Görkəmli
teatr xadimi Cəlil bəy Bağdadbəyov
Moskvada yüksək teatr təhsili
Azərbaycan mədəniyyətinin
inkişafında mühüm xidmətləri olan şəxsiyyətlərdən
biri də Cəlil bəy Bağdadbəyovdur. Onun adı mədəniyyət
tariximizə dövrünün görkəmli musiqi və teatr
xadimi kimi düşüb. Bağdadbəyov xatirələrində
yazırdı: “Mən Şuşa şəhərində
1887-ci ildə təvəllüd etmişəm. Uşaq ikən
gördüyüm əyləncələr, tamaşalar,
ümumiyyətlə, ictimaini toplayan yığıncaqlar
yadımdadır. Gördüyüm xanəndə və
aşıqlar bunlardır: Hacı Hüsü, Məşədi
İsi, Çarıqçı Bahadır, Çəkməçi
Məhəmməd, Keçəçi Məhəmməd,
Qaryağdıoğlu Cabbar...”.
Cəlil bəy
ilk təhsilini Şuşada alıb, daha sonra isə Peterburq
gimnaziyasında oxuyub. Azərbaycan Dövlət Teatr Texnikumunu
bitirdikdən sonra Cəlil bəy Bağdadbəyov sonradan
Moskvada teatr təhsilini davam etdirib. O, peşəkar teatr təhsili
almış, Moskvada Y.Vaxtanqovun tələbəsi olmuş,
Stanislavskinin təcrübə və biliklərini yaxşı
mənimsəmişdir. Ona görə də o, aktyor sənətinə,
teatr sənətinə dərindən bələd idi.
Ərəb,
fars, fransız, rus, habelə Orta Asiya xalqlarının dilini
öyrənən Bağdadbəyov uzun illər Teatr Texnikumunda
dərs deyib. O həmçinin Ağdaş, Lənkəran,
Şəki, Şuşa şəhərlərində fəaliyyət
göstərən teatrlarda quruluşçu rejissor kimi də
çalışıb.
İlk dəfə
1920-ci ildə Bibiheybət və Balaxanıda fəaliyyət
göstərən teatr klublarında rejissor kimi fəaliyyətə
başlayan Cəlil bəy burada həm də bədii rəhbər
kimi çalışırdı. Onun əsərlərinin
birində oxuyuruq: “Öz yaradıcılıq
gücümü xalqımın çiçəklənməsinə
sərf edirəm”.
Orta
Asiya xalqlarının mədəni inkişafına kömək
etmək, teatr və musiqi məktəblərinin təşkili
üçün Azərbaycan hökuməti ötən əsrin
20-ci illərindən başlayaraq ölkəmizin görkəmli
sənətkarlarını Orta Asiyaya göndərmişdi. Cəlil
bəy Bağdadbəyov da belə sənətkarlardan biri idi.
Cəlil
bəy 1929-cu ildə Aşqabadda musiqi texnikumunda dram
kurslarına rəhbərlik etmişdir. O, türkmən dram
truppasını yaratmış, Aşqabad teatrı
üçün “Aulda radio” pyesini yazmışdır.
O,
Azərbaycan dramaturqlarının əsərlərini də
ilk dəfə türkmən dilinə tərcümə etmişdir.
Ümumiyyətlə, Aşqabad Azərbaycan Teatrının
inkişaf edərək sonradan Dövlət Opera və Dram
Teatrına çevrilməsində Azərbaycan
ziyalılarının və musiqişünaslarının
böyük əməyi olmuşdur. Cəlil bəy Bağdadbəyovun
da bu işdə xidmətləri çox olmuşdur.
Yeganə
qızıyla birgə müharibə yollarında...
Cəlil bəy
həmin teatrda həm yeni tamaşalar hazırlayır, həm
də pyeslər yazırdı. Onun Düşənbə, Səmərqənd,
Daşkənd, Kokand, Aşqabad və başqa şəhərlərin
teatrlarında “Buxaranın əmiri”, “Parlayan ulduzlar” və s.
pyesləri səhnəyə qoyulmuşdur.
Cəlil bəyin
evi həmişə qonaq-qaralı olarmış. Orta
Asiyanın sənət adamları, artistlər, rəssamlar
tez-tez onlara gələrmişlər. Günlərin birində
Bağdadbəyovların Aşqabadda yaşadığı
evin qapısı yenidən döyülür...
Bu
barədə sənətkarın qızı Züleyxa
xanım belə yazırdı: “Atamın qapını
açdığını yaxşı xatırlayıram.
Otağa dəri pencəkli və papaqlı adamlar soxuldular.
Onlar atama nə isə deyib evdə axtarışa
başladılar. Qısa zamanda döşəmə kitab,
kağız və digər əşyalarla doldu. Bu
qatmaqarışıqlıqda anamın rəngi
ağarmağa, gözlərindən yaş axmağa
başladı. Atam onu sakitləşdirdi: ”Özünü ələ
al, bu, anlaşılmazlıqdır, hər şey yoluna
düşəcək". Çağırılmamış
qonaqlar evi ələk-vələk etdikdən sonra kitab və
kağızları, hətta fotoalbomu da kisələrə
yığdılar. Onlar atamı apardılar. Əslində mən
baş verənlərin mahiyyətini dərk etməsəm də,
duyurdum ki, nə isə qorxulu hadisə baş verib".
Bundan
sonra ailənin məhrumiyyət və əziyyət dolu
günləri başlayır. Cəlil bəy həbs olunur və
uzun müddət sürgün həyatı yaşamağa məhkum
olur. Uzun sürən sürgün həyatı nəhayət
başa çatdıqdan sonra Cəlil bəy Bağdadbəyov
Daşkənddə qalıb xalq komissarının müavini vəzifəsində
işləmək təklifini rədd edir və Bakıya
qayıdır.
Bakıya
qayıtdıqdan sonra Cəlil bəy Bağdadbəyov Azərbaycan
Dövlət Teatr Texnikumunda müəllim kimi fəaliyyətə
başlayır. Həmin vaxt “Xanlar” pyesi üzərində
işləyən Cəlil bəy bu pyes əsasında film
çəkməyi düşünürdü. Lakin nə film
çəkildi, nə də o əsər tamaşaya qoyuldu. İkinci dünya müharibəsi
başladı və onun məktəbli qızı Züleyxa
Bağdadbəyova könüllü surətdə Fəhlə-Kəndli
Qızıl Ordusunun sıralarına daxil olaraq ön cəbhəyə
getdi. O, Cəlil bəyin yeganə övladı idi. Əslində
onların ailəsində dörd uşaq doğulmuşdu - iki
oğlan, iki qız. Bacı-qardaşları vaxtsız vəfat
etdiyindən, Züleyxa tək qalmışdı. Cəlil bəy
o dövrdə özü də mədəniyyət xadimləri
ilə birlikdə İrandakı
Qızıl Ordunun tərkibində idi. Uzun müddət
bir-birindən xəbəri olmasa da, Züleyxa ağır
yaralanıb hospitalda müalicə olunduğu vaxt Cəlil bəy
qızına baş çəkə bilmişdi. Müharibədən
sonra ata-övlad hər ikisi vətənə qayıdıb.
Azərbaycan
mədəniyyəti üçün böyük xidmətləri
Müharibədən
sonra Cəlil bəy Bağdadbəyov quruluşçu rejissor
kimi müxtəlif teatrlarda öz fəaliyyətini davam
etdirib. Bakıda Konsert Birliyinə direktoru, Cəfər
Cabbarlı adına Teatrın direktoru vəzifələrində
çalışıb. O, eyni zamanda Teatr İnstitutunda
“Müxtəlif dövrlərdə xalqların incəsənət
tarixi” mövzusunda mühazirələr oxuyub. Azərbaycan mədəniyyətinin
inkişafında göstərdiyi xidmətlərə görə
ona əməkdar artist fəxri adı verilib.
Türkmənistan
və Tacikistan teatrlarının bünövrəsini qoyan Cəlil
bəy Bağdadbəyov rejissor, teatr təşkilatçısı,
bədii rəhbər kimi xidmətlər göstərmiş,
teatr xadimi idi. Onun yazdıqlarını oxuduqca qətiyyətlə
Azərbaycanın ilk sənətşünaslarından biri
olduğu qənaəti hasil olur. Azərbaycan musiqi tarixini və
etnoqrafiyasını, xüsusilə də Qarabağ
elatının məişət və gündəlik həyatını
öyrənmək baxımından bu əsərlər mükəmməl
mənbədir.
Hacı
Hüsü, Məşədi İsi, Dəli İsmayıl bəy,
Mir Möhsün Nəvvab, Bağban Əkbər, Məcid
Behbudov və onlarca başqaları haqqında ilk yazılı
məlumatı məhz Cəlil bəy Bağdadbəyov verib.
Azərbaycan muğamlarının tarixini də ilk dəfə
yazan Cəlil bəydir. Məhz o, ağıl və məntiqlə
bu muğamların Azərbaycan torpağında mayalanıb pərvazlandığını
sübut edib. Eyni zamanda Azərbaycan musiqisinin
qonşularımız olan gürcü və xüsusilə ermənilərə
təsirini də ilk dəfə yazan Cəlil bəy Bağdadbəyov
olub. Erməni və gürcülərin bizim xalq
mahnılarımızı azərbaycanca oxuduqlarını da qələmə
alıb. Cəlil bəy xalq havaları, rəqsləri
haqqında da yazıb.
Cəlil bəy
Bağdadbəyov həm də mükəmməl etnoqraf idi.
Onun “Nişan”, “Paltarbiçmə”, “Toy”, “Duvaqqapma”, “Kənd
toyları” yazılarını oxuduqca adət-ənənələrimizin
bir daha hansı mənbədən
qaynaqlandığının səbəbini anlayırıq.
Bağdadbəyovun
əsərlərində Şuşada Cıdır
yarışlarından söhbət açılır, bu
yarışların növündən, necə təşkil
olunmasından yazılır.
Cəlil bəy
Bağdadbəyov xalqın dini adət-ənənələrini
də qələmə almış, Şuşada keçirilən
dini mərasimlərdən, Qarabağ şairləri tərəfindən
yazılan dini qəzəllərdən, o cümlədən
Qarabağı dolaşan dərvişlərdən, seyidlərdən,
məşhur şəxsiyyətlərdən ətraflı və
dolğun məqalələr yazıb.
Onun qələmə
aldığı nağıl və rəvayətlərdə
xalq həyat tərzinin müəyyən mənzərəsi təsvir
olunub, xüsusilə də Qarabağ xanı Pənahəli
xanın dövründə xalq arasında yayılan rəvayətlərin
mahiyyəti açılıb.
Cəlil bəy
Bağdadbəyov 21 aprel 1951-ci ildə 64 yaşında
Bakıda vəfat edib.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 31 mart.- S.14.