Jurnalistikanın ilk dekanı...
Zəmanəsinin ən populyar yazarlarından biri...
Çox güman ki, orta nəslin nümayəndələri onun
adını yaxşı
xatırlayır. Çünki o, həqiqətən
də 70-ci illərin sonlarında Azərbaycanda
ən çox oxunan yazıçılardan
biri idi. Gənclər arasında adı xeyli populyar olan yazarlardan
idi Nurəddin Babayev... Dövrünün məşhur yazıçılarından
sayılan Nurəddin müəllim həm də gözəl publisist idi. O,
professor kimi Azərbaycanda
jurnalistika fakültəsinin
əsas yaradıcılarından
biri və ilk dekanı olmuşdur.
Nurəddin Həsən oğlu Babayev 1921-ci il mart ayının
23-də Gəncə şəhərində
anadan olmuşdur. Ziyalı ailəsində doğulan gənc Nurəddin intellektual bir mühitdə böyümüşdür.
Onun böyük əmisi Çar ordusunun generalı olmuşdur.
Hələ uşaq yaşlarından
Bakı şəhərinə
köçən gənc
məktəb illərindən
istedadı, təfəkkürü
və iradəsi ilə həm müəllimlərinin, həm
də yaşıdlarının
diqqətini çəkmişdir.
Nurəddin Babayevin yaradıcılıq
fəaliyyətinə dəstək
verən şəxslər
arasında ailənin yaxın dostu Əhməd Cavad da vardı. Böyük şairimiz onun gələcək inkişafında
önəmli rol oynamışdır.
Yazıçı ədəbi fəaliyyətə 1939-cu ildə
başlamış, bundan
sonra müxtəlif qəzetlərdə tez-tez
məqalə, oçerk
və hekayələri
dərc edilmişdir. N.Babayevin “Əbədi qəhrəmanlıq”
adlı ilk kitabı
1945-ci ildə çap
olunmuşdur. O, Böyük
Vətən müharibəsində
ön cəbhələrdə
vuruşmuş, ağır
yaralanmış və
baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır.
Bakıya döndükdən sonra gənc yazar BDU-nun filologiya fakültəsinə daxil olmuşdur. Nurəddin Babayevin həyat
və yaradıcılığına
o dövrün məşhur
ədibləri, mütəfəkkirləri
olan müəllimləri
də böyük təsiri göstərmişdir.
Sonralar zaman keçdikcə bu tələbə-müəllim
münasibətləri çox
dərin, gözəl
ailəvi dostluq münasibətlərinə çevrilmişdir.
N.Babayev 1943-45-ci illərdə
“Kommunist” qəzeti redaksiyasında şöbə
müdiri, “Azərbaycan
müəllimi” qəzetində
redaktor müavini,
1953-cü ildən isə
“Uşaqgəncnəşrdə” baş redaktor işləmişdir. Yazıçının fəaliyyətinin mühüm bir dövrü də müəllimlik fəaliyyəti
ilə bağlı olmuşdur.
O dövrdə Azərbaycanda
jurnalistika fakültəsi
yox idi və
bu, o dövrün gənc nəsil jurnalistləri üçün
çərçivələr yaradırdı. Sadəcə, 1928-ci ildən filologiya
fakültəsi nəzdində
jurnalistika şöbəsi
fəaliyyət göstərirdi.
Beləliklə, 1969-cu ildə tanınmış
alim və yazıçılarımız, o cümlədən Nurəddin
Babayevin səyləri
nəticəsində universitetdə
“jurnalistika” fakültəsi
yaradıldı. Bundan başqa,
Jurnalistlər İttifaqının
təşkil olunmasında
da Nurəddin müəllimin rolu çox böyük və əvəzsiz olmuşdur.
Oçerk üslubunun əsaslarını yaradan
yazıçı...
BDU bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətə
başlayan yazıçı
1953-cü ildən jurnalistika
kafedrasında baş müəllim işləmişdir. O, 1958-ci ildə “Azərbaycanda bədii oçerkin inkişafı”
mövzusunda namizədlik
dissertasiyasını müdafiə
edərək filologiya
elmləri namizədi,
daha sonra filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
Onun Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı
Zasurskiy Yasen Nikolayeviç ilə dostluq münasibətləri
olmuş, orada dəfələrlə müxtəlif
məzmunlu mühazirələrlə
çıxış etmişdir.
N.Babayev Azərbaycan ədəbiyyatında
oçerk üslubunun
nəzəri əsaslarını
yaratmış və bu yolda novator
kimi tanınmışdır.
Dövrünün ən populyar
yazıçılarından olan Nurəddin Babayev Azərbaycan Yazıçılar İttifaqının
üzvü, oçerk
və publisistika şurasının sədri,
1954-cü ildən SSRİ Yazıçılar
ittifaqının üzvü,
oçerk və publisistika şurasının
üzvü, Jurnalistlər
ittifaqının üzvü
və İdarə heyətinin katibi, Əməkdar incəsənət
xadimi, Əmək və müharibə veteranı, onlarla mükafatlar laureatı adını daşımışdır.
Yazıçı, publisist dəfələrlə müxtəlif
elmi, mədəni layihələr və görüşlər ilə
əlaqədar Fransa, Kuba, Bolqarıstan, Finlandiya kimi uzaq ölkələrdə,
o cümlədən SSRİ respublikalarında olmuşdur. Yazıçının bu ölkələrdə
də bir çox məqalə və əsərləri çap edilmişdir.
Nurəddin Babayev ömrünün
sonuna qədər dövrünün ən çox çap olunan yazıçısı
olmuşdur.
Nurəddin Babayevin yaradıcılığı çox
rəngarəngdir. Onun ədəbi yaradıcılığında
gənclərin təlim-tərbiyəsinə
həsr edilmiş əsərləri xüsusi
diqqət çəkir.
Görkəmli yazıçının bu kitabları gənclər üçün
stolüstü kitab olmaqla yanaşı, hər zaman tərbiyəvi, əxlaqi nəsihətlərlə zəngin
xəzinədir. Bu əsərlərdən
“Oğluma məktublar”,
“Qızlar söz istəyir”, “Qızlar, sözüm sizədir”, “İşıq və məhəbbət”, “Ürəklər
bir olanda” əsərlərini misal göstərmək olar. Bu
qəbildən olan “Oğluma məktublar” əsəri “Qızıl qələm mükafatı”na layiq görülmüşdür. Bu əsər Bolqarıstanda
“Ədəbiyyat” dərsliyinə
daxil edilmişdir.
Gələcək üçün böyük
elmi xəzinə...
N.Babayev Azərbaycan jurnalistikası tarixində
ilk stabil dərs vəsaiti olan iki cildlik “Jurnalistika
məsələləri” kitabının
elmi redaktoru və əsas müəlliflərindən biridir. “Jurnalistika
məsələləri” kitabına
görə 1966-cı ildə
o, “Qızıl qələm”
mükafatına layiq görülmüşdür. Nurəddin müəllimin
bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə
olunmuşdur. Yazıçının
“Biz Azərbaycandanıq”, “Ürəyimdə
sözüm var”, “İzləri itirmirik” kimi kitabları da öz məzmun
və dəyəri ilə o dövrün gəncliyinin yetişməsində
böyük rol oynamışdır.
Yazıçı həmçinin Azərbaycanda Ədəbiyyat
və İncəsənət
arxivinin təşkilində
çox böyük rol oynamış, arxiv xəzinəsinə qiymətli materiallar vermişdir. Alim Maarif Teymurovun
direktor olduğu İncəsənət və
Ədəbiyyat arxivində
Nurəddin müəllimin
31 saylı fondu ilk və ən zəngin fondlarından olub xalqımızın qorunulan sərvətidir.
Məşhur yazıçı müəyyən dövr ərzində C.Cabbarlı
adına Bakı kinostudiyasında baş redaktor işləmiş, xüsusən
sənədli-xronikal filmlərin,
kino-oçerklərin, kino-jurnalların
məzmunlu, yüksək
professional səviyyədə ekranlara buraxılmasında
xüsusi xidmətləri
olmuşdur. O, “Azərbaycan
elmi”(1969), “Bacarıqlı
əllər”(1963), “Nizami
yurdu”(1968), “Həyatın
mənası”(1979), “Axtaran
tapar” və başqa elmi-sənədli
filmlərin ssenari müəllifi olmuşdur.
Nurəddin Babayev 1991-ci il sentyabr
ayının 25-də uzun
sürən xəstəlikdən
sonra vəfat etmişdir. Görkəmli yazıçı BDU-da keçirilən vidalaşma mərasimindən
sonra II Fəxri xiyabanda torpağa tapşırılmışdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 2
may.- S.14.