Başım
dumanlıdı, Heydər, Şuşanın dağları kimi
Yenə
bahar gəldi, payıza çox qalıb hələ. Tövbə
eləməyə, iman gətirməyə vaxt var hələ, əfəndilər.
Bu məmləkət allahlarla doludu və allahlar olan yerdə
allahın olmadığını siz də bilirsiniz, mən də.
Hərdən
özümdən soruşuram. Burdayammı, deyilmiyəm?
Axı kiməm, nəyəm mən?
Yosunmuyam,
balıqmıyam? Mələkmiyəm, şeytanmıyam?
Daşmıyam, ağacmıyam? Yox! Mən dənizəm,
tanrıyam, təbiətin özüyəm.
Bəlkə
itəm, bəlkə də bir quş. Yox! Mən bunların hər
ikisi - qanadlı bir köpəyəm. Sən, ey qanadları
qana batmış şair, sən-qələmi kül
üstündə oynayan yazıçı.
Qanadlı
bir köpək olmaq qorxulu bir şeydi. Eşidirsinizmi məni?!
Bütün günahların səbəbini
zamanın üstünə atan qanadlı bir köpək
olmağın qorxusu var içimdə:
Bax, qorxu bu milləti,
Bitirdi yavaş-yavaş.
Ölməlidi bu qorxu,
Bitməlidi bu savaş.
BAŞIM HAVALANIB DAHA
1988-92-ci illərdə Ağdam,
Qubadlı, Goranboy uğrunda döyüşlərdə qəhrəmanlıq
göstərmiş Şuşanın müdafiəsində namərdcəsinə
öldürülən Heydər Həmidovun xatirəsinə
Bakı!
Bağrın niyə çatlamır,
Sənnən
yol öldü Şuşaya.
Dilimdə
sözlər buz bağlayıb,
Qalıb
üşüyə-üşüyə.
Başım
havalanıb daha,
Dəliyəm,
dəlinin oğlu.
Əlinin
oğlu, hardasan,
Hardasan,
Vəlinin oğlu?
Əlinin
oğlu, hardasan,
Hardasan, Vəlinin
oğlu,
Əynindəki
qanlı köynək,
Kimindi,
dəlinin oğlu?
Kimindi dəlinin
oğlu,
Əynində
can verir hələ,
Şuşada
aldığın yara,
Bakıda
qan verir hələ.
Əfv et, dərdin oğlu Heydər,
Sən
dəlinin adı mənim.
Öldürdülər
səni yüz yol,
Xəbərim
olmadı mənim.
Bu il də yenə qar yağdı,
Açmamış,
göz görə-görə,
Behrudda
qoşa şəhidin
Qəbrində
bitən güllərə.
Şuşa
öldü, de hardasan,
Şuşanın
ahının oğlu?
Hardasan Aqil
Abbasın,
Ağdamlı
Şahinin oğlu.
Dumana
döndüm, içimdə,
Güman
yaşada-yaşada.
Səsim niyə
çatmır, Tanrım,
Məcidin
oğlu Rəşada?
Qar
yağdı Xarı bülbülə,
Xar oldu
bəxt də, yazı da.
Çat verib
bir məzar Şərurda,
Biri də
Qarayazıda.
Dərdə
bax, qalıb ortada,
Ahın,
dərdin, qəmin oğlu.
Sənindi bu
savaş, sənindi,
Behrudi
Rüstəmin oğlu.
Bir
çiçək üstə ölürəm,
Yolun
azmış arı kimi.
Başım
dumanlıdı, Heydər,
Şuşanın
dağları kimi.
CƏHƏNNƏMDƏN QALXAN DUMAN
Tanrım! Yaratdığın
cəhənnəmdən qalxan duman səni görməyə
qoymadı. Kimdi günahkar?
Allahım,
kimdi günahkar;
Bəndən
günahdan doymadı?!
Cəhənnəmdən
qalxan duman,
Səni
görməyə qoymadı.
Tanrım,
söndür cəhənnəmi,
Aydınlat hər
şeyi, Tanrım!
Yerdəsən
yeri, göydəsən,
Aydınlat
göyü, Tanrım.
Barışdır
mənnən şeytanı,
Bax, gör kim kimdən böyükdü.
Barışdır,
qoy görüm sevgin
Nifrətdən,
kindən böyükdü.
Gecənin
oğludu gündüz,
Qəhqəhə
dərdin-ahın.
Səndən
özgə kim sorar
Savabımdan
günahı.
Tanrım,
gözəldi çarmıxda
İsa tək
bir an yaşamaq.
Bir axar su tək
sənnən də
Heç
nə ummadan yaşamaq.
Mələklər
səni görəcək,
Bir
gün içimi yaranda.
Məni
araçı qıl Tanrım,
Şeytanla
sənin aranda.
Barışdır
yeri göy ilə,
Bir mənə,
bir şeytana bax.
Barışdır
hər şeyi, görüm -
Necədi
düşmənsiz yaşamaq.
Heç nə
sürməz sonsuzadək,
Barışdır
xeyri şər ilə.
Tanrım,
özün də dön barış,
Yaratdığın
bəşər ilə.
Allahım,
kimdi günahkar,
Bəndən
günahdan doymadı.
Cəhənnəmdən
qalxan duman
Səni
görməyə qoymadı.
AND OLSUN
And əslində bir şeyi qəlbinlə
təsdiqləməkdi, iman gətirmək kimi şeydi əslində.
And olsun
Gecənin
gündüzlə
görüşdüyü ana,
And olsun
Tanrının
İblisə qiyamət gününədək
verdiyi amana!
And olsun
Göy
üzünü dirək kimi saxlayan
yeriyən dağlara,
And olsun
Şuşada
minarəsi yıxılmış
Sahibsiz Allah
evinin
Düşən
daşlarının
Sinəsindəki
dağlara!
(Şuşa!
Zorlanmış bacı,
Təhqir
olunmuş ana,)
And olsun
Yeddi oğul
böyüdüb
ortada qalan
ana tabutuna.
Zalım dost!
Bu gecə
könlümdən nə keçir?!
Yenilmək
qorxusu...
Kül olmaq,
qarışmaq
Tanrının
atəşgahdakı oduna. And olsun!
And olsun!
Masmavi göy
üzü altında
Qıpqırmızı
qanımla suvardığım
Yamyaşıl
məmləkətin adına
Zalım dost!
Qoy deyim,
Qorxduğum
gün də gəldi;
- İblis
kimi təkbaşına
Qiyaməti
gözləmək
Mələklərin
xorunda
Allaha
dua oxumaqdan gözəldi.
Tanrım!
Hamı səndən qaçır
Hamı
yenilir daha.
Bəlkə
bu gün ya sabah
Məni də
yendirəcəksən
andımdakı günaha.
And olsun! Turan
adlı bir elə
Daha məmləkətdə
kimsə yox,
Yoxdu nöqtə
və nida...
Deyim - “salam”
qalıram,
Deyim -
“sağ ol” əlvida.
Məmləkətim!
Tabım yoxdu
daha
Dərdinə,
əzabına, acına.
And olsun, yoxdu
daha
Min ildi üz
tutub gəldiyim
dar ağacına.
And olsun!
Gücsüz,
yorğun Allaha.
Tabım
yoxdu daha.
Əvvəl
nədi, axır nə
Lənət
olsun bu günə
Bir
süngünün üstünə
Yüyürüb
ölməliyəm.
And olsun!
Bir
süngünün üstünə
Yüyürüb
ölməliyəm.
MƏZARLIQDA BİTƏN YOVŞAN
Çox qəribədi... Gördüyüm
bütün kənd məzarlıqlarında yovşan bitir.
Və bütün məzarlıqlardan yovşan
qoxusu gəlir. Yovşan ətri hər yerdə hüzn, kədər
və ayrılıq əlamətidir.
Ətrin
öldürdü məni,
Bağrım
oldu yenə şan-şan.
Gördüm
ki, boş bir məzara,
Yenə məndən
danışırsan,
Məzarlıqda
bitən yovşan.
Əlim
qoynumda gəlmişəm,
Əfv et, hönkürüb ağlasam;
Öz qəbrim
üstə qoyacam,
Sənnən
bir dəstə bağlasam,
Məzarlıqda
bitən yovşan.
Sən
arxasız, mən kimsəsiz,
Sənnən
axır göz yaşlarım;
Burda
daşlar daş deyil ki,
Bacılarım,
qardaşlarım,
Məzarlıqda
bitən yovşan.
Bu son bahar da
ölmədim,
Ölmədim,
yaz, yaz günaha.
Mən öz
tabutundan tutub,
Dönən
bir ölüyəm daha
Məzarlıqda
bitən yovşan.
Məni dərd
deyil, adamlar,
Adamlar
öldürdü; Sən, sən...
Baş
daşıma qoyulacaq
Çiçəklərdən
də gözəlsən,
Məzarlıqda
bitən yovşan.
Vədə
tamamdı, dönəcəm,
Gəlim
qarışım tüstünə.
Gələcəm
dua oxuyaq,
Ölən
bir şairin üstünə,
Məzarlıqda
bitən yovşan.
Ətrin
öldürdü məni,
Bağrım
oldu yenə şan-şan.
Gördüm
ki, boş bir məzara,
Yenə məndən
danışırsan,
Məzarlıqda
bitən yovşan.
BU NƏ CÜR MƏMLƏKƏTDİ
İnsan haraya gedir-getsin məmləkətini
ürəyində daşıyır.
Bu nə
cür məmləkətdi,
Bəndəsi
haqq istəmir.
Torpaq da bizdən
bezib,
Vətən
olmaq istəmir.
Ulaşmır
daha qurdlar,
Öldü,
bitdi umudlar.
Bu boşalan
buludlar,
Təzədən
dolmaq istəmir.
Üst-başım
tilit qandı,
Dur sönən
şamı yandır.
Niyə
zülmət - bu andır,
Sabah
olmaq istəmir.
Zorlanıb
ana-bacı,
Ölüm,
qandı əlacı.
Kim alacaq bu
öcü,
Qardaş
almaq istəmir.
Yenilib bac gəzirəm,
Dərvişəm,
ac gəzirəm.
Əlimdə
tac gəzirəm,
Kim
şah olmaq istəmir?
Ruhumu bilə-bilə,
Yolladım
şeytan ilə.
Bu yerdə
Allah belə
Allah
olmaq istəmir.
İNCİL VƏ QURAN
Bu nə
cür məmləkətdi,
Nə
söz desəm qan çıxır.
İblisin də
cibindən
İncilnən
Quran çıxır.
Uçub,
dağılmır nədən,
Bu məmləkət,
xanədan.
Hakimi meyxanədən,
Şairi
qandan çıxır.
Qan
ağlayır, qızıl qan,
Yolunda
qoyduğum can.
Bəs niyə
Azərbaycan
Sahibin
yandan çıxır.
Yarımadım
niyə mən,
Nə
imandan, nə dindən.
Turan
ölür yerindən,
Təbrizdə
İran çıxır.
Məmləkətim
axı sən,
Nə
cürə viranəsən?
Bəlkə
də divanəsən
Taxtına
duran çıxır.
Kəndiri
boynuma tax,
Bu iş sonda
olacaq.
Bu boyda məddah,
yaltaq,
Bilmirəm
hardan çıxır.
Bu nə
cür məmləkətdi,
Nə
söz desəm qan çıxır.
İblisin də
cibindən
İncilnən
Quran çıxır.
NƏ YAXŞI Kİ ALLAH VAR
Hərdən
mənə elə gəlir ki, insanın bütün
canatmaları İblis istəyindən başqa bir şey deyil. Və hər şey boş və mənasızdır... Və bir də bu yaşımda anladım ki,
çox ucada olanlar aşağıda olanları görmürlər.
Allah istisnadı...
Söz
Tanrı fərmanıdı,
Hər
bir sözdə min ah var.
Hər yan
zülmət içində,
Nə
yaxşı ki, sabah var.
Tanrısı,
Allahı yox,
Millətə
bax, xalqa bax.
Taxtı viran
olacaq,
Gör
nə qədər Allah var.
Bir dağam -
qurdu ölən,
Bir eləm
- yurdu ölən.
Bilir ki, məni
bilən, -
İman
adlı silah var.
Sən bilirsən,
yol gedən,
Bədəni
bu can nədən.
Qurtarmır bəhanədən
Sonda nə
qul, nə şah var.
Sonda birsə
haqq-hesab,
Nəyə
lazım dörd kitab?
Hər
günahda bir savab,
Hər
savabda günah var.
Alçaldıb
dizi-dizi,
Sürüyür
şeytan bizi...
Nə
yaxşı ki, göy üzü,
Nə
yaxşı ki, Allah var.
VƏ MƏN HAMIDAN FƏRQLİ OLARAQ...
Çox
şeylər bilirəm
Bu yer
üzündə;
Bilirəm cənnətdə
Buğdanı
hansı mələk
Göstərib
Həvvaya.
Və
hansı mələk
Küləksiz
sovurub-sovub;
Bilirəm Adəm
Nə cür
cənnətdən çıxıb,
Allah Iblisi dərgahından
Nə
sayaq qovub.
Bilirəm
niyə İblisi öldürməyib, əfv eləyib Adəmi.
Və bilirəm
sonradan
Nəfsinə
qul eyləyib adamı.
Çox
şeylər bilirəm,
Ancaq sirrini
açmadan Allahın
Yaşayıram
bildiklərimi unuda-unuda
Bilirəm İblisin
gizlində Allahın
Dostu
olduğunu da.
P.S. Bu gün ilk dəfə olaraq 25 ildən
sonra Yazıçılar Birliyinə-Natəvan kulubuna getdim. Dostum Sabir Rüstəmxanlının kitabının
təqdimatı idi. Natəvan kulubu o qədər
işıqlı idi ki.
Rüstəm Behrudi
Azadlıq.- 2013.- 30 mart.- S.13.