Şah sarayının həkimi, şair Məsihi...
Təbiblər nəslinin yetirməsi
Azərbaycanda təbabətin və tibb
elminin tarixi uzaq keçmişə gedir. Hələ çox qədimlərdə
xalq arasından çıxmış savadlı və bilgili
insanlar tibbin inkişaf etmədiyi bir zamanda şəfalı
bitkilərlə ən kəskin xəstəliklərin
çarəsini tapmışlar. Bu şəxslər çox
zaman dövrünün mütaliəli, zəkalı və
elmli şəxsləri olmuşlar. Belə şəxslərdən
biri də mənşəcə Azərbaycan türklərindən
olan şair və həkim Məsihidir.
O, XVII əsrin
ən görkəmli şəxsiyyətlərindən biri
olmuşdur. Məsihinin atası Nizaməddin Əli əslən
həkimlər sülaləsindən idi. O, İran və
Hindistanın müxtəlif hökmdarlarının
saraylarında həkimbaşı olaraq
çalışmışdır. Onun qardaşları
Qütbə və Nasir, eləcə də oğlu Məhəmməd
Hüseyn də həkim olmuşlar. Təbabət elmi ilə məşğul
olmalarına baxmayaraq, onların hamısı həmin
dövrün bütün savadlı şəxsləri kimi
şeir yazmışlar.
Dövrünün
tanınmış təbiblərindən olan Nizaməddin Əli
oğlunun tibb sahəsində savadlanması ilə şəxsən
məşğul olur. Həkim, şairin həyat dövrü
təqribən 1579/80-1655/56-cı illər arasında müəyyənləşdirilib.
Məsihinin əsli Təbrizdəndir. Mənbələrin xəbərinə
görə, onun atası əvvəlcə I Şah Təhmasibin
başqa saray əyanları ilə birlikdə Təbrizdən
Qəzvinə, sonra isə I Şah Abbas paytaxtı
köçürəndə İsfahana gəlib. Məsihi
artıq gənc yaşlarından nəinki müalicə fəaliyyətinə
başlayır, hətta müalicə həkimləri
üçün sonralar böyük şöhrət
qazanmış “Zabitət ül-əlac” (“Müalicə
qaydaları”) adlı kitab da yazır.
Məsihinin
tam adı Rüknəddin Məsud Məsihidir. Çox zaman
onu sadəcə Rükna da çağırırlar. Məsihi
(Məsih, Məsiha) onun ədəbi təxəllüsüdür.
Məsihi İsfahanda yaxşı təhsil alıb. Azərbaycan,
fars və ərəb dillərində gözəl
danışır, təbabət, fəlsəfə, məntiq,
nücum, ilahiyyat elmlərini dərindən bilirmiş.
Müasirlərinin əksəriyyəti kimi o da xəttatlıqla
maraqlanıb və bu sahədə özünün dediyinə
görə, böyük uğurlar qazanıb. Şeirlərini
əsasən, Azərbaycan türkcəsi və fars dilində
yazıb. Onun əsərlərinin tam külliyyatı 100 min
beytə çatır.
Atasının
yolunu davam etdirən Məsihi şah Abbasın sarayında həkim
kimi çalışıb. Geniş
dünyagörüşü, yüksək savadı və
saray mühiti üçün vacib amil sayılan böyük
poetik istedadı sayəsində tezliklə I Şah Abbasla
yaxınlaşan Məsihi onun ən yaxın müşavirinə
çevrilir. Orta əsr təzkirəçilərinin dediyinə
görə, şah tez-tez Məsihinin evində qonaq olur və
onun məclislərində iştirak edirmiş. Bundan başqa,
Məsihi şahın müşaviri kimi onu bir çox hərbi
yürüşlərində də müşayiət edir.
Lakin hansı səbəbdənsə sonra onların arası dəyir
və Məsihi digər məşhur həkim dostu Heydərlə
Hindistana üz tutur.
Azərbaycan türkcəsində “Vərqa
və Gülşa” poeması
Üz
tutduğu Hindistanda da Məsihi müxtəlif səviyyəli
hakimlərin, o cümlədən Böyük Moğollar
sülaləsindən olan şah Əkbər və Cahangirin
saraylarında müalicə həkimi olur. Burada da bir
saray həkimi kimi o, böyük nüfuza malik idi. Şah Cahangirin sarayında çalışdığı dövrə aid bir məşhur əhvalat da bunu sübut
edir. Nə zamansa baş
vermiş qəbahətinə
görə həkim Rüknadan tələb edirlər ki, saraydan getsin. Lakin üstündən heç bir il keçməmiş
şah ağır xəstələnir və
həkimlərdən heç
biri onu sağalda bilmədikdə,
Məsihidən üzr
istəyib, onu yenidən saraya qaytarırlar.
Məsihi uzun müddət
Allahabadda, Caypurda, Aqrada və Hindistanın başqa şəhərlərində yaşayır. Burada o, tez-tez həmyerlilərimizlə
görüşür. Sonralar Məsihi sarayda görkəmli Azərbaycan şairi Saib Təbrizi ilə tanış
olur. Bir çox təzkirəçilər
Saibi Məsihinin tələbəsi hesab edirdilər. Onların bu
dostluğu hər iki şairin yaradıcılığına müsbət
təsir göstərmişdir.
Poetik irsinin əsas
hissəsinin itirilməsinə
baxmayaraq, Məsihi hazırda daha çox şair kimi məşhurdur. Yazılı mənbələrdən bir sıra kiçik
həcmli lirik və epik əsərləri
ilə yanaşı, günümüzə onun
1629-cu ildə Azərbaycan
türkcəsində qələmə
aldığı “Vərqa
və Gülşa” poeması çatmışdır.
Şairə böyük şöhrət
qazandıran da bu əsər olmuşdur. Bu əsərin nadir əlyazma
nüsxələri Britaniya
muzeyində və
Tehran universitetinin kitabxanasında
saxlanır. Həmin nüsxələrdən
ikincisi Qarabağ bəylərbəyi Uğurlu
xan Ziyadoğlu Qacara məxsus olmuşdur. O da zamanında əvvəlcə
alim və şairlərə himayədarlığı
ilə şöhrət
tapmış, sonra isə ortabab bir şair kimi
tanınmışdır. Nüsxədə bununla bağlı qeyd də var. Amma sonradan bu
nüsxə müəmmalı
bir tərzdə Moskvada üzə çıxır. 1749-1750-ci
ildə Məhəmməd
Hatəmi oğlu Hüseynqulu Kahdamini onu alıb Tehrana
aparır. London nüsxəsi
poemanın yazılıb
başa çatmasından
17 il sonra
köçürülüb. Qarabağ nüsxəsi isə ondan 4 il sonra
köçürülüb. Uğurlu xana məxsus nüsxəni cildləmiş
ustanın adı da məlumdur. O, tanınmış Azərbaycan
xəttatı Həbibullah
ibn Əsədullah Dumbulidir.
81 yaşa kimi təbiblik...
Məsihi öz əsərlərində
“Dane və dam” (Buğda
və tələ), “Zənbur və əsəl” (Arı və bal) adlı,
həmçinin Azərbaycan
dilində yazdığı
əsərlər haqqında
məlumat verir. Lakin nə bu əsərlər,
nə də Nizami poemalarının mövzularında yazdığı
əsərlər bizə
gəlib çatmamışdır,
bunlar barədə şairin müasirləri məlumat verirlər.
Məsihinin həyat və
yaradıcılığı haqqında məlumatlar orta əsr təzkirəçilərinin
əsərlərinin təhlili
əsasında ədəbiyyatşünas
Əliyar Səfərli
tərəfindən tərtib
edilmişdir.
Məsihinin ilk “Divan”larından biri onun ölümündən
sonra Saib tərəfindən tərtib
olunmuşdur. Məsihinin şəxsi tanışlarından
olan təzkirəçi
Mirzə Tahir Nəsrabadi yazır ki, Saibin evində
onun on “Divan”ı varmış. Benqalda olarkən
Məsihi “Bürhane qate” lüğətinin müəllifi, Azərbaycan
alimi Hüseyn ibn Xələf Bürhan Təbrizi ilə görüşmüşdür.
1632-ci ildə Məsihi
Hindistanda 20 il
yaşayandan sonra vətənə qayıdır.
Onun qayıtması münasibətilə şair
Övci Nətənzi
təxminən bu məzmunda bir şeir də yazmışdı: “Allaha
min şükürlər olsun
ki, mənə həkim Rüknünü
görmək qismət
oldu. Onun həkimliyindən təptəzə
qalmış çoxillik
şərab kimi həkimlər can alır.
Allah o adamın camını doldursun ki, mənim əllərimi bu qədəhə yetirdi.”
Vətənə qayıtdıqdan sonra Məsihi hələ Hindistana getməzdən əvvəl
Səfəvi şahı
I Abbasın şərəfinə
yazmağa başladığı
“Vərqa və Gülşa” poemasını
şah Səfiyə təqdim edir. Buna baxmayaraq,
saray onu qəbul etmir və bu böyük
şəxsiyyət ömrünün
qalan hissəsini kasıblıqla keçirir.
Həkim Rükna 81 yaşında Kaşan şəhərində vəfat
edib. Deyilənlərə görə, o, ömrünün
son günlərinə qədər
həkimlik fəaliyyəti
ilə məşğul
olmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 25 mart.- S.14.