“Xəttatların şeyxi” və ustadı...

 

Yeddi xəttin möcüzəsi...

 

Məlum olduğu kimi, Azərbaycanda xəttatlıq sənəti ənənələri əsasən XIII əsrdən başlanır. Bu dövrdə bütün savadlı adamlar belə hesab edirdilər ki, yüksək elm səviyyəsinin bir göstəricisi də şeir yazmaq və xəttatlıq sənətinə yiyələnməkdir. Elə bu baxımdan da, o dövrdə şair və xəttat kimi peşəkarlar arasında öz yerini tutmaq çox çətin idi. Xəttatlıq sənətinin isə daha spesifik və incə tələbləri vardı. Xəttatlar ona görə xüsusi diqqət mərkəzində idilər ki, Qurani Kərim ərəb yazısı ilə nazil olmuşdu və həmin əlifbanın ilahi mənşəyi haqqında geniş təsəvvürlər yayılmışdı.

XV əsrin görkəmli Azərbaycan dilçisi Məhəmməd Naxçıvani yazırdı: “Uşaqları ilk növbədə yazıya və səyahət etməyə öyrətmək lazımdır”. Məhəmməd peyğəmbərə istinad eləyən ərəb alimləri belə deyirdilər: “Yazı elmin yarısıdır”. Bununla bərabər, həm gözəl yazmaq, həm də mətnin məzmun dərinliyi vəhdətdə götürülürdü.

XVI əsr Azərbaycan mədəniyyətinin parlaq simalarından biri də məşhur xəttat Əli Rza Təbrizidir. Zəmanəsinin nəstəliq və nəsxisüls xətləri ustası kimi tanınan məşhur xəttat yeddi xəttdə məharətlə yazmağı bacarırdı. Onun yaşadığı dövr mürəkkəb hadisələrin cərəyan etdiyi bir dövr idi. XVI əsrin sonlarına doğru Osmanlı türkləri demək olar ki, bütün Azərbaycan ərazilərini tutmuşdu. Zəngin Təbriz kitabxanası, oradakı bütün emalatxanalarla birlikdə ələ keçirilmişdi. Ona görə də, burada çalışan bütün rəssamlar, xəttatlar, miniatürçülər, əlyazmaların hazırlanması və tərtibatı ilə məşğul olan ustalar əvvəlcə Qəzvinə, sonra isə Səfəvilər dövlətinin paytaxtının köçürülməsi ilə əlaqədar İsfahana qaçmaq məcburiyyətində qalmışdılar.

Qeyd etdiyimiz kimi, belə sənətkarlardan biri də istedadlı xəttat, miniatürçü rəssam, nəqqaş və şair Nizam əd-Din Əli Rza Təbrizi idi. O, yeddi xətlə məharətlə işləsə də, nəstəliq və nəsxisüls xətlərinin öyrənilməsində böyük uğurlar qazanmışdı. Sənətkarın həyatı, tərcümeyi-halı ilə bağlı məlumatlar olduqca azdır.

 

“Qələm öz mərtəbəsinə görə qılıncdan ucadır...”

 

Tədqiqatçılara yalnız o məlumdur ki, Əli Rza Təbrizi gəncliyini Təbrizdə keçirmişdir. Elə burada da Əla əd-Din Məhəmməd Təbrizidən nəsxisüls xəttini, Məhəmməd Hüseyndən isə nəstəliqi öyrənmişdir. Məhəmməd Hüseyn Əli Rza üçün bədii yazı növlərinin əhəmiyyəti haqqında şeir də yazmışdı:

Qələm öz mərtəbəsinə görə qılıncdan ucadır, baxma ki, onun cismi zəifdir!

Bir əli qələmlinin qarşısında yüz əli qılınclı cəngavər dayana bilməz.

1585-ci ildə Osmanlı türkləri Təbrizi tutduqdan sonra Əli Rza Qəzvinə köçərək, orada məskunlaşır. Görkəmli sənətkar burada tikilməkdə olan Qəzvin cümə məscidinin tərtibatında iştirak edir, yüksək bədii ustalıqla Quranın bir neçə nüsxəsini köçürür, tədris işi ilə məşğul olur. Müəyyən vaxtdan sonra Əli Rza Xorasan sərdarı Əbül Mənsur Fərhad xan Qaramanlının yanında çalışmağa başlayır. Onun istedadı haqqında xəbər tezliklə saraya çatır və şah Abbas Əli Rzanı öz yanına qulluğa götürür.

Müasirlərindən biri Əli Rzanın I Şah Abbasın sarayındakı xidməti barədə yazırdı:

“... İndi onlar paytaxt şəhəri Qəzvində dünyanın şahı, Allah-təalanın yer üzündəki kölgəsi, qibleyi-aləmin sarayında yaşayırlar. Onlar burada yorulmadan çalışır və əhəmiyyətli üstünlüklər qazanmaqdan ötrü can qoyurlar. Əyanlar siyahısına daxil olduqdan sonra onlar daim şərəf yiyəsinin yaxınlığında qərar tuturlar. Onlar şahın səxavətindən bəhrələnən, onun mərhəmətindən faydalanan, qiymətli hədiyyələrindən və qayğısından barınan, şan-şöhrət yiyəsi olan ən yaxın adamların sırasındadırlar. Ümid edirlər ki, bütün uğurları qazanacaq və bütün yüksək mərtəbələrə ucalacaqlar”.

Öz dövrünün qaydalarına uyğun Əli Rza yalnız xəttatlıq sənətində deyil, saray diplomatiyası və mədhiyyə söyləmək sahəsində də uğur qazanır. Bu sahədə elə müvəffəqiyyət qazanır ki, ona “Abbasi” ləqəbi verilir. Beləliklə, Əli Rza Təbrizi mədhiyyələr yazır və özünə “Şah Nəvaz” təxəllüsünü götürür.

 

İstedadla qazanılan şöhrət

 

Tezliklə, Əli Rzanı şah kitabxanasının müdiri qoyurlar. Əvvəlcə bu vəzifəni şah Məhəmməd Xudabəndənin zamanından məşhur şair və rəssam Sadiq bəy Əfşar tuturdu. Həmin vəzifəyə keçən kimi Əli Rza şah Abbasın tapşırığı ilə dövrün ən gözəl xəttatlıq nümunələrindən və ən məşhur miniatürçü rəssamların əsərlərindən ibarət albom hazırlayır. Daha sonra isə 1602-1604-cü illərdə Əli Rza Məşhədə gedərək, səkkizinci şiə imamı Musa ər-Rzanın məqbərəsinin yazılarını və naxışlarını hazırlayır. Bu iş elə yüksək səviyyədə başa çatdırılır ki, şah Abbas bundan sonra İsfahan məscidlərinin və inzibati binalarının tərtibatı kimi məsul işləri ona tapşırır. Daha sonra böyük sənətkar Maqsud bəyin, Şeyx Lütfullahın və Şah Abbasın özünün adını daşıyan məscidlərin qapılarında iri süls xətti ilə yazılar həkk edib.

Müasir günümüzə Əli Rza tərəfindən işlənmiş bir çox əlyazmalar gəlib çatıb. “Tədqiqatçı A.Qaziyev özünün orta əsrlər Azərbaycanında yaradılmış əlyazmalarından bəhs edən kitabında həmin işlərdən bir neçəsinin adını çəkir: Hatifinin 1568-ci ildə üzü köçürülmüş ”Teymurnamə"si, I şah Təhmasibin türk sultanı I Süleymanın səfirləri ilə söhbətləri (bunların üzü 1601-1602-ci illərdə nəstəliq xətti ilə köçürülüb), Əbdürrəhman Caminin 1613-cü ildə köçürülmüş “Söhbətül-əbrar” əsəri, müxtəlif şeirlərdən tərtib edilmiş toplu, “Mehri-şəfai”nin 1616-cı il nüsxəsi və s. Bunlardan başqa Əli Rza digər ustalar və astronomlarla birlikdə Marağa rəsədxanasının yenidənqurma planının layihələşdirilməsində iştirak etmiş və öz gücünü miniatürçülükdə, habelə poeziyada sınamışdır"(Vikipedia).

Məşhur təzkirəçilərdən Mirzə Sənklaxın yazdığına görə, Əli Rza 125 il ömür sürmüş və daha bir rütbəyə -"şeyxül-xəttatin" (“xəttatların şeyxi”) adına layiq görülmüşdür.

Ustad sənətkar Əli Rza Təbrizinin oğlu Bədi üz-Zaman atasının yanında yaxşı məktəb keçmiş və istedadlı xəttat kimi şöhrət qazanmışdı. O, nəstəliq xəttini gözəl mənimsədiyi üçün “Niknigar” (“Gözəl xətt ustası”) təxəllüsünü qazanmışdır. Bədi Azərbaycan türkcəsini, fars və ərəb dillərini yaxşı bildiyi üçün alimlər arasında böyük nüfuz sahibi olub. O eyni zamanda dövrünün yaxşı şairlərindən sayılırdı. AMEA-nın Əlyazmalar institutunda Bədinin şeirlərindən birinin fraqmenti saxlanır ki, bu da sənətkarın özü tərəfindən ayrıca vərəqdə bədii yazı ilə işlənmişdir.

Bu günyolu Məşhəd və İsfahana düşənlər həmin şəhərlərdəki məscid və məqbərələrə baş çəkdikləri zaman, bu binaları bəzəyən nəqqaşlıq işlərinin müəllifi Əli Rza Təbrizinin məharətinə heyran qalırlar.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 26 mart.- S.14.