Azərbaycan tarixində silinməz izlər qoyan Qəzvinilər

 

Görkəmli xəttat Mir İmad Qəzvini

 

Qədim Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan bir çox unudulmaz şəxsiyyətlər var. Dünya tarixinə böyük töhfələr vermiş Azərbaycan alim və sənətkarları arasında bir neçə qəzvinlinin də adı var. Yaşadıqları dövrün ən məşhur sənətkarları sırasına daxil olan bu şəxslərin əsərləri yüz illərdən keçmiş, günümüzə kimi öz gözəlliyini, əhəmiyyətini və dəyərini qoruyub saxlamışdır.

 

Belə şəxslərdən biri də Mir İmad Qəzvinidir ki, onun yaratdığı nəfis xəttatlıq nümunələri hazırda dünyanın bir çox muzeylərinin bəzəyi sayılır.

Mənşəcə azərbaycanlı olan xəttat Mir İmad 1553-1554-cü ildə Qəzvində anadan olmuşdur. XVII əsrin ən yaxşı xəttatlarından biri sayılan sənətkara “İmad ül-mülk” (“Dövlətin dayağı”) adı vermişdilər. Xalq arasında Mir İmad deyə çağırılan xəttatın əsl adı Mir Məhəmməd bin Hüseyn Həsani Qəzvini idi. Onun uşaqlıq və gənclik illəri Təbrizdə keçmişdi. Xəttatlıqda nəstəliq xəttinin mahir ustadı Mövlana Məhəmməd Hüseyn Təbrizidən bu sənətin incəliklərini öyrənmişdi. Mir İmad Məhəmməd Hüseynin ən sevimli şagirdlərindən idi. O, ölümünə az qalmış Mir İmaddan xahiş edir ki, qələmin mədhinə həsr edilmiş şeirlərini təlimat şəklində tərtib etsin:

 

Bəşərin ən gözəl irsi-qələmdir, bu incə mətləbi unutma!

Kainat qələmin sayəsində şan və şərəfə çatıb,

Əgər qələm olmasaydı, kainat da olmazdı.

Kim qələmdən fayda götürməyibsə, onu böyük ağıl sahibi sayma!

Qələm möcüzəkardır, qələm canverəndir, qələm bələdçidir, qələm sarvandır.

Hər həvəskar qələmin qədrini bilməz, onun qiymətini yalnız xəttatlar anlar!

 

Tarixdən məlum olduğu kimi, XVI əsrdə Azərbaycanı Osmanlı imperiyası işğal edir. Bundan sonra Mir İmad imperiyaya daxil olan bir çox ölkələrə səyahətə çıxır və Məkkəyə gedir. O, səyahətdən dönüb vətənə qayıtdıqdan sonra Fərhad xanın yanında qulluğa qəbul olunur. Fərhad xanın ölümündən (1599) sonra isə Gilana, oradan da Qəzvinə gedir və xəttatlıq dərsi keçməyə başlayır.

 

I Şah Abbasın siyasətinə qarşı...

 

Müəyyən müddətdən sonra Səfəvilər dövlətinin paytaxtı İsfahana gələn Mir İmad I Şah Abbasın dəftərxanasında işə başlayır. Lakin sarayın sərt ab-havasına uyğunlaşa bilməyən sənətkar tezliklə buranı tərk edir. O, yenidən Qəzvinə qayıdıb müəllimlik fəaliyyətini davam etdirir. Xəttat vaxtaşırı saray əxlaqına və şah Abbasın siyasətinə qarşı kəskin etirazını bildirir. Mir İmad Osmanlı imperiyası ilə özbək hökmdarları arasında fasiləsiz və qanlı müharibələrə səbəb olan sünni-şiə ziddiyyətlərinin aradan qaldırılması ilə bağlı çıxışlar edir.

Böyük sənətkarın bu fəaliyyəti diqqətdən kənarda qalmır. Fərziyyəyə görə, Şah Abbas Qəzvin şahsevənlərinin başçısı Maqsud bəyi öz yanına çağırtdırıb, bütün bunlara son qoymasını tapşırır: “Doğrudanmı elə bir adam yoxdur ki, bu sünni köpəyini gəbərdib, məni onun hədyanlarından qurtarsın?”. Elə həmin günün axşamı 1615-ci ilin 25 avqustunda Mir İmadın meyidini Qəzvin küçələrindən birində parçalanmış vəziyyətdə tapırlar.

Azərbaycanlı sənətkarın bədii yazı nümunələri dünyanın bir çox kitabxanalarında qorunur. Onların bir qismi Sankt-Peterburqdadır və 1962-ci ildə nəşr olunmuşdur.

 

Şair Məhəmməd Tahir Qəzvini

 

Bu dövrdə Azərbaycanın bir çox şəhərlərində olduğu kimi, Qəzvində də qələm sahibləri, şair və tarixçilərin bir çoxu həm də gözəl xəttatlıq məharətinə malik idi. Bu sənətlər əsrlərdən bəri bir-biri ilə bağlı inkişaf etdiyinə görə, o sahənin peşəkarları da onlara belə öyrənməyə üstünlük verirdilər.

Bəhs etdiyimiz dövrün bu ənənələrini yaşadanlar sırasında Qəzvinli sənətkar İmadəddin Mirzə Məhəmməd Tahirin də öz yeri var. O, Mirzə Hüseyn xan Qəzvininin oğlu, şair və xəttat Məhəmməd Yusifin qardaşıdır. Məhəmməd Tahir tarixdə məşhur “Tarix-i Abbasi” əsəri və “Vəhid” təxəllüsü ilə yazdığı şeirlərlə tanınır. Mirzə Tahir 1015-ci ildə (Hicri) Qəzvin şəhərində dünyaya gəlmişdir. O, II Şah Abbas Səfəvi sarayının rəsmi tarixçisi idi və sonra Şah Süleyman Səfəvinin vəziri olmuşdu. Onun məşhur əsərlərindən biri, qeyd olunduğu kimi, II Şah Abbas dövrü haqqında yazdığı tarix, digər əsərləri isə Azərbaycan və fars dillərində olan bədii, poeziya və nəsr nümunələridir.

Mirzə Məhəmməd Tahir böyük Azərbaycan şairi Saib Təbrizi ilə yaxın dost idi.

Tahir Qəzvini 1699-cu ildə vəfat etmişdir.

2009-cu ildə tədqiqatçı alim Paşa Kərimov və Arif Ramazanov onun Azərbaycan dilində olan şeirlərinin bir hissəsini toplayıb və Bakı şəhərində “Nurlan” Nəşriyyatında “Vəhid Qəzvini divanı” adıyla çap etdirib.

 

Tarixçi Məhəmməd Yusif Qəzvini

 

XVII-XVIII əsr Azərbaycan mədəniyyətinin tanınmış simaları arasında Məhəmməd Yusif Qəzvininin də adı var. O da Mirzə Hüseyn xan Qəzvininin oğlu, Məhəmməd Yusif Qəzvini Məhəmməd Tahir Vəhidin kiçik qardaşıdır. O, dövrünün şairi, xəttat və tarixçisi kimi tanınmışdır.

Tarixçi alim eyni zamanda “Baleh” təxəllüsü ilə şeirlər yazmışdır. Məhəmməd Yusif Qəzvini 1638-39-cu illərdə I Şah Səfi sarayında toçih dəftərini yazan, 1646-cı ilin mart ayından II Şah Abbasın Məşhəd dəftərxanasının münşisi olmuş, 1651-52-ci ildən ömrünün sonuna kimi Qumda topxana karxanasının vəziri vəzifəsində işləmişdir. 1691-92-ci illərdə həmin vəzifədə işləyərkən yazdığı “Xoldebərin” əsərinin VIII cildinin VII hissəsi orijinal hesab olunur. Çünki müəllif həmin hissədə bəhs olunan tarixi hadisələrin iştirakçısı və ya müşahidəçisi olmuşdur. Eyni zamanda, müəllif bir sıra fərman və hökmləri də özü yazmışdır. Bu mənbə tarixi araşdırmalar üçün real faktlar verdiyi üçün, dəyərli mənbə olaraq öz əhəmiyyətini saxlamaqdadır.

Bir saray tarixçisi olan Məhəmməd Yusif Qəzvini Müvərrix XVII əsrin sonlarında vəfat etmişdir. Onun tarixdə məşhur olan əsəri “Xoldebərin” (“Əbədi cənnət”) ümumtarix salnaməsi sayıla bilər. Ümumilikdə, 8 hissədən ibarət olan bu əsərin son hissəsi Səfəvilər hakimiyyəti tarixinə həsr edilmiş, hadisələrin təsviri 1694-cü ilədək aparılmışdır. Məhəmməd Yusifin həmin tarixi əsərində Azərbaycan tarixi haqqında, o cümlədən yerli hakimlər haqqında elə məlumatlar vardır ki, başqa mənbələrdə onlara təsadüf olunmur.

Məhəmməd Yusifin vəfat etdiyi tarix hələlik məlum deyildir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 1 may.- S.14.