“Mənim tək
alim olanlar çəkir
həmişə cəfa...
Tarixin elm və mədəniyyət
erası...
XI-XII əsrlər Azərbaycanda elm və
mədəniyyətin inkişafı üçün yeni bir mərhələnin
başlandığı dövr hesab olunur. Bu dövrdə elm
və mədəniyyətə böyük üfüqlər
açan şəhərlərdə mədrəsə və
məktəblər istifadəyə verilir, şəxsi və
ictimai kitabxanaların fəaliyyəti genişlənirdi. Eyni
zamanda, kağız istehsalı, kitabların üzünü
köçürmək və cildləmək
üçün mərkəzlər yaranırdı.
Böyük bir inkişaf mərhələsinə qədəm
qoyan Azərbaycan şəhərlərində rəsədxanalar,
xalq xəstəxanaları işləyir, Şamaxı, Ərdəbil,
Təbriz kimi şəhərlər çiçəklənirdi.
Belə bir
vaxtda Şirvan da böyük elm və qələm sahiblərini
cəmləşdiyi mərkəzə çevrilirdi. Məlum
olduğu kimi, həmin tarixdə burada böyük məktəb
və kitabxanalar fəaliyyət göstərməyə
başlamışdı. Buna sübut olaraq, tədqiqatçı
alimlər məşhur Azərbaycan şairi Xaqaninin bir alim və
şair kimi formalaşmasında II Mənuçöhrün
sarayında təşkil olunmuş zəngin kitabxananın
böyük rol oynadığını qeyd edirlər.
Şirvan hakimi Mənuçöhr ölkənin məşhur
alimlərini, memarlarını, istedadlı şairlərini, nəqqaşlarını
öz ətrafına toplayaraq sarayda şairlər məclisi
düzəltmişdi. Saray ətrafında toplanan görkəmli
şairlərdən Əbül-Əla Gəncəvi, Xaqani
Şirvani, Fələki, İzzəddin Şirvani və
başqaları orijinal əsərlər yazıb yaratmaqla bərabər,
ən yaxşı kitabların tərcüməsi ilə də
məşğul olmuşlar.
Hətta bu
dövrdə Xaqaninin şəxsi kitabxanasının olması
haqqında yazılanlar da özünü doğruldur.
Xaqaninin bir
alim və şair kimi formalaşmasında şübhəsiz
II Mənuçöhrün sarayında təşkil
edilmiş məclislərin xüsusi rolu olmuşdur.
Məlum
olduğu kimi, onun özü uşaqlıqda ibtidai təhsil və
tərbiyəsini əmisi Kafiyəddin Ömər Osman
oğlunun yanında almış, sərf-nəhv, nücum,
tibb, hikmət, fiqh, ədəbiyyat elmlərini öyrənmiş,
sonra isə Əbül-Əla Gəncəvinin tövsiyəsi
ilə saraya dəvət olunmuşdu.
Bu tərəqqi
mərkəzlərinə qucaq açan mərkəzi şəhərlər
içərisində Gəncənin xüsusi yeri və
mövqeyi vardı. Bəhs etdiyimiz dövrdə beş yüz
mindən artıq əhalinin məskunlaşdığı bu
şəhərdə bir çox dillərdə danışan
insanlarla qarşılaşmaq mümkündü. Dahi
şairimiz Nizami Gəncəvi təsadüfən Gəncəni
“Mənim Babilim” deyə öymürdü. Uzaq ölkələrdən
buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi.
XI əsrin ortalarında görkəmli Azərbaycan şairi Qətran
Təbrizi də Gəncəyə köçdü. O, burada
tez bir zamanda Şəddadilərin sarayına dəvət
olundu və saray şairləri içərisində
seçilərək, böyük rəğbət qazandı.
XI əsr
Azərbaycan ədəbiyyatının görkəmli
simalarından olan Əbül-Əla Gəncəvi də Qətran
Təbrizi poetik ənənələrinin davamçısı
idi. Mənşəcə Azərbaycan türklərindən
olan şair farsdilli Azərbaycan ədəbiyyatının
banisi hesab edilir.
“Şairlərin hökmdarı” Əbül-Əla
Gəncəvi
Əbül-Əla
Gəncəvi XI əsrin sonunda Gəncədə anadan olub. Təhsilini
burada bitirdikdən sonra o, müsəlman Ərmənşahlar
dövlətinin paytaxtı Xilat şəhərinə gəlir.
Akademik Krımskinin mülahizələrinə görə, o,
“Ərmənşahlar sarayında şeir qoşurdu”. Amma
yazılı mənbələr göstərir ki, Əbül-Əla
burada çox qalmır və Şamaxıya
köçür. O dövrün əhəmiyyətli şəhərlərindən
biri olan Şamaxıda da fitri istedadına və yüksək
hazırcavablığına görə o, tezliklə şairlərin
böyük himayədarı Şirvanşah I Mənuçöhrün
yanında xidmətə götürülür.
Əbül-Əla
Gəncəvinn əsərlərini təhlil edən tədqiqatçılar
göstərir ki, o, poetika, fəlsəfə, astronomiya və
tibb elmləri sahələrində hərtərəfli biliklərə
malik olmuşdur. Ümumiyyətlə, Əbül-Əlanın
poeziyası o dövrün şairlərindən akademizmi və
bədii kamilliyi ilə seçilir. Şair sarayda öz ətrafına
topladığı istedadlı gənclər arasında rəsmən
“məliküşşüəra” (şairlərin
hökmdarı) adını qazanır. Bundan sonra o, məşhur
farsdilli Şirvan poeziya məktəbinin əsasını
qoyur. Əbül-Əlanın şagirdləri içərisində
bütün Şərqdə məşhur olan Xaqani Şirvani
və Fələki Şirvani kimi şairlər vardı.
Əbül-Əla
Gəncəvi böyük Azərbaycan şairi Xaqaninin taleyində
önəmli rol oynayıb. Bu gənc qələm sahibinin
istedadını ilk olaraq o kəşf edib və onu
Şirvanşahlar sarayında işə düzəldib.
“Vikipedia”nın yazdığına görə, gənc
şairə əvvəllər götürdüyü “Həqaiqi”
təxəllüsünü “Xaqani” ilə dəyişməyi
də Şirvanşahın arzusu ilə məhz o məsləhət
görmüşdü. Bu o demək idi ki, artıq Xaqaninin
istedadı özünü türk adətincə xaqan
adlandıran I Mənuçöhr tərəfindən də
qiymətləndirilirdi. Belə ki, şairin özünü
Xaqani adlandırması həm Şirvanşaha, həm də sənətkara
fəxr gətirərdi. Əbül-Əla Gəncəvi
özü bu haqda belə yazırdı: “Mən sənin təhsil
almağın üçün qayğı göstərdim. Mən
sənin dilini şairliyə açdım. Sənin həqiqi
şair olduğunu görəndə mən səni xaqanın
(şirvanşah Mənuçöhrün) yanına gətirdim.
Mən sənə Xaqani adını verdim.”
Şairin tarixin sirlərinə
qarışan “xəzinəsi”
Bundan əvvəl
Əbül-Əla başqa bir şamaxılı şair və
astronom Cəlal əd-Din Fələkiyə himayə göstərmişdi.
Rəvayətə görə, hətta Əbül-Əla
öz qızını da ona verməyi vəd etmişdi. Lakin
sarayda yeni və daha bir parlaq ulduz göründükdən
sonra Əbül-Əla öz qərarını dəyişir
və onun qızı Xaqaniyə qismət olur. Pərişan
olmuş Fələkiyə təsəlli olmaq
üçün ustad ona 20 min dirhəm pul verir və əlavə
edir ki, “Oğlum, sən bu pula hər biri mənim
qızımdan daha gözəl əlli Türküstan kənizi
ala bilərsən.” Amma həmin rəvayətin əksinə
olaraq, bəzi tədqiqatçılar Xaqani haqqında əsərlərində
onun Əbül-Əlanın qızı ilə evlənməsi
faktını təkzib edirlər.
“Məliküşşüəra”ya
layiq görülən bütün üstünlüklərinə
baxmayaraq, sarayda Əbül-Əlanın həyatı heç
də təhlükəsiz keçmirdi. Onu istəməyənlər
və hətta ona açıq düşmən kəsilənlər
də az deyildi. Hətta ustadın sevimli şagirdi Xaqani də
tezliklə onun bədxahlarından birinə çevrilir.
Ustadla şagird arasında mütəmadi şeir
atışmaları baş verir. Bütün bunlar haqqında Əbül-Əla
ömrünün son dövrlərində belə yazır:
Mənə
həsəd aparır hər tərəfdə min düşmən
Çuğullayır
məni hər yanda min rəzil, ədna.
Mənim tək
arif olanlar həsəddən olmaz iraq,
Mənim tək
alim olanlar çəkir həmişə cəfa.
Əbül-Əla
haqqında mənbələrdə geniş məlumatlar
qalmayıb. Onun şeirlər “Divan”ı da indiyə qədər
tapılmayıb və yaradıcılığı
haqqında yalnız orta əsr müntəxabatlarından məlumat
almaq mümkün olub. Bununla belə, onun adı Azərbaycan ədəbiyyatı
tarixinə böyük şair və pedaqoq, məşhur
farsdilli Şirvan poetik məktəbinin banisi kimi
düşüb.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 28 mart.- S.14.