göylə əlaqədar olandan daha şərəfli
olar. Beləliklə burada ixtilaf meydana çıxır. Cəhətlər
sabit olur, çoxluq üzərində ulu və müqəddəs
sayılma vəhdəti aradan qalxır”.
Tədqiqatçı
alim Z.Məmmədov demək olar ki, Şihabəddin Sührəvərdinin
bütün yaradıcılığını tədiq
etmişdir. Buraya onun fəlsəfi şeirləri,
"Şihabəddin Yəhya Sührəvərdinin həyat
yolu", "İşraqilik fəlsəfəsinin
ontologiyası" və başqa məqalələri, “Azərbaycanda
XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan
filosofları və mütəfəkkirləri”, “Şihabəddin
Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat)”,
“Azərbaycan fəlsəfəsi tarixi” əsərləri
daxildir. Alimin 2009-cu ildə nəşr edilmiş "Şihabəddin
Sührəvərdi (həyatı,
yaradıcılığı və
dünyagörüşü" əsəri isə Sührəvərdi
irsinin tədqiqinə həsr olunmuş ən geniş və hərtərəfli
araşdırmasıdır.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 20-24 mart.- S.14.