“Qətran adlı
gözəl bir şair...”
Təbrizdən Gəncəyə yolçuluq...
XI əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri
sırasında Qətran
Təbrizinin də özünəməxsus yeri
var. Dövrünün məşhur
şairi və dilçi alimi olan Təbrizi farsdilli Azərbaycan saray ədəbiyyatının
ilk görkəmli nümayəndəsi
sayılır. Qətran
Təbrizinin bizə gəlib çatmış
“Divan”ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış
mədhiyyə və qəsidələrdən ibarətdir.
Qətran Təbrizi 1012-ci ildə Təbriz yaxınlığındakı Şadiabad
kəndində anadan olmuşdur. Şairin tam adı Əbu Mənsur Qətran Cili Azərbaycanidir. O, ilk təhsilini Şadiabadda almış, sonra isə Təbrizdə oxumuşdur.
Qətran Təbrizinin zamanında Şəddadilər
dövlətinin paytaxtı
olan Gəncə çox inkişaf etmiş bir şəhər idi və Şərqin bir çox ölkələrindən alimlər,
şairlər, memarlar,
sənətkarlar Gəncəyə
axışırdı.
Tarixi mənbələrdən
məlum olur ki, bu dövrdə
Gəncədə “Dar-əl-kütub” adlı zəngin saray kitabxanası və digər kitabxanalar vardı. Professor R.Əliyev
yazır ki, bu dövrdə mütaliə üçün
lazım olan hər cür kitabın Gəncədə
tapılması mümkün
idi. Tədqiqatçılar
“Dar-əl-kütub”ın
ictimai kitabxana olduğu, hər kəs üçün açıq olduğunu yazırlar. Tədqiqatçı
Qafar Kəndli öz araşdırmalarında
XI əsrdə Gəncədə
zəngin saray kitabxanasının mövcud
olmasını qeyd edir.
Belə bir zamanda,
Gəncənin elm və
mədəniyyət mərkəzi
kimi çiçəkləndiyi
bir vaxtda Qətran Təbrizi təhsilini başa vurduqdan sonra bura gəlir. O, tezliklə Gəncədə
Şəddadilərin sarayına
dəvət olunur və az bir
vaxtda böyük nüfuz qazanır. Bu həmin dövr idi ki, ölkənin
başında Əbdülhəsən
Ləşkəri dururdu.
Qeyd olunduğu kimi, bir mədəniyyət
mərkəzinə çevrilən
Gəncənin kitabxanaları
çox zəngin və nadir kitab fonduna malik idi.
Gəncə böyük
mədəniyyət və
ticarət mərkəzi
olduğundan, dünyanın
bütün ölkələrindən
gələn tacirlər
burada kitaba böyük tələbatın
olduğunu nəzərə
alaraq kitab gətirməyə də səy göstərirdilər.
Kitabşünas alim İmadəddin Zəkiyev
“Azərbaycan kitabının
inkişaf yolu” adlı əsərində
göstərir ki, Gəncə kitabxanasında
10-dan çox xarici dildə kitab saxlanılırdı. Tarixi
qaynaqlar göstərir
ki, bu zəngin
kitabxanalar uzun zaman qorunmuş və gələcək nəsillərə ötürülmüşdür.
Bu elm mərkəzində yaradıcılıqla
məşğul olan Təbrizinin yaradıcılıq
nümunələrindən aydın olur ki, o da bir
çox şeirlərini
hökmdar Əbdülhəsən
Ləşkəri və
onunla əlaqədar baş vermiş hadisələrə həsr
etmişdir.
Zəmanəsinin güclü qələm sahiblərindən biri
Tədqiqatçılar elə onun bu şeirləri
əsasında Gəncədə
yaşadığı dövrü
öyrənib tədqiq
etmişlər. Məsələn,
bir şeirində Qətran Rəvvadilər dövlətinin başçısı
Əbu Mansur Vəhsudanın
Əbdülhəsən Ləşkərinin
qonağı kimi Gəncəyə gəlişindən
danışır. Təbrizinin
yaradıcılığını araşdıran alimlərin
fikrincə, bu görüş 1035-1040-cı illər
arasında baş verə bilərdi. 1042-ci ildə isə şair artıq Təbrizdə şəhərin
yarısını yerlə
yeksan etmiş dəhşətli zəlzələnin
şahidi olmuşdu. O
zaman belə nəticə çıxır
ki, Qətran Təbrizə bu təbii fəlakətdən
əvvəl qayıtmışdı.
Lakin bir çox tədqiqatçılar
Qətranın Gəncəyə
zəlzələdən sonra
gəldiyini göstərirlər.
Bu halda şairin yenidən Gəncəyə
dönüşünü də
istisna etmək olmaz. Təbrizi 1046-cı ildə Təbrizdə böyük İran şairi və filosofu Nasir Xosrovla görüşür.
Nasir Xosrov özünün məşhur
“Səfərnamə” əsərində
Qətran adlı gözəl bir şairlə görüşdüyünü
qeyd edir.
Bundan sonra Qətran
bir müddət Naxçıvanda, yerli hakimlərin saraylarında
yaşadıqdan sonra vətəni Təbrizə
dönür. Qətran
Təbrizi hələ
sağlığında ikən
istedadlı şair, müdrik filosof və alim kimi
bir çox ölkələrdə şöhrət
qazanır. Özünün
yazdığına görə,
onu Xorasanda və İraqda yaxşı tanıyır
və sevirdilər.
Araşdırmalar göstərir ki, Qətran poeziya ilə gənc yaşlarından məşğul olmağa
başlamış və
bu sahədə böyük yaradıcılıq
uğurları qazanmışdır.
Şeir yaradıcılığında
əsas yeri dövrün müxtəlif
hökmdarlarını tərif
edən qəsidələr
tutur. Bu əsərlər
müasir oxucu və tədqiqatçılar
üçün qəsidələrdə
mədh olunan qəhrəmanların saraylarında
baş verən tarixi hadisələri öyrənmək və anlamaq baxımından çox qiymətlidir. Məsələn, Qətran
Təbrizinin şeirlərində
oğuzların Azərbaycana
bir neçə yürüşü öz
əksini tapmışdır
ki, həmin məlumatlar indi bizim üçün böyük əhəmiyyət
daşıyır.
Fars dilinin ilk izahlı lüğəti
“Lüğəti-Qətran”
Qətran Təbrizi bir çox maraqlı əsərlərin,
o cümlədən “Tövsnamə”,
“Quşnamə”, “Vamiq
və Əzra” adlı əsərlərin,
habelə əsasən
qəsidələrdən ibarət
iri həcmli divanın müəllifidir.
XII əsrdə yaşamış
Orta Asiya şairi Rəşid Vətvat yazır ki, o ömrü boyunca bircə həqiqi şair tanımışdır ki,
o da həkim (müdrik) Qətran Təbrizidir.
“Vikipedia”da şairlə bağlı məlumatda qeyd edilir ki,
orta əsr mənbələrinə əsaslanan
Azərbaycan tədqiqatçıları
Qətran Təbrizinin
fars leksikoqrafiyası tarixində fars dilinin ilk izahlı lüğətinin yaradıcısı
olduğunu yazmışlar.
Bu barədə “Lüğəti-fürs”
(“Fars lüğəti”) müəllifi,
şair və tərtibçi Əsədi
Tusi (XI əsr), “Sihahül-fürs” müəllifi
Məhəmməd Naxçıvani
(XIII əsr) və başqaları qeyd etmişlər.
Məşhur İran şairi Nasir Xosrov Ələvi adını çəkdiyimiz
“Səfərnamə”sində Qətranın lüğət
üzərində iş
prosesini belə təsvir edir: “Təbrizdə mən Qətran adlı bir şairlə görüşdüm. O, avazla
yaxşı şeir oxuyur, ancaq fars
dilini pis bilirdi. O, Dəqiqi və Mənciqin divanlarını mənə
gətirib, avazla oxudu və anlaşılmayan
sözləri izah etməyimi xahiş elədi. Sonra mənim izahatlarımı
qeydə alıb, öz şeirlərini oxudu”. Əksər alimlər Nasir Xosrovun bu fikirlərini
onunla izah edirlər ki, fars dili Qətranın
ana dili deyildi və o, farsca yazan ilk Azərbaycan şairi olub.
Orta əsr müəlliflərinin əksər
qismi bu lüğəti yaradıcısının
adı ilə sadəcə “Lüğəti-Qətran”,
yaxud “Fərhəngi-Qətran”
(hər iki ifadə “Qətranın lüğəti” anlamına
gəlir) kimi qeydə alır. Sonralar isə bu lüğət “Təfasir fi lüğatül-fürs” (“Fars dili sözlərinin izahları”), yaxud da qısa şəkildə
“Təfasir” (“İzahlar”)
adlandırılır. Qətran
Təbrizi Azərbaycan
və İran xalqlarının poeziya və leksikoqrafiya tarixində dərin izlər buraxmışdır.
Qətran Təbrizi 1080-ci ildə Təbrizdə dünyasını dəyişmiş
və Surxab məhəlləsindəki məşhur
Şairlər məqbərəsində
dəfn olunmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 27 mart.- S.14.